Siyasət

Dəyişiklikləri nə dindarlar bəyənir, nə ateistlər

30 İyun, 2021
1248

Sputnik

“Valideynlərimin inancına görə özümü həmişə tək hiss etmişəm”

 “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərə münasibətini soruşduğumuz Sitarə Məmmədli belə deyir.

 İyunun 17-də Milli Məclis bu qanuna dəyişikliklər edib.

Yeni müddəalara görə, valideynlər və ya digər qanuni nümayəndələr qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların hər hansı dinə etiqada məcbur edilməsi isə qadağan edilir, dini tərbiyə onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Uşaqlıq illərini, məktəb dövrünü kədərlə xatırlayan Sitarə Məmmədlinin sözlərinə görə, anasının istəyilə erkən yaşdan başını bağlamalı olub.

“Valideynlərim ayrılmışdılar. Amma atam bizə nəzarət edirdi. Elə anam da atamla evləndikdən sonra başını bağlamağa başlamışdı. Çünki atamgilin nəslində bütün qadınlar başını bağlayır, qapalı geyinirdi. Mən də əvvəldən belə gördüyüm üçün bunu normal qəbul edirdim. Bütün geyimlərim eyniydi - qapalı, tünd rənglərdə...”

Hazırda 28 yaşı olan Sitarə uşaq vaxtı elə bilirmiş ki, qapalı geyindiyi üçün bir gün mükafatlandırılacaq.

“Çünki valideynlərim belə deyirdi. Atam bütün başıaçıq qadınlara eyni gözlə baxırdı- o qadınlar onun gözündə əxlaqsız idi. Düzünü desəm, bir yaşa qədər mən də o düşüncədə olmuşam”.

O günləri gülümsəyərək xatırlayan Sitarə deyir ki, özünü yeniyetmə dövründə kəşf etməyə başlayıb.

“Məktəb yoldaşlarım həmişə məni ağıllı, tərbiyəli biri hesab edir, mənimlə, demək olar ki, zarafatlaşmırdılar. Onların gözündə mən sinfimizdəki ən tərbiyəli qız idim. Belə qulağa xoş gəlsə də, düzünü deyim ki, mən nə evdə, nə məktəbdə özümü rahat hiss edə bilirdim. Çünki digər qızlar kimi normal geyinmək, onlardan fərqlənmək istəmirdim. Evdə valideynlərimdən, məktəbdə yaşıdlarımdan qorxurdum ki, onlar bunu başa düşəcəklər. Amma sonradan bu qorxuların mənzasız olduğunu dərk etdim”.

“Şansım onda gətirmişdi ki, valideynlərim təhsil almağıma şərait yaratdılar. Universitetə daxil olandan sonra xeyli insan tanıdım, sosiallaşdım, özümə dost qazandım. Ən əsası özümlə bağlı qərarları yalnız özümün verəcəyini anladım...

İlk dəfə evdə başımı açmaq istədiyimi anama bildirəndə dedi ki, ağıllı olum. İndiyə kimi yadımdan çıxmaz mənə “Ağlını başına yığ, məni el içində rüsvay eləmə!” dedi. Amma qərarlıydım. Buna görə dəfələrlə evdə söz-söhbət düşdü. Hətta bir dəfə vəziyyət elə həddə çatdı ki, intihar edəcəyimi dedim. Sonrakı gün də başımı açıb, azadlığa çıxdım” – Sitarə o günləri belə xatırlayır…

Həmin dövrün xatirələrindən məmnunluqla danışan Sitarə deyir ki, indi onun üçün özü ilə bağlı anlaşılmaz heç nə qalmayıb.

“Bu qərarı universitetdə oxuyarkən qəbul etdiyim üçün ordakılar təəcüblənmədilər, əksinə, sevindilər. Amma ara-sıra keçmiş tanışlarımla qarşılaşanda onların baxışlarından məni qınadıqlarını hiss edə bilirəm”.

Hazırda xaricə təhsil almağa hazırlaşan S.Ağayeva qanununda edilən dəyişikliyi dəstəklədiyini deyir.

“Məncə, valideyn özünü uşağın sahibdən daha çox dost kimi aparmalıdır. İnsanların dünyagörüşünə, istəklərinə hörmət etmək lazımdır, hətta onlar uşaq olsa belə. Əminəm ki, məndən də böyük problem yaşayan insanların sayı az deyil”.

2 uşaq atası olan Elman Məmmədbəyli (ad şərtidir – red.) isə tamam fərqli situasiya ilə qarşılaşıb.

Deist olan( Tanrıya inan, ancaq dini inkar edən fəlsəfi cərəyan) E.Məmmədbəyli 2 uşaq atasıdır.

O, dünyagörüşü ilə əlaqədar uşaqlarını sünnət etməkdən imtina etdiyini söyləyir.

“Bütün qohumlarım və ətrafım özünü müsəlman hesab edir. Mən də bunu normal qəbul edirəm, onların inancına hörmətlə yanaşıram. Amma mən ailəmi başqa dəyərlər üzərində qurmuşam, sünnət mənim dünyagörüşümə ziddir”.

O deyir ki, buna görə bəzi qohumları ondan imtina edib, bəzilərisə ünsiyyəti belə kəsib.

“Hələ ki uşaqlarım balacadırlar, bunun nə demək olduğunu anlamırlar. Əgər bir gün özləri bunu etmək istəsə, mən onlara sadəcə dəstək ola bilərəm. Məncə, ailə, valideyn və hətta dostluq münasibətləri də məhz belə qurulmalıdır. Qarşılıqlı hörmət, razılaşma əsasında”.

Qanunda edilən dəyişiklikləri zərərli hesab edənlər də var.

Rəsul Mirhəşimli - Sosial Media

Məsələn, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli hesab edir ki, dəyişikliklərdə nəzərdə tutulan məsələ qanunu təkmilləşdirməkdən daha çox islamafob yanaşmanı ortaya qoyur: “Çox qəribədir, dini etiqad azadlığı adlanan qanun nədən yalnız azadlıqların məhdudlaşdırılması ilə nəticələnməlidir? Bu dəyişiklik cəmiyyətdə ailə institutunun dağıdılması istiqamətində mənfi tendensiyalar yaradacaq. Valideynin üzünə ağ olmağın hüquqi bazasını yaratmaq cəmiyyətin inkişafında müsbət rol oynaya bilməz”.

Jurnalistin fikrincə, övladların tərbiyəsində valideynin iştirakını məhdudlaşdırmaqla sağlam cəmiyyət qurmaq mümkün deyil: “Uşaqların təhsil seçimində valideynin rolu inkar edilmirsə, dini etiqad azadlığının formalaşmasında da valideynlərin iştirakını qadağan etmək olmaz”.

 Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına görə , 18 yaşına çatmamış hər bir insan uşaq sayılır; uşaqlar fikirlərini sərbəst söyləmək hüququna malikdirlər, yetkinlər uşaqları dinləmləli və onları ciddiyə almalıdırlar; uşaqlar öz düşüncələrini, fikirlərini və dinlərini özləri seçə bilərlər, lakin bu, digər insanların öz hüquqlarından istifadə etməsinə mane olmamalıdır; bu hüquqdan düzgün istifadə etmələri üçün valideynlər uşaqlarına bələdçilik edə bilərlər.

Azərbaycan: qanunlar və praktika

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə, ölkədə hər kəsin öz dininə etiqad etmək hüququ var.

Azərbaycan qanunvericiliyinə görə:

- nikahda və ya nikahdankənar doğulmalarından asılı olmayaraq uşaqların normal şəraitdə yaşamaq; fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ var;
- özlərinin və valideynlərinin (və ya onları əvəz edən şəxslərin) sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından və yaşayış yerindən asılı olmayaraq ayrı-seçkiliyə məruz qoyula bilməzlər;
- uşaqlar valideynlərinin (və ya onları əvəz edən şəxslərin) hərəkətlərinə görə məsuliyyət daşımırlar və valideynlərinə aid məsələlərə görə onların hüquqları məhdudlaşdırıla bilməz.

Azərbaycan konsitutisiyasına görə, dövlət bu şərtləri təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri həyata keçirməyi, uşaqlar üçün sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Dövlət orqanları, o cümlədən bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaqların mənafeyinə zidd olmamalı və həmin qərarların icrası onların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqlarını məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

“ABŞ xəbərləri” (“US News Report”) saytının məlumatına görə, ötən il uşaq tərbiyəsi və yetişdirilməsi ilə bağlı ən yaxşı və ən pis ölkələrin siyahısı hazırlanıb: Amerika, Asiya, Avropa, Orta Şərq və Afrikada yerləşən 73 ölkədəki vəziyyət 65 fərqli kateqoriya üzrə qiymətləndirilib.

Həmin siyahıda Azərbaycan ən pis ölkələr siyahısında 8-ci yeri tutur. Ən pislər arasında Qana, Tunis, İordaniya, Oman, Qazaxıstan, Livan kimi ölkələr var.

Danimarka ailə qurmaq və uşaq sahibi olmaq üçün ən yaxşı ölkə kimi qiymətləndirilib, İsveç və Norveç isə müvafiq olaraq ikinci və üçüncü sırada yer alıb. Kanada, Hollandiya, İsveçrə, Yeni Zenlandiya, Avstraliya və Avstriya da yaxşı ölkələr sırasındadır.

ƏkrəmHəsənov - Sosial Media

“Yersiz qadağalar dini radikalizmə səbəb olur”

Hüquqşünas Əkrəm Həsənov belə fikirləşir.

“Dəyişikliklərin əsas mahiyyəti ölkədəki dini qurumlar üzərində dövlətin nəzarətini gücləndirməklə bağlıdır - dini təhsil, kütləvi dini ibadət, ayin və mərasimlər, dini qurumların adı, nizamnaməsi, fəaliyyət ərazisi, din məsələlərində valideyn-övlad münasibətləri və sairə məsələlər üzrə”, - deyə hüquqşünas qeyd edir.

Ə.Həsənov deyir ki, bəzi inanclı insanlar dövlətin din dedikdə nəyi ehtiva etdiyini tam başa düşmür.

“Çünki müsəlman üçün tərbiyə elə din deməkdir. Ancaq, təbii ki, dövlətin müəyyən çərçivələr həddində tərbiyəyə müdaxilə etmək fikri yoxdur. Bu, heç mümkün də deyil, tarixin ən ateist və dünyəvi dövləti olmuş SSRİ-də də mümkün olmayıb. Məsələn, SSRİ dövründə bizdə həm müsəlmanlar, həm də yəhudilər oğlan uşaqlarını sünnət etdirib. Halbuki bu, nəinki tərbiyəvi məsələ deyil, hətta ayindir. Uşaqdan soruşan da yoxdur ki, sünnət olunmaq istəyir, ya yox. Dünyəvilik baxımdan burada, təbii ki, zor var. Amma o vaxt da, indi də bu ayinin icrasını heç kim uşağın dinə etiqada məcbur edilməsi kimi qəbul etməyib və etməyəcək. Niyə? Ona görə ki, ölkə əhalisinin mütləq əksəriyyəti bunu edir”.

Hüquqşünasın qənaətincə, hər bir cəmiyyətdə din və dünyəvilik anlayışları nisbidir, yəni əhalinin dinə bağlılığından asılıdır:

“Bu bağlılıq nə qədər çox olsa, dövlət dünyəviliyi bir o qədər dar mənada başa düşəcək. Azərbaycan müsəlman ölkələri arasında əhalisi dinə ən az bağlı olan ölkədir. Bu məsələdə dünya liderlərindən biriyik. Təkcə adımız müsəlmandır. Həm də deyirlər ki, şiəyik. Halbuki inanclı insanlarımız arasında bəlkə də sünnilər sayca şiələrdən çoxdur. Sadəcə, bunun tədqiqatını heç kəs aparmayıb.

Dinə bağlı olmayan insanlar əhalimizin mütləq əksəriyyətini təşkil etdiyi üçün dövlət də sırf onların dinə baxışına uyğun hərəkət edir. Əksəriyyət namaz qılmır, oruc tutmur, hicab bağlamır – deməli, heç kəs uşağını bunları etməyə məcbur etməməlidir. Amma əksəriyyət oğlan uşaqlarını sünnət etdirir – deməli, burada problem yoxdur”.

“Valideyn prosesi sürətləndirməklə övladının uşaqlığını əlindən alır”

Uşaq psixoloqu Aynur İskəndərova belə hesab edir.

Onun sözlərinə görə, Azərbaycanda insanların dini bilikləri səthi olduğu üçün bəzən onlar övladlarını yanlış istiqamətdə tərbiyə edir.

"Valideyn uşağa dini təbliğ edəndə əmin olmalıdır ki, övladı bunu qəbul etməyə tam istəklidir. Bəzən belə də olur ki, valideynin dini dünyagörüşü yetərli olsa da, öz istəklərini piroritet hesab edib övladının arzu və istəklərini ikinci plana salır. Yəni izah etmədən, birbaşa “Sən bunu etməlisən” deyir. O zaman uşaqda belə bir sual yaranır - mən nə üçün bunu etməliyəm? Nəticə olaraq uşaq özünü ailəsindən qopmuş hiss edir və ailəsinə və ətrafına qarşı aqresiv olur".

Aynur İskəndərova - Sosial Media

Psixoloq deyir ki, dini tərbiyə ilə böyüdülən uşaqlar bəzən özünü mənfi mənada başqa uşaqlardan fərqli hiss edir.

"Dindar ailədə böyüyən qız uşaqları ailəsinin istəyi, yaxud tələbi ilə başını bağlayır, daha qapalı geyinirlər. Bu da onların məktəbdə yaşıdlarından fərqlənməsinə gətirib çıxarır. Daha sonra bu fərqlilik, qapalılıq ünsiyyətdə də özünü göstərir.

Oğlanlardasa vəziyyət daha fərqlidir. Onlara dini həddindən çox təbliğ edəndə özlərini cəmiyyətdən təcrid edirlər. Yəni bu dəfə ətrafdakılar deyil, uşaq özü özünü təcrid edirlər. Hesab edir ki, yalnız mən doğru davranıram, digərlərinin hərəkətləri yanlışdır. Bu da, təbii ki, ünsiyyət tələbatının ödənilməməsinə gətirib çıxarır.

Müşahidələrimdən deyə bilərəm ki, neqativ hallardan biri də belə uşaqların məktəbə biganə, istəksiz yanaşmasına gətirib çıxarmasıdır. Bu onların təhsil həyatına, akademik göstəricilərinin zəifləməsinə səbəb olur”.
 
Məsələni necə tənzimləmək olar?
 
“Hicab tələbi cinsi yetişkənlik dövrünə - müəyyən yaş həddinə aiddir. Prosesi sürətləndirən valideyn övladının uşaqlığını əlindən alır. Halbuki o öz dini etiqadını uşağa aşılamaq üçün tələsməməlidir. Əgər belə bir istəyi varsa, anlayış və səbrlə övladına yol göstərməlidir. Bu zaman məktəbdə yaşıdları və müəllimləri tərəfindən fərqli qarşılanan uşaq mühitə adaptasiya olmaqda çətinlik çəkməyəcək", - psixoloq belə deyir.

Aynuq İskəndərova təkcə valideynin yox, məktəb psixoloqunun da müəyyən qədər məsuliyyət daşıdığını bildirir:

“Hansı sinifdə belə uşaqlar varsa, onların valideynləri ilə əlaqə saxlamalı, uşaqlarla maarifləndirici söhbətlər etməlidir. Hətta neqativ hallar olanda belə, ünsiyyət vasitəsilə məsələni yoluna qoymaq olar”.

Hüquqşünas Əkrəm Həsənov çıxış yolunu maarifçilik işinin düzgün qurulmasında görür:

“Məktəbdə dinlərin tarixi tədris olunmalıdır ki, uşaqlar ilk olaraq həm radikal dindarların (öz əqidələrində olmayanları düşmən sayanların), həm də radikal ateistlərin (bütün saqqallı kişiləri və hicablı qadınları terrorist hesab edənlərin) təsiri altına düşməsinlər. Eyni zamanda, bəzi radikal valideynlərin qurbanı olmasınlar. Televiziya kanallarında da bu məsələyə yer verilməlidir. Çünki məsələ çox həssasdır. Valideyn-övlad münasibətlərinə dövlət müstəsna hallarda müdaxilə etməlidir. Bu halları isə həm valideynlər, həm də uşaqlar dəqiq bilməlidirlər. Artıq qadağalara yol verilməməlidir. Təsəvvür edin ki, bizdə hicabla pasport şəkli çəkdirmək kimi problem var. Heç xristian ölkələrinin çoxunda belə problem yoxdur. Azərbaycanda dini radikalizm təhdidi xeyli şişirdilib deyə, bəzi məmurlar yersiz qadağalar tətbiq edir. Elə məscidlər var ki, illərdir bağlıdır. Əslində, belə addımlar dini radikalizmə yol açır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo