Siyasət

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

6 Mart, 2021
3426

M.Ə.Rəsulzadə - açıq mənbələrdən

Martin 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

“Toplum TV” M.Ə.Rəsulzadənin ömür yolu haqqında Nəsiman Yaqublununun məqaləsini təqdim edir.

1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib.

1901-1903-cü illər – İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb.

1903-cü il – “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini M.Ə.Rəsulzadə belə açıqlayırdı: “Gənclərdə milli hisslər yaratmaq, rus məktəblərində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq”. Dərnəyin “Hümmət” adlı bir qəzeti də çıxmışdır.

1903-cü il 2 may – Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin 14-cü sayında "Öz müxbirlərimizdən. Bakı" başlıqlı ilk yazısı çap edilir. Bu yazısında o, "Şərqi-Rus" qəzetinin nəşrini alqışlayır və yazır: "Şükr və min dəfə şükr! Ki biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq”.

1903-cü il 14 may – “Şərqi-Rus” qəzetində əmisi oğlu və yaxın mücadilə dostu Məhəmməd Əli Rəsuloğlu ilə birlikdə “Hümmət və qeyrət vaxtıdır” məqaləsi çap edilir.

Bu yazıda elm öyrənməyin vacibliyi xüsusi olaraq belə vurğulanır: “Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kişiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir”.

1903-cü il 18 may – “Şərqi-Rus” qəzetində “Öz müxbirlərimizdən” başlığı ilə elmin vacibliyindən bəhs edən yazısı və sonda “Elm tərifində deyilibdir” adlı müxəmməsi (şeri) çap edilir.

1904-cü il iyun – Həmin dövrdə İ.V.Stalin inqilabi iş aparmaq üçün Bakıya gəlir. Qeyd edək ki, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi müsəlman gəncləri arasında fəal iş aparan, onları maarifləndirən və milli dirçəliş fikirləri yayan 20 yaşlı M.Ə.Rəsulzadəni və onun başçılıq etdiyi “Azərbaycanlı Gənc İnqilabçılar” təşkilatını öz təsiri altına salmağa çalışırdı. İ.V.Stalinlə M.Ə.Rəsulzadəni ilk tanış edən isə əmisi oğlu M.Ə.Rəsuloğlu olmuşdu.

Bakının Balaxanı bölgəsində fabrik işçilərinə məxsus bir otaqda keçirilən görüş sonradan onların yaxın dostluq münasibətlərinə çevrilir. Sonrakı dövrdə M.Ə.Rəsulzadə Stalinin Bakının Bayıl həbsxanasından qaçırılmasında önəmli rol oynayır.

1904-cü il oktyabr-noyabr – RSDFP (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) – nin nəzdində yaradılan “Hümmət” (enerji, güc, qüvvət) Sosial-Demokrat Təşkilatının yaradıcılarından biri olur.Qeyd edək ki, bu həm də Zaqafqaziyada yaradılan ilk müsəlman sosial-demokrat qrupu idi. “Hümmət”in baniləri arasında ondan başqa N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski, eyni zamanda sonradan Müsavatın yaradıcılarından olan A.Kazımzadə və K.Mikayılzadə var idi.

1904-cü il – M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti çap edilir. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Hümmət” Qafqazda türk (Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub. 1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.

1905-ci il – “Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti (gücü) dağları qoparar”) adlı məqaləsi çap edilir. Və həmin yazıda birləşməyin, islama bağlılığın vacibliyini göstərir. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı:
“Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb (yaradıb) da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz”.

1906-cı il 5 yanvar – “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, orada “Kənddə müsibət” məqaləsini çap etdirir. Bu məqaləsində o, erməni-müsəlman qırğınından bəhs edir, insanların bir-birini öldürməyindən, malını, əmlakını qarət etməsindən yazıb sonda bu fikri söyləyir: “Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!..”

1906-cı il 16 fevral – “İrşad” qəzetində çap edilən “Qara pul” şerində ilk dəfə olaraq “Razi” təxəllüsünü işlədir:

Raziya, bəsdi məzəmmət elədin qara pulu!
Ürəfalan (arif adamlar) kəsib... etməz dəxi ülfət qara pul.

1906-cı il 20 fevral – “İrşad” qəzetində ilk dəfə olaraq İran haqqında və buradakı proseslərdən yazır, “ədalətxana” məclisinə toxunur, məqaləsini bu sözlərlə bitirir:

“Yaşasın İranda hürriyyət! Yaşasın İranda qanuni əsası!”

1906-cı il 3 mart – “İrşad” qəzetində “Çin müsəlmanları” adlı məqaləsini çap etdirir. Tehranda nəşr edilən qəzetlərin birinə istinadən bir doktorun Çinə səyahətində buradakı çoxlu bölgələrdə müsəlmanların yaşadığını, onların adət-ənənəsindən bəhs etdiyini yazır.

1906-cı il 8 mart – Bakıda “Nicat” mədəni-maarif cəmiyyəti təşkil edilir. M. Ə. Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri olur. Bu cəmiyyətin üzvləri arasında Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhulla və digər tanınmış şəxsiyyətlər vardı. Cəmiyyətin başlıca məqsədi azərbaycanlıları savadlandırmaq və maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanlara isə maddi kömək göstərmək idi. Cəmiyyət Bakıda və bəzi Bakı kəndlərində kitabxana, qiraətxana açmışdı. Balaxanıda açılan məktəbdə isə tanınmış şair M.Ə.Sabir dərs demişdi. 1908-ci ildə “Leyli və Məcnun” operası Bakıda məhz “Nicat” cəmiyyətinin fəallığı ilə göstərilmişdi. Cəmiyyət həftədə bir dəfə “Nicat” adlı qəzet buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu dərc olunurdu. Cəmiyyət benefislər keçirir, şəhər bağında arabir gəzintilər təşkil edir, toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə təşkil olunan belə gəzintilərin birindən toplanan 200 rubl vəsaitlə İ.V.Stalini həbsxanadan qaçırmaq mümkün olmuşdu.

1906-cı il – Yaratdığı “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” bu dövrdən başlayaraq “Müsəlman Demokratik Müsavat Cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərir.

Bu təşkilatın bir xətti də İranda başlanan Məşrutə inqilabı və inqilabçıları ilə sıx əlaqə qurur.

1906-cı il 19 iyul – Bakıda nəşr edilən “Dəvət-Qoç” qəzetində “Mərəzimizin
çarəsi” adlı yazısı çap olunur. Bu yazısında erməni-müsəlman qırğınına mənfi münasibət bəsləyir. Mövcud bürokratik rejimi tənqid edərək yazır: “İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər”.

1906-cı il 20 iyul – “Dəvət” qəzetində “Bəlayi-əzim” adlı məqaləsi çap edilir. Bu yazısında o, Rusiyanı əhatə edən bəlalardan, təcavüzlərdən, zülmlərdən bəhs edir, çar məmurlarını kəskin tənqid atəşinə tutur: “Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-biri ilə çalışdırıb, sonra hər ikisini də badi-fənaya verdiniz!”

1906-cı il 16 dekabr – “Təkamül” qəzetinin ilk sayında “Şeytan işinin nəticəsi” adlı məqaləsi çap edilir. Bu yazısında o, baş verən qırğın nəticəsində həm müsəlmanların, həm də ermənilərin fəlakət və səfalətə düçar olduqlarını qeyd edir.

1907-ci il 3 fevral – “Təkamül” qəzetinin 7-ci sayında məişətdən bəhs edən “Nagəhan bəla” adlı məişət mövzulu səhnə əsəri çap edilir. Bu əsərdə o, elmin əhəmiyyətini xüsusi qeyd edir, fəhlə tətillərindən danışır.

1907-ci il, 17 fevral – “Təkamül” qəzetində ilk dəfə olaraq Türkiyədən bəhs edən “Şurayi-Osmani” adlı məqaləsi çap edilir. O, bu məqalədə “Şurayi-Osmani” cəmiyyətinin 10 maddədən ibarət olan proqramını alqışlayır.
1907-ci il 22 avqust – “Yoldaş” qəzetinin ilk sayında “İkinci müəllimlər İctimai” (qurultayı) adlı məqaləsi çap edilir. Məqalədə 1906-cı ildə Bakıda keçirilmiş Birinci

Qurultaydan sonra 1907-ci ildə Gəncədə keçirilməsi nəzərdə tutulan 2-ci Müəllimlər Qurultayından bəhs edilir.

1907-ci il 12 oktyabr – “Füyuzat” jurnalında “Həsbi-hal” adlı üsyankar ruhlu şeri çap edilir. O, bu şerində yazırdı:

Qaranlıqdır bana dünya,
Bütün dünyavü mafiha.
Diyorlar cümləsi guya:
Çəkil bir yanə sakitləş!

1907-ci il 12 noyabr – “Nicat” Mədəni-Maarif Cəmiyyətinin idarə heyətinin sədri olan Həsən bəy Ağayevin İrana getməsi ilə bağlı M.Ə.Rəsulzadə cəmiyyətə sədrlik edir.

1907-ci il – Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lüğəti” kitabının redaktoru olur.

1907-ci il – A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir.

1907-ci il – Bolşeviklərin məram və məqsədləri ilə, xüsusən də onların Rusiya imperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrundakı mübarizəsi ilə razılaşmayıb RSDFP sıralarından uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı milli istiqlal hərəkatı prinsiplərindən yanaşmağa başlayır.

1907-ci il 30 noyabr – Bakıda Həsən bəy Zərdabinin dəfn mərasimində çıxış edir. 1907-ci il 2 dekabr – “İrşad” qəzetində Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi çap edilir. Həmin nitqindən: “Budur bu qoca ədib də haman camaatın hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı...”

1908-ci il 15 yanvar – “İrşad” qəzetində M.Ə.Rəsulzadənin “Nicat” Maarif Cəmiyyətinin sədri imzası ilə (katib – Hacıbababəyov) məlumat çap edilir.

1908-ci il 7 aprel – “İrşad” qəzetinin müvəqqəti redaktoru olaraq çalışır.

1908-ci il 19 avqust – “Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir.

1908-ci il 5 dekabr – “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur.

1908-ci il – “Nicat” Mədəni-Maarif Cəmiyyətinin sədri kimi fəaliyyət göstərir.

1909-cu il fevral – Stalinin xahişi ilə M.Ə.Rəsulzadə “Gənc türklərin qələbəsi haqqında” məqalə yazır və Bakıda rus dilində cəmisi 2 sayı çap edilən “Volna” jurnalının 1-ci sayında çap etdirir. Bu məqalədə gənc türklərin ölkə daxilində həyatın təzələnməsi və konstitusiya əsaslarının möhkəmlənməsi, ölkəni hər cür təcavüzlərdən qorumaq məsələləri vurğulanır.

1909-cu il 18 mart – Çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi” qəzetinin müxbiri olaraq, həm də İran inqilabçılarına dəstək üçün İrana – Rəştə gedir. O, İrana “Russkoye Slovo” qəzetinin (bu qəzet 1895-1917-ci illərdə Moskvada gündəlik olaraq nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbrizdə, Ərdəbildə, Mərənddə, Tehranda olur. “Tərəqqi” qəzetində “İran məktubları” yazısını çap etdirir.

1909-cu il 28 may – Təbrizdə dünya şöhrətli milli qəhrəman Səttarxanla görüşür, onunla maraqlı söhbət edir, verdiyi müxtəlif sualları “Sərdari-Milli” cavablandırır.

M.Ə.Rəsulzadə bu görüşdən bəhs edən “Təbriz. Səttarxanla mülaqat” məqaləsini “Tərəqqi” qəzetində nəşr etdirir.

1909-cu il 23 avqust – Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir. Bu qəzet gündəlik olaraq milli, siyasi, ictimai, iqtisadi, ədəbi, bədii, əxlaqi və məzhəbi bir mətbuat orqanı kimi nəşrə başlayır. Qəzetin naşiri Məhəmməd Əbülziya, Baş redaktoru isə M.Ə.Rəsulzadə idi. Qəzet müxtəlif fasilələrlə 1911-ci ilin mayın ortalarınadək nəşrini davam etdirib. İran demokratik hərəkatı və mətbuatı tarixində xüsusi yeri və mövqeyi olan “İrani-Nov” qəzetində M.Ə.Rəsulzadənin “M.Əmin”, “R-zadə”, “Rəsulzadə”, “M.Ə.Rəsulzadə”, “Niş” imzaları ilə müxtəlif mövzulu, janrlı və həcmli 29 yazısı çap edilib. Onun bu qəzetdə imzasız dərc olunmuş baş məqalələrinin, redaksiya
şərhi və digər yazılarının miqdarı 200-dən çoxdur.

1910-cu il sentyabr – M.Ə.Rəsulzadə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə (S.H.Tağızadə, İ.Nəvvab, S.Mirzə, S.M.Rza və b.) “İran Demokrat Partiyası”nı
yaradır.

1910-cu il – Tehranda “Faros” mətbəəsində farsca “Mühafizəkar və ya sosialistmühafizəkar partiyaların tənqidi” əsəri çap edilir.

1911-ci il – Ərdəbil şəhərində fars dilində “Səadəti bəşər” (“Bəşəriyyətin xoşbəxtliyi”) kitabı çap edilir.

1911-ci il iyun – Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. İrandan getməyinin bir səbəbi də onun “İrani-Nov” qəzetində məşhur Amerika milyonçusu Morqan Susterlə nəşr etdiyi siyasi müsahibə olur. Bundan sonra Rusiya səfirliyi onun İrandan getməsinə ciddi təzyiq göstərir. O, üzvü olduğu “İran Demokrat Partiyası” ilə birgə rus təcavüzünə qarşı kəskin mübarizə apardığına görə çar Rusiyasının İrandakı səfirliyi onun bu ölkədən getməsini tələb edir. Və o zaman Sədrəzəm Məhəmməd Vəli xan Sepehsalar da onun İrandan çıxması əmrini verir.

1911-ci il iyun-iyul – İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir, bir müddət burada qalır, sonra İstanbula gedir.

1911-ci il iyul-avqust – Türkiyədə - İstanbulda olur. Az sonra burada fəaliyyətə başlayan “Türk Yurdu” dərgisi, “Türk Ocaqları” təşkilatı ilə yaxından əməkdaşlıq edir.

1911-ci il oktyabr – M.Ə.Rəsulzadənin dostlarına yazdığı məktublardakı fikirləri
də əsas götürülərək, Bakıda Məhəmməd Əli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır.

1911-ci il – “Türk Yurdu” jurnalında və az sonra “Səbilür-Rəşad”(“Doğru Yol”) məcmuəsində “İran Türkləri” əsəri çap edilir və Türk ictimaiyyətinin böyük marağına səbəb olur.

1912-ci il - Bu illərdə o, C.Əfqaninin “Milli Birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk Yurdu” jurnalında çap etdirir.

1913-cü il – Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra Bakıya qayıdır.

1913-cü il 28 aprel - “İqbal” qəzetində “Təzə kitablar” adlı yazısı çap edilir, yenidən ictimai-siyasi, mətbu fəaliyyətə başlayır.

1913-cü il 15-22 iyun – “Şəlalə” jurnalında “Asan dil” – “Yeni lisan” məqaləsi çap edilir.

1913-cü il – “Müsavat” Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.

1914-cü il – “İqbal” qəzetinin Baş redaktoru olur.

1914-cü il 12 aprel – “Bəsirət” qəzetinin ilk sayında məqaləsi çap edilir.

1914-cü il 10 may – Bədəlbəy Bədəlbəyovun nəzarətində olan, ümumi müdiri Soltanməcid Qənizadə olan “Altıncı rus-müsəlman məktəbi”ndə keçirilən ədəbi və mənəvi bir ziyafətə dəvət edilir, məktəb şagirdlərinin bəzilərinin türkcə, bəzilərinin isə rusca oxuduğu nəğməli, şeirli və lətifəli bir ədəbiyyat gününün iştirakçısına çevrilir. Bu haqda “İqbal” qəzetinin 11 may 1914-cü il sayında “Əbədi bir gün” adlı məqalə də nəşr etdirir.

1914-cü il 16 sentyabr – “Dirilik nədir?”, “Milli dirilik” başlıqlı yazıları “Dirilik” jurnalında çap edilir.

1915-ci il 8 fevral – Yanvarın sonlarında vəfat etmiş böyük gürcü şairi Akaki Seretelinin Tiflisdə keçirilən dəfn mərasimində iştirak edir. Orada müsəlman mətbuatı nümayəndəsi olaraq çıxış edir. O, çıxışında bu sözləri deyir: “Ey böyük şair, ey nəcib bir millətin yetirdiyi ali düha, sən sağlığında birlik və məhəbbət təlqin edirdin. Öldün: fəqət əmin ola bilərdin ki, sənin ruhun ölməmiş, o hələ diridir”.

1915-ci il 28 aprel – Bakıda nəşr edilən “Yeni İqbal” qəzetinin ilk sayında “Yaponiyanın qələbəsi” adlı yazısını çap etdirir.

1915-ci il 19 may – “Yeni İqbal” qəzetində Bakı Quberniyası Xalq Peşə məktəbinin direktoruna aid olan bir məlumatin səhifədən çıxarılmasına ciddi etirazını bildirdiyinə gorə Bakı şəhər rəisinin əmri ilə həbs edilir.İki aya qədər həbsdə saxlanıldıqdan sonra azadliğa buraxılır. Onun həbsi haqqında “Yeni İqbal” qəzetinin 1915-ci il, 24 may sayında (N23) məlumat vardır. 1915-ci il 2 oktyabr – “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur.

1916-cı il 1 yanvar – “Açıq söz” qəzetində “Miladdan 1916” adlı məqaləsi çap
edilir.

1917-ci il 24 mart – 4 aprel – Rusiyada baş verən Fevral – Burjua İnqilabından sonra Müvəqqəti Hökumətin səlahiyyətli komissarı olaraq seçkiləri izah və təşkil etmək üçün Lənkəran bölgəsinə gedir, insanlarla maraqlı görüşlər keçirir.

“Açıq söz” qəzetində “4 gün xəlq içində” adlı məqaləsində M.Ə.Rəsulzadə yazırdı:

“Bununla bərabər Bakı İcra Komitəsi ilə müvəqqəti qubernator İlyuşkinin təklifləri ilə
lənkəranlı vətəndaşların xahişlərinə qarşı mənəvi bir borc hiss etdim ki, Lənkəran uyezdinə komissar gedəm”.

1917-ci il aprel, “Açıq söz” qəzeti - Cənub bölgəsinə olan səfəri və görüşləri ilə bağlı “Açıq söz” qəzetinin 438-441-ci saylarında “4 gün xalq içində”, sonrakı saylarda isə (442-dən başlayaraq) “Rusiya müsəlman ictima harada olmalıdır?”, “Cəmaət idarəsi” yazılarını çap etdirir.

1917-ci il 15-20 aprel – Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında çıxış edir, müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyasını irəli sürür.

1917-ci il 1-11 may – Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında nümayəndələrin müzakirəsinə iki qətnamə verildi: Ə.Salikovun millimədəni muxtariyyat və M.Ə.Rəsulzadənin ərazi muxtariyyəti qətnamələri. Ümumi səsvermədə onun irəli sürdüyü “ərazi muxtariyyəti” ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edilir. Həmin qətnamədən: “Rusiyada müsəlman xalqlarının mənafelərini təmin edə bilən ən məqbul dövlət quruluşu forması milli ərazi federasiyası əsasında yaradılacaq demokratik respublikadır”.

1917-ci il may – Bakıda M.Ə.Rəsulzadənin də “Redaksiya Heyəti"nə daxil olduğu “Qardaş köməyi” jurnalı çap edilir. 1917-ci il 17 iyun – “Müsavat”la “Türk-Ədəmi Mərkəziyyət” partiyaları birləşir.

Yeni təşkilat “Türk-Ədəmi Mərkəziyyət Müsavat” Partiyası adlanır. M.Ə.Rəsulzadə Birləşmiş Partiyanın sədri seçilir. Partiyanın yaydığı bəyannamədə təşkilat özünü “əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli-mədəni istəklərinə arxalanan demokratik partiya” kimi təqdim edir. Partiyanın sosial tərkibi ziyalılardan, fəhlələrdən, qismən kəndlilərdən və burjuaziyanın nümayəndələrindən ibarət idi.

1917-ci il 28 iyun – “Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi”nin axşam saat 19:00-da Ə.M.Topçubaşovun sədrliyi ilə keçirilən iclasında M.Ə.Rəsulzadə çıxış edir. Çıxışında bildirir ki, Bakı şəhər Dumasına vicdanlı adamlar seçilməlidir. Qeyd edir ki, Duma kasıb əhali haqqında çox düşünməli, xalqdan az vergi alınmalı, qiymətlər aşağı olmalıdır.

1917-ci il 5 oktyabr – “İsmailiyyə” binasının böyük zalında axşam saat 20.00-da “Müsavat” Partiyasının bürosu “siyasi söhbət” təşkil edir. M.Ə.Rəsulzadə orada “Mərkəzçilik və qeyri mərkəzçilik” mövzusunda çıxış edir. Digər müsavatçılar isə bu mövzuda məruzə edirlər:

1) Q.Ağazadə: “Millətçilik və beynəlmiləlçilik”;

2) S.İbrahimov: “Türkçülər və islamçılar”.

1917-ci il 22 oktyabr – Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyası 25 min seçicidən 10 min nəfərinin səsini alıb böyük nüfuzunun olduğunu göstərir.

1917-ci il 26 oktyabr – Bakı Dövlət Dumasına seçki kampaniyası aparılır.

“Müsəlman İctimai – Siyasi Təşkilatları Komitəsi”nin təşkil etdiyi 40 nəfərlik siyahıda
Ə.M.Topçubaşov, F.Xoyski və digərləri ilə birgə M.Ə.Rəsulzadənin də adı verilir. Onun
adı “Açıq söz” qəzetinin jurnalisti olaraq qeyd edilir. Onlara 12 saylı siyahıda səs verilməsi göstərilir.

1917-ci il 26-31 oktyabr – Bakı şəhərində, “İsmailiyyə” binasında “Müsavat” Partiyasının I qurultayı keçirilir və M.Ə.Rəsulzadə partiyanın sədri seçilir.

1917-ci il 1 noyabr – “Açıq söz” qəzetinin 603-cü sayında aşağıdakı məzmunda “Xüsusi teleqraf” çap edilir: “Səmərqənddən idarəmizə böylə bir teleqraf çəkilmişdir:
Müsəlmanların oblast (vilayət) ictimailəri Məclisi-Müəssisana namizəd olmaq üzrə Sırdərya oblastından Əlimərdan bəy Topçubaşov, Fərqanədən Məhəmməd Əmin Rəsulzadə və Amur oblastından Nəsib bəy Yusifbəyovun namizədliyini qoymuşlardır”.

1917-ci il 18 noyabr – Bolşeviklər M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat”ın Bakı Şəhər Sovetinə olan seçkilərdəki qələbəsini ləğv edir.

1917-ci il 24 noyabr – Müəssislər Məclisinə seçki kampaniyası aparılır. 15 nəfərlik namizədlər siyahısında Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşovla birgə M.Ə.Rəsulzadənin də adı göstərilir. Vətəndaşlardan onların adı olan 10 saylı siyahıya səs verməsi xahiş edilir.

1917-ci il 26 - 28 noyabr – Zaqafqaziyada Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyası müstəqil demokratik qrupla birgə (Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və b.) seçkidə Zaqafqaziya üzrə 615.816 (26, 9%) səslə ikinci yeri tutur. Birinci yeri 1% səs çoxluğu ilə gürcü menşevikləri qazanır.

1917-ci il 22 dekabr – “Şirvanşahlar” sarayının müsəlmanların idarəçiliyinə (Müsəlman Arxeologiya Cəmiyyətinə) verilməsi münasibəti ilə “İsmailiyyə” binasında təntənəli toplantı olur. Tədbirə ictimaiyyət böyük maraq göstərir. Qeyd edilir ki, bu saray XIV əsrdə Xəlilulla xan tərəfindən tikilib. Toplantını Mir Məhəmməd Kərim açır. Sonra “Müsavat” Partiyası adından çıxış edən M.Ə.Rəsulzadəni toplantı iştirakçıları böyük maraqla dinləyir.

1918-ci il 2 fevral – M.Ə.Rəsulzadənin bu dövrdəki çıxışlarında qaldırdığı “Azərbaycan ideyası” və “Azərbaycana muxtariyyət” şüarı İranda böyük narazılığa səbəb olur. Başda Məliküşşüəra Bahar olmaqla (1881-1951) Tehran paniranistləri “Novbahar” qəzetində ona etiraz edir. M.Ə.Rəsulzadə onlara cavab məqsədi ilə “Açıq söz” qəzetində məqalə yazır (N 671, 1918-ci il). “Rəfi-İştibah” (“Səhvin düzəldilməsi”) adlı məqaləsində o, bildirirdi: “Bu ləkə ilə bərabər təkrar edirəm ki, Azərbaycan yüz on il bundan qabaq həvadisi-ruzgardan təslim olundu və Araz çayının şimal tərəfində olan qitələri ruslar aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqaziya adlandırdılar ki, Mavərayi-Qafqaz olsun”.

1918-ci il 23 fevral – Tiflisdə Zaqafqaziya Seyminin ilk toplantısı keçirilir və M.Ə.Rəsulzadə “Müsavat” fraksiyasının (30 nəfərlə) lideri təsdiq edilir.

1918-ci il mart - “Açıq söz” qəzetinin 700-cü sayında bildirilir ki, M.Ə.Rəsulzadə hazırda Trabzonda Sülh heyətinin tərkibindədir və Seym üzvü olaraq qalır.

1918-ci il 1 aprel – Ermənilərin Bakıda törətdiyi 31 mart soyqırımı ilə bağlı M.Ə.Rəsulzadə Zaqafqaziya Seymində sərt çıxış edərək ciddi münasibət bildirilməsini tələb edir.

1918-ci il 14-15 may – Zaqafqaziya nümayəndə heyətinin tərkibində Batuma gedir və regionun siyasi gələcəyi ilə bağlı Almaniya və Türkiyə hökuməti təmsilçiləri ilə çox mürəkkəb danışıqlar aparır.

1918-ci il 27 may – Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır.

M.Ə.Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev sədr müavini, Mustafa Mahmudov katib, aşağıdakılar isə üzv seçilirlər: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Məmməd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məmməd Məhərrəmov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə.

1918-ci il 28 May – M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir və altı maddədən ibarət olan Azərbaycan İstiqlal bəyannaməsi qəbul edilir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinəsi təşkil edilir. 9 strukturdan ibarət olan I hökumət kabinəsinə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski başçılıq edir. Həmin dövrdə Azərbaycanda əhalinin sayı 2 milyon 750 min (onlardan 1 milyon 900 mini müsəlman idi) nəfər idi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi isə 97,3 min kv.km idi. Bundan başqa 15,6 min kv.km-lik Azərbaycan torpaqları Ermənistan və Gürcüstanla mübahisəli ərazi sayılırdı.

1918-ci il 4 iyun – Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk Dostluq Müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından M.Ə.Rəsulzadə və M.Hacınski imzalayır.

1918-ci il 17 iyun – M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası ilhaqçıların təsirini azaltmaq, Nuru Paşa ilə münasibətləri pozmamaq, Azərbaycanın istiqlaliyyətini qorumaq məqsədi ilə öz fəaliyyətini dayandırır.

1918-ci il 18 iyun – M.Ə.Rəsulzadənin başçılıq etdiyi diplomatik heyət (A.Səfikürdski və X.Xasməmmədov) Mərkəzi Avropa dövlətlərinin (Almaniya, AvstriyaMacarıstan, Türkiyə və Bolqarıstan) yeni yaradılmış Qafqaz dövlətləri ilə əməkdaşlığı çərçivəsində keciriləcək konfransda iştirak üçün İstanbula gedir.

1918-ci il 26 iyun – Türkiyədə nəşr edilən “Təsviri-Əfkar” qəzetində “Azərbaycan Nümayəndə Heyəti” başlıqlı yazıda M.Ə.Rəsulzadə ilə geniş müsahibə verilir. Qəzetdə çap edilən fotonun altındakı yazıda isə M.Ə.Rəsulzadənin rəhbərliyində Xəlil Xasməmədov, Aslan bəy Səfikürdski və Əhməd bəydən ibarət Azərbaycan hökuməti nümayəndələrinin 25 iyunda İstanbula gəldiyi bildirilir. Qəzetdə verilən təqdimat yazısında M.Ə.Rəsulzadənin bir neçə il öncə İstanbulda olduğu və burada olarkən “TəsviriƏfkar” qəzetinin “İslam aləmi üzrə müxbiri” olduğu da qeyd edilir.

1918-ci il 22 iyul – İstanbulda nəşr edilən “Vakit” qəzetində “Kafkasya işləri: Rəsulzadə Mehmet Emin Bəyin Bəyanatı” başlıqlı yazı çap edilir.

1918-ci il avqust – İstanbulda olarkən, İran Konsulluğuna Azərbaycanın müstəqilliyi haqqında bəyannamə göndərir. Konsulluq əməkdaşları isə Azərbaycan adlı dövləti tanımadıqları haqqında olan məktubu geri qaytarır.

1918-ci il 3 sentyabr – İstanbulda nəşr edilən “Vakit” qəzetində M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan Nümayəndə Heyətinin fəallığı ilə keçirilən tədbir haqqında “Azərbaycan Haqqında Konfrans” başlıqlı yazı çap edilir.

1918-ci il 6 sentyabr – Azərbaycanın Xarici İşlər Naziri M.Hacınskiyə yazdığı məktubda Bakının azad edilməsinin həyati əhəmiyyət daşıdığını bildirir.

1918-ci il 15 sentyabr – Türkiyənin Hərbi Naziri Ənvər Paşa ona zəng edib, Bakının alınması – Qurtuluşu xəbərini verir.

1918-ci sentyabr – M.Ə.Rəsulzadə Rusiya və Almaniya arasında Azərbaycanın müstəqilliyini şübhə altına alan Brest-Litovsk sazişinə əlavə olan 27 avqust razılaşmasına etiraz edir və Almaniyanın İstanbuldakı səfirinə etiraz bəyanatını çatdırır. “İqdam” qəzetində çıxış edir, “Bakısız Azərbaycan, başsız bədəndir” deyir.

1918-ci il 23 sentyabr – İstanbulda nəşr edilən “Vakit” qəzetində M.Ə.Rəsulzadənin Almaniya və Sovet Rusiyası arasında neft qarşılıqlı anlaşmasına və Bakının Azərbaycana aid olmadığına etiraz olaraq, Almaniya səfir vəkili Konta (Valdeburqa) bir nota verdiyini bildirən “Azərbaycanın Almaniya hökumətinə notası” adlı yazısı çap edilir.

1918-ci il oktyabrın sonu – M.Ə.Rəsulzadə İstanbuldan Bakıya qayıdır.

1918-ci il 16 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirilir və Azərbaycan xalqına müraciət qəbul edilir.

1918-ci il 19 noyabr – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir. 1918-ci il 7 dekabr – M.Ə.Rəsulzadə Azərbaycan Parlamentinin açılışında ilk çıxışı edir. Məşhur tarixi sözlərini də ilk dəfə burada səsləndirir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edir. O, həmçinin Parlamentdə iki komissiyada – “Müəssislər Məclisini çağırmaq” və “Maliyyə büdcə” komissiyasında təmsil olunur.

1919-cu il 14 aprel – M.Ə.Rəsulzadə Azərbaycan Parlamentinin 29-cu iclasında çıxış edib, ermənilərin iddialarını rədd edir. Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir.

1919-cu il 15 noyabr – M.Ə.Rəsulzadənin təşəbbüsü və Parlamentdə bir neçə dəfə çıxışındakı tələbi əsasında Bakı Dövlət Universiteti təsis edilir və o, burada tarixfilologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur.

1919-cu il 2-12 dekabr – Bakıda “Müsavat” Partiyasının II qurultayı keçirilir. M.Ə.Rəsulzadə Partiyanın sədri seçilir.

1919-1920-ci illər – M.Ə.Rəsulzadə Azərbaycan Parlamentində fəal çıxış edir, problemlərə münasibətini bildirir. Bütövlükdə isə 114 iclasdan 80-də çıxış edir.

1920-ci il – Bakıda “Azərbaycan” qəzetinin hökumət mətbəəsində M.Ə.Rəsulzadənin “Azərbaycan təşəkkülündə Müsavat” kitabı nəşr edilir.

1920-ci il 27 aprel – M.Ə.Rəsulzadə Parlamentin son iclasında çıxış edərək, bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir. Elə həmin gecə onun məsləhəti ilə “Müsavat” Partiyasının “Gizli Mərkəzi” yaradılır.

1920-ci il may – Bolşeviklərin Azərbaycanı işğalından sonra M.Ə.Rəsulzadə təqib olunur, əvvəl Bakıda – Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini yazır.

1920-ci il 17 avqust – Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər onu həbs edib Bakıya gətirir.

1920-ci il noyabr – İ.V.Stalin Bakıya gəlir və M.Ə.Rəsulzadəni həbsdən azad edib özü ilə Moskvaya aparır.

1920-ci il noyabr – Moskvada nəzarət altında yaşayır. Ona RSFSR Millətlər Komissarlığı nəzdində yaradılması nəzərdə tutulan Şərq Xalqlarını Öyrənmə Cəmiyyətinə rəhbərlik etmək təklif edilir, lakin o, bu təkliflə razılaşmır. O, eyni zamanda Şərq Ölkələri zəhmətkeşlərinin Kommunist Universitetində professor vəzifəsində çalışmaqdan da imtina edir. Hətta Stalinin bu işə müdaxiləsi də M.Ə.Rəsulzadəni razı salmır. Moskvada olarkən o, yalnız Şərq Ölkələri İnstitutunda (keçmiş Lazarev İnstitutu)fars və rus dillərindən dərs deyir, müəllim olaraq çalışır. Bu müddətdə o, elmi tədqiqat işləri ilə məşğul olur, “Jizn Nasionalnostey” (“Millətlər Həyatı”) jurnalında yazılar çapetdirir.

1922-ci il aprel-may – M.Ə.Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir. 15 gün ərzində fin əsgərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır. Burada olarkən tanınmış mücahid Abdulla Battas-Taymasla da görüşür. Helsinkidə M.Ə.Rəsulzadənin şərəfinə verilən ziyafətdə Peterburq imamı Lütfi İshaqi də iştirak edir, onun haqqında xoş sözlər söyləyir. Helsinkidə pasport və viza işlərini tamamladıqdan sonra Fransaya, oradan Berlinə, oradan isə Türkiyəyə gedir.

1922-ci il oktyabr-noyabr – M.Ə.Rəsulzadə Türkiyədə – İstanbulda olur.

1923-cü il 31 mart – M.Ə.Rəsulzadə İstanbuldan Polşanın görkəmli dövlət xadimi, Ali Baş Komandan Marşal Jozef Klement Pilsudskiyə fransızca məktub yazır, 10-a qədər azərbaycanlı zabitin Polşa ordusunda xidmət etməsinə razılığına görə ona təşəkkürünü bildirir.

1923-cü ilin mayı – İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” kitabı nəşr edilir və həmin il İzmirdə keçirilən “İzmir İqtisadi Konqresi”ndə “İqtisadi Misak” (Bəyannamə) proqramında və “Kitab Bayramı” tədbirində (sərgisində) Atatürk mükafatına layiq görülür.

1923-cü il 26 sentyabr – Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalını nəşr edir.

1923-cü il 17 noyabr – M.Ə.Rəsulzadə İstanbulda bu ünvanda yaşayır: Çarşıqapı, Qəndilli küçəsi-5. (Çox ehtimal ki, “Yeni Qafqasiya” jurnalı da burada nəşr
edilib). M.Ə.Rəsulzadə 1923-cü ildə 17 noyabrda Parisə – Ə.M.Topçubaşova göndərdiyi məktubda bu ünvana köçdüyünü bildirir.

1924-cü il – “Müsavatın Xarici Əlaqələr Bürosu”nu və “Azərbaycan Milli Mərkəzini” yaradır.

1924-cü il – İstanbulda tanınmış mütəfəkkir Ziya Göyalpın dəfn mərasimində olur və çıxış edir.

1923-1925-ci illər – İstanbulda “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir.

1925-ci il 6 may – Parisə – Ə.M.Topçubaşova göndərdiyi məktubda yaşayış yerini dəyişib bu ünvanda məskunlaşdığını qeyd edir: “Ayasofya, Yerəbatan küçəsi N 6, Molla Nəcməddinin mülkündə”.

1925-ci il – İstanbulda mühacirətdə yaşayan gənclər qarşısında “İstiqlal məfkurəsi və gənclik” mövzusunda cıxış edir.

1926-cı il 15 iyul – İstanbulda M.Ə.Rəsulzadənin, N.Ramişvilinin T.Qolubko və Polşanın Türkiyədəki hərbi attaşesi polkovnik T.Şetsellə danışıqları
əsasında “Qafqaz İstiqlal Komitəsi” yaradılır.

1926-cı il 15 noyabr – M.Ə.Rəsulzadə Polşa Xarici İşlər Nazirli-yinin rəsmisi olan Tadeuş Qolubkoya məktub yazır və “Yeni Qafqasiya” jurnalına dəstək göstərməsini xahiş edir.

1926-cı il Paris – İlk dəfə burada Beynəlxalq təşkilat olaraq “Prometey” hərəkatı yaradılır. Hərəkatın yaradılmasında M.Ə.Rəsulzadə də daxil olmaqla keçmiş Rusiya imperiyasının ayrı-ayrı xalqlarının liderləri fəallıq göstərir. Prometeyçilərin başlıca vəzifəsi bu idi: 1) Öz xalqlarında siyasi şüuru oyatmaq və onları öz talelərini həll etməyə hazırlamaq; 2) Avropa və dünya ictimaiyyəti qarşısında Sovetlər Birliyində yaşayan rus olmayan xalqların problemlərini açıqlamaq; 3) Bolşevik diktaturasını ifşa etmək; 4) İlk vaxtlar isə müxtəlif xalqlarla birgə mübarizə aparmaq səylərini birləşdirmək. Qeyd edək ki, ilk yaradılan “Prometey” hərəkatına Azərbaycan, Gürcüstan, Kareliya, Komi, Krım, Kuban, Povoljye, Şimali Qafqaz, Türküstan, Ukrayna, Ural nümayəndələri daxil idi.

1926-cı il – Parisdə, fransız dilində “Prometey” jurnalı nəşrə başlayır. Jurnal “Müstəqil Qafqaz Komitəsi” (Azərbaycan, Gürcüstan, Şimali Qafqaz) tərəfindən çap edilir. M.Ə.Rəsulzadə jurnalın redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

1927-ci il 11 iyul – M.Ə.Rəsulzadə Polşa dövlətinin rəsmisi olan T. Qolubkoya yazdığı məktubda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi vacibliyini bildirir.

1928-ci il Varşava – Burada “Əzilən Rusiya Xalqları Liqası” adlı “Prometey” cəmiyyəti yaradılır. Cəmiyyətə Azərbaycan, Gürcüstan, Don, Kareliya, Komi, Krım, Kuban, Povoljye, Şimali Qafqaz, Türküstan, Ukrayna və Uralın nümayəndələri daxil olur. Bu antibolşevik ittifaq sovet təbliğatı üçün böyük təhlükə yaradır. Bu təşkilat Polşa Xarici İşlər Nazirliyi və Baş Qərargahı tərəfindən Marşal Pilsudskinin birbaşa dəstəyi ilə fəaliyyət göstərir. Marşal Pilsudski SSRİ-yə qarşı mübarizə aparmaq üçün bütün mühacirlərin birləşdirilməsini və onların gücündən faydalanmağı vacib sayır. “Prometeyçilik” termininin müəllifi isə polyak polkovniki T.Şetselin olduğu bildirilir. O, 1924-1926-cı illərdə Polşanın Türkiyədəki hərbi attaşesi olub. Bu ideya – yəni antibolşevik cəbhənin yaradılması isə Polşa dövlətinin başçısı M.Pilsudski
tərəfindən müdafiə edilib.

1928-ci il – M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə “Azəri-Türk” jurnalı nəşr edilir.

1928-ci il – M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Milliyyət və bolşevizm” məcmuəsi və yazdığı “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” kitabı çap edilir.

1929-cu il 1 mart – M.Ə.Rəsulzadənin Baş redaktorluğu ilə İstanbulda “Odlu Yurd” jurnalı nəşr edilir.

1929-cu il 27 dekabr – M. Ə. Rəsulzadənin ümumi rəhbərliyi ilə “Odlu Yurd” adlı bülleten nəşr edilməyə başlayır. Bülleteni nəşr etməkdə əsas məqsəd bu idi: “Odlu Yurd” dərgisinin məşğul olduğu sahə və hadisələr haqqında ictimaiyyətə daha tez və müntəzəm informasiya vermək”. Bülletenin sonuncu – 54-cü sayı 1930-cu ilin martın 17-də nəşr edilib. Gündəlik yayın orqanı olaraq çap edilən bülletenin sahibi Abbasqulu Kazımzadə, məsul müdiri isə Kamal idi.

1929-cu il – Polşada – Varşavada, Polşanın Xüsusi Xidmət İdarəsi SSRİ-yə qarşı kəşfiyyat fəaliyyəti aparmaq üçün 2 saylı Ekspozituranı – Polşa Baş Qərargahının II Şöbəsinin kəşfiyyat bölməsini yaradır və M.Ə.Rəsulzadə Varşava qrupunun rəhbəri olur. Bu bölmə əsasən SSRİ-nin dağılması, Qafqazın, eləcə də Azərbaycanın azad edilməsi üçün mühacirlərin məsləhətlərindən faydalanır.

1930-cu il 29 mart – Parisdən və Varşavadan yaxın dostu Həmdulla Sübhi Tanrıövərə yazdığı məktublarda Paris konsulluğunun ona viza vermədiyi qeyd olunur. M.Ə.Rəsulzadə yazır ki, əgər bu Ankara hökumətinin əmrinə əsasən edilirsə, onda bu məsələnin açıqlanması lazımdır.

1930-cu il – Parisdə rusca “Panturanizm haqqında”, Varşavada isə “Panturanizm və Qafqasya problemi” kitabları rusca nəşr edilir.

1930-cu il – M.Ə.Rəsulzadənin H.S.Tanrıövərə və C.Hacıbəyliyə yazdığı məktublardan məlum olur ki, o, 1930-cu ildən başlayaraq Polşada yaşayır (təbii ki, Türkiyəyə qayıtmağa icazə verilmədiyindən məcburən bu ölkədə qalır, lakin İstanbulla da əlaqəsini itirmir və orada azərbaycanlıların fəaliyyətinə rəhbərlik edir, “Odlu Yurd” jurnalının da Baş redaktoru olaraq qalır). O, Varşavada Sluzevsko, Krzyesko 30 ünvanda yaşayır, bu dövlətin dəstəyi ilə sovet işğalı rejiminə qarşı mücadilə aparır. Eyni zamanda Fransada olur və sovet rejiminə qarşı fəallıq göstərir.

1931-ci il – Ankarada Türkiyə Xarici İşlər Naziri T.Rüşdi ilə SSRİ Xarici İşlər Naziri Litvinov arasında imzalanan müqaviləyə əsasən Türkiyə dövləti fəal mühacirləri ölkəsindən getməyə məcbur edir və SSRİ əleyhinə təbliğata imkan vermir. M.Ə.Rəsulzadənin və onun silahdaşlarının siyasi və mətbu fəaliyyətinə Türkiyədə son olaraq 1931-ci ildə sentyabr ayında Sovet dövlətinin təzyiqi ilə rəsmi qadağa qoyulur.

1931-ci il sentyabr – M.Ə.Rəsulzadənin Türkiyədən çıxmağa məcbur olan yaxın silahdaşları da siyasi sığınacaq alıb Polşada məskunlaşır. Almaniyada isə onların qəzet və jurnal nəşr etməsi üçün şərait yaradılır.

1932-ci il 10 yanvar – Almaniyada Berlində “İstiqlal” qəzetini nəşr edir.

1933-cü il 21 mart – M.Ə.Rəsulzadə “Azərbaycan Milli Mərkəzi” ilə bağlı Varşavada yazdığı anketdə Mərkəzin Varşavada, İstanbulda və Parisdə yerləşdiyini qeyd edir. O, eyni zamanda hər ay ona verilən 650 zlot məbləğindən M.Mehdiyevə və M.Vəkilliyə 68 dollar, Ə.Şeyxülislamova, A.Atamalıbəyova, C.Hacəbəyliyə, X.Xasməmmədovaa və M.Ə.Rəsuloğluna 30-32 dollar, Ə.M.Topçubaşova isə 40 dollar kömək olunduğunu qeyd edir. M.Ə.Rəsulzadə bu anketdə hər il Azərbaycana 3 emissarın göndərilməsi üçün 300 dollar, orada xalq arasında çağırış və vərəqələrin yayılmasına isə 100 dollara yaxın vəsaitin ayrıldığını bildirir.

1933-cü il 8 mart – M.Ə.Rəsulzadə 2 saylı Ekspozituranın rəhbəri olan polyak Xaraşkeviçlə görüşür, “Azərbaycan Milli Mərkəzi”nin fəaliyyəti ilə bağlı onu məlumatlandırır. Eyni zamanda Ə.M.Topçubaşov ailəsinin ciddi ehtiyac içində yaşadığını bildirir. Qeyd edir ki, Ə.M.Topçubaşovun böyük oğlu xarici sayıldığı üçün ona iş tapmaq mümkün deyil. Böyük qabiliyyəti olan kiçik oğlu isə məcburiyyətdən təhsilini dayandırıb. M.Ə.Rəsulzadə Xaraşkeviçi Ə.M.Topçubaşovun ailəsinə kömək etməyə razı salır.

1933-cü il mart – Varşavada yazdığı anketdə M.Ə.Rəsulzadə “İstanbulda Azərbaycanlı Tələbələr” Cəmiyyəti haqqında məlumat verir. Qeyd edir ki, bu cəmiyyət Türkiyədə təhsil alan tələbələrdən ibarətdir, 24 üzvü vardır. İdarə Heyətinin sədri Mehmet Əli bəydir (M.Ə.Rəsuloğlu). Bu, mədəni-maariflənmə və xeyriyyə formalı cəmiyyətdir. Öz üzvlərinə maddi və mənəvi dəstək verir. Əsasən də türk ictimaiyyətini Azərbaycan xalqının həyatı və mübarizəsi ilə tanış edir. 1933-cü il 19 noyabr – Varşavada “Azərbaycanda Milli Hərəkat” adlı çox əhəmiyyətli bir məqaləsini yazır və 1934-cü ilin yanvarın 12-də bu yazı 2 saylı Ekspozituraya daxil olur.

1934-cü il noyabr – Almaniyada, Berlində “Qurtuluş” jurnalını nəşr edir.

1935-ci il 24 iyun, Paris – M.Ə.Rəsulzadə Polşa Baş Qərargahı II Şöbəsinin 2 saylı Ekspoziturasının rəisi E.Xaraşkeviçə məktub yazır və bu məktubda Ə.M.Topçubaşovun ailəsinə təqaüdün verilməsinin davam etdirilməsi vacibliyini bildirir. Qeyd edir ki, bundan ötrü o, Ə.M.Topçubaşovun oğlu Ələkbər Topçubaşovu rus dilində nəşrini planlaşdırdıq- ları jurnala redaktor təyin etməyi qərara alıb. M.Ə.Rəsulzadə bununla Ə.M.Topçubaşovun ailəsinə maddi dəstəyin göstərilməsini mümkün sayır.

1936-cı il 24 may. Fransa, Paris, Henri Martin küçəsi, Kültür Fizik Klubu – Azərbaycan, Gürcü və Şimali Qafqasiyalılarla, Rusiya əsarətində yaşayan digər xalqların da nümayəndələrinin iştirakı ilə toplantı keçirilir. Toplantını M.Ə.Rəsulzadə açır və mayın 11-də Şimali Qafqazın, 26-da Gürcüstanın, 28-də isə Azərbaycan ilə Ermənistanın istiqlallarını elan etdikləri münasibəti ilə hamını təbrik edir, həmin hadisənin əhəmiyyəti haqqında geniş məlumat verir. Təbrizdən gürcü nümayəndəsi A.İ.Çxenkeli, Azərbaycan nümayəndəsi Mir Yaqub Mehdiyev, erməni A.İ.Xatisyan, ukraynalı A.Şulqin, “Prometey”in redaktoru G.Qvazava çıxış edirlər.

1936-cı il 5-7 avqust – Polşanın Varşava şəhərində M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə “Müsavat” Partiyasının konfransı keçirilir. Bu konfransda M.Ə.Rəsulzadə milli mübarizədə partiyanın siyasəti mövzusunda məruzə edir. Konfrans “Müsavat” Partiyasının siyasi platformasını, partiyanın xarici və daxili siyasətinə dair tezisləri və bir sıra başqa qətnamələri işləyib hazırlayır.

1936-cı il 9 avqust – M.Ə.Rəsulzadə Polşanın Parisdəki diplomatı və kəşfiyyatçısı İ.Skarjinskiyə müşayiət məktubu göndərir, “Müsavat” Partiyasının Varşavada keçirilən konfransı haqqında geniş məlumat verir.

1936-cı il – Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Türkiyə türkcəsində, Parisdə isə rusca çap etdirir. Onun Parisdə fransızca “Azərbaycan” kitabı da nəşr edilir.

1936-cı il 17-26 avqust – Parisdə Azərbaycanın, Povoljyenin, Uralın, Krımın, Şimali Qafqazın və Türküstanın müsəlman xalqlarının nümayəndələrinin iştirakı ilə qurultay keçirilir. Qurultay iştirakçıları “Rusiyada əzilən Türk Xalqları İttifaqı” adlı təşkilat yaradır. Aprelin 26-da Krımın türk müsəlman xalqlarının lideri Cəfər Seyidəhməd, Azərbaycandan M.Ə.Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa Vəkilli, Şimali Qafqazdan M.G.Şuns, Povoljye və Uraldan A. İshaqi, Türküstandan M.Çokay razılaşır ki, qarşıdakı bir neçə ay ərzində qəbul edilmiş, protokola uyğun və həmin ili keçiriləcək qurultayda Daimi Şura yaradılsın. Bu işləri yerinə yetirmək üçün ittifaqın Baş katibi Cəfər Seyidəhməd, katib Mustafa Çokay seçilir. Təşkilatın gizli saxlanılması məqsədəuyğun hesab edilir. 1937-ci il 21 may – “Azərbaycan problemi” mövzusunda 200-ə qədər adamın iştirak etdiyi Berlindəki Humbold Ali məktəbinin klubunda maraqlı çıxış edir. Tədbirdə müxtəlif nazirliklərin, müəssisələrin, elm və mətbuat sahəsinin təmsilçiləri iştirak edir.

1937-ci il 2-22 may – Almaniyanın Berlin şəhərində olur. Almaniya Nasional Sosialist Fəhlə Partiyasının Xarici Siyasət İdarəsinin, Almaniya Təbliğat Nazirliyinin yüksək vəzifəli məmurları ilə görüşür. Müəyyən edir ki, bu dairələr Sovetlər Birliyində milli problemlərlə çox ciddi maraqlanır.

1937-ci il – Almaniyada almanca “Azərbaycan problemi” əsərini çap etdirir.

1938-ci il – Varşavada polyakca “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

1939-cu il avqust – M.Ə.Rəsulzadə Ayaz İshaqi ilə birlikdə Rumıniyanın Dobruca bölgəsində, Köstəncə (Konstansa) şəhərində olur. Burada Dobruca Mədəniyyət Birliyinin onların şərəfinə keçirdiyi tədbirdə iştirak edir (O dövrdə, burada çoxlu sayda türklər yaşayırdı).

1939-cu il 6 sentyabr – M.Ə.Rəsulzadə II Dünya müharibəsinin başlaması və Polşanın sentyabrın 1-də almanların, sentyabrın 18-də isə sovetlərin işğalı üzərinə bu ölkəni tərk edir. Köstəncədə dostu, Türkiyəni Rumıniyada Böyükelçi olaraq təmsil etməyə gələn Həmdulla Sübhi Tanrıövəri qarşılayır və onunla birlikdə Buxarestə gedir. Burada 1945-ci ilin əvvəllərinə qədər yaxın dostu, Türkiyənin Rumıniyadakı Böyükelçisi Həmdullah Sübhi Tanrıövərin himayəsində “Kiryazi” otelində yaşayır.

1941-ci il 10 avqust – Rumıniyanın Buxarest şəhərində olur, Nizamiyə həsr etdiyi “Azərbaycan şairi Nizami (1141-1209)” əsərini yazır.

1940-1943-cü illər – Buxarestdə yaşayır. Almaniyada olur, azərbaycanlı əsirlərin xilasına çalışır. Almaniya hakimiyyət dairələri ilə danışıqlar aparır, “Azərbaycan Milli Komitəsi”ni yaradır, almanların əsirlərlə bağlı yaratdığı “Azərbaycan Milli Komissiyası”na başçılıq edir.

1943-cü il 5 avqust – Azərbaycan legionerləri qarşısında çıxış edir. Almaniya hökumətinin yürütdüyü siyasətlə razılaşmadığını bildirib bu ölkəni tərk edir.

1944-cü il, 23 avqust – Rumıniyanın 1944-cü ilin aprelində ABŞ təyyarələri tərəfindən bombalanmasından sonra burada baş verən bir çevrilişlə hökumət devrilir. Yeni hökumət ruslarla atəşkəs elan edir. Bu vəziyyətdə M. Ə. Rəsulzadə Buxaresti tərk etmək məcburiyyətində qalır.

1945-ci il – Rumıniya işğal edildikdən sonra Avstriyaya gəlir, “İmperial” mehmanxanasında yaşayır, sonra Almaniyanın Mittenvald bölgəsindəki qaçqın düşərgəsində olur. Burada “Azərbaycan Demokrat Birliyi”ni yaradır. Bu birliyin də başlıca məqsədi azərbaycanlıları xilas etmək, onların sovet dövlətinə verilməsinin  qarşısını almaq idi. Çünki sovet dövləti legionerlərin çoxunu ya həbs edir, ya da güllələyirdi.

1946-cı il 5 avqust – Müvəqqəti yaşadığı Mittenvald bölgəsindən dostu, Türkiyənin Rumıniya Böyükelçiliyində 4 il hərbi attaşe olaraq çalışmış, (1940-cı ilin 23 iyunundan 1944-cü ilə qədər) albay Kənan Kocatürkə məktub yazır və özünün də, buradakıların da Türkiyəyə getmək istəyində olduğunu bildirir. O, bu məktubu Türkiyəyə Almaniyadakı düşərgəyə qaçqın işləri üzrə səlahiyyətli nümayəndə olaraq gəlmiş İhsan bəy vasitəsi ilə göndərir.

1947-ci il – Münhendə 30 səhifəlik “Azərbaycan tarixi” kitabını çap edib, azərbaycanlılar arasında yayır. “Azərbaycan-Türkiyə” Cəmiyyəti yaradıb azərbaycanlıların Türkiyəyə getməsini təmin edir.

1947-ci il 8 iyul – M.Ə.Rəsulzadənin Türkiyədə dostlarına yazdığı məktublar təsirini göstərir. Dostları (başda Həmdullah Sübhi Tanrıövər olmaqla) onun Türkiyəyə qayıtması üçün Xariciyyə vəkili ilə görüşüb razılaşır. Türkiyə Prezidenti İsmət İnönünün sərəncamı ilə Türkiyəyə qayıtmasına icazə verilir. Bildirilir ki, qərar Daxili İşlər Nazirliyinin 18.06.1947-ci il tarixli və 88717/249 saylı yazısı ilə verilən təklifə əsasən, 3519 saylı qanunun 22-ci maddəsinə əsasən Bakanlar Kurulunun 8.07.1947-ci il tarixində qərarlaşdırılıb. Həmin dövrdə Bakanlar Kurulu qərarı ilə M.Ə.Rəsulzadə Türk vətəndaşlığına qəbul edilir və 1947-ci ilin sentyabrında Türkiyəyə gedir.

1949-cu il 2 fevral – Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır.

1949-cu il – Ankarada “Azərbaycan Kültür Gələnəkləri” kitabı çap edilir.

1949-cu il – Həmin dövrdən M.Ə.Rəsulzadə Milli Təhsil Nazirliyində Yayım Müdirliyində və Milli Kitabxanada çalışmağa başlayır.

1950-ci il – “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabı çap olunur.

1951-ci il – Türkiyənin elmi ictimaiyyətində böyük marağa səbəb olan “Azərbaycan şairi Nizami” əsərini nəşr etdirir.

1951-ci il 18 yanvar – ABŞ dövlətinin dəstəyi ilə “SSRİ Xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi” yaradılır və Komitənin rəhbəri İ.Don-Levin M.Ə.Rəsulzadəni İtaliya və Almaniyaya dəvət edib onu əməkdaşlığa çağırır.

1951-ci il – Münhendə “Amerika Komitəsi”nin təşkilatçılığı ilə konfrans keçirilir və M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Azərbaycan Milli Mərkəzi” Məhəmməd Kəngərlinin timsalında tədbirdə təmsil edilir.

1952-ci il 1 aprel – M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşrə başlayır.

1952-ci il 11-16 dekabr – Münhendə Ümumqafqaz Konfransı keçirilir və M.Ə.Rəsulzadə burada çıxış edir. 1953-cü il may – “Amerika Komitəsi”nin dəvəti ilə M.Ə.Rəsulzadə Almaniyaya gedir. Azərbaycanın İstiqlalının 35 illiyi münasibəti ilə “Amerikanın səsi” radiosunda çıxış edir və səsi vala yazılıb ona bağışlanır.

1953-cü il 30 may – İstanbulda İstanbul Universitetinin böyük qəbul zalında türk dünyasının digər tanınmış şəxsiyyətləri ilə birgə M.Ə.Rəsulzadənin də jurnalist fəaliyyətinin 50 illiyi təntənə ilə qeyd edilir. Tədbiri ilkin olaraq Türkiyənin Xalq Maarif Naziri Rıfki Səlim Burçak açır və M.Ə.Rəsulzadəni, digərlərini salamlayır. Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Həqqi Tariq, yaxın dostu Həmdulla Sübhi Tanrıövər çıxış edib, M.Ə.Rəsulzadənin fəaliyyətini yüksək dəyərləndirirlər. Sonra özü çıxış edir və səsi lentə yazılır. İki gün sonra keçirilən əsərlərinin sərgisində tamaşaçılar ənənəyə görə onun da səsini dinləyir. 1954-cü il 27 may – Türkiyədə nəşr edilən “Dünya” qəzetinin 5-ci sayında “Stalinlə ixtilal xatirələri”ni çap etdirir. Bu xatirələrin nəşri qəzetin 15-16 iyunda çap olunan 25-26-cı sayına qədər davam edir. Onun bu xatirələri türk ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

1955-ci il 6 mart – M.Ə.Rəsulzadə Ankarada 71 yaşında dünyasını dəyişir, “Əsri” məzarıstanlığında dəfn edilir.

1955-ci il mart-aprel – Ölümündən sonra “Azərbaycan Kültür Dərnəyi” İdarə Heyəti M.Ə.Rəsulzadənin qəbrini düzəltdirmək, əsərlərini çap etdirmək üçün fond təsis edir. Fondun İdarə Heyətinə aşağıdakılar daxil olur: Rəsul Ünsal, Kərim Odər, Həmid Ataman, T.Cüm. Ziraət Bankası, Ankara Mərkəz müdirliyi nəzdində “Mehmet Əmin Rəsulzadəni Yaşatma Fondu” adı ilə 6021 saylı hesab açılır.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo