Siyasət
ABŞ-ın Rusiyadan tələbi var
16 İyun, 2020
543
Birləşmiş Ştatlar, Rusiyada ABŞ-ın keçmiş dəniz piyadası Paul Whelan-ın casusluqda təqsirli bilinərək 16 illik həbs cəzasına məhkum edilməsindən dərhal sonra onun dərhal azad olunmasını tələb edib.
 
ABŞ dövlət katibi Mike Pompeo Rusiyanın Whelan-la rəftarını və onun məhkum edilməsini "dəhşət” adlandırıb:

"Rusiya cənab Whelan-ı müstəqil və tərəfsiz məhkəmə qarşısında ədalətlə mühakimə etməyib. O saxlanarkən səhhəti ilə bağlı xroniki problemə diqqət yetirilməyib. Onun ailəsi və dostları ilə təmasına vicdansızcasına imkan verilməyib”.

Pompeo əlavə edib ki, keçmiş hərbçi "məxfi məhkəmədə məxfi sübutlarla mühakimə edilib”.

Həm də Britaniya, Kanada və İrlandiya vətəndaşı

Britaniyanın xarici işlər naziri Dominic Raab deyib ki, o, həm də Britaniya, Kanada və İrlandiya vətəndaşı olan Whelan barədə hökmdən dərin narahatlıq keçirir.

Nazir qeyd edib ki, London Whelan-ı və onun ailəsini dəstəkləməkdə, habelə insan haqlarına ehtiram göstərməsi üçün Moskva üzərinə təzyiqini artırmaqda davam edəcək.

ABŞ-ın Rusiyadakı səfiri John Sullivan məhkəmənin hökmündən "qəzəbləndiyini” bildirib.

O deyib ki, Whelan-ın məhkəməsi "ədalətin məsxərəyə qoyulmasıdır və ABŞ-Rusiya münasibətlərinə ciddi təsir edəcəkdir”.

Whelan-ın ABŞ-dakı hər hansı rusiyalı məhbusla dəyişdirilməsinin mümkünlüyü barədə suala cavab verən səfir bildirib ki, "Vaşinqtona məhbus dəyişdirilməsi yox, Whelan üçün ədalət lazımdır”.

Whelan-ın vəkili Vladimir Zherebenkov deyib ki, onun dəyişdirilməsi və ya bağışlanması yalnız 10 gün ərzində, hələ hökm qüvvəyə minmədən mümkündür.

Whelan həbs olunanadək ABŞ-ın avtomobil hissələri satan bir şirkətində qlobal təhlükəsizlik şöbəsinin rəhbəri idi.

O və qohumları israr edirlər ki, amerikalı Rusiyaya toyda iştirak etmək üçün gəlmişdi.

Whelan 16 illik həbsə məhkum edilir

Rusiyada məhkəmə ABŞ-ın keçmiş dəniz piyadası Paul Whelan-ı casusluqda təqsirli bilərək 16 il həbs cəzasına məhkum edib. Özü və ABŞ rəsmiləri isə bu ittihamı rədd edir.

Moskva Şəhər Məhkəməsi iyunun 15-də qapalı iclasda belə bir qərar verib.

50 yaşlı Whelan-ın Britaniya, Kanada və İrlandiya vətəndaşlığı var. O, məhkəmədə son bəyanatında bir daha günahsız olduğunu demişdi.

Whelan 2018-ci ilin dekabrında Moskvada həbs olunub. Prokurorlar onun üstündən tapılan yaddaş kartında məxfi informasiya olub.

Whelan isə deyir ki, diski onun üstünə atıblar və həbsi siyasi motivlidir. O, həbsxana nəzarətçilərini pis rəftarda ittiham edirdi.

Məhkəmə dəlildə məxfi materiallar olduğundan qapalı keçirilib. Digər səbəbsə koronavirus pandemiyasına görə görülən karantin tədbirləridir.

Mayın 25-də prokuror ona 18 il həbs cəzası istəmişdi.

Hökm çıxarılmazdan ABŞ rəsmiləri Moskvanı keçmiş dəniz piyadasını azad etməyə çağırıblar.

ABŞ-ın Rusiyadakı səfiri John Sullivan iyunun 14-də deyib ki, məhkəmə ədalətli və şəffaf keçməyib, Whelan-ın hər hansı cinayət törətməsinə dəlil də yoxdur.
 
azadliq.org
Siyasət

Satirik şairlə profilaktik söhbət ediblər

6 Mart 2021

Toplum TV

Salyanda yaşayan gənc satirik İbrahim Xudayi (Xudiyev) martın 5-də yerli polis şöbəsinə aparılıb.   Bu barədə "Turan" xəbər verir.  Bildirilir ki, rayon polis şöbəsində şairlə profilaktik söhbət aparılıb: “Mənə dedilər ki, güldən, çiçəkdən yazım.  Rəis tapşırdı ki, hökumətdən, dövlət adamlarından şeir yazmayım.  Bundan sonra məni buraxdılar”.  İ. Xudayi 1990-cı ildə Salyan şəhərində anadan olub.  Salyan Yaşıllaşdırma idarəsində işləyir - yol kənarlarını təmizləyir. Azərbaycanda satirik şairlər əvvəllər də təzyiqlərə məruz qalıblar. Mirzə Sakit və Tofiq Həsənli narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə mühakimə olunublar.
Siyasət

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 Mart 2021

"Sputnik"

Martin 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. “Toplum TV” M.Ə.Rəsulzadənin ömür yolu haqqında Nəsiman Yaqublununun məqaləsini təqdim edir.   1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib. 1901-1903-cü illər – İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb. 1903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini...
Seçilmiş Videolar