Siyasət

ABŞ Ukraynanı “satır”?

Nigar Səmədli
21 İyul, 2021
77

BBC

“Putinlə görüşəndən sonra Bayden Konqresin “Şimal axını-2” layihəsinə dair qanununu icra yetirməkdən imtina etdi və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirdi. Güman ki, ABŞ və Rusiya arasında hansısa razılıq əldə olunub”.

Siyasi şərhçi Şahin Cəfərli ABŞ və Almaniyanın sözügedən layihəylə bağlı razılaşması haqda “Toplum TV”-nin sualına cavab verərkən belə deyib.

Şahin Cəfərli- Sosial Media

Almaniya və ABŞ arasında “Şimal axını-2” layihəsi üzrə müqavilə bağlanacaq.

Bu barədə məlumatı “The Wall Street Journal” qəzeti hər iki ölkənin hökumətindəki mənbələrə istinadən yayıb.

Berlin və Vaşinqton rəsmilərinin açıqlamalarına görə, müqavilə iyulun 21-də elan ediləcək.

“Şimal axını-2” müqaviləsində qeyd olunur ki, Almaniya və ABŞ Ukraynada “yaşıl texnologiyalar” üçün infrastruktur yaratmaq və inkişaf etdirmək, həmçinin yenilənəbilən enerjiylə əlaqəli sahələrə kömək etmək məqsədilə bu ölkəyə 50 milyon dollar sərmayə yatıracaqlar.

Bundan başqa, ABŞ və Almaniya Rusiyanın Ukrayna ərazisindən qaz tranzitini davam etdirməsinə çalışacaq. Bu tranzit Ukraynaya 3 milyard dollar qazandıracaq.

Müqavilədə həmçinin qeyd olunub ki, Rusiya layihədən Ukraynaya qarşı istifadə edərsə, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunacaq və enerji sahəsində əməkdaşlıq məhdudlaşdırılacaq.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu vədlərə əməl etmək mümkün olmayacaq: “Şimal axını-2” layihəsi, demək olar ki, hazırdır, boru xəttinin 95%-I çəkilib. ABŞ da etiraf edib ki, artıq layihəyə mane ola bilməz. Almaniyaya da bu lazımdır. Almaniya və ABŞ daim Ukraynaya vəd verirlər ki, Ukrayna marşurutu dayanmayacaq və Rusiya “Şimal axını-2” layihəsindən Ukraynaya qarşı təzyiq aləti kimi istifadə etməyəcək. Amma buna kim təminat verə bilər? Rusiya son illərdə müxtəlif boru xətləri tikdi və artıq qazını alternativ yollarla Avropaya çatdıracaq”.

Elxan Şahinoğlu-Sputnik

E.Şahinoğlu düşünür ki, Rusiya gələcəkdə Ukrayna üzərindən qaz nəqlini azaldacaq: “ Bunu siyasi deyil, iqtisadi səbəblərlə izah edəcək və heç kim də bunun əleyhinə çıxa bilməyəcək. Ona görə bu cür addım atacaq ki, Ukrayna heç bir gəlir əldə etməsin. Onsuz da Rusiyaya qarşı sanksiyalar var, amma o öz siyasətindən vaz keçmir. Bundan sonra ABŞ sanksiya tətbiq etsə belə, Almaniya ona qoşulmayacaq. Qoşulsaydı, “Şimal axını-2” layihəsinə razılıq verməzdi. Burada ən zəif halqa Almaniyadır, çünki Rusiya qazından asılıdır”.

Şahin Cəfərli də sözügedən müqaviləni ciddi sənəd hesab etmir:

““Şimal axını-2” layihəsinin qarşısını almaq üçün ABŞ-da qanunvericilik səviyyəsində ciddi sanksiyalar tətbiq olunub. Əslində, ABŞ hökuməti Konqresin qəbul etdiyi qanuna riayət etməli idi. Lakin Putinlə razılaşmadan sonra Bayden onun icrasından faktiki olaraq imtina etdi, layihə ilə bağlı sanksiyalar tətbiq etməyəcəyini bildirdi. Layihənin Ukraynaya təsirlərini aradan qaldırmaq üçün ABŞ guya Almaniya ilə razılığa gəlib, Rusiya bu layihədən Ukraynanın əleyhinə istifadə edərsə, sanksiyalar tətbiq olunacağı bildirilib. Amma daha öncə də Rusiyaya müxtəlif sanksiyalar tətbiq olunub, heç biri də Rusiya iqtisadiyyatını sarsıdacaq səviyyədə olmayıb. Yəni bütün bunlar bir növ baş aldatmaqdır. Təəssüf ki, bu günədək Qərb Ukraynaya ciddi dəstək verməyib. Görünən odur ki, Bayden də Rusiya ilə əməkdaşlıq xəttini seçib”.

Ekspert qeyd edir ki, Putinlə Baydenin görüşündən sonra ABŞ-ın Ukraynayla bağlı siyasətində ciddi dəyişikliklər müşahidə olunur:

“Çox təəssüf ki, bu dəyişiklik Ukraynanın əleyhinədir. Bayden həm seçki kampaniyası dövründə, həm də andiçmədən sonrakı ilk dövrlərdə Rusiyaya qarşı çox ciddi təzyiq siyasəti yeridəcəyini və sərt sansksiyalar tətbiq olunacağını söyləyirdi. Amma həmin görüşdə Putin və Bayden arasında razılıq əldə olunduqdan sonra 180 dərəcə dəyişiklik müşahidə olunmağa başlandı. İlk olaraq NATO çərçivəsində Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi dayandırıldı. Halbuki son aylara qədər NATO Rusiyaya aid kəşfiyyat məlumatlarını Ukrayna komandanlığı ilə də paylaşırdı. Digər tərəfdən Rusiya Ukrayna sərhədlərində qoşun yerləşdirəndən sonra ABŞ təxminən 100 milyon dollarlıq təcili hərbi yardım proqramı hazırlamışdı. Lakin Putinlə görüşdən sonra bu proqram da ləğv olundu”.

ABŞ öz siyasətini niyə dəyişdi?

Şahin Cəfərli düşünür ki, Rusiya ilə hansısa razılaşmalar əldə olunub: “Güman edirəm ki, ABŞ və Rusiya arasında Çinlə bağlı şifahi anlaşma olub? Putin Çinlə birlikdə Qərbə qarşı hansısa blok yaratmayacağı haqqında ABŞ-a mesaj verib, qarşılığında isə onun post-sovet məkanındakı maraqlarının nəzərə alınmasını istəyib. Ukraynanın maraqlarına qarşı dəyişikliklərinin səbəbini bunda görürəm. Prosesin nə qədər çəkəcəyini indidən demək çətindir. Fikrimcə, Zelenskinin ABŞ-a planlaşdırılan səfəri çox önəmli olacaq. Səfərdən sonra aydın olacaq ki, ABŞ həqiqətən də Ukraynanı “satır”, ya yox. Bu sual hazırda çox aktualdır. Zelenski hökumətində ABŞ-ın yeni siyasətinə qarşı əsəb və məyusluq müşahidə olunur. Bu baxımdan həmin səfər tarixi əhəmiyyət daşıyır”.

Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

Məzahir Abdurahmanov
29 İyul 2021

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”. Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib. Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”. Azər Qasımlı - Sosial Media A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii...
Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul 2021

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".   Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.   Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.   "Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/ Zaur Əkbər - VOA  Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə...
Seçilmiş Videolar