Siyasət

Çexoslovakiya niyə dağıldı? – Yaxınlaşmaq üçün ayrılmaq

29 İyul, 2022
1393

Açıq mənbələrdən götürülüb

Toplum TV Yaroslav Şimovun “Azadlıq radiosu”nun Rusiya xidmətində yayımlanan məqaləsini təqdim edir. Şimovun “Yaxınlaşmaq üçün ayrılmaq” adlı məqaləsi Ukrayna müharibəsi fonunda xalqların bir-birindən ayrılması prosesinə işıq tutur.

“Çexiyada yaşadığım əsrin dörddə bir hissəsi qədər müddətdə rusiyalı dost və tanışların buradakı gerçəkliklərlə bağlı müxtəlif suallarına cavab verməli oldum. Bir neçə dəfə səslənən bir sual xüsusən yaddaşımda qaldı. O, belə səslənirdi: “Çexlər Slovakiyanı itirdiklərinə görə təəssüflənirlərmi?” Çexoslovakiyanın bir neçə aydan sonra 30-cu ildönümü olacaq parçalanmasını tanışlarımın məhz bu cür şərh etməsi əvvəlcə  qəribə gəlirdi. Sonra daha az təəccübləndim. İndi, Rusiya-Ukrayna müharibəsinin qızğın vaxtında heç təəccüblənmirəm, bu mətnin sonunda izah edəcəyəm niyə. Hazırkı müharibə mədəni yaxınlığı olan xalqların “boşanması”, bunun bəzilərində niyə “məxməri”, digərində isə faciəvi olması mövzusunu aktuallaşdırdı.

Macarlardan çexlərə, çexlərdən almanlara və geriyə

Beləliklə, çexlər Slovakiyanı itirməklərinə görə təəssüflənirlərmi? Əgəs sualı sırf belə qoysaq, yox, çünki çətin ki, Slovakiyanı nə zamansa özlərinki hesab ediblər. Malik olmadığın bir şeyi itirməyə görə necə təəssüflənmək olar ki? Özü də indiki Slovakiya 1918-ci ilə qədər 9 əsr ərzində “Yuxarı Macarıstan” kimi tanınırdı və Karpatdan Adriatik dənizinə qədər uzanan Macarıstan krallığının tərkibinə daxil idi. Krallıq milli azlıqlara münasibətdə mədəni assimilyasiya siyasəti yürüdürdü. Nəticədə slovakdilli məktəblər minimum sayda idi, yerli elitanın əhəmiyyətli hissəsi isə böyük karyera perspektivləri vəd edən macar dilini və mədəniyyətini mənimsəmişdi. Yeri gəlmişkən, Avstriya və Rusiya qoşunları tərəfindən yatırılan 1848-1849-cu illər macar inqilabının iki simvolu, siyasətçi Layoş Koşut və şair Şandor Petöfi (Aleksandr Petroviç) slovak kökənli idilər (Petöfinin serb kökənli olması da ehtimal edilir – Toplum), amma ikisi də özünü macar sayırdı və alovlu macar vətənpərvəri idilər.

https://toplum.tv/dunya/haqqinda-cinayet-isi-acilan-rusiyali-deputat-qorxu-ve-nese-demek-arasinda-qalanda-ikincisini-secirem

XX əsrin əvvəllərində slovak milli hərəkatının o qədər az xadimi qalmışdı ki, tarixi lətifəyə görə, bir dəfə “şüurlu” slovaklar həmfikirlərindən birinin evində toplaşanda, ev sahibi tavana baxır və kədərli zarafat edir: əgər indi evin damı uçsa, bütün milli dirçəliş onun dağıntıları altında qalıb məhv olacaq. Elə bu zaman, slovak qülləsindən baxsaq, möcüzə baş verdi. Avstriya-Macarıstan Almaniya ilə birlikdə Birinci dünya müharibəsini uduzdu və parçalandı. Slovaklarla müqayisədə müstəqillik uğrunda hərəkatları daha güclü, milli şüuru isə daha inkişaf etmiş çexlər qalib dövlətlər qarşısında iki slavyan xalqın şəksiz mədəni və dil yaxınlığına istinad edərək, belə demək olarsa, Slovakiyanı macarlardan “oğurladı”. Amma bu, o demək deyil ki, Slovakiya Çexiyanın bir hissəsi oldu.

Slovak nöqteyi-nəzərinə görə, yaranmış Çexoslovakiya respublikası, əsrlərlə sürən macar ağalığına nisbətən irəiyə doğru addım oldu. ÇSR daxilində slovaklar mədəni və qismən siyasi inkişaf fürsəti əldə etdilər və sonrakı hadisələr göstərdi ki, çox sürətlə millət kimi “yetişdilər”. ÇSR-in rəsmi ideologiyası çex və slovakları “çexoslovak dili”nin iki variantında danışan vahid çexoslovak xalqının iki bərabərhüquqlu qolu hesab edirdi. Hətta komik səslənən formul yarandı: slovaklar Slovakiyada yaşayan çexlərdir, çexlər isə Çexiyada yaşayan slovaklardır. Hər iki hissə sanki bir-birinə aid idi.

Amma bu formulla hamı razı deyildi. Slovak siyasətçilər 1918-ci ilə qədər macarca Pojon adlanan Bratislavaya muxtariyyət verməyən Praqanın mərkəziyyətçi siyasətindən şikayət etməyə başladılar. Müharibələrarası dövrdə katolik mühafizəkarlıq ilə yanaşı muxtariyyət slovakların aparıcı siyasi partiyası, öz təsisçisi, katolik keşişi və alovlu millətçi Andrey Qlinkanın adını daşıyan Slovak xalq partiyasının ideologiyasına çevrildi. Təşkilat Praqada bir-birini əvəz edən hökumətlərə daim müxalifətdə idi və tədricən radikallaşırdı. 1938-ci ilin avqustunda, Münhen sazişindən ayyarım əvvəl vəfat edən Qlinkanın özünü milli-mühafizəkar adlandırmaq olardısa, partiyasının bir çox “gənc aslanları” Mussolini və Hitlerə istiqamətlənən açıq faşistlər idi.

1939-cu ilin martında bu pərəstişkarlar Berlinə lazım oldu. Hitler Qlinkanın xələfi, özü də katolik keşiş olan  Yozef Tisoya ultimatum verdi: ya Slovakiya birtərəfli qaydada və Almaniyanın himayəsi altında müstəqilliyini elan edir, ya da keçmiş sahibləri – macarlar ölkəni işğal edirlər. Həmin vaxt zəifləmiş Praqanın verdiyi geniş muxtariyyətlə əslində qane olan Tiso birincini seçdi. Tarixdə ilk, indiki slovakların çoxunun utandığı müstəqil slovak dövləti belə yarandı. Tiso rejimi nəinki Üçüncü reyxin müttəfiqi oldu, Polşa və SSRİ-yə qarşı müharibələrdə iştirak etdi, üstəlik 60 minə qədər Slovakiya yəhudisini nasist düşərgələrində ölümə göndərdi. 1944-cü ildə ölkədə üsyan baş verdi, almanlar onu yatıra bilsələr də, bir-iki aydan sonra Qırmızı ordu Slovakiyaya daxil oldu. Çexoslovakiya respublikası bərpa edildi, Tiso ömrünü dar ağacında başa vurdu, 1948-ci ildə isə kommunistlər çevriliş etdi və 40 illiyinə hakimiyyətə gəldilər.

“Məxməri boşanma”nın məntiqi və qəribəlikləri

Kommunist Çexoslovakiyasında iki xalq arasında ixtilaflar qalırdı, amma heç vaxt kəskin olmadı. “Çexoslovakizm”in əvvəlki halından imtina edildi: müharibədən sonra daha kimsə “bir xalqın iki qolu” haqqında danışmırdı, iki müxtəlif, amma yaxın xalqdan bəhs olunurdu. Praqa baharının qısa dövründə ölkənin federallaşması barədə səslər çoxaldı. 1969-cu ildə bunu həqiqətən də etdilər, amma məhdud şəkildə və heç bir demokratiyasız: həmin vaxt Çexoslovakiyada Praqa baharını boğan SSRİ-nin və satellitlərinin qoşunları ağalıq edirdilər. Həm islahatların, həm də onların boğulmasının simvolu iki slovak, “ikisi birində” ölkənin kommunist liderləri – Aleksandr Dubçek və Qustav Qusak idi. Yeri gəlmişkən, onların hər ikisi çox vaxt, o cümlədən Praqada öz doğma dillərində çıxış edirdilər. Müqayisə üçün Ukraynada doğulan Leonid Brejnevin partiya qurultayında ukraynaca danışmasını təsəvvür edək.

Qusakın tutqun “normallaşma” dövründə vətənindəki qaydalar, nə qədər qəribə olsa da, Çexiyadakından yumşaq idi. İşsiz qalan bəzi çex dissidentləri Bratislavada iş tapdılar, buradan çıxan bəzi kitabların Praqada nəşri ağlagəlməz idi. Hərçənd, bu, olduqca məhdud “liberalizm” idi, Slovakiyadakı dissidet hərəkatı isə Çexiyadakından zəif idi və mühafizəkar-katolik çalar daşıyırdı. Gerçək liberalizm barədə 1989-cu ilin “məxməri inqilabı”ndan sonra danışmaq mümkün oldu. Məhz bu zaman iki respublikanın yolları sürətlə və qəti ayrılmağa başladı. “Milli mahnılar oxumaqla başladıq, sonra da daş atmağa keçdik”, - həmin illərdə federasiyanın saxlanılmasının tərəfdarı olan Martin Şimeçka vətənindəki millətçi əhvalın təkamülünü belə xatırlayır. Onu da deyim ki, daş atanlar və “rədd olsun Praqa” qışqıranlar o zaman da azlıq təşkil edirdilər, amma daha qabarıq və səs-küylü idilər.

Çex və slovakların “məxməri boşanması”nda komik epizodlar bəlkə də dramatiklərdən çox idi. Məsələn, 1990-cı ildə bir neçə ayı məşğul edən “defis müharibəsi”: ölkənin adını necə, Slovakiyanın böyük müstəqilliyinin işarəsi olaraq defislə (Çexo-Slovakiya), ya da defissiz yazmaq barədə mübahisə. Üç ildən az müddət keçdikdə artıq yazacaq bir şey yox idi, federasiya dağıldı. Özü də hər iki respublikada vətəndaşların çoxu onun sonunu istəmirdi, vahid dövlətin bərpasına üstünlük verirdilər, doğrudur, çoxu heç təsəvvür etmirdi ki, necə bir dövlətin. Obyektiv olaraq isə Çexiya və Slovakiyanın siyasi və iqtisadi maraqları daha çox fərqlənirdi, daxili sərhədin hər iki tərəfində insanlar müxtəlif cür səs verirdilər: çexlər o zaman hələ qərbyönümlü liberal olan Vatslav Klausa, slovaklar isə millətçi-populist Vladimir Meçyara daha çox etibar edirdilər.

1992-ci ildə öz ölkələrin baş naziri vəzifəsini tutan bu iki nəfər Çexo-Slovakiyanın “buraxılması” haqqında razılığa gəldilər. Referendum keçirilmədi və federasiyanın prezidenti Vatslav Havel etiraz olaraq istefa verdi (doğrudur, yarım il sonra onu artıq müstəqil Çexiya respublikasının prezidenti seçdilər). Martin Şimeçka ümumi dövlətin ölümü ilə bağlı əsas paradoksu xatırladır: bir tərəfdən, seçicilərə öz sözlərini deməyə imkan vermədillər, digər tərəfdən, Çexiya və Slovakiya 1992-ci ildə elə sürətlə uzaqlaşırdılar ki, Klaus və Meçyar sadəcə qaçılmaz olanı tezləşdirdilər və sənədləşdirdilər.

Başqasını qonşu kimi görmək

Artıq müstəqil olan iki ölkənin sonrakı yolu da bunu isbatladı. Slovakiya “Dunayda Lukaşenko” adlanan Meçyarın təxminən on illik avtoritar, korrupsioner hakimiyyətini yaşadı. Sonra isə yetərincə uğurlu, amma qarmaqarışıq islahatlar ili oldu. NATO-ya (Çexiyadan beş il sonra), AB-yə (Çexiya ilə birlikdə) və avrozonaya (çexlər hələ ki, onun hüdudlarında kənarda qalmağa üstünlük verirlər) girdi. Sonra Robert Fitso başqa olmaqla sol populistlərin hakimiyyəti kimi yeni meçyarizm, ardınca araşdırmaçı jurnalist Yan Kutsyakın qətlindən doğan sarsıntı dalğasında slovak demokratiyasının təmizlənməsi cəhdi baş verdi. Bir sözlə, Slovakiyada darıxmazsan.

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

Çex yolu bir qədər daha rəvan oldu, hərçənd burada da müəyyən şeylər baş verdi. Uzun baş nazir və prezident müddətindən sonra Vatslav Klausun avroskeptikə, Kremlin dostuna və kovid-dissidentə çevrilməsi kimi. Ya da indiki prezident, uzun illər Putinin Avropadakı əsas dostlarından biri sayılan, Ukraynaya təcavüzdən sonra isə tamamilə başqa dildə danışan və RF prezidentini hətta “hərbi cinayətkar” adlandıran Miloş Zemanın əks istiqamətdə təkamülü kimi. Ötən payıza qədər baş nazir, indi isə ana müxalifət partiyasının lideri, milyarder Andrey Babişin də şəxsi maraqlıdır. O, Çexoslovakiya haqqında bir növ canlı xatirədir: bu populist siyasətçi və bəzi məlumatlara görə, kommunist xüsusi xidmətinin əməkdaşı milliyyətcə slovakdır, ona görə də rəqibləri ona qarşı zarafatyana Tramp şüarından istifadə edirlər: Make Babiš Slovak again!

Çexoslovakiyanın dağılmasına görə yüngül təəssüf hissi əhalinin bir hissəsində 30 il sonra da mövcuddur. Amma bu təəssüf başqa cürdür, “ölkəni dağıtdılar...” kimi postsovet deyingənliyi deyil. Çexlər və slovaklar bir-birlərinə məxsus deyildilər, onlar sadəcə, əsrin dörddə üç hissəsini pis-yaxşı bir yerdə yaşadılar. Ola bilər, bu iki xalqın bəxti onda gətirib ki, heç biri imperiya xalqı olmayıb və bu rola can atmayıb, hərçənd, daha azsaylı, iqtisadi cəhətdən daha zəif slovakların qonşularından incikliyi bir qədər çoxdur. Amma imperiyaların mərkəzi başqa yerlərdə idi və bir-birlərini əvəz edirdilər: Vyanada, Budapeştdə, Berlində, Moskvada. Beləcə kiçik xalqlar gah bu mərkəzlərin təsirinə uyğunlaşmalı, gah da mədəniyyəti, dövlətçiliyi, özü uğrunda onlara qarşı mübarizə aparmalı olurdu.

Amma istisna deyil ki, məsələ həm də başqa şeydədir. Qonşuda və qohumda sənə bənzəyən, ancaq yenə də fərqli və öz yolunu seçmək hüququ olan birisini görmək bacarığında. Belə qonşu ilə ayrılmaq, sonra da həyat təcrübəsi toplayaraq başqa şərtlər altında yenidən yaxınlaşmaq çətin deyil. Ümumi dövlətlərinin dağılmasında keçən 30 il ərzində sıx iqtisadi, mədəni və insani əlaqələri saxlayan çexlər və slovaklarda bu baş verdi. Hərçənd, ola bilər ki, Çexoslovakiyada yaşayan nəsildən fərqli olaraq, indi bir-birlərinin dilini sərbəst başa düşmürlər.

Mən bütün imperiyaların daxilən qüsurlu olmaları barədə ideyanın tərəfdarı deyiləm, tarix qeyri-imperiya tipli dövlətlərdə yaranan qəddar diktaturalara az şahidlik etməyib. Amma imperiya iyerarxikdir, qaçılmaz şəkildə bu və ya digər mədəniyyəti, dini, dili və onların daşıyıcılarını imperiya piramidasının daha yüksək, digərlərini daha aşağı pillələrinə qoyur. O zaman qonşu bərabərhüquqlu partnyora deyil, ağlı yetkin olmayan “kiçik qardaş”a çevrilir və öz ağlı ilə yaşamaq yolunda göstərdiyi bütün səylər guya tarix tərəfindən bir dəfə və həmişəlik müəyyənləşmiş “qardaş birliyi”nə qarşı cinayət sayılır. Buradan da imperiya tabeçiliyi münasibətlərinin başqa reallığa köçürülməsi baş verir, bu reallıq da mənim rusiyalı tanışlarımın çexlərin slovakları “itirmələri”nə görə təəssüflənib-təəssüflənmədikləri barədə sualda ifadə olunur.

Xalqların postimperiya “boşanma”larının nadir hallarda “məxməri” olmasının səbəbi məhz iyerarxik münasibətlərdədir. 2022-ci il fevralın 24-dən bəri biz belə uzun çəkən “boşanma”nın ən faciəli nümunələrindən birinə şahidlik edirik. Ruslar və ukraynalılar arasında uçurumun dərinliyi bu faciənin hələ nə qədər davam edəcəyindən asılı olacaq”.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo