Siyasət

Azərbaycan Türkiyəylə niyə aramsız hərbi təlimlər keçirir?

Nigar Səmədli
21 Sentyabr, 2021
2360

Rəsmi səhifə

“Ermənistanın yenidən hərbi avantüralara əl atacağı istisna edilmir. Ona görə də bizim ordumuz daha da güclənməlidir. Elə bu məntiqlə də Azərbaycan Türkiyə ilə birgə təlimlər keçirir”. 

Bunu deputat Elman Nəsirov Azərbaycan və Türkiyə arasındakı birgə hərbi təlimləri “Toplum TV”-yə şərh edərkən deyib. 

Sentyabrın 20-də Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib. 

Sentyabrın 12-dən 20-dək isə Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilib. Son gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib. 

Eyni zamanda sentyabrın 6-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim, sentyabrın 6-dan 17-dək isə Türkiyənin Konya şəhərində Azərbaycanla birgə "TurAz Şahini – 2021" taktiki-uçuş təlimləri keçirilib. 

Türkiyədəki təlimlər zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, iki ölkə arasında keçirilən təlimlər bundan sonra da davam edəcək”. 

“Müharibə rəyi yaratmaq istəyən qüvvələr var” 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir ki, iki ölkə arasında keçirilən hərbi təlimlər daha da intensivləşib: “Məqsəd ordunun birgə hərəkət vərdişlərinin artırılmasıdır. Bu da o deməkdir ki, sözügedən təlimlər gələcəkdə hansısa əməliyyatlarda birgə hərəkət etmək ehtimalı üzərində keçirilir. Regionda isə həm Rusiyanın, həm də İranın ardıcıl provokativ hərəkətlərini görürük. Onlardan fərqli olaraq Ermənistan hələlik provokativ rolda deyil. O, Türkiyə ilə dialoq və kommunikasiya xətlərinin açılmasını istəyir”. 

Seymur Həzi - Sosial Media

S.Həzinin fikrincə regionda müharibə fikri yaratmaq istəyən qüvvələr də mövcuddur: “Rusiya, Ermənistandakı bəzi dairələr və Qarabağdakı rus silahlı qüvvələri müharibə rəyi yaratmaq istəyirlər. Əgər buna nail olmasalar, özləri qrup formasında hansısa seperat müharibəyə girişə bilərlər. Ona görə də düşünürəm ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin bu cür təlimləri faydalıdır və hətta sadəcə bu təlimlərlə yekunlaşmaq olmaz. Məncə, Azərbaycan daha genişmiqyaslı hərbi ittifaqlara can atmalıdır. Bu, NATO ilə əməkdaşlığın yaxşılaşdırılması, Atlantik hövzəsində yeni yarana biləcək hərbi ittifaqlara qarşı münasibətin müsbət saxlanılması ola bilər”.  

“Təlimlərdə təəccüblü nəsə yoxdur” 

Hərbi ekspert Şair Ramaldanov isə deyir ki, təlimlərin keçirilməsində təəccüblü heç nə yoxdur: “Azərbaycan və Türkiyə arasında olan saziş və müqavilələrə görə hərbi sahədəki hüquqi sənədlər tam şəkildə hazırdır. Bu o deməkdir ki, bu iki ölkənin silahlı qüvvələri hər hansısa əməliyyatda birgə iştirak edə bilərlər. Ona görə də Türkiyə və Azərbaycan silahlı qüvvələri bir-birinə inteqrasiya olmalıdırlar. Sözügedən təlimlər də bu səbəbdən nəzərdə tutulub və iki dövlət arasında imzalanan sənədlərdən irəli gələn planlı təlimlərdir. Sadəcə qardaş ölkələrin silahlı qüvvələrinin birgə tapşırıqları yerinə yetirmək üçün apardığı təlimlərdir”. 
 
Ekspert yeni müharibənin olacağını düşünmür: “Real olaraq hansısa müharibənin gözlənildiyini deməzdim. Bizim sülh müqaviləsi imzalamadığımız yeganə ölkə Ermənistandır və düşünürəm ki, bu yaxınlarda onunla da müqavilə bağlanacaq. Ermənistandakı hansısa qüvvələr təxribatlara əl atdıqları təqdirsə isə Azərbaycanın dəmir yumruğu onlara cavab verəcək”. 

Şair Ramaldanov - Açıq mənbələrdən götürülüb

“Ermənistan yenidən hərbi avantüralara əl ata bilər” 

Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə isə Azərbaycan istənilən hərbi əməliyyatlara hazır olmalıdır: “Azərbaycan və Türkiyə münasibətləri strateji müttəfiqlik, daha da önəmlisi qardaşlıq münasibətləridir. Bu ilin iyununda Şuşada imzalanmış bəyannamədən sonra biz həm də hərbi müttəfiqə çevrilmişik. Bu məzmunda son ayda Bakıda, Laçında, Naxçıvanda və Türkiyədə Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirib. Məqsəd ilk növbədə hərbi gücümüzün artırılmasıdır. Nəzərə alsaq ki, bu gün Ermənistanda revanşist qüvvələr mövcuddur və onlar hələ də statusdan danışırlar, bu baxımdan birgə təlimlərin keçirilməsi çox önəmlidir. Nə qədər ki, Ermənistan bu cür revanşist fikirlərdən, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, deməli, biz istənilən hadisəyə hazır olmalıyıq”.  

Millət vəkili Ermənistanın provokasiyalarını da istisna etməyib: “Mümkündür ki, Ermənistan yenidən hərbi avantüralara əl atsın. Ona görə də bizim ordumuz daha da güclənməlidir və elə bu məntiqlə də Azərbaycan Türkiyə ilə birgə təlimlər keçirir. Bu təlimlərlə həm də Ermənistanın hərbi-siyasi rəhbərliyinə çox ciddi mesaj verilir”. 

Elman Nəsirov - Rəsmi səhifə

E.Nəsirov onu da vurğulayır ki, keçirilən hərbi təlimlər Azərbaycanın digər qonşu dövlətlərində ona qarşı düşmənçilik hissi bəsləyən siyasi dairələrinə də mesajdır: “Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yaxşı münasibətləri var. Amma bu qonşu ölkələrin daxilində müəyyən siyasi dairələr münasibətlərin yüksək səviyyədə olmasına kölgə salacaq addımlar atırlar. Xüsusilə İrandan yük maşınlarının məlum səfərləri Ermənistana olan loyal münasibətin ifadəsidir. Bu, qəbuledilməzdir və İranın dövlətçilik pronsipinə də ziddir. Eyni zamanda Rusiya haqqında da eyni fikirləri söyləmək olar. Rusiyada güclü erməni lobbisi var və hər zaman çalışırlar ki, oradakı müəyyən siyasi dairələrə təsir edərək Azərbaycan əleyhinə fəaliyyət göstərmələrinə nail olsunlar. Həmin siyasi dairələr də keçirilən bu təlimlərlə anlamalıdırlar ki, Azərbaycan və Türkiyə qardaşlığı yüksək səviyyədədir və bizim hərbi gücümüz zaman keçdikcə artmaqdadır”.  
2021-ci il, iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsində Silahlı Qüvvələrin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və sıx əməkdaşlığı nəzərdə tutulur. 

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.  

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Paşinyan Bakının sülh müqaviləsi ilə bağlı şərtlərinin qəbul etmədiyini deyir 

23 Mart 2023
Yerevan İlham Əliyevin Ermənistanın sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli olduğu, əks halda sülh müqaviləsi bağlanmayacağı haqqında 18 mart tarixli bəyanatını qəbuledilməz hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında bildirib.  O, bunu "təcavüz aktı" və "yüksək səviyyədə əldə olunmuş razılaşmaların kobud pozuntusu" adlandırıb. Xüsusən, Paşinyan "BMT Nizamnaməsinə və 1991-ci il tarixli Almatı Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin pozulmazlığının qarşılıqlı tanınması haqqında" əvvəlki razılaşmalara istinad edib.  Paşinyanın sözlərinə görə, bu bəyanatlarda sovet respublikalarının sərhədlərinin onların dövlət sərhədi olduğu qeyd edilib, amma "Azərbaycan daim hansısa tarixi xəritələr əsasında delimitasiyadan danışır ki,...
Siyasət

Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib

23 Mart 2023
Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.  "Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər", deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.  Bu hüquqlar "demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır". Aİ israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini,...

Seçilmiş Videolar

Toplum TV loqo