Siyasət

Azərbaycan sərhəddində Rusiya bazası - qorxaq, yoxsa sevinək? 

26 İyun, 2021
1187

Açıq mənbələrdən götürülüb

“Ermənistanda Rusiya hərbi bazalarının çoxalması Azərbaycana təhdiddir”. 

AXCP sədri Əli Kərimli “Toplum TV”-yə açıqlamasında belə deyib.

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya hərbi bazasının Ermənistanın Azərbaycanla sərhəddində  yerləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün hökumət nümayəndələrinu Moskvaya göndərəcək. Bu barədə məlumatı “Sputnik Armenia” yayıb. Nümayəndə heyətinin 26 iyunda yola düşəcəyi gözlənilir. 

Əli Kərimli: “Buna İlham Əliyev rəvac verib”

AXCP sədrinin sözlərinə görə, Ermənistandakı Rusiya bazasının və ordakı silah-sursatın Azərbaycan əleyhinə istifadəsini heç zaman yaddan çıxarmaq olmaz. 

“Bu yaxınlarda Ermənistan hərbçiləri özləri də etiraf etdilər ki, savaş günlərində Rusiya öz hərbi bazasındakı silah-sursatdan onların istifadəsinə imkan yaratmışdı. Biz keçmişi də yaxşı xatırlayırıq, 366-cı alayın törətdikləri yaddaşımızdadır. Ona görə də bilməliyik ki, Rusiya hərbi bazasının silah və sursatı istənilən zaman Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə oluna bilər və ona görə də belə bazaların sayının artması bizim üçün təhdiddir”. 

Əli Kərimli - Sosial Media

AXCP sədri yeni yaradılacaq hərbi bazanın ikiqat təhdid olduğunu düşünür: “Üstəlik də, yeni hərbi bazanın və yaxud guya Gümrüdəki hərbi bazanın bir hissəsinin Zəngəzura, onların Sünik dedikləri əraziyə köçürülməsi bizim üçün ikiqat təhdiddir. Bizim sərhədlərimizə yaxın gətirirlər, o hərbi baza məhz Qarabağ separatçılarının yaxınlığında yerləşdirilir ki, lazım olarsa, bir neçə saat içərisində onların köməyinə çatsınlar”.

Yaranmış duruma təəssüfləndiyini söyləyən Ə.Kərimli hesab edir ki, buna dövlət başçısı İlham Əliyev düşünülməmiş açıqlamaları ilə rəvac verib. 

“Mayın 10-da AzTV-yə müsahibəsində İlham Əliyev belə bir ifadə işlətmişdi ki, Zəngəzur dəhlizini alacağıq, diplomatik yolla mümkün olmasa, zorla alacağıq. Bax, o sözdən bizə qarşı istifadə etdilər. Niyə o sözünü daha təkrarlamır, nəyə görə almır bəs zorla Zəngəzur dəhlizini? Təbii ki, ala bilməzdi, amma o sözü deməklə, Rusiyanın mövqelərini gücləndirdi, Ermənistanı qorxutdu. Buna qədər az-çox müqavimət göstərən Ermənistan Rusiyaya bir az da sığındı. Lavrovun Bakı səfərindən sonra Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi gündəmə gəldi. Xankəndində, Xocalıda problemlər qala-qala, Ermənistanla sərhəddə münasibətlər gərginləşdirildi və Rusiyaya açıq-aşkar kömək edildi ki, özünün yeni hərbi bazasını bizim Zəngəzur, ermənilərin Sünik dediyimiz ərazidə yerləşdirsinlər”. 

Partiya sədri Azərbaycanın dövlət başçısının qərarına təəccübləndiyini söyləyir. 

“Mən Azərbaycan hökumətinin dövlətimizin maraqlarına zidd qərarlarını az görməmişəm. Amma bu o qədər böyük bir səhvdir ki, mən hələ də təəccüb içindəyəm, necə ola bilər ki, Azərbaycana rəhbərlik edən şəxs özünün hərəkətləri və çıxışları ilə Rusiyanın Ermənistanda güclənməsinə birbaşa yardım etmiş olsun?” – Ə.Kərimli sual edir.

Arif Hacılı - APA

Arif Hacılı: “Təkcə Azərbaycana təhdid deyil”

Müsavat Partiyasının başqanı Arif Hacılı  hesab edir ki, Cənubi Qafqazda Rusiya qoşunlarının olması təkcə Azərbaycanın yox, həm də Gürcüstanın, hətta Ermənistanın özünün təhlükəsizliyinə təhdiddir.

“Rusiya faktiki olaraq Cənubi Qafqaz respublikalarını tam şəkildə öz nəzarəti altında saxlamağa çalışır”. 

Ümid Partiyasının sədri İqbal Ağazadə 1990-cı illərin əvvəlində Azərbaycan torpaqlarının, xüsusilə Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanın  məhz rus qoşunlarının yardımı sayəsində işğal edildiyini bildirir. 

“Gələcəkdə Azərbaycan özünümüdafiə məqsədilə rusa qarşı güllə atsa, Ermənistan Rusiyanın gücündən istifadə edərək işğala yönəlik addım atmağa cəhd edəcək. Ona görə bizim üçün Rusiya da, Ermənistan da hər zaman təhdiddir”.

Hikmət Babaoğlu - Sosial Media

Hikmət Babaoğlu: “Bu məsələ Rusiya-Ermənistan münasibətləri kontekstində qimətləndirilməlidir”.

Bu məsələyə yanaşmada fərqli düşünənlər də var.

Məsələn, hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Toplum TV”-yə deyir ki, Rusiya sərhədçilərinin Ermənistan sərhədini qoruması iki ölkənin arasında olan məsələdir və Rusiya-Ermənistan münasibətləri kontekstində qimətləndirilməlidir. 

“Azərbaycan üçün bir nömrəli təhlükəsizlik məsələsi bütün qonşularla sərhədlərinin delimitasiya və demarkasiyasının aparılmasıdır, xüsusən də Ermənistanla. Bu aktualdır və vacibdir. Qaldı ki, Rusiya sərhədçilərinin Ermənistan sərhədini qorumasına, bu, iki ölkənin arasında olan məsələdir. Ermənistanın İran və Türkiyə ilə sərhədlərini iki ölkə arasında olan razılaşmaya əsasən, Rusiya sərhədçiləri qoruyur. Belə bir formul Azərbaycanla sərhədlərdə də nəzərdən keçiriləcəksə, bu yenə də Rusiya-Ermənistan münasibətləri kontekstində qimətləndirilməli bir hadisədir. Çünki hər ölkə öz sərhədlərini müxtəlif formada qorumaq hüququna malikdir və nəzərə almaq lazımdır ki, Rusiya və Ermənistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdürlər, onlar arasında təhlükəsizliklə bağlı xüsusi öhdəliklər var”.

Səxavət Məmməd: “Rusiya təhlükəsizliyi qoruyacaq”

Hərbi jurnalist Səxavət Məmməd bu məsələnin nəinki təhlükəsizliyə təhdid olacağını, əksinə, Rusiyanın təhlükəsizliyi qoruyacağını hesab edir.

“Ermənistanda seçkilərdən 1-2 həftə əvvəl rəsmi Yerevan bəyan etdi ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazini Ermənistan dövləti rəsmən Rusiyaya icarəyə verib və sözügedən bölgənin təhlükəsizliyini də Rusiya təmin edəcək. Həmin ərazi bir tərəfdən Azərbaycanla, bir tərəfdən də İranla sərhəddir. İstər Ermənistanın İran tərəfdəki sərhədini, istər Azərbaycan tərəfindəki sərhədini Rusiya qoruyacaq”. 

Səxavət Məmməd - Meydan.TV

Bu baxımdan o, Rusiyanın orada hərbi baza yerləşdirməsini təbii qarşılayır. 

“Bəyanatda göstərildiyi kimi, həmin ərazidən keçəcək dəhlizin də təhlükəsizliyini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qoruyacaq. Ora heç Ermənistanın sərhədi sayılmır. Rusiya həmin ərazini icarəyə götürdüyünə görə Rusiyanın ərazisi sayılacaq”. 

Rusiya hərbi bazası Ermənistan ərazisində yerləşdirilərsə, bu, demarkasiya prosesinə necə təsir göstərəcək?

Əli Kərimli bu məsələnin demarkasiya prosesini çətinləşdirəcəyini hesab edir.

“Ümumiyyətlə, sərhədlərin demarkasiyası çox çətin prosesdir. Biz uzun illərdən bəri dostluq münasibətlərimiz olan Gürcüstanla belə bu məsələni həll edib qurtara bilməmişik. Çox həssas və mübahisəli məsələdir. Ermənistanla bağlı məsələlər bütöv şəkildə həll olunmayacağı təqdirdə çətinlik yaranacaq”. 

AXCP sədri Rusiya qoşunları sərhəddə yerləşəcəyi üçün Ermənistanın daha da aqressiv mövqe göstərəcəyini güman edir: “Biri var, sərhəddə Rusiya hərbçiləri olmadan, Zəngəzurda Rusiya hərbi bazaları olmadan biz Yerevanla oturub demarkasiyanı danışaq, bir də var, artıq həm sərhəddə Rusiya hərbçiləri olacaq, həm də yaxınlıqda hərbi bazaları olacaq. Bu vəziyyətdə, təbii ki, Ermənistan danışıqlarda Rusiyadan daha çox asılı olacaq, ona görə də istəsə belə, konstruktiv ola bilməyəcək. İkincisi, ürəkli olacaqlar və ona görə də çoxlu problem yaradacaqlar”. 

İqbal Ağazadə: “Azərbaycan sərhəddə istehkam divarları çəkməlidir”

İqbal Ağazadə hesab edir ki, bu addım Azərbaycanın öz tarixi sərhədlərini və BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində ərazisini tam bərpa etməyinə mane olacaq.

“Rusiya istədiyi və ona sərf edən xətti çəkməyə çalışacaq. Bilirsiniz ki, Zod qızıl mədənində Rusiya şirkəti işləyirdi. Azərbaycan bu mədənlərinin böyük bir hissəsini geri qaytarıb və  sərhədini çəkib. Hətta yadınızdadırsa, “Darvaza əməliyyatı” da var idi, darvazalar söküldü, atıldı qırağa. Sərhəd müəyyənləşdirilərkən Rusiya o şirkətin yenidən Azərbaycanda çalışması üçün Laçın istiqamətində strateji nöqtələrin əldən verilməməsinə çalışacaq”. 

İqbal Ağazadə

Partiya sədri bunun Azərbaycanı çəkindirməməli olduğunu düşünür. Onun qənaətincə, Azərbaycan Ermənistanla sərhədə istehkam divarları çəkməlidir.
 
Arif Hacılı bundan sonrakı prosesin istiqamətini Azərbaycanın siyasi-diplomatik  bacarığının müəyyənləşdirəcəyini vurğulayır.

“Biz bu müharibədə qalib gəlmişik və faktiki olaraq Ermənistan regionda söz sahibi olmaq imkanlarını itirib. Bundan sonrakı hadisələr və proseslər Azərbaycanın hakimiyyətinin siyasi-diplomatik bacarığından asılı olacaq. Əgər bu ərazilərdə Azərbaycan üçün yeni problemlər yaranacaqsa, bu, hakimiyyəin siyasi-diplomatik sahədə apardığı yarıtmaz fəaliyyətinin nəticəsi ola bilər”.

Deputat: “Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi sonrakı mərhələlər üçün perspektivlər yaratdı” 

Hikmət Babaoğlu isə müharibədən sonra Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişinin sonrakı mərhələlər üçün müəyyən perspektivlər yaratdığını qeyd edir. 

“Üçtərəfli razılaşma imzalandı və nəzərə almaq lazımdır ki, həmin bəyanat Rusiyanın vasitəçiliyi ilə baş tutdu. Buna görə də Rusiyanın iştirakçılığı pozitiv meyillərlə, tendensiyalarla müşahidə edilir və sərhədlərin demitasiya və demarkasiyası məsələsində də pozitiv tendensiyaların yaranmasına ümid etmək olar”. 

Rusiyanın həmin bölgədə iqtisadi maraqlarının çox olduğunu deyən Səxavət Məmməd onun demarkasiya məsələsində Azərbaycana hər hansı problem yaradacağını güman etmir. 

“Moskva bir neçə dövlətin marağı olan bölgədə qarışıqlıq yaratmayacaq. Motifikasiya olunmuş İpək Yolu layihəsinə görə, düşünürəm ki, Rusiya bunda heç maraqlı da deyil, əksinə, Azərbaycana çox güzəşt edəcək. Əsas odur ki, sərhədlər və digər məsələlər öz həllini tapsın və layihənin üzərində işləsinlər”.

ReAl Partiyasının sədri İlqar Məmmədovdan çoxsaylı zənglərimizə və mesajlarımıza cavab vermədiyi üçün onun məsələyə münasibətini öyrənmək mümkün olmadı. 

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovsa suallarımıza iclasdan sonra cavab verəcəyini deyərək növbəti zənglərimizi cavabsız qoydu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo