Avropa Birliyi: Azərbaycan da, Ermənistan da öhdəlik götürüb
Rəsmi səhifə
Avropa İttifaqı Şurasının prezidenti adından mayın 31-də yayılan bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli danışıqlar mövzusunda spekulyasiyaların yolverilməz olduğu bildirilir. Bəyanatda o da deyilir ki, həm Ermənistan, həm də Azərbaycan gələcək nəqliyyat koridorları ilə bağlı bir birinə heç bir ərazi iddiasının olmadığı barədə öhdəlik götürüblər: “Bunun əksi olan spekulyasiyalar təəssüf doğurur" Aİ Şurası prezidenti Şarl Mişelin adından yayılan bəyanatda deyilir.
“İlham Əliyevlə Nikol Paşinyanın sonuncu Brüssel görüşündən sonra barışıq üçün etimad mühitində canlanma olsa da, yenə mübahisə yaradan tezislər ortaya atıldı. Ermənistan tərəfindən ortaya qoyulan mövqe daha çox erməni cəmiyyətini sakitləşdirməyə yönəlsə də, nəticədə danışıqların da mahiyyətini təhrif edir”.
Siyasi şərhçi Aqşin Kərimov “Toplum TV”yə Avropa Birliyinin Azərbaycan və Ermənistan bağlı bəyanatını şərh edərkən belə deyib.
Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibi Barend Leyts Azərbaycan və Ermənistan arasında baş verən son gərginlik fonunda Şarl Mişelin adından bəyanat verib.
Mayın 31-də Avropa Şurasının rəsmi saytında yayılan mətndə tərəflərin mayın 22-də Brüsseldə əldə olunan bəyanat barədə spekulyasiya etməməsinə dair çağırış yer alıb.
Bəyanatda qeyd olunub ki, istənilən münaqişə irsində olduğu kimi - terminologiya bu kontekstdə də xüsusi rol oynayır:
"Prezident Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təsdiqi kimi şərh edilməməlidir. Nəhayətdə, ən vacib olan odur ki, bütün məsələlər hərtərəfli həll edilir; bura bütün əhalinin hüquqları və təhlükəsizliyi daxildir”.
Ancaq Aİ Şurası bəyanatda spekulyasiyaların kim tərəfindən edilməsi, bir sözlə onun kimə ünvanlanmasını konkret göstərməyib.
“Şarl Mişelin ittihamının ünvanı Ermənistandır”
Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, həm Azərbaycan, həm də Ermənistan üçün də ən etibarlı moderator Avropa İttifaqıdır. Bu səbəbdən Avropa İttifaqı regionda geosiyasi ambisiyalarla deyil, uzunmüddətli iqtisadi maraqlarla özünün iştirakını gücləndirmək istəyir:
“Şarl Mişel diplomatik balansa uyğun olaraq konkret ünvan göstərmir, lakin Avropa İttifaqının Azərbaycanla dərinləşən münasibətləri, Bakının Avropanın enerji bazarlarında oynadığı rol belə deməyə əsas verir ki, Şarl Mişelin ittihamının ünvanı Ermənistandır. Hər nə qədər bunu gizlətməyə çalışsa da, diplomatik etiketlər naminə çağırışını hər iki tərəfə istiqamətləndirir”.
“Topçubaşov” siyasi analitik mərkəzinin təsisçisi Murad Muradov isə hesab edir ki, Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan-Ermənistan arasındakı kommunikasiyalar məsələsinin əhəmiyyəti artıb:
“Rusiyanın Qərbdən təcridi və qoyulan sanksiyaların təsirləri dərinləşdikcə Cənubi Qafqazın tranzit əhəmiyyəti Avropa üçün artır. Bu səbəbdən Avropa İttifaqı regionda daimi münaqişə ocağının söndürülməsində və dayanıqlı sülhün bağlanmasında çox maraqlıdır. Təsadüfi deyil ki, Brüsselin mövqeyi hiss olunacaq dərəcədə Bakının lehinə dəyişib. Avropada anlayırlar ki, Azərbaycan “Dağlıq Qarabağın xüsusi statusu” ilə razılaşmayacaq və onun bu danışıqlardakı Ermənistana qarşı nisbi mövqeyi dəfələrlə güclüdür. Eyni zamanda, Ermənistan rəhbərliyinin tərsliyi və kağızda razılaşdırılmış prinsiplərin tətbiq etməyə tələsməməyi sülh prosesini xeyli yubadır. Ona görə Brüsselin taktikası hər iki ölkənin marağında olan sərhəd və kommunikasiyalar məsələlərinin həlli üçün təzyiq edərək Qarabağ erməniləri probleminin daha əlverişli mühitdə müzakirə olunmasına nail olmaqdan ibarətdir”.
Avropa Şurasının verdiyi son bəyanatda o da bildirilir ki, həm Ermənistan, həm də Azərbaycan gələcək nəqliyyat koridorları ilə bağlı bir birinə heç bir ərazi iddiasının olmadığı barədə öhdəlik götürüblər: “Bunun əksi olan spekulyasiyalar təəssüf doğurur".
Halbuki Prezident İlham Əliyev daha çox daxili auditoriyaya müraciətində Qərbi Zəngəzur da Azərbaycanın tarixi torpağı olduğunu və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəyini bildirir.
Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Azərbaycan tərəfinin mövqeyi ərazi iddiası anlamına o zaman gəlir ki, Ermənistan özünün ənənəvi xam xəyallarından əl çəkmir və revanşizmə meyllənir:
“Belə olan təqdirdə, Ermənistanı iliyinə qədər ağıllandırmağın ən yaxşı yolu yeni hərbi güc tətbiqidir, İrəvan da bu gücdən qorxur. Azərbaycan Ermənistanın sərgilədiyi mövqeyə adekvat olaraq bəyanatlar səsləndirir və hər bəyanat yeni şərt kimi formalaşdırılır. Şarl Mişel demək istəyir ki, Zəngəzur dəhlizi kontekstində hərbi güc tətbiqi yanlışdır, lakin Bakının strateji ölçüləri Avropa İttifaqının tələbləri ilə müəyyən edilmir”.
“Topçubaşov” siyasi analitik mərkəzinin təsisçisi Murad Muradov isə deyir ki, Azərbaycan Prezidentinin Qərbi Zəngəzura dair iddiaları taktiki xarakter daşıyır.
“Bunu deməklə o, Ermənistanın Azərbaycana qarşı iddialarından əl çəkməyəcəyi halda qarşılıqlı iddialar qoya bilməyimizi vurğulayır.
Hələ də Qərbin müəyyən çevrələrində populyar olan Bakının “tarixi erməni əhalisini etnik təmizləməyə məruz qoymaq istəyi” narrativi Ermənistan cəmiyyətində əsassız gözləntilər yaradır və beləliklə, tənzimləmə prosesinə əhəmiyyətli dərəcədə mane olur. Həmçinin, Qərbi Zəngəzur tezisi Ermənistan tərəfinin yol açılışı məsələsində öz vədlərini yerinə yetirməyəcəyi təqdirdə bədəlini ödəməli olacağını onlara çatdırmalıdır”.
Onun fikrincə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda kommunikasiya məsələsi fərqli yozulur:
“Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə yanaşı, Ermənistan vətəndaşları və nəqliyyatı üçün Naxçıvan ərazisi ilə sərbəst keçid hüququnun ayrıca qələmə alınmasını istəyir, eyni zamanda onun eksterritorial status anlamına gəlməsindən narahat olduğu üçün Zəngəzur dəhlizi termininə qarşı çıxır. Danışıqlar prosesində tərəflər bu nüanslarla bir növ “pinq-ponq” oynayırlar, mövqelərini gah yumşaldır, gah sərtləşdirir, bu da birbaşa olaraq danışıqların əsas məsələsi - Qarabağ ermənilərinin gələcək taleyinin müəyyənləşdirilməsi ilə bağlıdır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür