Siyasət

Dövlət sərhədində növbəti gərginlik:  “Rusiya KTMT-nin gücünü yeni zonada göstərmək istəyir”

Roza Məmmədova
12 Yanvar, 2022
1370

Açıq mənbələrdən götürülüb

İki gündür dövlət sərhədində (Kəlbəcər-Vardenis) başlayan atışmalarda Ermənistan tərəfdən iki ölü, üç yaralı, Azərbaycandan  isə bir nəfər həlak olub.

Ermənistan mediası  Azərbaycan tərəfinin zərbə dronlarından və artilleriyadan istifadə etdiyini yazsa da, Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edərək bildirib ki, Azərbaycan Ordusu heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirib. Döyüşlərin Verin Şorja kəndi istiqamətində getdiyi bildirilir.  Mövqe itkilərinin olub-olmadığı barədə isə hələlik rəsmi informasiya yoxdur.

Beynəlxalq təşkilatlar narahatdır

Yanvarın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistan və Azərbaycanı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Polşanın ATƏT yanında Daimi Nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski erməni mətbuatına açıqlamasında Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiklərini bildirib:

“Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə və Dağlıq Qarabağla bağlı mübahisənin həlli üçün effektiv dialoq aparmağa çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi, regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində səylərini yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir”.

Eyni zamanda Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahat olduğunu bəyan edib.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Tvitter"də məsələyə belə münasibət bildirib:

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflərin gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə etməsi vacibdir”.

Sərhəddəki gərginliyin səbəbi nədir?

Sonuncu dəfə oxşar insident 2021-ci ilin noyabrın ayında baş vermiş, atəşkəsin pozulması nəticəsində 7 Azərbaycan hərbçisi yaralanmış, 10 hərbçi isə yaralanmışdı. Ermənistan tərəfi də itkilərinin olduğunu açıqlamışdı. 

Daha sonra ardıcıl olaraq noyabrın 26-da isə Rusiyanın Soçi şəhərində və dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan və Ermənistan liderləri arasında görüşlər baş tutmuş, iki ölkə arasında qarşılıqlı kommunikasiya xətlərinin açılması barədə qərar təsdiq edilmişdi.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya komitəsinin üzvü Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistanın təxribat törətməkdə məqsədi danışıqlarda Azərbaycana hərbi təzyiq göstərməkdir.

“Ermənistan bütün yollara əl atır ki, məsələni beynəlxalq miqyasa daşıyıb başqa qüvvələri də prosesə cəlb etsin. Ermənistan rəhbərliyi hesab edir ki, bu yolla danışıq prosesində özünə sərf edən qərarları qəbul etdirə biləcək: məsələn, sərhəd dəqiqləşdirilərkən bir sıra yüksəkliklər, ya da Zəngəzur dəhlizinin açılmasında əlavə dividentlərin əldə edilməsi. Ancaq bu səhv qənaətdir.  Çünki KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red) dəfələrlə bu məsələyə qarşımayacağını bildirib. Bu zaman itirən tərəf elə onların özüdür:  texnikası, hərbçiləri və s. Digər tərəfdən hər itki Ermənistan cəmiyyətində təlatümlərə, gərginliyə səbəb olur. Azərbaycansa bütün situasiyalara hazırdır”

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bölgəyə cəlb etməkdir.

Politoloq sosial media hesabında yazıb ki, Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəklində müraciətləri istisna deyil.

“Ancaq bu nəbz yoxlaması Baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə, erməni cəmiyyəti və müxalifət Baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?” – deyə o bildirib.

Kreml amili

“RİA Novosti”-nin məlumatına görə, bu gün, yanvarın 12-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Rusiya Prezidenti və Ermənistanın hökumət başçısı KTMT sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Siyasi şərhçi Aqşin Kərimov deyir ki, KTMT-nin Qazaxıstanda etdiklərindən sonra anoloji hadisələrin iki ölkənin sərhədində baş verməsini gözləmək Ermənistan üçün xoş olmayan prosesə gətirib çıxara bilər.

Onun sözlərinə görə,  gərginliyin baş verməsində Rusiya da maraqlıdır.

“Rusiya istəyir ki, KTMT-nin gücünü iki ölkənin sərhədində də göstərsin. Bu, bir növ Kreml rəhbərliyinin postsovet məkanına xəbərdarlıq mesajıdır.

Digər tərəfdən, məsələnin siyasi rənginə dair Azərbaycanın təmaslarında diqqət çəkən məqam yanvarın 11-dəki hadisədən dərhal sonra danışığı ABŞ tərəfi ilə aparmasıdır.

Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Azərbaycan-ABŞ siyasi trafikindəki “zəng diplomatiyası” bunun göstəricisidir ki, Bakı Paşinyanın KTMT-ni yeni coğrafiyaya gətirmək cəhdləri barədə Vaşinqtonu xəbərdar edib. Ceyhun Bayramovun Kəlbəcər istiqamətindəki hadisələr barədə xanım Donfridə məlumat verməsi bu fikri gücləndirir.

Deməli, Azərbaycan tərəfi şübhələnə bilər ki, Rusiya özü də bu hadisələri öz xeyrinə çevirməyə çalışır və KTMT gücünü yeni zonada göstərmək istəyir”.

Aqşin Kərimov - Açıq mənbələrdən götürülüb

A.Kərimov onu da qeyd edir ki, iki ölkə arasında yekun sülh müqaviləsi imzalananadək istər siyasi, istərsə də hərbi motivli təxribatların baş verməsi istisna deyil.

Siyasi şərhçi əlavə edib ki, sərhəddə vəziyyətin gərginləşməsi Azərbaycan-Ermənistan arasında kommunikasiyanın arxa plana keçməsi  mənasına gəlməməlidir. Belə ki, yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin görüşü gözlənilir.

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo