Siyasət

Azərbaycan-İran münasibətləri niyə gərginləşib? - “İran çox əsəbi görünür”

Vüsalə Mikayıl
14 Sentyabr, 2021
350

“İran çox əsəbi görünür. Azərbaycanın güclü dövlət kimi özünü ifadə etməsini həzm edə bilmir. Əgər bundan sonra İran Azərbaycana qarşı belə siyasət nümayiş etdirərsə, bizim soydaşlarımızın 44 günlük müharibədə olduğu kimi iradəsi ortada olacaq. Artıq o zaman İran onun ərazisində olan bizim 40 milyonluq soydaşımızın qarşısında dayana bilməyəcək”. 

Bu fikirləri “Toplum TV”-yə deputat Fəzail Ağamalı indiki İran-Azərbaycan münasibətlərini şərh edərkən bildirib.

Sentyabrın 12-dən etibarən İranın yük maşınları Gorus-Qafan yolunda Azərbacan ərazisinə giriş üçün rüsum ödəyirlər. 

Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasını Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən tətbiq edildiyini bildirib. Məlumatda ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələrinin “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən, yol vergisinin vergitutma obyekti olduğu vurğulanıb.  

İran etirazlara niyə məhəl qoymur?

Siyasi-şərhçi Elman Fəttah “Toplum TV”-yə açıqlamasında deyib ki, Azərbaycanın İran avtomillərinə cərimə tətbiq etməsi suveren hüquqlar baxımından tamamilə doğru və zəruri addımdır: “İran Azərbaycanın tələblərinə məhəl qoymur və suverenliyinə sayğısız yanaşır. Dağlıq Qarabağa müxtəlif yollarla müxtəlif məhsullar, xüsusilə də yanacaq məhsulları daşıyır. Amma həmin yol Gorus-Qafan isqiqamətində Azərbaycanın nəzarətində olduğu üçün İran avtomobilərinə cərimələr tətbiq edə, hətta həbs də edə bilər”. 

Elman Fəttah

E. Fəttah bunların tamamilə hüquqi addımlar olduğunu deyir və bu konteksdə İranın hər hansı etirazını ağlabatan hesab etmir. O, həmçinin, regionda baş verən geosiyasi dəyişikliklərin, Azərbaycanın 44 günlük müharibə sayəsində işğal edilmiş ərazilərini və 144 km-lik İran-Azərbaycan sərhəddində nəzarəti bərpa etməsinin İranın geopolitik maraqlarına cavab vermədiyini əlavə edir. “Çünki bir çox məsələlərdə İranın maraqları Azərbaycanın suverenliyi, ərazi bütövlüyü kontekstində deyil, zəif və işğal olunmuş Azərbaycan kontekstindədir”.

Siyasi-şərhçi Nəsimi Məmmədli isə hesab edir ki, İran maşınlarına tətbiq edilən qərar daha çox siyasidir. O məsələni belə izah edir: “Bu İran-Azərbaycan sərhəddində baş vermir, Azərbaycan-Ermənistan sərhədində yaşanır. Bu zaman sual yaranır ki, sərhədlər dəqiqləşdirilməyib, delimitasiya və demarkasiya mövcud deyil. Onda bu hansı əsaslarla tətbiq edilir? Burada hüquqi bir boşluq var. Amma de-fakto olaraq, bu Azərbaycan ərazisidir və o, öz sərhədləri daxilində istədiyi hərəkətləri edə bilər. Hansısa dövlətin qanunsuz nəqliyyat vasitələri əraziyə daxil olursa, qanunvericiliyə müvafiq olaraq müəyyən cərimələr tətbiq edilə bilər”.

Avqustun 11-də Azərbaycan tərəfi İrana məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı nota vermişdi. Sentyabrın 12-də isə Azərbaycan tərəfi digər ölkələrə aid nəqliyyat vasitələrinin sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiyanın Müdafiə Nazirliyinə və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb.

“İran əsəblərimizlə oynayır”

Deputat Fəzail Ağamalı İranın riyakar, Ermənistanın mövqeyini qoruyan və Azərbaycanın səbr kasasını daşıran addımlar atdığını deyir: “Bir müddət öncə bu özbaşınalığı, Azərbaycana qarşı düşmənçiliyi diqqətə çatdırmaq üçün İrana nota verilsə də, bunlar yenə də riyakarlığı davam etdirirlər. Ən azı biz bunu Şuşanın özündən belə açıq görə bilirik. İranın molla rejimi bunu dərk edə bilmir və seperatçı quldurları yemləməklə əsəblərimizlə oynayır. Amma o mütləq bunun cavabın alacaq”. 

Fəzail Ağamalı - Rəsmi səhifə

Deputat Azərbaycanın həmişə İrana səmimi münasibət bəslədiyini deyir. “İran 40 milyonluq soydaşımızın etirazlarını da nəzərə almır. Bu artıq ağlını itirmiş bir rejimdir. Azərbaycan dövləti bununla kifayətlənməyəcək, bunun ardı da gələcək. Eyni zamanda  biz Laçında da həm gömrük, həm də xüssusi təyinatlı dəstələrin postlarını qurmalıyıq. Laçınla Ermənistan sərhədində də sərhəd postlarımızı gücləndirməliyik”.

F. Ağamalı Azərbaycanla İsrailin münasibətlərini daha yüksək səviyyədə qurmalı olduğunu və İranla artıq münasibətləri açıq müstəvidə aydınlaşdırmalı olduğundan da danışır.

"Bu tamamilə əsassız açıqlamadır”

Sentyabrın 13-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərin Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya zidd olduğunu deyib. Xəzəryanı 5 dövlətdən başqa heç bir kənar ölkə ordusunun burada olmamalı olduğunu bildirib və Türkiyənin Xəzər dənizindəki hərbi varlığını qeyri-qanuni adlandırıb. 

E. Fəttah Xəzərin statusu ilə bağlı 2018-ci ildə imzalanmış Aktau Konvensiyasında məsələylə bağlı müddəaların olduğunu vurğulayır: “Həmin Konvensiyanın 3-cü maddəsində göstərilir ki, tərəflərdən heç biri Xəzər dənizindəki ərazisini təcavüz və digər hərbi fəaliyyət üçün digər dövlətlərə verməməlidir. İran böyük ehtimal, bu maddəyə istinad etməyə çalışır. Amma bu maddədə xüsusilə təcavüz fəaliyyətindən söhbət gedir. Türkiyə-Azərbaycan birgə təlimləri isə heç bir ölkənin təcavüzünə yönəlməyib. Bu tamamilə əsassız açıqlamadır”.

Siyasi şərhçi Konvensiyanın 6-cı maddəsindəki bir məqamı da diqqətə çatdırır. Maddəyə əsasən, hər bir tərəfin suverenliyi quru ərazisi və daxili sularının hüdudlarına bitişik olan və ərazi suları adlanırılan dəniz zolağına, həmçinin onun dibinə, təkinə və üzərində olan hava məkanına şamil olunur: “Yəni, bu təlimlər tamamilə Azərbaycanın suveren hüquqları çərçivəsində keçirilir. Bu baxımdan İranın etirazının hansısa beynəlxalq hüquqi əsası yoxdur. Sadəcə geopolitik maraqlar baxımından Türkiyənin Qafqazda möhkəmlənməsinə, Azərbaycanın Xəzər dənizində öz imkaanlarını Türkiyə ilə bərabər bölüşməsinə etiraz xarakteri daşıyır. Ona görə də konkret istinadlarla deyil, ümumi ifadələrlə bunun ikili münasibətlərə zidd olduğunu qələmə verməyə çalışırlar”.

Siyasi şərhçi geopolitik maraqlar baxımından, digər ölkələrin buna etirazının mümkün olduğunu, xüsusilə Rusiyanın açıq şəkildə qarşı çıxmasa da, öz etirazını qapalı kanallar vasitəsilə çatdıra biləcəyini deyir: “O ki qaldı, Azərbaycanı dəstəkləmək məsələsinə, digər ölkələr sadəcə səssiz qala bilərlər. Məsələn, Qazaxıstan, Türkmənistan səssiz qala bilər. Bununla bağlı İranın həssaslığı yersizdir və nəticəsizdir. Bununla bağlı İran hansısa nəticələrə sahib olacaq imkanlara malik deyil”.

Nəsimi Məmmədli - Açıq mənbələrdən götürülüb

Sözügedən Konvensiyaya toxunan N.Məmmədli də İranın Azərbaycanın suverenliyinə hörmətsizlik göstərdiyini və bunun nə qonşuluq siyasətinə, nə də digər beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqlarla üst-üstə düşdüyünü bildirir. O, gərginliyin əsasən İran tərəfindən qaynaqlandığını vurğulayır: “Belə ki, İranın tərkibində yaşayan çoxmilyonlu azərbaycanlılar var. Əgər Azərbaycan inkişaf etmiş güclü dövlətə çevrilərsə, bu, İranın daxilidəki azərbaycanlılar üçün cazibə mərkəzlərindən biri olar”. 

İranın Azərbaycan-Türkiyə birgə təlimlərinə etirazına F.Ağamalı da toxunub. Onun sözlərinə görə, Azərbaycan təlimləri öz sərhədləri daxilində keçirib və özünün istənilən müttəfiqi ilə bunu həyata keçirə bilər: "Bunu beynəlxalq hüquq deyir. İran mollaları beynəlxalq hüququ öyrənsələr, bu cür sadəlövh, arqumenti olmayan cəfəng fikirlər söyləməzdilər. Bununla gücümüzü İrana nümayiş etdirdik. Xəzəryanı ölkələrdən hansısa bu məsələdə İrana dəstək olsa, deməli, o, İranın yanındadır”,- deyə deputat qeyd edib. 

İran səfiriylə görüş

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 14-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, - deyə Prezidentin köməkçisi "Tvitter" hesabındakı açıqlamada vurğulayıb.

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”, - deyə İran səfiri öz növbəsində "Tvitter"də yazıb.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar