Siyasət

Azərbaycan Avropa Məhkəməsinin qərarlarına əməl edirmi?

Nigar Səmədli
19 Fevral, 2021
270

Vikipedia

“Məhkəmə qərarlarının icra olunmaması həm də ona gətirib çıxarır ki, oxşar işlər üzrə qərarlar ölkədaxilindəki məhkəmələrdə də qəbul olunur və həmin pozuntular təkrar-təkrar Avropa Məhkəməsi tərəfindən tanınır. Bu da beynəlxalq arenada Azərbaycana öz öhdəliklərini icra etməyən dövlət imici qazandırır”. 

Bunu “Toplum TV”-yə açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib. 

Fevralın 18-də Avropa Məhkəməsi Azərbaycana qarşı 3 qərarını elan edib. 

Bu barədə vəkil Fariz Namazlı şəxsi “Feysbuk” hesabından paylaşım edib.

Məmməd Əzizov və Şahin Novruzlu Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi iddia olunan pozuntuları tanıyıb. 

Ərizəçilər 2013-cü ilin martında o zaman fəaliyyət göstərən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. 

Məhkəmə isə hesab edib ki, onlara münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci maddəsinin pozuntusuna yol verilib. 

Kommunikasiya zamanı Avropa Məhkəməsi dəyən mənəvi zərərə görə, hər bir ərizəçiyə 20.000 avro, məhkəmə məsrəflərinə görə, 1-ci ərizəçiyə 1500 avro, 2-ci ərizəçiyə 2000 avro kompensasiya müəyyən edib. 

Bundan başqa, İlqar Feyzov Azərbaycana qarşı iş üzrə ərizəçi 18 aprel-3 may 2012-ci il və 3-22 iyun 201-ci ildə məhkəmənin qərarı olmadan həbsdə saxlanılmasından şikayət edib. 

Avropa Məhkəməsi Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanıyıb və mənəvi zərərə görə, Azərabaycan hökuməti şikayətçiyə 4500 avro, məhkəmə məsrəflərinə görə isə 850 avro kompensasiya ödəməlidir.

Fatma Qəniyeva və başqa 17 nəfər Azərbaycana qarşı işində isə ərizəçilər Sabunçu rayon ərazisində bağ sahələrindən məhrum edilməsindən şikayət ediblər. 

Məhkəmə Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusunu tanıyıb, Konvensiyanın 6-cı maddəsi üzrə şikayəti araşdırmağa zərurət görmədən maddi zərərə görə, hər bir ərizəçiyə (2 nəfər istisna olmaqla) 10.000 avro, mənəvi zərərə görə isə hər bir ərizəçiyə (2 nəfər istisna olmaqla) 3000 avro kompensasiya müəyyən edib. 

Bəs Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarları Azərbaycan hökuməti necə qarşılayır?

Vəkil Əsabəli Mustafayev deyir ki, burada kompensasiyanın ödənilməsi ilə yanaşı, digər məqamlar da var: “Uzun illərdir ki, Avropa Məhkəməsində Azərbaycan haqqında bir çox qərarlar qəbul olunub, hətta illik statistikası bu yaxınlarda açıqlandı. Hökumət həmin qərarların, sadəcə, kompensasiya ilə bağlı olan hissəsini ödəyir, qalan öhdəlikləri isə icra etməkdən yayınır. Hətta kompensasiya hissəsində də bəzi xoşuna gəlməyən şəxslərin ödəməsini ya etmir, ya da illərlə uzadır. Bir müddət Avropa Məhkəməsində nümayəndə olaraq iştirak edən hüquq müdafiəçilərinə, o cümlədən mənim özümə də təzminat ödəməkdən yayınıb”. 

Əsabəli Mustafayev - BBC

Belə olan hallarda hansı addımların atılması məsələsinə gəldikdə isə vəkil Azərbaycanda bununla bağlı da problemlər ortaya çıxdığını bildirib: “6 və 18-ci maddələrin pozulması durumunda qərara yenidən baxılması təcrübəsi demək olar ki, yoxdur. Xatırladığım cəmi 3 iş - Lahıcovun, İlqar Məmmədovun və Rəsul Cəfərovun işləri var ki, hökumət onlara yenidən baxıb və bəraət verib. Digər işlərdə isə bu hala rast gəlinmir, məsələn, israrla Əli İnsanovun da işinə baxılmış, lakin orada köhnə qərar qüvvədə saxlanılmışdı. Bütün bunlar beynəlxalq arenada Azərbaycana öz öhdəliklərini icra etməyən dövlət imici qazandırır və bu da illik hesabatlarda öz əksini tapır. Bu səbəbdən hökumət məsələ bağlı ciddi şəkildə düşünməlidir. Məhkəmə qərarlarının icra olunmaması həm də ona gətirib çıxarır ki, oxşar işlər üzrə qərarlar ölkədaxilindəki məhkəmələrdə də qəbul olunur və həmin pozuntular təkrar-təkrar Avropa Məhkəməsi tərəfindən tanınır. Məsələn, Avropa Məhkəməsinin Azərbaycan üzrə sərbəst toplaşma, ifadə və vicdan azadlığı ilə bağlı çoxlu sayda qərarları var. Bunun təkrarlanmasının da səbəbi odur ki, artıq qüvvəyə minmiş məhkəmə qərarları icra olunmur və nəticədə beynəlxalq aləmdə dövlətin mövqeyi zəifləyir”.

Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov da Avropa Məhkəməsinin çıxardığı qərarların icrası ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını qeyd edib: “Təxminən 10 gün öncə Avropa Məhkəməsi illik statistikasını açıqladı. Burada qərarların sayı, hansı maddələr üzrə pozuntular olduğu, nə qədər işin geri qaytarılması, o cümlədən icra edilən və edilməyən qərarların sayı ilə bağlı hesabatlar yer alır. Azərbaycan isə qərarların icra edilməməsinə görə, statistikada kifayət qədər problem doğuracaq sıradadır. Burada qərarın həm mahiyyəti üzrə icrasından, həm də təzminatların ödənməsindən söhbət gedir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, təzminatlar gecikmələr müşahidə edilsə də hər bir halda ödənilir. Xüsusilə siyasi motivli işlərdə, hətta öz işimlə bağlı təzminatın ödənməsində də uzunmüddətli gecikmə ilə qarşılaşmışam. Lakin burada əsas problem qərarların mahiyyəti üzrə gecikmələrdir, məsələn işgəncə, qeyri-insani rəftar, yaşamaq hüququnun pozulması, ədalətli mühakimə hüququndan məhrum edilmə ilə bağlı işlərdə qərarların icrası ilə bağlı çox böyük problemlər mövcuddur. Bütün bunlar da Avropa Məhkəməsinin statistikalarında öz əksini tapır. Bu durumlarda atılacaq addım Avropa Şurasının Nazirlər Komitəsinə və Azərbaycan hökumətinin özünə müraciət edilməsidir”. 

Rəsul Cəfərov - Sosial media

 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar