Azərbaycanda kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidirmi?
Açıq mənbələrdən götürülüb
“Söhbət ailədən gedirsə, ailədə kişi əsas gəlir mənbəyini təşkil edir. Ailəyə gələn gəlir isə ailənin təminatına, təchizatına və onun möhkəm olmasına sərf olunur. Belə olduğu təqdirdə, bir ailə üzvünün digərinə ödəniş etməsi hansı məntiqə sığır?”
Bunu iqtisadçı ekspert Pərviz Heydərov deputat Musa Quliyevin açıqlamasını “Toplum TV”-yə şərh edərkən deyib.
"Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir", - bunu oktyabrın 20-də Milli Məclisin deputatı Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransdakı çıxışı zamanı deyib.
Yeni Azərbaycan Partiyasını təmsil edən deputatın fikri sosail mediada geniş müzakirələrə səbəb olub.
“Qadınlara pulu kişilər yox, dövlət verməlidir”
Məsələ ilə əlaqədar “Toplum TV”-yə açıqlama verən REAL Partiyasının təmsilçisi Rəsul Cəfərov deyir ki, yaxşı olar ki, kişilər özləri də imkan düşdükcə ev işlərində xanımlara köməklik etsinlər: “Müzakirə olunan bu fikir həmin şəxsin öz yanaşmasıdır. Ancaq mən bunun qəbul edilən yanaşma olunduğunu düşünmürəm. Fikrimcə, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur. Ər və arvad könüllü şəkildə nikaha girir, ittifaq bağlayırlar. Sözügedən məsələlər də həmin o, ər və arvad arasındakı razılaşma yolu ilə tənzimlənməlidir”.
Gender aktivisti Nisə Hacıyeva da düşünür ki, kişilər qadınlara ev işlərinə görə pul ödəməli deyillər: “Bu ödənişi dövlət verməlidir. Fərqi yoxdur, evdə kişi, çöldə isə qadın işləyə bilər. Çöldə işləyənin maaşı evdə bölünməlidir.
Aktivistin sözlərinə görə, dövlət də öz növbəsində qadınlara müavinətlər verə bilər. Onun fikrincə, başqa xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bu təcrübəni həyata keçirmək mümkündür.
Məsələ ilə əlaqədar açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı M.Quliyevin fikrinin yanlış olduğunu zənn edir: “Düzdür, evin bütün yükü, dərdi xanımların üzərinə düşür. Ancaq kişi də işləyir, evin ruzisini başqa cür qazanır. Bir çox Avropa ölkələrində evdar qadınların fəaliyyətinin qarşılığı müxtəlif müavinətlar, təqaüdlər formasında ödənilir. Musa müəllimin ürəyi yanırsa qadınlara müavinətın ödənməsi ilə bağlı məsələni gündəmə gətirsin, parlamentdə səsə qoysun, qəbul edilsin. Onda deyərik ki, Musa müəllim xalqı düşünür. Yoxsa durub camaatın kişisinə ağıl verməsin”.
İqtisadçı ekspert, iqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov da deyir ki, qadınlara pulu kişilər yox, dövlət verməlidir: “Qadının, ananın ümumiyyətlə, qadın xeylağının sosial müdafiəsinin, onun haqlarının, hüquqlarının yüksək dərəcədə təmin olunması biləvasitə dövlətin həyata keçirməli olduğu vəzifə sayılmalıdır. Bütün inkişaf etmiş, hüquqi dövlət statusuna çatmış ölkələrdə məsələ belədir”.
İqtisadçının sözlərinə görə, işləməyən analara dövlət tərəfindən müəyyən sosial müavinətlar, çoxuşaqlı analara isə əlavə ödənişlər veriməlidir.
Azərbaycanda qadınların məşğulluğa cəlb edilmə prosesi
Rəsul Cəfərov hesab edir ki, Azərbaycanda qadınların məşğulluğa cəlb edilmə prosesi ümumilikdə zəifdir. Onun sözlərinə görə, 10 il əvvəllə müqayisədə bugünkü rəqəmlər daha yaxşıdır: “Amma qonşu ölkələrlə və Avropa ölkələri ilə müqayisə aparsaq, bu, kifayət deyil”.
Partiya təmsilçisi başqa bir problemə də diqqət çəkib.
“Səhiyyə və təhsil kimi sahələrdə xanımların daha çox dominantlığı var. Təhsil və səhiyyə sahələrində onlar daha çox icraedici rol oynayırlar. Qərarverici qurumlarda isə qadınların iştirakı daha azdır”, - deyə R. Cəfərov qeyd edib.
N.Hacıyeva qadınların məşğulluğa cəlb edilməsi istiqamətində hökumətin ciddi addımlar atmadığını qeyd edir: “Hökumətin bununla bağlı ciddi addımları olsaydı, hansısa kvotalar tədbiq edərdi. Biz onun dövlət sektorunda, hətta özəl müəssisələrdə kvotaların tədbiq olunması istiqamətində təşviq kampaniyalarının keçirdiyinə şahid olardıq. Ortada isə belə bir şey yoxdur”.
Tural Abbaslı isə öz növbəsində qeyd edir ki, Azərbaycanda kişilər daha çox ayrı-seçkiliyə məruz qalır, nəinki qadınlar.
“Şərq və müsəlman dövləti olmasına baxmayaraq, Azərbaycan dünyəvi cəmiyyət bərqərardır və bizdə heç vaxt gender problemi olmayıb. Deyərdim ki, bizdə kişilər daha çox ayrı-seçkiliyə məruz qalıblar, nəinki xanımlar. Xanımların işlə təmin olunması üçün “dövlət addımlar atdı” - ifadəsi əslində, gözəl səslənir. Ailədəki qayğılar və əlavə işlər onlar üçün çətinliklər yaradır. Bu mənada dövlətin canı yanırsa, evdar xanımlara müavinət təklif edə bilər. Bundan sonra xanım özü bilər, istəsə müavinəti seçər, istəsə işi”,- deyə siyasətçi bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür