Siyasət

Azərbaycan və Ermənistan sərhədində toqquşmalar: yeni müharibə ola bilərmi?

Aytac Məmmədli
24 İyul, 2021
1446

Açıq mənbələrdən götürülüb

“Sərhəddə baş verənlər süni gərginlikdir”

Siyasi şərhçi Ərəstun Oruclu “Toplum TV”-yə belə deyir.

Son günlər Azərbaycanla-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində vəziyyət gərginləşib. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfədir ki, iki ölkə arasında atəşkəs rejimi intensiv şəkildə pozulub.

Azərbaycan tərəfinin iddialarına görə, iyulun 19-da Ermənistan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Ermənistan tərəfi isə Azərbaycanı "təxribatda" və "vəziyyətin gərginləşməsinə görə" ittiham edib.

Bundan sonra, iyulun 23-də Azərbaycan Kəlbəcər rayonu sahəsindəki mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin şəhid olduğunu, Ermənistan isə üç hərbçinin yaralandığını açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi "təxribata görə" bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanı "növbəti təxribatda" ittiham edib və hadisəyə görə, qarşı tərəfin məsuliyyət daşıdığını söyləyib.

Ərəstun Oruclu - Sosial Media

Siyasi şərhçi Ərəstun Oruclunun fikrincə, sərhəddə baş verənlər süni gərginlikdir, əsas məqsəd isə lokal hərbi əməliyyatlar üçün şərait yaratmaqdır.

“Rusiyanın əsas məqsədi Azərbaycan ərazisindən Yaxın Şərqə yol açmaqdır. İşğal dövründə  Azərbaycan-İran sərhəddi boyu ərazilərdə Rusiya sərhədçiləri dayanırdı. Baxmayaraq ki, rəsmi səviyyədə bu, etiraf olunmur. Rusiya, o vaxt Azərbaycan hökumətini Xudafərin nəqliyyat-kommunikasiya qovşağının tikilməsinə və İranla müqavilə bağlamağa razı salmışdı. Parlamentdə  də ratifikasiya olunan bu müqavilə yalnız 2020-ci ilin may-iyun aylarında açıqlandı.  Sonradan Türkiyənin bölgəyə müdaxiləsi, Rusiyanın həmin o yolları zor gücünə ermənilərin əliylə nəzarətə götürmək istəməsi İkinci Qarabağ Müharibəsinə səbəb oldu. Müharibə onunla nəticələndi ki,  Azərbaycan İranla sərhəddə olan bütün əraziləri öz nəzarətinə götürdü və Şuşaya qədər böyük bir zolağı azad etdi. İndi bu konfiqurasiya Rusiyanı qane etmir”.

Ə. Oruclu deyir ki,  Rusiya Yaxın Şərqə gedən iki yoldan birini mütləq açmalıdır, ya İrana Xudafərin körpüsündən keçən yolu, ya da Zəngəzur yolunu: “Elə sərhəddə olan qarşıdurmanın səbəbi də budur. Çünki son müharibə Rusiya planlarının qarşısında sipər çəkdi, Türkiyənin Azərbaycanın yanında dayanması bu dövlətə əl-ayaq açmağa imkan vermədi. Rusiya da indi məqsədinə çatmaq üçün lokal provakasiyalar etməyə çalışır. Mümkün olarsa,  Cəbrayıladək əraziləri Ermənistan təzyiqinə məruz qoyub, ora sülhməramlı yerləşdirəcək. Əgər bu alınmasa, Zəngəzur yolunu açacaq ki, buna da Paşinyan imkan vermir”.

Siyasi şərhçi hesab edir ki, müharibənin yenidən başlaması Azərbaycan və ya Ermənistandan asılı deyil, bu sualın cavabı Rusiyadadır.

“Tərəflərdən hansısa ciddi hərbi addım atarsa, müharibə mümkündür. Amma buna nə Azərbaycanın dəstəkçisi Türkiyə, nə də Ermənistanın meyl etdiyi Qərb imkan verər”, - deyə siyasi şərhçi əlavə edib.

Cavid Vəliyev - Açıq mənbələrdən götürülüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev sərhəddəki qarşıdurmanın 3 əsas səbəbinin olduğunu qeyd edir.

“Birincisi, Ermənistan xarici dövlətlərin diqqətini çəkməyə və münaqişənin bitmədiyi haqqında fikir formalaşdırmağa çalışır.

Azərbaycan Prezidenti də dəfələrlə müharibənin bitdiyini, hətta yekun sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Şarl Mişelin də münaqişədən bəhs etməməsi Azərbaycanda müsbət qarşılandı. Bu o deməkdir ki, xarici dövlətlər də bunu qəbul etməyə başlayır”.

Ekspertin sözlərinə görə, daha bir səbəb Azərbaycanın quruculuq işləri aparması, Ermənistanın isə gərginlik yaratmaqla buna mane olmağa çalışmasıdır.

“Son olaraq Ermənistan Beynəlxalq aləmdə təkrar hücuma məruz qalmış görüntüsü yaratmaqla dəstək almağa çalışır. Lakin bu onun üçün praqmatik və rasional addım deyil”, - C. Vəliyev belə deyir.

O, müharibənin hazırkı durumda real görünmədiyini, sadəcə sülhməramlıların yerləşdirildiyi Azərbaycan ərazisində anti-terror əməliyyatlarının ola biləcəyi ehtimalını irəli sürür: “10 noyabr bəyannaməsinə görə, sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən erməni silahlıları çıxardılmalı idi. Onlar hələ də ordadırlarsa və təxribat törədirlərsə, demək, anti-terror əməliyyatları keçirmək Azərbaycanın hüququdur. Bunun geniş çaplı müharibəyə  çevriləcəyini isə düşünmürəm”.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar