Siyasət
Azərbaycan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq vermişdi?
14 Yanvar, 2021
Baxış: 154
İqor Popov
FOTO: "Photolur"

ATƏT-in Minsk Qrupunun həmsədri, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Popov Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarını təkzib edib.  Rusiyalı diplomat deyib ki, Moskva Dağlıq Qarabağ münaqişənin həlli çərçivəsində 7 rayonu Azərbaycana "elə-belə" qaytarmaq və qondarma "DQR"-nin statusunu unutmaq kimi bir təklif irəli sürməyib. 

"RİA Novosti"nin yanvarın 13-də verdiyi xəbərə görə, İqor Popovun bu barədəki açıqlaması Rusiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.  

Nikol Paşinyanın bir müddət əvvəl dərc olunan "44 günlük müharibənin nəticələri" məqaləsində bildirilirdi ki, Rusiyanın münaqişənin tənzimlənməsinə dair təkliflərində Dağlıq Qarabağın statusu məsələsinə toxunulmurdu və söhbət yalnız 7 rayonun Azərbaycana qaytarılmasından gedirdi.

Popov isə açıqlamasında bildirib ki, baş nazir Rusiyanın təklifləri deyərkən, böyük ehtimalla, münaqişənin mərhələli tənzimlənməsi planını nəzərdə tutur. Bu təklifin son variantını ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə 2019-cu ilin iyununda təqdim etmişdilər. Bu sənədlərdə birinci mərhələdə Azərbaycana 5 rayonun qaytarılması, ikinci mərhələdə isə "Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqəli şəkildə daha 2 rayonun qaytarılması” nəzərdə tutulurdu. Əksərən Kazan sənədi ilə üst-üstə düşən bu planın əsasını Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsipləri təşkil edirdi. Bundan başqa təklif "DQR"-ə əhalisinin tam həyat fəaliyyətinin təmin edilməsi hüququnun verilməsiylə, Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirak etməsi, blokadanın aradan qaldırılması, sərhədlərin açılması, tərəflərin gücdən istifadəni dayandırmaq barədə qərarlar verməsi kimi məsələləri  ehtiva edirdi. 

"Ona görə də Rusiyanın yeddi rayonu "elə-belə" verməyi, status məsələsini unutmağı və sakitləşməyi təklif etdiyinə dair iddia həqiqəti əks etdirmir" - deyə, Popovun XİN-in saytında dərc olunan açıqlamasında deyilib. 

Popov qeyd edib ki, təklifdə son məqsəd kimi Dağlıq Qarabağın yekun hüquqi statusunun BMT və ya ATƏT-in egidası altında tərəflərin müəyyənləşdirdiyi vaxtda "Dağlıq Qarabağ əhalisinin azad iradəsini ifadə edən və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq məcburi xarakter daşıyan" ümumxalq səsverməsi ilə müəyyənləşdirilməsi öz əksini tapmışdı. Bununla yanaşı, təklifdə deyilirdi ki, səsverməyə çıxarılacaq sual və suallara "heç bir məhdudiyyət qoyulmayacaq", səsvermədən çıxan nəticəyə isə "tərəflər hörmət edəcəklər". 

"Yeri gəlmişkən, Laçın dəhlizinin eni və statusuna yalnız ikinci mərhələdə, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərə alınmaqla baxılmalı idi. Nə Ermənistan, nə də Azərbaycan tərəfi bu təkliflərdən imtina etməmişdi, ancaq sonda yenə də nəticə əldə etmək mümkün olmadı. Amma əsas olan o idi ki, danışıqlar müntəzəm şəkildə davam edirdi. 2018-ci ildə Ermənistanın yeni yanaşmalar tətbiq etdiyi ana qədər", - deyə İqor Popov açıqlamasında deyib. 
Siyasət

Cavad Zərif Bakıya gələcək

20 Yanvar, 2021
İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb. İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib. Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.
Siyasət

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə gələnlərə bu qayda məcburi olacaq

20 Yanvar, 2021
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq. Bu barədə Azərbaycanla Türkiyə  arasında qarşılıqlı vizadan azad etmə haqqında 2020-ci il fevral 25-də imzalanmış sazişə dəyişikliklər edilib. Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. Mənbə:"report.az"
Seçilmiş Videolar
Menu