Brüssel görüşü: Rusiya Qarabağdakı proseslərdən uzaqlaşdırılıb?
President.az
Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşüb.
Görüşdə Qarabağ probleminin həlli istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.
Şarl Mişelin üçtərəfli görüşdən sonra yaydığı bəyanatda bildirilib ki, hər iki ölkə rəhbəri tezliklə sülhə nail olmaq istəyir. Bu məqsədlə də sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərinə göstərişlər veriləcək.
Görüş zamanı həmçinin ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyi vurğulanıb, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması razılaşdırılıb.
“Ermənistan hələ də işğalçı siyasəyini davam etdirmək niyyətindədir”
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov danışıqlardan o qənaətə gəlib ki, Ermənistan hələ də işğalçı siyasəyini davam etdirmək niyyətindədir, görüşlərdə iştirak etmə səbəbi isə sadəcə sülhsevər görüntüləri yaratmaqdır.
"Ermənistan istəyir ki, Qarabağda ermənilərin təhlükəsizliyini öz qüvvələri təmin etsin, yəni öz hərbçilərini bölgədə saxlasın. Həmçinin Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qorumaq niyyətində deyil. Ermənistan onsuz da həmişə sülhpərvər olduğunu göstərməyə çalışır, amma danışıqlardan sonra öhdəliklərinin praktiki icrasından qaçır".
Tofiq Zülfüqarov hesab edir ki, bu görüş Azərbaycan tərəfi üçün uğurlu olub. Ona görə ki, danışıqlarda istifadə olunan siyasi leksika tamamilə Azərbaycanın mövqeyinə uyğun idi.
"Sülhə nail olmaq üçün diplomatik təzyiq və güc istifadə olunmalıdır ki, Azərbaycan tərəfi də bunu edir".
Keçmiş nazirin fikrincə, görüşün təşkil olunmasının əsas səbəblərindən biri də tezliklə Fransada keçiriləcək prezident seçkiləridir. Görüşün əsas təşəbbüskarı olan Emmanuel Makron seçkilərdə ermənilərin səsini qazanmaq üçün bu tədbiri təşkil edib.
Üçüncü qüvvələrin maraqlarına gəldikdə, T. Zülfüqarov hesab edir ki, Minsk qrupunun üzvləri münaqişənin davamında maraqlıdırlar.
"İlanın ağına da, qarasına da lənət oxumaq lazımdır. Qərb də, Rusiya da Qarabağ münaqişəsinin həllində maraqlı deyillər. Nəzərə alsaq ki, Rusiyanın ən vacib partnyoru müharibədə bizə dəstək verən Türkiyədir, deməli, hazırda Fransanın mövqeyi Rusiyanınkından qat-qat təhlükəlidir".
“Rusiya artıq yeganə moderator deyil”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Moskvanın Brüssel danışıqlarını müsbət dəyərləndirdiyini söyləyib.
Kreml rəsmisi onu da qeyd edib ki, iki ölkə arasındakı sülh danışıqları uzun sürən proses olacaq: “Bunun çox uzun proses olduğu aydındır. Ancaq belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır və alqışlanmağa layiqdir”.
Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, görüşdən çıxarılan əsas nəticə odur ki, Qarabağ məsələsinin həllində Rusiya artıq yeganə moderator deyil. Münaqişənin həllində Avropa Birliyi də ciddi şəkildə iştirak etmək istəyir. Həmçinin Rusiya qlobal qarşıdurmalar fonunda regional münaqişələrin həllində Avropa ilə birgə iştirak görüntüsü yaratmaq istəmir.
“Qlobal qarşıdırurma gedir və burada Cənubi Qafqaz regionu kifayət qədər önəmli istiqamətə çevrilir. Artıq Rusiya və Avropa dövətlərinin birgə nəyisə həll etməsi mümkün deyil və bu gərginlik uzun müddət davam edəcək. Hər bir halda Qərb Rusiyadan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin bərpasında və sülhün bərqərar olmasında maraqlıdır”.
Siyasi şərhçinin dediyinə görə, Rusiya prosesdən uzaqlaşdırılmayıb. Bu o qədər də asan məsələ deyil, çünki Rusiyanın əlində kifayət qədər güclü təsir vasitələri var.
“Regionda hərbi siyasi cəhətdən təmisil olunan ən böyük güc Rusiyadır. Bu baxımdan hələlik Rusiyanın münaqişədən uzaqlaşdırlması çətindir. Azərbaycan və Ermənistan liderləri Brüsselə yollanmazdan əvvəl Putinlə danışmışdılar. Sözsüz ki, Putin onların şəxsi əhval-ruhiyyəsilə yox, siyasi ab-havaları ilə maraqlanırdı”.
Peskovun açıqlamasına münasibət bildirən R. Mirqədirov deyir ki, siyasi xadimlərin düşündükləri, dedikləri və etdikləri arasında çox böyük fərq olur. Peskovun isə Brüssel görüşüsünü yüksək qiymətləndirməsi mümkün deyil.
Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib