Brüsseldə “məhsuldar görüş”, yoxsa əvvəlki müddəaların dəqiqləşdirilməsi?
açıq mənbədən götürülüb
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mayın 22-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü məhsuldar adlandırıb.
O, mətbuata açıqlamasında deyib ki, onlar humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə aparıblar.
Şarl Mişelin bəyanatında yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcəyi, delimitasiya və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün suallara cavab veriləcəyi bildirilir.
Həmçinin qeyd olunur ki, liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Siyasi şərhçi Şahin Hacıyev isə bəyanatda yeni bir fikir səslənmədiyini deyir. Onun qənaətincə, indiyə qədərki görüşlərdə səsləndirilən müddəalar sadəcə dəqiqləşdirilib.
“Əhəmiyyəti isə odur ki, Ermənistanda bu razılaşmalara qarşı kəskin etirazlar var. Bu etirazlar fonunda Paşinyan deyilənləri qəbul edirsə, deməli, tərəflər eyni xətt üzrə davam edəcəklər. Bu isə Azərbaycanın xeyrinədir. Yəni Paşinyan daxildəki təzyiqlərə baxmayaraq iradə göstərir, sərhədlərin delimitasiyası, kommunikasiyası və sülh müqaviləsindən dönmür”, - siyasi şərhçi Şahin Hacıyev belə deyir.
O hesab edir ki, son görüşdə yeni müddəa Qarabağ ermənilərinin hüquqlarının qorunması məsələsidir. Amma siyasi şərhçi rəsmi olaraq Azərbaycan tərəfinin Qarabağ ermənilərinin vətəndaş kimi hüquqlarını qorumağa hazır olduğunu dəfələrlə vurğuladığını da əlavə edir.
Növbəti görüşdən sülh müqaviləsi gözləmək olarmı?
Ş.Hacıyev bunun üçün hələ tez olduğunu və delimitasiya prosesində problemlər yarana biləcəyini bildirir.
“Ermənilər bizim Qazaxda olan anklav kəndləri qaytarmaq istəmirlər. Eyni zamanda, tələb edirlər ki, bizim qoşunlar geri çəkilsin. Yəqin bu barədə Brüsseldə və Moskvada danışılıb. Güman ki, erməni hökuməti anklavların qaytarılmasına razıdır. Anklav kəndlərin dəyişdirilməsi də mümkündür. Yəni ərazi mübadiləsi baş tuta bilər”.
Ekspert bu baş tutarsa, növbəti görüşdə sülh müqaviləsinin reallaşacağını istisna etmir.
“Azərbaycan postmünaqişə dövründə bölgədə sabitliyi bərpa etmək istəyir”
Ş.Mişelin sözlərinə görə, yaxın günlərdə baş nazirlərin müavinlərinin bu işi davam etdirəcəkləri qərarlaşdırılıb. Xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri isə sülh müqaviləsi üzərində işi davam etdirəcəklər.
“Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”, - deyə Ş. Mişel sözünə əlavə edib.
Deputat Aydın Mirzəzadə görüşlərdə dünyanın iki güc mərkəzinin iştirakını yüksək qiymətləndirir: “Həm Brüssellə, həm də Rusiya ilə danışıqların aparılması bölgədə sülhün bərpasına hesablanıb. Sülh müqaviləsinin növbəti görüşdə imzalanacağını demək, bunun üçün müəyyən vaxt söyləmək çətindir. Bu komissiyaların iş prosesindən asılıdır. Azərbaycan postmünaqişə dövründə bölgədə sabitliyi bərpa etmək istəyir”.
2020-ci ildə Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra tərəflər arasında sülhquruculuğu prosesi baş tutmayıb. Brüsseldə üçtərəfli formatda ilk görüş 2021-ci ilin dekabrında, ikinci görüş aprelin 6-da keçirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?