Siyasət

Britaniyanın Azərbaycana münasibəti: demokratiya, yoxsa iqtisadi maraqlar? 

Nigar Səmədli
21 May, 2021
428

Açıq mənbələrdən götürülüb

“Ümid edək ki, Britaniyanın Azərbaycana yatırdığı investisiyalar demokratiya və insan hüquqları kimi fundamental məsələləri arxa plana atmayacaq”.

Bunu “Toplum TV”-yə siyasi şərhçi Zaur Əkbər deyib.

Britaniya Azərbaycan iqtisadiyyatına 30,6 mlrd. dollar investisiya yatırıb. 

Bu fikri Prezident İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuart ilə görüşdə səsləndirib.

Mayın 20-də Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonra mətbuat konfransında çıxış edən energetika naziri Pərviz Şahbazov isə deyib ki, Birləşmiş Krallığın indiyədək yatırdığı 30,6 mlrd. dollar investisiyanın 28,8 mlrd. enerji sektorunun payına düşür.

İki ölkə arasında keçirilən iclasda “təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 

Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur.

Toğrul Maşallı - Sosial Media

İqtisadçı Toğrul Marşallı deyir ki, Azərbaycana investisiya yatırımlara görə Böyük Britaniya birinci pillədədir: “Britaniyanın investisiyalarının 90 faizi BP şirkətinin payına düşür, yəni, əsasən, neftlə bağlıdır. Azərbaycan iqtisadiyyatının 80-90 faizi neft və qazdan asılı olduğu üçün böyük yatırımlar da BP tərəfindən edilir. Ona görə də digər ölkələrin yatırımları ilə aradakı fərq böyükdür. Məsələn, Türkiyə və Rusiyadan olan şirkətlər iqtisadiyyatın digər sahələrinə yatırımlar edirlər. Digər tərəfdən yatırım edən bəzi yerli şirkətlər də Britaniyada qeydiyyatdan keçdiyi üçün onlar da statistikaya təsir edir. Türkiyə şirkətləri tikinti və ticarət sektoruna böyük yatırımlar etsələr də, Britaniya ilə müqayisədə çox aşağı pillədə dayanırlar”.

Siyasi şərhçi Zaur Əkbər hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə çatışmayan məqamlar da var və bu da əsasən, demokratiya ilə bağlı məsələlərdə özünü göstərir: 

"Müstəqillik əldə etdikdən sonra Azərbaycana marağını açıq şəkildə ifadə edən dövlətlərdən birincisi məhz Britaniyadır və hər şey BP şirkətinin Azərbaycana gəlməsi ilə başladı. Təsadüfi deyil ki, Azərbaycanın xarici ticarətdə ən böyük əməkdaşı İngiltərə sayılır. Bu gün də prosesin davam etməsi 30 il öncəki əməkdaşlığın tərkib hissəsidir. İstənilən halda Britaniya, xüsusilə Qərb şirkətlərinin Azərbaycana investisiya yatırması çox müsbət haldır. Amma ümid edək ki, bu investisiyalar demokratiya və insan hüquqları kimi fundamental məsələləri arxa plana atmayacaq. Müstəqillikdən sonra imzanan “Əsrin müqaviləsi”, Bakı-Tiblisi-Ceyhan kimi enerji layihələri Azərbaycanda insan haqlarını müəyyən mənada pərdələyib. Bu da ölkədə avtoritar siyasi sistemin güclənməsinə gətirib çıxarıb. Burada çatışmazlıqlar deyəndə Qərb ölkələrin iqtisadi maraqlarının demokratiya və insan hüquqları kimi məsələləri önləməsini nəzərdə tuturam”. 

Zaur Əkbər - Sosial Media

Ekspert ümumilikdə Böyük Britaniyanın Azərbaycana investisiya yatırmasını müsbət hal kimi qiymətləndirib. Onun fikrincə, bu yatırımlar işğaldan azad edilmiş ərazilərə də şamil olunmalıdır: “Sadəcə İngiltərə deyil, digər Avropa və ABŞ şirkətləri də yatırım üçün ölkəyə dəvət olunmalıdır. Çünki Qərb şirkətləri bu torpaqlara nə qədər çox investisiya qoyarsa, gələcəkdəki müharibə riskini minimuma endirər. Bir növ sözügedən şirkətlər həmin ərazilərin təhlükəsizlik və suverenliyinə zəmanət vermiş olarlar”. 

Hüquq müdafiəçisi Anar Məmmədli deyir ki, Britaniyanın Azərbaycana yanaşmasının fərqlidir: “SSRİ dağıldıqdan sonra Britaniyanın müstəqillik əldə edən dövlətlərlə spesifik siyasi xətti olub. Düşünürəm ki, Azərbaycana münasibət bir qədər daha fərqli idi. Bunun səbəbi isə ölkənin enerji resurslarına sahib olması olub. Bu proses 90-cı illərin əvvələrindən Azərbaycana marağı olan Britaniya şirkətlərinin getdikcə Azərbaycana yerləşməsi və müxtəlif investisiya layihələri həyata keçirməsi ilə nəticələnib. Bu cür iqtisadi münasibətlərin qurulmasını yüksək qiymətləndirirəm.  Ancaq düşünürəm ki, Azərbaycanla Britaniya arasındakı münasibətlərdə insan hüquq və azadlıqları məsələsi də önə çəkilməlidir. ABŞ-la Britaniyanı müqayisə etsək, ABŞ-ın da Azərbaycanda iqtisadi maraqları var. Amma Vaşinqton insan hüquqları məsələsinə daha çox diqqət çəkir. Düşünürəm ki, bu sahədə Böyük Britaniya geridədir”. 

Anar Məmmədli

"Neft bumu sona çatdıqdan sonra Britaniya şirkətlərinin Azərbaycanda nə ilə məşğul olacağı sual doğurur. Azərbaycan hakimiyyəti daha ağıllı davranaraq məntiqli və faydalı proqramlar yürütməyə çalışarsa, gələcəkdə bu şirkətlərin təcrübə və resurslarından istifadə etmək olar. Çünki neft nə zamansa tükənəcək və əldə olunmuş maliyyənin daha səmərəli xərclənməsi üçün müasir şirkətlərə və texnologiyalara ehtiyac var", - deyə Anar Məmmədli vurğulayıb. 

2019-cu ildə Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 34% artaraq 704,6 mln. dollar təşkil edib. 

Ötən il isə bu göstərici pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, cari ildə artım müşahidə olunur. 

Xüsusilə də bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artaraq 162,2 mln. dollar olub.

Siyasət

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib

18 Sentyabr 2021

Sosial Media

Bloger kimi M. Mahmudov dələduzluqda ittiham olunur Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. M. Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Siyasət

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

18 Sentyabr 2021
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. "Report"un xəbərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Seçilmiş Videolar