Siyasət

Ayda, ildə bir təbrik: o da yarısına çatdı, yarısına yox...

23 Mart, 2020
2626
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müxalifət liderlərinə təbrik ünvanlayıb. 

Prezidentin bu təbrikini Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çatdırıb. 

Hərçənd məlum olur ki, dövlət başçısı heç də bütün müxalifət partiyalarının rəhbərlərini təbrik etməyib. 

İqbal Ağazadə: "Bu addım yeni başlanğıc üçün doğru addımdır"

Təbrik olunanlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadə Toplum.Tv-yə açıqlamasında hesab edir ki, hakimiyyət "yeni münasibətlər sisteminə keçmişik” bəyanatını verirsə, bu təbrik addımı çox normaldır. Amma bunun ardınca nələrin baş verəcəyi haqda heç bir ehtimalı yoxdur.
 
İqbal Ağazadə

"Bundan sonra nə olacağını deyə bilmərəm, amma əgər bunu başlanğıc hesab edirlərsə, bu addım yeni başlanğıc üçün doğru addımdır. Çox istərdim ki, Azərbaycanda müxalifətlə münasibət xeyli əvvəldən belə qurulaydı”, - İ.Ağazadə bildirir.

Təbrik edilməyən müxalifət liderlərininsə prezidentin addımına yanaşması fərqlidir. 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) rəhbəri Qubad İbadoğlu deyir: "Hakimiyyət bu yolla özünün seçdiyi siyasi təşkilatlarla "müxalifət"in sərhədlərini müəyyənləşdirmək niyyətindədir, əsl müxaifəti isə dialoqa tərəfdar olmamaqda günahlandırmaq istəyir”. 

Qubad İbadoğlu: "Bu görüşləri müxalifətlə dialoq adlandırmağın əleyhinəyəm"

"Mən Prezident Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr" şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə tanışlıq adı ilə keçirdiyi görüşlərə normal baxıram. Amma bu görüşləri müxalifətlə dialoq adlandırmağın əleyhinəyəm", - ADR sədri bildirib. 
 

Qubad İbadoğlu

ADR Hərəkatı iqtidarla müxalif mövqedə olan siyasi və ictimai təşkilatlar arasında dialoqun tərəfdarıdır, lakin onun aşağıdakı şərtlərlə keçirilməsini təklif edir: "Görüşlər mətbuat üçün açıq olmalı, ictimaiyyət bununla bağlı məlumatlandırılmalıdır; görüşlərdə müzakirənin predmeti əvvəlcədən bilinməli, xalqın marağında olan strateji əhəmiyyət kəsb edən mövzular (Qarabağ münaqişəsi, xarıcı siyasət prioritetləri, seçki, sosial-iqtisadi problemlər, təhsil, səhiyyə və sair) danışıq predmeti olmalıdır; görüşlərin formatı ikitərəfli deyil, çoxtərəfli olmalı, iştirakçları iqtidar və siyasi partiyalar deyil, vətəndaş cəmiyyəti institutları (müstəqil QHT-lər və onların birliyi, azad mətbuat və onların birliy) müəyyənləşdirməlidir; görüşdə iştirakçıların mandat və səlahiyyətləri (iqtidar tərəfdən hakim partiyanın sədri və ya onun səlahiyyət verdiyi müavinləri, siyasi partiyalar tərəfindən sədrlər və ya onların müavinləri) uyğun səviyyədə olmalıdır; görüşdə qəbul olunmuş qərarlar və bəyanatlar yalnız iştirakçıların təmsil etdiyi siyasi partiyaların rəhbərləri tərəfindən imzalanmalı və yayılmalıdır; görüşlər neytarl yerlərdə özəl bölməyə məxsus olan mehmanxana və biznes mərkəzlərin konfrans zallarında təşkil olunmalıdır", - Qubad İbadoğlu deyir. 

Əli Kərimli: "İlham Əliyev "Novruz təbrik”ində bizi düşmən adlandırıb"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli onlara belə bir təbrik göndərilmədiyini bildirir: "Heç sizin gərək ağlınıza da gəlməyəydi ki, bu mümkün olar”, - deyə o, əlavə edir
 

Əli Kərimli

AXCP sədri deyib ki, İlham Əliyev "Novruz təbrik”ində onları düşmən adlandırıb: "Cəmi bir gün qabaq həmin o dırnaqarası Novruz təbrikində İlham Əliyev bizi düşmən elan etdi. Ona görə də təbrikin olmaması gözləniləndir. Heç bizim də belə bir gözləntimiz yoxdur”. 

Arif Hacılı: "Azərbaycan iqtidarı müxalifəti siyasi sistemin bir parçası hesab etmir"

Müsavat başqanı Arif Hacılı da təbrik almadıqlarını deyib: "Bizə belə bir təbrik gəlməyib. İlham Əliyevin Novruz bayraymı təbrikindəki anonsun nəticələri özünü göstərməkdədir. Bu gün Tofiq Yaqublu qondarma ittihamlarla həbs olundu. Faktiki olaraq pandemiya dövründə dünya liderləri öz xalqları ilə münasibətləri daha da yaxşılaşdırmağa, xalqın sevgisini qazanmağa calışdığı zaman Azərbaycan hökuməti öz əlehidarlarını aradan qaldırmağa fürsət bilir".
 

Arif Hacılı

"Açığı mən gözləmirəm də. Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yoxdur. Azərbaycan iqtidarı müxalifəti siyasi sistemin bir parçası hesab etmir. Təbii ki, belə bir şəraitdə təbrik və jestlərlə hər hansı bir dəyişiklik baş verə bilməz", - Arif Hacılı qeyd edib.

ReAl Partiyasına prezidentin belə bir təbrik mesajı göndərib-göndərməməsini dəqiqləşdirmək mümkün olmayıb. 

Azərbaycanın dövlət başçısı hakimiyyətdə olduğu müddətdə ilk dəfədir partiya liderlərini təbrik edib. 

Bundan öncə isə Prezident Administrasiyasının şöbə müdiri bir sıra müxalifət partiyalarının sədrlərini görüşə dəvət edib. Dəvəti qəbul edib ona qatılanlar görüşün detallarını açıqlamırlar. 

Buna qədər İlham Əliyev çıxışlarında müxalifəti sərt şəkildə tənqid edib. Tənqid hədəfi daha çox AXCP olub. 

Zülfiyyə Quliyeva
Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar