Siyasət

Azərbaycanın İrana notası – “Laçın dəhlizini bağlamaq lazım gələcək”

12 Avqust, 2021
1694

Açıq mənbələrdən götürülüb

Azər Qasımlı: “Görünür, Azərbaycanın əlində İran tərəfindən Qarabağa nələrinsə daşınmasına dair məlumatlar var”.

Avqustun 11-də Azərbaycan İrana nota verib.  Notada İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı arzuolunmaz faktların aşkar edildiyi göstərilib. Müxtəlif təyinatlı avtomobillərin rəsmi Bakının icazəsi olmadan davamlı olaraq Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub.

“İndiyədək edilən xəbərdarlıqlar İranın  öz əməllərindən çəkinməsi üçün kifayət etməyib”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri  Sədrəddin Soltan  bildirir ki, Prezident İlham Əliyev iyul ayında  dövlət televiziyasına müsahibəsində  Qarabağdakı kənar qüvvələrin fəaliyyətindən xəbərdar olduğunu demişdi:  “Prezident o vaxt etika naminə  onların adını çəkmədi. Məqsəd Azərbaycanın bundan xəbərdar olduğunu çatdırmaq idi. Görünür, indiyədək edilən xəbərdarlıqlar və ictimaiyyətin çatdırdığı qınaqlar İranın  öz əməllərindən çəkinməsi üçün kifayət etməyib. Ona görə də rəsmi şəkildə nota verildi”.

Sədrəddin Soltan - Açıq mənbələrdən götürülüb

Ekspert İran tərəfinin məsələləri təkzib etməklə yaxasını kənara çəkmək istədiyini deyir. Amma onun Rusiya ilə müttəfiq olduğunu və  Rusiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə atdığı addımları dəstəklədiyini vurğulayır. “Rusiya-İran-Ermənistan üçlüyü Azərbaycanın işğaldan təmizlənən ərazilərində də, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə də, Azərbaycan- Ermənistan dövlət sərhəddində də birlikdə fəaliyyət göstərir. Azərbaycan  dolayı yolla bunu bildiyini Rusiya, İran və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”, - deyə S.Soltanov əlavə edir.

“Artıq İranla Azərbaycanın münasibətləri pisləşib”

Məsələylə bağlı “Toplum Tv”-yə açıqlama verən deputat Razi Nurullayev bildirib ki, Azərbaycanın məlum notasından məsələylə bağlı İrana bir neçə dəfə şifahi xəbərdarlığın edildiyi sezilir: “ Amma görünür, qarşı tərəf bundan nəticə çıxarmayıb. Artıq Azərbaycan tərəfi bu məsələlərdə daha qətiyyətli davranır və bu da mənim xoşuma gəlir. Amma fikrimcə, istənilən halda Laçın dəhlizini bağlamaq lazım gələcək. Azərbaycan tərəfi burda giriş-çıxışa özü nəzarət etməlidir”.

Razi Nurullayev - Rəsmi səhifə

Deputatın sözlərinə görə, Azərbaycan İranın Qarabağla bağlı siyasətini dəyişməsini gözləmək məcburiyyətində deyil. İranla Azərbaycan arasındakı bundan sonrakı diplomatik münasibətlərə də toxunan R.Nurullayev əlavə edir: “Artıq İranla Azərbaycanın münasibətləri pisləşib. Kim deyə bilər ki yaxşıdır? Biz əvvəllər bunu diplomatik yollarla qaydasına salmaq istəyirdik. Əgər Qarabağa İranın hansısa  maşınları gəlirsə, onları həbs etmək lazımdır. 30 il idi ki, BMT-nin qətnamələrini əsas gətirirdik, nəsə edən oldumu? Yox. Ona görə məcburetmə lazımdır. Bu da gücə söykənir”.

 “İranın münasibəti o zaman dəyişə bilər ki, Azərbaycan Türkiyə, İsrail və Qərblə münasibətlərdən əl çəksin”

Politoloq Azər Qasımlı “Toplum Tv”-yə açıqlamasında müharibədən sonra itmiş kommunikasiyalar yenidən bərpa olduğu üçün Azərbaycanın İrana indi nota verdiyini deyir: “Həm də görünür, Azərbaycanın əlində İran tərəfindən Qarabağa nələrinsə daşınmasına dair məlumatlar var”.

Ekspert notadan sonra İranın Qarabağ siyasətində hansısa dəyişikliyə gedəcəyini ehtimal etmir: “İranın Ermənistanla yaxşı münasibətləri var. O, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdənsə işğal olunmuş ərazilərin Azərbaycana aid olduğunu dilə gətirmir. Həm də Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini açıq şəkildə dilə gətirməyib. İranın münasibəti o zaman dəyişə bilər ki, Azərbaycan Türkiyə, İsrail və Qərblə münasibətlərdən əl çəksin”.

Azər Qasımlı - Sosial Media

Politoloq müsbət qonşuluq prinsipləri saxlamaqla Azərbaycanın öz maraqlarına uyğun hərəkət etməli olduğunu nəzərə çatdırır: “Əgər maraqlarımız İranın mövqeyi ilə üst-üstə düşmürsə, bu, Azərbaycanın problemi deyil, gərək İran öz siyasətinə baxsın”.

Azər Qasımlı Azərbaycanın eyni gündə İrana nota verib Rusiya sülhməramlılarına xəbərdarlıq etməsi faktları arasında əlaqə görmür. Onun sözlərinə görə, Qarabağ məsələsində Rusiyanın və İranın mövqeyi fərqlidir: “Bu ölkələr Ermənistanla münasibətlərini müzakirə edib ümumi xətt tutacaq strateji müttəfiq deyillər. Heç vaxt olmayıblar, bundan sonra da olacaqlarına inanmıram. Rusiya İranın, yaxud başqa bir ölkənin Qarabağdakı proseslərdə yaxından iştirakına imkan verməz. Aydındır  ki, Türkiyəni bu səfər İlham Əliyevə lazım olan qarantiyalardan dolayı buraxmalı olmuşdu”.

Vüsalə Mikayıl

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar