Siyasət

Cümhuriyyəti quranların sonu – sürgün, güllələnmə, mühacirət...

Roza Məmmədova
28 May, 2021
1145

Açıq mənbələrdən götürülüb

Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq  Cümhiriyyətinin yaradılmasının 103-cü ili tamam olur.

1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını elan edib.

Cəmi 23 ay mövcud olmuş  respublika dövründə dövlətçilik ənənələri formalaşdırılıb, çoxsaylı islahatlar həyata keçirilib, məktəblər açılıb, ilk universitetin əsası qoyulub.

1920-ci il aprelin 28-də bolşeviklərin işğalı nəticəsində AXC-nin müstəqilliyinə son qoyulub, yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradılıb.

Bolşeviklər hakimiyyəti təhvil alanda AXC qurucularının, ictimai-siyasi xadimlərin həyatına təminat versələr də, sonra vədlərinə əməl etməyiblər.

Məhəmməd Əmin Rəsulzadə

Məmməd Əmin Rəsulzadə 1918-ci ildə ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib, Milli Şuranın sədri seçilib.

Cümhuriyyət qurulduqdan sonra bir neçə gün sonra Rəsulzadənin vasitəçiliyi ilə Batumda Osmanlı Türkiyəsi AXC-ni müstəqil dövlət kimi tanıyıb, iki dövlət arasında Dostluq Müqaviləsi bağlanıb. Rəsulzadənin

də imza atdığı bu müqavilənin 4-cü bəndinə görə, Osmanlı dövləti ehtiyac yarandığı halda AXC-yə hərbi yardım edə bilərdi.

Həmin il dekabrın 7-də AXC  parlamentinin açılışı olur, həmin gün Rəsulzadə sonradan dillər əzbəri olan olan ifadəni işlədir:“ Bir kərə yüksələn bayraq bir daha enməz”.

1920-ci ildə AXC-nin çətin dövrü başlayır. 23 aylıq fəaliyyətdən sonra aprelin 28-də Cümhuriyyət bolşeviklər tərəfindən işğal olunur, Rəsulzadə həbs edilir. Ancaq sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılır.

Stalinin təkidlərinə baxmayaraq, o, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edir, ömrünün sonuna qədər Azərbaycanın hüdudlarından kənarda – mühacirətdə yaşamağa məcbur 
qalır.

1955-ci ilin martın 6-da vəfat edən  Rəsulzadənin qəbri Ankaradadır.

Əlimərdan bəy Topçubaşov

Müstəqillik elan olunanda  Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci
ilin iyununda təşkil еtdiyi ikinci kabinetində portfеlsiz nazir, oktyabr ayında isə xarici işlər naziri vəzifəsinə təyin еdilir.

O, həmçinin AXC-nin Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq, müstəqilliyin tanınmasına nail olmaq məqsədi ilə Paris Sülh Konfransına Azərbaycanın nümayəndə heyətinin başçısı təyin edilir və bir ildən sonra cümhuriyyətin ildönümündə ABŞ Prezidenti V.Vilsonla görüşə bilir.

Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyəti Paris sülh konfransında AXC-nin müstəqilliyinin de-fakto tanınmasına nail olur, onlara konfransın rəsmi sənədi verilir.

Ancaq bir neçə ay sonra bolşeviklər AXC-nin müstəqilliyinə son qoyur, Topçubaşov da mühacirət etməyə məcbur qalır.

Sonrakı illərdə Rəsulzadə  Avropa və Türkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaradır, Topçubaşov da ömrünün sonuna qədər bu təşkilatın fəaliyyətində iştirak edir.

O,  1934-cü ildə iki il davam edən xəstəlikdən sonra Parisdə vəfat edir. Məzarı  Parisin Müqəddəs Kloud qəbiristanlığındadır.

Fətəli xan Xoyski

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan olunanda İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski idi. Elə həmin iclasda Milli Şura ona hökuməti təşkil еtməyi tapşırır və o, ilk Baş nazir və daxili işlər nazir vəzifələrini icra edir.

AXC dövründə fəaliyyət göstərən 5 hökumətin 3-nü Xoyski təşkil edib. İkinci hökumətin Baş və ədliyyə naziri, üçüncü hökumətin isə xarici işlər naziri vəzifəsində çalışıb.

Sovet hakimiyyəti qurulduqdan sonra Xoyski Tbilisiyə getməyə məcbur olub. İşğaldan 2 ay keçməmiş - 19 iyun 1920-ci ildə “Daşnaksütün” Partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən Tbilisidə odlu silahla qətlə yetirilib. Onun dəfn mərasimi Gürcüstan paytaxtındakı İran konsulluğunda təşkil olunub.

Qəbri Tbilisi qəbristanlığında Mirzə Fətəli Axundovun məzarının yanındadır.

Nəsib bəy Yusifbəyli

Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra birinci hökumətdə maliyyə və xalq maarifi naziri vəzifəsini, ikinci və üçüncü hökumətdə isə xalq maarifi və dini etiqad naziri vəzifələrini icra edir.

Onun təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edir.

Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşri də Yusifbəylinin nazir olduğu dövrün mühüm hadisələri sırasındadır.

Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra şəhəri tərk edən Yusifbəyli  1920-ci il mayın 31-də Kürdəmir qəzası ərazisində vəfat edir. Ehtimal olunan versiyalara görə, o “yol qəzasında”
planlaşdırılaraq öldürülüb.

Camo bəy Hacınski

Camo bəy Hacinski milli hökumətdə dövlət müfəttişi, poçt və teleqraf naziri olub.

İşğaldan sonra o, bir müddət Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi işləsə də, bu, çox çəkmir. 1922-ci ildə xüsusi əməliyyatla 3 il həbs cəzasına məhkum
edilir.

3 il Moskvanın Butırski və Çelyabinskdəki həbs düşərgələrində məhbəs həyatı yaşayır, daha sonra onu SSRİ-nin şimalına – Arxangelsk vilayətindəki Ağ dənizdə yerləşən "Solovki" (əsası 1919-cu ildə qoyulmuşdu, dünyanın ilk konslagerlərindən biri sayılır) düşərgəsinə göndərirlər.

1928-ci ildə sürgündən qayıdan Camo bəy Hacınski müxtəlif işlərdə çalışır, amma 1937–1938-ci illərdə bütün ölkədə tüğyan edən repressiya ondan da yan keçmir və yenidən həbs olunur.

O, Moskvadan gəlmiş eser Osintsev tərəfindən Azərbaycanda yaradılan gizli eser təşkilatının üzvü olmaqda günahlandırılır. Beləcə, 1938-ci il noyabrın 24-də Camo bəy Hacınski əvvəlcə Moskva yaxınlığındakı Kirov vilayətinə, daha sonra isə Sibirə sürgün edilir, 1942-ci ildə - 44 yaşında Sibirdə həbs düşərgəsində vəfat edir.

Yalnız ölümündən 14 il sonra SSRİ Ali Məhkəməsi hökm verərək barəsində bəraət qərarı çıxarır.

Həsən bəy Ağayev

Azərbaycanın İstiqlal bəyannaməsinə ilk imza atan Həsən bəy Ağayev idi. O, həmçinin Parlament sədrinin birinci müavini idi, Əlimərdan bəy Topçubaşov Paris sülh konfrasında iştirak etdiyindən parlamentə başçılıq edirdi.

1920-ci il aprel işğalından sonra digər dövlət xadimləri kimi o da mühacirət etməyə məcbur olaraq Tbilisiyə köçür. Amma bu addım onun həyatını xilas etmir, Həsən bəy Ağayev həmin il iyulun 19-da bir ay öncə Xoyskini qətlə yetirən muzdlu erməni terrorçusu tərəfindən evinin qarşısında qətlə yetirilir.

Həsən bəy Ağayev də Fətəli xan Xoyski kimi Gürcüstanın paytaxtında Axundovun məzarının yanında dəfn edilib.

Məmməd Həsən Hacınski

Məmməd Həsən Hacınski Azərbaycanın ilk xarici işlər naziri, daha sonra maliyyə naziri vəzifəsinə təyin olunur.

1920-ci il fevralın 18-dən ticarət, sənaye və ərzaq naziri vəzifəsini icra edir.

1919-1920-ci illərdə Topçubaşovun başçılığı ilə Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin tərkibində o da vardı.

1920-ci ildə Parlament yeni hökumətin təşkilini Hacınskiyə tapşırsa da, o, bolşeviklərdən müsbət cavab ala bilmir, aprelin 22-də hökumət təşkil etməyin mümkün olmadığını bildirərək Müsavat Partiyasından istefa verir.

AXC devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışsa da, bu, uzun çəkmir.

Bolşeviklərə inanıb Kommunist Partiyasında təmsil olunmasına baxmayaraq, Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski də repressiya edilir.

O, 1930-cu ilin dekabrında həbs olunur və ağır işgəncələrə məruz qalır.

İstintaq sənədlərinə görə, ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyindən əziyyət çəkən və vərəmə tutulan Hacınski 1931-ci ildə özünü asaraq intihar edib.

Firidun bəy Köçərli

Firuddun bəy Köçərli İstiqlaliyyət bəyannaməsini imzalayanlar sırasında olub. Ancaq sonradan o, seminariyadakı fəaliyyətinə üstünlük verdiyini açıqlayaraq Parlamentdə iştirak etməkdən imtina edir.

1919-cu il fevralın 1-də Müsavat Partiyasının Mərkəzi Komitəsi səyyar bürosunun təşəbbüsüylə Qazaxda partiyanın şöbəsi təşkil edilərkən Köçərli onun sədri seçilir.

1919-cu ildə zəhmətkeş əhali, xüsusilə kəndlilər və qadın cəmiyyəti general-qubernator Əmirxan Xoyskinin vəzifədən çıxarılmasına etiraz edərkən Köçərli Müsavat Partiyası adından xüsusi bəyanat verir, qəzanın əmin-amanlığı, əhalinin rifahı naminə general-qubernatorun geri qaytarılması tələbini irəli sürür.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər müsavatçıları "xalqa xəyanət”də, "milli nifaq törətmək”də, "torpaq və mülk zəbt etmək”də, general-qubernator Ə. Xoyskinin etibarlı şəxslərindən biri olmaqda ittiham edirlər.

Bundan sonra o, Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasında həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsinin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov şahidləri dindirmədən, verilmiş izahatları nəzərə almadan onun güllələnməsi haqda qərar çıxarırlar.

Qərarda belə yazılırdı: “Müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat Partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir...

Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”.

Aslan bəy Qardaşov

Müsavat Partiyasının üzvlərindən olan Aslan bəy Qardaşov Parlamentdə "Əhrar" fraksiyasını təmsil edib.

1918-ci il dekabrın 25-dən parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın tərkibində fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti təşkil edildikdə (14 aprel - 22 dekabr 1919-cu il) əkinçilik naziri vəzifəsi ona tapşırılıb.

1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar" fraksiyası adından koalisiyadan çıxdığını bəyan edir və nümayəndələrini hökumətdən geri çağırır. Bundan sonra, 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün
parlamentdə yaradılmış komissiyaya daxil olur.

Müzakirə zamanı hakimiyyəti bolşeviklərə təhvil vermək təklifini müdafiə edən Aslan bəyi onlar 1920-ci il iyulun 21-də güllələyirlər.

Mustafa Mahmudov

Mustafa Mahmudov Cümhuriyyət elan edildikdən sonra deputat seçilərək parlamentdə "Müsavat" fraksiyasını təmsil edir. O, eyni zamanda parlamentin aqrar komissiyasının üzvü olub.

Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra Mahmudov vətəni tərk etmir, buna görə də təzyiqlərə məruz qalır, işdən çıxarılır, millətçilikdə, "əks-inqilabi fəaliyyətdə" ittiham olunur.

1937-ci ilin noyabrında həbs edilir və bir neçə gündən sonra güllələnir.

Xəlil bəy Xasməmmədov

Xəlil bəy Xasməmmədov  AXC dövründə beş hökumət kabinetindən dördünün tərkibində iştirak edərək üç dəfə ədliyyə naziri, bir dəfə daxili işlər naziri vəzifələrini icra edib.

5-ci hökümətin dövründə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edildiyindən aprel işğalı zamanı Bakıda olmur.

Sovet hakimiyyəti dövründə vətənə qayıda bilməyən Xəlil bəy Xasməmmədov ömrünün sonuna qədər İstanbulda mühacirətdə yaşamağa məcbur olur və 1947-ci ildə Türkiyədə vəfat edir.

Nəriman Nərimanbəyli

AXC-nin mövcud olduğu 23 aylıq dövrdə Nəriman Nərimanbəyli dövlət müfəttişi vəzifəsini icra edir, ictimai-siyasi fəaliyyətdə aktivliyi ilə seçilir. Aprel işğalından sonra bir müddət hüquq məsləhətçisi, vəkil kimi çalışsa da, təzyiqlər səbəbindən işdən çıxmalı olur.

1937-ci ilin repressiyaları ondan da yan keçmir - 48 yaşında güllələnir.

Cavad bəy Məlik-Yeqanov

Cavad bəy Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü idi. O, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi İstiqlal Bəyannaməsinə imza atıb.

Cavad bəy 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilir, denikinçilərə qarşı mübarizə aparır. Həmin il avqustun 15-də AXC hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri"ni imzalayır, bütün diyarda hərbi vəziyyət elan edir, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynayır.

Məlik-Yeqanov işğaldan sonra 6 dəfə həbs edilsə də, rəsmi şəkildə ittihamlar təsdiqini tapmadığından sərbəst buraxılır.

1931-ci ildə "gizli" Müsavat Partiyasının üzvü olmaqda günahlandırılaraq həbs olunur. Məhkəmənin hökmü ilə 10 il uzaq şimala sürgün edilir və 1942-ci ildə orda vəfat edir. Ölümündən 17 il sonra Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilir.

Xudat bəy Məlikaslanov

Xudat bəy Məlikasalanov Azərbaycan Cümhuriyyətinin birinci və ikinci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, üçüncü, dördüncü və beşinci kabinetlərində yollar naziri vəzifələrində
çalışıb. Onun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçirilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılıb. 

Məlikaslanovun rəhbərliyi altında latın qrafikalı əlifbaya keçidlə bağlı qanun layihəsi hazırlanıb parlamentin təsdiqindən keçsə də, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

Aprel işğalından sonra Azərbaycan SSR-də lazım olan mütəxəssis kimi öz ixtisası üzrə rəhbər vəzifələrdə çalışır. Ancaq bu, çox çəkmir, 1934-cü ilin avqustunda həbs edilərək SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə sürgün edilir.

Bir ildən sonra 56 yaşında sürgündə vəfat edir. Ölümündən 25 il sonra - 1959-cu ildə bəraət alır.

Həmid bəy Şaxtantiski

Həmid bəy Şahtaxtinski Cümhuriyyət illərində Maarif və Dini Etiqad nazirliyinin idarəedicisi kimi fəaliyyətə başlayır. Sonradan Baş nazir N.Yusifbəyli ilə arasında fikir ayrılığı yarandığından işdən uzaqlaşdırılır, 7 ay yarım işsiz qalır.

Beşinci hökümət təşkil edilərkən o, yenidən Maarif və Dini Etiqad naziri təyin olunur, bu  vəzifəni 1920-ci ilin martın 5-nə qədər icra edir.

Cümhuriyyət dövründə maarif sisteminin inkişafında xidmətləri ilə seçilir. Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasında, Bakı Dövlət Universitetinin açılışının təşkilində fəal iştirak edir.

Sovet hakimiyyəti qurulduqdan sonra o da bir müddət müxtəlif vəzifələrdə çalışır, amma 1941-ci ildə həbs edilərək Arxangelskə sürgün edilir.

1944-cü il fevralın 3-də sürgündə vəfat edir.

Xosrov bəy Sultanov

Xosrov bəy Sultanov parlament üzvü olur, birinci hökumət kabinetində isə hərbi nazir postunu icra edir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ermənistanın daşnak hökumətinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırım siyasətinin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb Müvəqqəti Qarabağ general-qubernatorluğu yaradır. Xosrov bəy Sultanov 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin edilir.

1918-20-ci illərdə Qarabağ və Zəngəzurun daşnak-erməni dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə mübarizə aparır. 

Aprel işğalından sonra digər cümhuriyyətçilər kimi o da mühacirət etməyə məcbur olur.

Mühacirətdə olduğu illərdə ictimai-siyasi fəaliyyətini davam etdirir, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışır.

Türkiyədə olarkən İkinci dünya müharibəsində əsir düşmüş azərbaycanlıların həbs düşərgələrindən azad olunmasına yaxından köməklik edir, Fransada Azərbaycan xəstəxanası açır.

Ömrünün sonuna qədər mühacirətdə yaşamalı olan Sultanov 1943-cü ildə Türkiyədə, İstanbul şəhərində vəfat edir.

Mir Hidayət bəy Seyidov

Mir Hidayət bəy Seyidov Cümhuriyyətin yaradılmasında yaxından iştirak edib. O, İrəvan mahalı ermənilərə verilərkən bu qərarın əleyhinə səs verən 3 nəfərdən biridir.

1918-ci ildən başlayaraq ermənilər Naxçıvana aramsız hücumlar etdiyindən Mir Hidayət bəy Naxçıvana qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edir, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir.

Seyidov elə Naxçıvanı müdafiə etdiyi dövrdə - 31 yaşında müəmmalı vəziyyətdə vəfat edir. Onun hansı şəraitdə, necə öldüyü haqqında informasiya yoxdur.
 

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo