Siyasət

ABŞ səfiri niyə statusdan danışır? - "Qondarma rejim qalıbsa, deməli, münaqişə də var”

Nigar Səmədli
16 Sentyabr, 2021
3087

Verelq

“Səfirin açıqlaması ABŞ-ın mövqeyidir və əsassız deyil. Münaqişənin bitdiyini Qarabağ ermənilərinin Azərbaycan təbəəliyini qəbul etdikləri zaman söyləmək olar”.

Bunu siyasətçi Yadigar Sadıqlı ABŞ-ın Ermənistandakı səfirinin Dağlıq Qarabağın statusu ilə bağlı açıqlamasını “Toplum TV”-yə şərh edərkən deyib.

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi sentyabrın 15-də bir daha jurnalistlərə bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi həllini tapmayıb.

“Biz Dağlıq Qarabağın statusu məsələsinin həllini tapdığını düşünmürük və hesab edirik ki, iki ölkə arasındakı problemlərin həlli üçün hərtərəfli nizamlanmaya ehtiyac var”, - deyə o bildirib.

Səfir bir gün əvvəl də bənzər bəyanatla çıxış etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu bəyanatı tənqid edərək, artıq Dağlıq Qarabağ anlayışı olmadığı, münaqişə isə həll edildiyi üçün ABŞ səfirinin ifadələrini “qəbuledilməz” adlandırmışdı. 

“Hazırda ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir”, - deyə XİN-dən bildirilmişdi.

“ABŞ-dakı erməni lobbisinə xoş görünmək istəyidir”

Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, bu cür açıqlamalar ABŞ-da fəaliyyət göstərən erməni lobbisinə xoş görünmək istəyi ilə bağlıdır: “Münaqişə bitib, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək Minsk qrupunun yerinə münaqişənin həllini təmin edib. Yaxşı olardı ki, ABŞ Ermənistana revanşist fikirlərini kənara qoyaraq bölgədəki ölkələrlə normal inteqrasiya proseslərində iştirak etmək və ərazi iddalarına son qoymaq üçün kömək etsin. Bu cür davranaraq ABŞ sülh və stabilliyə daha çox dəstək verə bilərdi”. 

Asim Mollazadə - Sosial Media

Deputat eyni zamanda Azərbaycanın bu cür açıqlamalara bəyanatlar səviyyəsində cavab verməsinin düzgün olduğunu hesab edir: “Bu açıqlamalara qarşı biz də öz bəyanatlarımızı səsləndirəcəyik. Xatırlatmaq istəyirəm ki, Azərbaycan ABŞ-a terrorla mübarizədə çox böyük dəstək verən ölkə olub. Ermənistan isə İranla əməkdaşlıq edir və onun bölgədə əsas tərəfdaşıdır. Bu səbəbdən ABŞ proseslərə daha ciddi baxmalı və milli təhlükəsizlik məsələlərinə diqqətli yanaşmalıdır”. 

“Səfirin açıqlaması ABŞ-ın mövqeyidir”

Siyasətçi Yadigar Sadıqlı düşünür ki, səfirin açıqlaması ABŞ-ın mövqeyidir və əsassız deyil: “Münaqişənin bitməsi haqqında İlham Əliyevin söylədikləri həddindən artıq nikbin fikirlərdir. Bəli, 44 günlük müharibə münaqişənin bitməsi, həm də bizim xeyrimizə bitməsi üçün əvvəlkindən xeyli daha əlverişli status-kvo yaradıb. Amma münaqişənin bitdiyini Qarabağ ermənilərinin Azərbaycan təbəəliyini qəbul etdikləri zaman söyləmək olar. Əgər elan olunan qondarma rejim qalıbsa, Azərbaycanın suverenliyi hələ qəbul olunmursa, deməli, münaqişə də var”. 

“Azərbaycanın mövqeyi yanlışdır”

Siyasi şərhçi Nahid Cəfərov isə deyir ki, burada hansısa bir mövqe ortaya qoyulmayıb, səfir sadəcə mövcud olan faktı təsdiqləyib: “Səfirin işlətdiyi ifadələr son dərəcə dəqiqliyi ilə seçilib. O, "Dağlıq Qarabağın statusu həll olunmalıdır" ifadəsini işlətmir. Əgər məsələyə bu prizmadan baxsaq, o zaman səfirin səsləndirdiyi fikirlərlə İlham Əliyevin Dağlıq  Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlər o qədər də fərqlənmir. İlham Əliyev də statusla bağlı danışanda bildirir ki, Dağlıq Qarabağın statusu adlı bir anlayış artıq mövcud deyil. Düzdür, İlham Əliyev bunu bayağı formada səsləndirir, amma bu faktı dəyişmir”. 

Nahid Cəfərli - Sosial Media

N. Cəfərli Azərbaycanın sərgilədiyi mövqeyin yanlış olduğunu düşünür: “Bu yanaşma ilə Azərbaycan sanki nəzarət edə bilmədiyi ərazilərdən əlini üzdüyü mesajını verir. Sabah hansısa bir səbəbdən Dağlıq Qarabağın statusu məsələsi gündəmə gəlsə, Azərbaycanın buna qarşı göstərəcəyi təpkilər bu gün səsləndirilən bəyanatlarla ziddiyyət təşkil edəcək”. 

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiya arasında olan bir münaqişədir”

N.Cəfərov sözlərinə görə, hazırkı durumda Ermənistan prosesdən uzaqlaşdırılıb: “İndi Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiya arasında olan bir münaqişədir. Ermənistan bu yükdən özünü sanki azad etdi və Paşinyanın yürütdüyü siyasət ondan ibarətdir ki, Ermənistanı müəyyən mənada iqtisadi blokadadan çıxartsın. Düşünürəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olsa da, Azərbaycan tərəfi buna hazır deyil. Bunun da əsas səbəbi Azərbaycandakı siyasi hakimiyyəti narahat edən qeyri-müəyyənlikdir. Belə ki, Ermənistanla sülh müqaviləsi ölkədə yeni sosial və ya ictimai reallıq yarada bilər və bu yeni reallığın İlham Əliyevin hakimiyyətinə necə təsir edəcəyi dəqiq məlum deyil”. 

Yadigar Sadıqlı - Sosial Media

Yadigar Sadıqlı isə vurğulayır ki, Qarabağ konflikti ortaya çıxandan bəri olduğu kimi, hazırkı durumun qalmasının da iki dövlət üçün müsbət tərəfi yoxdur: “Konflikt Azərbaycanın və Ermənistanın iqtisadi inkişafını ləngidən, müstəqil xarici siyasət yürütmələrinə mane olan, maliyyənin əhəmiyyətli hissəsini özünə cəlb edən amildir. Eyni zamanda regional əməkdaşlıq və nəqliyyat infrastrukturunun genişlənməsi önündə əngəldir. Buna görə də bu ballastdan nə qədər tez qurtulsaq, hər iki ölkənin bir o qədər xeyrinə olar”.

Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həllində ABŞ-ın təsir gücü nə qədərdir?

Asim Mollazadə ümumilikdə həmsədrlərin fəaliyyətinin səmərəsiz olduğunu vurğulayır: “Minsk qrupu heç bir şeyə qadir olmayan, münaqişəni bir növ dondurmaqla məşğul olan institutdur. Həmsədr ölkələr 30 ildir ki, münaqişənin həlli üçün sadəcə maneçilik törədib və çox təəssüf ki,  beynəlxalq hüquq normalarının tələb etdiyi addımları ata bilməyiblər”. 

N.Cəfərovun fikrincə isə burada vacib olan məsələ təsir gücü deyil, dövlət marağıdır: “Bu münaqişəyə hansısa bir formada təsir etmək üçün ABŞ Rusiyanın maraqlarını nəzərə almalıdır. Məncə, ABŞ onun üçün son dərəcə əhəmiyyətli olmayan bir münaqişəyə görə Rusiya kimi bir dövləti qarşısına almağa ehtiyat edər”.

Y.Sadıqlı da deyir ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində ciddi problemləri var və Qarabağ məsələsi onun üçün ilk sırada durmur: “Digər tərəfdən təcrübə göstərir ki, tərəflərin mövqeləri antaqonistlik təşkil edərsə, vasitəçilər heç nə edə bilməzlər. Münaqişəni azərbaycanlılarla ermənilər həll etməlidirlər. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu danışıqlar yolu ilə də ola bilər, müəyyən təzyiqlər vasitəsilə də, hətta yeni müharibə ilə də. Bu isə ən arzuolunmaz yoldur. Amma bundan öncə Bakının qarşısında duran ilk vəzifə rus sülhməramlılarının ölkədən çıxarılmasına nail olmaqdır”.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo