Almaniya səfirliyi qarşısında aksiya: Həbs edilən mühacirlərin ailələri etiraz edir
Toplum Tv
Azərbaycanda həbs edilən keçmiş mühacirlərin ailələri mayın 31-də Almaniya səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Etirazçıların sözlərinə görə, Almaniyadan Azərbayacana deportasiya edilən mühacirlər siyasi səbəblərə görə həbs ediliblər.
“Almaniyada yaşayan siyasi mühacirlər İlham Əliyev rejimindən ora pənah aparmışdılar. Almaniya hökuməti isə qeyri-qanuni olaraq onları Azərbaycana satdı və ölkəyə gələn kimi hamısı həbs edildi”, - etirazçılardan biri açıqlamasında deyib.
Etiraz edən ailələr bir müddət əvvəl həbs edilən Samir Aşurov, Pünhan Kərimli, Ziya İbrahimli, Cəfər Mirzəyev və digərlərinin yaxınlarıdır.
P. Kərimlinin atası Vahid Kərimov deyib ki, oğlunun məhkəməsi açıq keçirilsə də, ailə üzvləri, hüquq müdafiəçiləri, media nümayəndələri ora buraxılmır:
“Məhkəmənin vaxtını, saatını gizlədirlər. Almaniya səfirliyinə müraciət olunub ki, səfirliyin nümayəndələrindən biri məhkəməni izləsin, monitorinq aparsın. Amma heç kim gəlməyib. Ədalətli məhkəmə tələb edirik, onlar şərlənib”.
Etirazçılar artıq eyni şikayətlə 3-cü dəfədir səfirliyə müraciət etdiklərini bildiriblər.
Polis aksiyaçılarının əlindəki plakatları, etiraz lövhələrini alaraq onları dağıdıb.
“Toplum TV” səsləndirilən ittihamlarla bağlı Almaniya səfirliyinə sorğu ünvanlayıb.
Daha əvvəl də Almaniyadan Azərbaycana qaytarılan mühacirlər müxtəlif səbəblərlə həbs olunub.
Sonuncu dəfə mayın 20-də tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimli Bakı Hava limanında həbs edilmişdi.
2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.
Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.
Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb (onların 39 nəfəri Almaniyadan qaytarılıb).
Bu göstərici 2020-ci illə müqayisədə 2,9 faiz artıb. Readmissiya ilə bağlı sorğu sayı isə 440 olub.
Rəsmi məlumata görə, Avropa İttifaqı ilə saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası baş tutub. Daha 4160 şəxsin sorğusu müsbət cavablandırılıb, 2147 nəfərin isə readmissiyası nəzərdə tutulur.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb