FOTO: BBC
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden yanvarın 6-da Kapitolidə baş verən iğtişaşların prezident səlahiyyətlərini icra edən Donald Tramp tərəfindən təşkil edildiyini və qarışıqlıqların planlaşdırılmış xarakter daşıdığını ehtimal edir.
Bu barədə yerli vaxtla yanvarın 13-də CNN məlumat verib.
"Keçən həftə demokratik sistemimizə misli görünməmiş hücumun şahidi olduq. Bizim 244 yaşlı tariximizdə heç vaxt buna bənzər bir şey baş verməyib", - Bayden bəyanatında bildirib.
O, hücumun koordinasiya edilmiş və planlaşdırılmış xarakter daşıdığını deyib: "Bunu prezident Trampın qızışdırdığı siyasi ekstremistlər və daxili terrorçular həyata keçiriblər".
Dünən isə Donald Tramp xalqa videomüraciətində ABŞ Konqresində baş verən iğtişaşları pisləyib. O, baş verənlərə görə, sarsıldığını və kədərləndiyini bildirib.
Respublikaçı lider deyib ki, onun əsl tərəfdarları polislə toqquşa bilməzdi. Ağ Ev sahibi iğtişaşların iştirakçılarının cəzalandırılacağını da vurğulayıb.