FOTO: rbc.ru
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 11 noyabrda Moskvada keçirilən görüşünün nəticələri Ermənistan müxalifətçiləri tərəfindən tənqidlə qarşılanıb. Bəs Azərbaycan müxalifətçiləri bu görüş haqda nə düşünürlər?
Əli Kərimli
FOTO: Turan.az
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünün "Feysbuk” hesabında yazıb ki, görüşün nəticəsi Rusiyanın regiondakı mövqeyini daha da güclənməsi oldu, Türkiyə və digər maraqlı tərəflərsə münaqişənin nizamlanması prosesindən bir az da uzaqlaşdırıldı:
"Görüşdən sonra keçirilmiş qısa brifinqdə İlham Əliyev, təəssüf ki, 10 noyabr sazişinə zidd olaraq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmamasına, Rüsiya "sülhməramlılarının" səlahiyyət hədlərini aşmalarına heç bir etiraz bildirmədi”.
İlqar Məmmədov
FOTO: Sosial media
REAL Partiyasının sədri İlqar Məmmədov yanvarın 11-də "Açıq söhbət” internet kanalına verdiyi müsahibədə deyib ki, görüşlə bağlı açıqlamaların istiqaməti Azərbaycan üçün qənaətbəxşdir: "Təsəvvür edək ki, Moskva görüşündə Putin hər hansı səbəbdən Azərbaycan üçün tamamilə məqbul olan və Ermənistanla Azərbaycan arasındakı bütün məsələləri birdəfəlik həll edən bir plan ortaya qoyardı və onu Paşinyana zorla qəbul elətdirərdi. Sabahısı gün Ermənistanda hakimiyyəti devirmək üçün və ya inqilab üçün bir hərəkət başlayacaqdı. Nəticədə biz qarşıda hər hansı müsbət gedişat görməyəcəkdik. Yenə də müharibə ola bilərdi. Bu baxımdan görüşün nəticələrinin məhdudluğu Azərbaycan üçün müsbət nəticədir”.
Arif Hacılı
FOTO: Sputnik.az
Müsavat Partiyasının başqanı Arif Hacılı "Feysbuk” profilində yazdığı statusda qeyd edib ki, Qarabağ münaqişəsinin əsasını qoyan və onu əsrlər boyu davam etdirən Rusiya son mərhələdə də münaqişənin birdəfəlik bitməsinin qarşısını alır, bununla da regionda sülh yaratdığını bəyan edir.
O, həmçinin qeyd edib ki, nizamlanma prosesi Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməlidir: " Əgər Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya vasitəçi missiyasına iddia edirsə, Azərbaycanın müttəfiqi olan Türkiyə Cümhuriyyətinin də eyni statusu təmin edilməlidir!”
Tofiq Yaqublu
FOTO: BBC.com
Müsavat Partiyasının və Milli Şuranın İdarə Heyətinin üzvü Tofiq Yaqublu isə "Feysbuk” profilində qeyd edib ki, Putin bölgəyə Rusiya qoşunlarının gətirilməsini onda İlham Əliyevin xahiş etdiyini budəfəki görüşdə də söyləyib: "İqtidar tərəfdarları 10 noyabrdan bu yana israr edirlər ki, İlham Əliyev üçtərəfli razılaşmaya məcburən imza atıb, guya ki, Putin təhdid edirmiş, yoxsa Ordumuzun Qarabağı tam azad etməsinin qarşısını almazmış”.
Yadigar Sadıqlı
FOTO: Qafqazinfo
Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı da görüşlə bağlı fikirlərini "Feysbuk” profilində yazaraq Putinin özünü rəis yerində, Əliyevlə Paşinyanı da qəbula gələn xahişçilər yerində oturtmasının etik olmadığını vurğulayıb.
Görüşün nəticələrinə diqqət çəkən Y. Sadıqlı yazıb ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər yumşaldılmalıdır: "Düşünürəm ki, iki dövlət də bu lənətlənmiş dairədən çıxmalıdırlar, otuz illik düşmənçilik hər ikimizin saysız-hesabsız itkilərilə müşayiət olunub. Nəqliyyat məsələsi bu yöndə ilk addım ola bilər. Bugünkü görüşün nəticəsi prosesin başlamasıdır, bu da müsbət haldır. Həmin proses zamanı Azərbaycanın mənafeyi nə qədər qorunacaq, mərhələ-mərhələ qiymət verəcəyik, dəstəkləyəcəyik, ya da etiraz edəcəyik. Xoşumuza gəlməyə bilər, amma bu prosesin yeganə alternativi növbəti müharibədir”.
Aytac Məmmədli