Siyasət

ABŞ Ukraynanı “satır”?

Nigar Səmədli
21 İyul, 2021
133

BBC

“Putinlə görüşəndən sonra Bayden Konqresin “Şimal axını-2” layihəsinə dair qanununu icra yetirməkdən imtina etdi və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirdi. Güman ki, ABŞ və Rusiya arasında hansısa razılıq əldə olunub”.

Siyasi şərhçi Şahin Cəfərli ABŞ və Almaniyanın sözügedən layihəylə bağlı razılaşması haqda “Toplum TV”-nin sualına cavab verərkən belə deyib.

Şahin Cəfərli- Sosial Media

Almaniya və ABŞ arasında “Şimal axını-2” layihəsi üzrə müqavilə bağlanacaq.

Bu barədə məlumatı “The Wall Street Journal” qəzeti hər iki ölkənin hökumətindəki mənbələrə istinadən yayıb.

Berlin və Vaşinqton rəsmilərinin açıqlamalarına görə, müqavilə iyulun 21-də elan ediləcək.

“Şimal axını-2” müqaviləsində qeyd olunur ki, Almaniya və ABŞ Ukraynada “yaşıl texnologiyalar” üçün infrastruktur yaratmaq və inkişaf etdirmək, həmçinin yenilənəbilən enerjiylə əlaqəli sahələrə kömək etmək məqsədilə bu ölkəyə 50 milyon dollar sərmayə yatıracaqlar.

Bundan başqa, ABŞ və Almaniya Rusiyanın Ukrayna ərazisindən qaz tranzitini davam etdirməsinə çalışacaq. Bu tranzit Ukraynaya 3 milyard dollar qazandıracaq.

Müqavilədə həmçinin qeyd olunub ki, Rusiya layihədən Ukraynaya qarşı istifadə edərsə, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunacaq və enerji sahəsində əməkdaşlıq məhdudlaşdırılacaq.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu vədlərə əməl etmək mümkün olmayacaq: “Şimal axını-2” layihəsi, demək olar ki, hazırdır, boru xəttinin 95%-I çəkilib. ABŞ da etiraf edib ki, artıq layihəyə mane ola bilməz. Almaniyaya da bu lazımdır. Almaniya və ABŞ daim Ukraynaya vəd verirlər ki, Ukrayna marşurutu dayanmayacaq və Rusiya “Şimal axını-2” layihəsindən Ukraynaya qarşı təzyiq aləti kimi istifadə etməyəcək. Amma buna kim təminat verə bilər? Rusiya son illərdə müxtəlif boru xətləri tikdi və artıq qazını alternativ yollarla Avropaya çatdıracaq”.

Elxan Şahinoğlu-Sputnik

E.Şahinoğlu düşünür ki, Rusiya gələcəkdə Ukrayna üzərindən qaz nəqlini azaldacaq: “ Bunu siyasi deyil, iqtisadi səbəblərlə izah edəcək və heç kim də bunun əleyhinə çıxa bilməyəcək. Ona görə bu cür addım atacaq ki, Ukrayna heç bir gəlir əldə etməsin. Onsuz da Rusiyaya qarşı sanksiyalar var, amma o öz siyasətindən vaz keçmir. Bundan sonra ABŞ sanksiya tətbiq etsə belə, Almaniya ona qoşulmayacaq. Qoşulsaydı, “Şimal axını-2” layihəsinə razılıq verməzdi. Burada ən zəif halqa Almaniyadır, çünki Rusiya qazından asılıdır”.

Şahin Cəfərli də sözügedən müqaviləni ciddi sənəd hesab etmir:

““Şimal axını-2” layihəsinin qarşısını almaq üçün ABŞ-da qanunvericilik səviyyəsində ciddi sanksiyalar tətbiq olunub. Əslində, ABŞ hökuməti Konqresin qəbul etdiyi qanuna riayət etməli idi. Lakin Putinlə razılaşmadan sonra Bayden onun icrasından faktiki olaraq imtina etdi, layihə ilə bağlı sanksiyalar tətbiq etməyəcəyini bildirdi. Layihənin Ukraynaya təsirlərini aradan qaldırmaq üçün ABŞ guya Almaniya ilə razılığa gəlib, Rusiya bu layihədən Ukraynanın əleyhinə istifadə edərsə, sanksiyalar tətbiq olunacağı bildirilib. Amma daha öncə də Rusiyaya müxtəlif sanksiyalar tətbiq olunub, heç biri də Rusiya iqtisadiyyatını sarsıdacaq səviyyədə olmayıb. Yəni bütün bunlar bir növ baş aldatmaqdır. Təəssüf ki, bu günədək Qərb Ukraynaya ciddi dəstək verməyib. Görünən odur ki, Bayden də Rusiya ilə əməkdaşlıq xəttini seçib”.

Ekspert qeyd edir ki, Putinlə Baydenin görüşündən sonra ABŞ-ın Ukraynayla bağlı siyasətində ciddi dəyişikliklər müşahidə olunur:

“Çox təəssüf ki, bu dəyişiklik Ukraynanın əleyhinədir. Bayden həm seçki kampaniyası dövründə, həm də andiçmədən sonrakı ilk dövrlərdə Rusiyaya qarşı çox ciddi təzyiq siyasəti yeridəcəyini və sərt sansksiyalar tətbiq olunacağını söyləyirdi. Amma həmin görüşdə Putin və Bayden arasında razılıq əldə olunduqdan sonra 180 dərəcə dəyişiklik müşahidə olunmağa başlandı. İlk olaraq NATO çərçivəsində Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi dayandırıldı. Halbuki son aylara qədər NATO Rusiyaya aid kəşfiyyat məlumatlarını Ukrayna komandanlığı ilə də paylaşırdı. Digər tərəfdən Rusiya Ukrayna sərhədlərində qoşun yerləşdirəndən sonra ABŞ təxminən 100 milyon dollarlıq təcili hərbi yardım proqramı hazırlamışdı. Lakin Putinlə görüşdən sonra bu proqram da ləğv olundu”.

ABŞ öz siyasətini niyə dəyişdi?

Şahin Cəfərli düşünür ki, Rusiya ilə hansısa razılaşmalar əldə olunub: “Güman edirəm ki, ABŞ və Rusiya arasında Çinlə bağlı şifahi anlaşma olub? Putin Çinlə birlikdə Qərbə qarşı hansısa blok yaratmayacağı haqqında ABŞ-a mesaj verib, qarşılığında isə onun post-sovet məkanındakı maraqlarının nəzərə alınmasını istəyib. Ukraynanın maraqlarına qarşı dəyişikliklərinin səbəbini bunda görürəm. Prosesin nə qədər çəkəcəyini indidən demək çətindir. Fikrimcə, Zelenskinin ABŞ-a planlaşdırılan səfəri çox önəmli olacaq. Səfərdən sonra aydın olacaq ki, ABŞ həqiqətən də Ukraynanı “satır”, ya yox. Bu sual hazırda çox aktualdır. Zelenski hökumətində ABŞ-ın yeni siyasətinə qarşı əsəb və məyusluq müşahidə olunur. Bu baxımdan həmin səfər tarixi əhəmiyyət daşıyır”.

Siyasət

Yalçın İmanov: “Anar Bağırov ya vəkillərin könlünü alır, ya da manipulyasiya edir”

Məzahir Abdurahmanov
23 Sentyabr 2021

Ona

“Dəyişikliklər edildikdən sonra bununla bağlı özünü sığortalamaq üçün fikir bildirmək manipulyasiya və ya könül almaq üçün atılan addımdır”. Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmədə vəsatətlərin rədd edilməsi ilə bağlı həm həmkarlarına, həm də hakim korpusuna etdiyi müraciət haqqında “Toplum TV”-yə danışarkən belə deyir.   Anar Bağırov sentyabrın 22-də “Feysbuk” hesabında yazıb ki, qanunvericiliyə görə rədd edilən vəsatətin əsaslandırılması məcburidir.  “Vəsatətə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət...
Siyasət

ABŞ Konqresi "Azərbaycanın hərbi cinayətləri" ilə bağlı bəyanat qəbul etdi

23 Sentyabr 2021

AA

ABŞ Nümayəndələr Palatası İkinci Qarabağ müharibəsi kontekstində Azərbaycanla bağlı bəyanat qəbul edib.  Konqresin saytının sentyabrın 23-də verdiyi məlumata görə, bəyanatda "erməni əsir və girovlar”ın dərhal azad edilməsi tələb olunur, müdafiə nazirinə isə Azərbaycanın hərbi cinayətləri, o cümlədən qadağan olunmuş silahlardan istifadəsi, eləcə də türk PUA-larında Amerika texnologiyalarından istifadə haqqında hesabat hazırlamaq tapşırılır. Bəyanatda bildirilir ki, Azərbaycan imzaladığı Üçüncü Cenevrə Konvensiyasının ziddinə olaraq "erməni əsirləri" qaytarmaqdan imtina edir. Müharibə zamanı Azərbaycanda əsirlərlə amansız davranıldığı da qeyd olunub.  “Bütün bunlar Azərbaycanın uzunmüddətli sülh danışıqlarına dair sadiqliyinə ciddi şübhələr yaradır”, - sənəddə deyilir. Konqresmenlər hesab edirlər ki, ABŞ Prezidenti Co Bayden beynəlxalq hüququn...
Seçilmiş Videolar