Siyasət

Belarus Rusiyadan asılılığı niyə qəbul etdi? – “SSRİ-ni xortladacaqlar” 

Nigar Səmədli
10 Sentyabr, 2021
954

Al Jazeera

“Son prezident seçkilərindən sonra Lukaşenkonun Putindən asılılığı daha da artdı, onun Qərblə Rusiya arasında balans saxlamaq imkanları daraldı. Çünki Lukaşenkonun gedəcəyi başqa yer yox idi”. 

Bu fikirləri politoloq Azər Qasımlı Rusiya və Belarus arasında İttifaq Dövlətinin yaradılması ilə bağlı razılaşmanı “Toplum TV”-yə şərh edərkən deyib. 

Sentyabrın 9-da Rusiya prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə 28 bəndlik Rusiya-Belarus İttifaqı Dövləti Proqramı haqqında razılıq əldə edildiyini açıqladı.  

“Röyters” agentliyinin məlumatına görə, Putin və Lukaşenko Kreml Sarayında 3,5 saat davam edən görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. 

Lukaşenko inteqrasiyanın Belarus və Rusiya xalqları üçün qarşılıqlı maraq kəsb etdiyini deyib. Putin isə belə söyləyib: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu gün 28 bəndlik proqramın hamısı qəbul edildi".

İqtisadi və sosial sahələrdə inteqrasiyanı təmin edəcək İttifaq Dövlətinin 28 maddədən ibarət proqramı ilə iki ölkə iqtisadiyyatının müxtəlif sahələrini birləşdirmək, ortaq maliyyə və enerji bazarları, ortaq sənaye və kənd təsərrüfatı siyasətinin həyata keçiriləcəyi bildirilib. 

Proqramın sentyabrın 10-da Belarusun paytaxtı Minskdə İttifaq Dövləti Nazirlər Şurasının toplantısında təsdiqlənəcəyini deyən Putin həmçinin Belarusa göndərilən təbii qazın bu ilki qiymətinin gələn il də olduğu kimi qalacağını (128,5 dollar) söyləyib. 

Belarus və Rusiya arasında ortaq valyutaya keçidin hər iki ölkənin Mərkəzi Banklarının tələbi ilə gündəmdən çıxarıldığına işarə edən Lukaşenko, bu məsələnin gələcəkdə yenidən gündəmə gətirilə biləcəyini bildirib. 

Belarusu bu addımı atmağa nə vadar etdi? 

Azər Qasımlı deyir ki, Belarusla Rusiya arasında vahid dövlət ideyası çoxdan var: “Hələ Yeltsinin Rusiyanın prezidenti olduğu dövrdən bu məsələ ortaya çıxıb. Putin hakimiyyətə gəldikdən sonra ilk illər bu ideyaya mənfi münasibət bildirirdi. Putinin bu cür yanaşması onunla bağlı idi ki, Yeltsinlə Lukaşenko arasındakı anlaşmaya görə, vahid birlik yaradılacaqdı və həm Rusiya, həm də Belarus rəhbərlərinin hər biri bu birliyə rəhbərlik edəcəkdi. Bu isə Putinin maraqlarına uyğun gəlmədiyi üçün o, ideyaya qarşı çıxırdı”.  

 

Azər Qasımlı - Sosial Media

Ekspertin sözlərinə görə, son 5 il ərzində Lukaşenko Rusiya ilə Qərb arasında balans saxlamağa çalışsa da Belarusdakı etirazlardan sonra bu mümkün olmadı: 
“Lukaşenko daxildə repressiyalara getsə də, müxalitəfçiləri həbs edib medianın fəaliyyətini məhdudlaşdırsa da Qərblə müəyyən münasibətləri saxlamışdı. Amma son prezident seçkilərindən sonra onun Putindən asılılığı daha da artdı, Qərblə Rusiya arasında balans saxlamaq imkanları daraldı. Belə olan təqdirdə isə Belarusu Rusiyanın bir quberniyasına çevirmək ideyasına yaşıl işıq yandı. Çünki Lukaşenkonun gedəcəyi başqa yer yox idi. O anlayırdı ki, hakimiyyətdə qala bilmək və təhlükəsizliyini qorumaq üçün yalnız Putinə sığına bilər. Ona görə də dövlətin müstəqilliyi, milli maraqları arxa plana keçdi”.  

Milli Məclisin deputatı Elman Nəsirov da sözügedən İttifaqın gözlənilən olduğunu düşünür: “Bu iki dövlətin ittifaq müqaviləsi var və həmin müqavilədən irəli gələrək bu addımlar atılır. Digər tərəfdən şübhəsiz ki, Belarusda keçirilən prezident seçkilərindən sonra yaşanan hadisələr də Belarus iqtidarının məlum davranışına səbəb olan amillər sırasındadır. Faktiki olaraq, Belarusun inqilab ərəfəsində olduğu bir reallıqda Rusiyanın dəstəyi Belarusun bu addımı atmasında mühüm rol oynadı. Xüsusilə Belarusa Qərb tərəfindən olan təzyiqlər fonunda Rusiya ilə yaxınlaşması təsadüfi sayılacaq addım olmamalıdır”.
 
Politoloq Zərdüşt Əlizadə isə sözügedən İttifaqı Belarusun iqtisadi olaraq Rusiyadan asılılığı ilə əlaqələndirir: “Ümumiyyətlə, Belarus SSRİ-nin dağılmasına da qarşı idi, onlar özlərini ruslarla eyni xalq sayırlar. Digər tərəfdən Belarus Rusiya ilə əməkdaşlıq sayəsində xeyli imtiyaz əldə edib; güzəştli qiymətlərlə enerji daşıyıcıları alır, birgə kooperasiya əlaqələri qurur, hərbi sahədə sıx əməkdaşlıq edir. Odur ki, inteqrasiya prosesləri hər iki ölkədə təbii qarşılanır.

Hakim zümrələr tamahkarlıq ucbatından onu dağıtmasa, hələlik çətinliklə də olsa, inteqrasiya davam edir”.  

Zərdüşt Əlizadə - Açıq mənbələrdən götürülüb

ReAl partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin qənaətincə, növbəti addım siyasi və hərbi ittifaq olacaq: “SSRİ-ni xortladacaqlar. Halbuki cəmi 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, Avropa Birliyi ilə saziş üzərində iş gedirdi, indi isə o, tam Kremlin nəzarətinə keçir. Qərb də post-Sovet məkanını Rusiyaya güzəştə gedib mənasız siyasət aparır. 15-20 illik plan qurub Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür. Ola bilər ki, 15 ilə bu alınsın, amma bu 15 il post-Sovetdə yaşayanlar zülm çəkməlidir? Daim şimaldan təhdid yeməlidirlər? Sabah Rusiya Donbassı tərkibinə qatsa, Xankəndidəki de-fakto tanıdığı qondarma rejimi de-yure tanısa, Qərb nə edəcək? Yenə mənasız sanksiyalar qoyacaq?” 

Bu ittifaqlar davam edə bilərmi? 

Azər Qasımlı deyir ki, indiki mərhələdə bir vaxtlar SSRİ-nin tərkibində olmuş digər dövlətləri özünə birləşdirmək Rusiyanın maraqlarına uyğun deyil: “Belarusun Rusiyanın quberniyasına çevrilməsi məsələsi də hərfi mənada deyil, məcazi mənada baş tutacaq. Yəni o, bilavasitə Rusiyadan asılı olacaq. Hazırda Osetiya və Abxaziya Rusiyanın rəsmi olaraq quberniyaları olmasa da faktiki olaraq asılıdırlar. Əslində, Rusiyanın özünə də sərf etmir ki, bu ərazilər onun bir bölgəsinə çevrilsin. Bu zaman Rusiyanın manevr imkanları azalır”.  

Zərdüşt Əlizadə də buna ehtimal vermir: “Rusiya Abxaziya və Osetiyanı özündən asılı vəziyyətə salacağı təqdirdə nəhəng siyasi ziyanlar verəcəyi üçün buna getməz. Onsuz da ona qarşı xeyli sanksiya və cəza tədbirləri mövcuddur”.  

Elman Nəsirov isə Abxaziya və Osetiya mövzusunda fərqli düşünür: “Mən hesab etmirəm ki, məsələn, Ermənistanın Rusiya ilə Belarus səviyyəsində yaxınlaşması mümkündür. Çünki Ermənistanda Rusiya ilə münasibətlərin əleyhinə olan xeyli qərbyönümlü qüvvə var. Məsələyə bu yöndən yanaşdıqda bu müttəfiqlik elə də ağlabatan deyil. O ki qaldı Abxaziya və Osetiya kimi psevdo-dövlətlərə, gələcəkdə Rusiyanın onlarla münasibətləri dərinləşdirmək niyyəti ola bilər”.  

Elman Nəsirov - Rəsmi səhifə

Bəs Azərbaycan üçün hansısa təhlükə varmı? 

“Biz Rusiya ilə münasibətlərimizi normal davam etdiririk, Belarusla isə dost münasibətindəyik. Bu İttifaqda Azərbaycan üçün heç bir təhlükə yoxdur”, - deyə Z.Əlizadə şərh edib. 

Elman Nəsirov da Rusiya-Belarus İttifaq Dövlətinin Azərbaycana problem yaradacağını düşünmür: “Bizim Rusiya ilə qonşuluq münasibətlərimiz var və ölkələr arasındakı strateji əməkdaşlıq hər iki tərəfin milli maraqlarına uyğundur. Azərbaycan və Belarus arasındakı münasibətlər də bütün sferalarda inkişaf edir. Azərbaycan Prezidentinin dəfələrlə Minskə, Lukaşenkonun isə Azərbaycana səfərləri baş tutub. Bu nöqteyi nəzərdən Rusiya-Belarus münasibətlərinin siyasi müttəfiqlik səviyyəsində olması və dərinləşməsi Azərbaycan üçün problem yaratmır”. 

Natiq Cəfərli

Natiq Cəfərli isə deyir ki, bu sadəcə Azərbaycan üçün deyil, bütün post-sovet məkanı üçün təhlükədir: “Əslində, SSRİ-nin yenidən bərpa edilməsi layihəsi yeni deyil. Putin bir neçə il bundan öncə də buna bənzər inteqrasiya layihələrinin olacağını söyləmişdi. Bu isə Azərbaycanın müstəqilliyi və suverenliyi üçün təhdiddir. Ümumiyyətlə, Rusiyanın bölgədə güclənməsi Azərbaycanın suverenliyinə çox böyük təhdid yaradan amillərdən biridir. Çünki Azərbaycan ərazisində Rusiya “sülhməramlı”ları var və bu da əlavə problemlər yaradır”. 

Partiya üzvünün fikrincə, Azərbacan hökuməti buna qarşı qabaqlayıcı tədbirlər görməlidir: “Azərbaycan digər ölkələrlə de-fakto və de-yure ittifaqlarını gücləndirməli, o cümlədən Avropa Birliyi ilə sazişin imzalanması prosesini sürətləndirməlidir. Dekabrda sammit olacaq və Azərbaycan bəhanələr gətirərək həmin sazişin imzalanmasını ertələməməlidir. Bundan başqa Türkiyə ilə daha sıx əməkdaşlıq müqavilələri imzalanmalı və Şimaldan gələ biləcək təhdidlərdən sığortalanmaq üçün addımlar atılmalıdır”.  

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar