Siyasət

Dövlətdən pul alan partiyalar: kim nəylə məşğuldur

16 Fevral, 2021
2742

Milli Məclis

Parlamentdə təmsil olunan siyasi partiyalara bu ilin büdcəsindən 4 milyon manata qədər vəsait ayrılacağı açıqlanıb - keçən ilkindən təxminən 11% çox. 

Bu partiyalar hansılardır və onların fəaliyyəti ölkəyə fayda verirmi?

Bu il hökumətdən 10 partiya - YAP, VHP, BQP, BAXCP, AVP, Vəhdət Partiyası, ADMP, ADMP, MCP və REAL pul alacaq.

Axırdan ikisi keçən il dövlət qeydiyyatına alınıb.

Əvvəlki illərdə olduğu kimi, Vətəndaş Birliyi Partiyası 2020-ci ildə də dövlət maliyyəsindən imtina edib. 

“Siyasi partiyalar haqqında” Qanuna görə, büdcədən ayrılmış vəsaitin 10%-i Milli Məclisə keçirilmiş son seçkilərdə namizədləri səslərin ən azı 3%-ini qazanmış, ancaq parlamentdə təmsil olunmayan partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Qanuna görə, vəsaitin 40%-i Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların ümumi sayına (125) bölünəcək.

Alınan məbləğ ayrı-ayrı partiyaları təmsil edən deputatların sayına vurularaq həmin təşkilatlara  ayrılacaq.

YAP

2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) 70 mandat qazanıb.

1993-cü ildə müxalifət partiyası kimi yaradılmış YAP partiyanın sədri Heydər Əliyevin prezident seçiləndən 2 il sonra - 1995-ci ildə keçirilən parlament seçkilərində iqtidar partiyasına çevrilib. 2005-ci ildən  YAP-ın sədri İlham Əliyev, sədr müavini isə Əli Əhmədovdur.

1995 (53), 2000 (77), 2005 (63), 2010 (71) və 2015 (74) seçkilərində də ən çox mandat alan partiya YAP olub.

 YAP-ın saytında ("yap.org.az") partiyanın 760 580 nəfər üzvü olduğu göstərilib. Bundan başqa, saytda təşkilatın  keçirdiyi tədbirlər, İlham Əliyevin və digər YAP-çıların müsahibələri haqda da məlumatlar var.

Yüksək dövlət vəzifələrində də bu partiyanın nümayəndələri üstünlük təşkil edir. Onların bir qismi dövlət əmlakını mənimsəmə, korrupsiya və rüşvətxorluq ittihamıyla vəzifələrindən kənarlaşdırılıb, bəziləri həbs edilib. 

2019-2020-ci illərdə DTX-nin keçirdiyi antikorrupsiya əməliyyatları zamanı həbs olunmuş məmurlar - Aqstafanın icra başçısı, “Şöhrət” ordenli Nizaməddin Quliyev, Yevlax rayonun icra başçısı, “Vətənə xidmətə görə” ordeniylə təltif edilmiş Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçalanın icra başçısı İsmayıl Vəliyev YAP üzvü olublar.


Milli Cəbhə Partiyası (MCP)

Keçən il qeydiyyata alınmış MCP-nin sədri növbədənkənar parlament seçkilərində mandat qazanmış Razi Nurullayevdir. O, həm də "Region" Beynəlxalq Analitik Mərkəzinə (RBAM) rəhbərlik edir.

MCP-nin saytı yoxdur, R.Nurullayev səfərləri və keçirdiyi tədbirlər haqqında məlumatları öz bloqu vasitəsilə paylaşır.

“Əvvəllər çox demişəm ki, əgər Prezident Qarabağı alarsa, lap siyasətdən də gedərəm. İlham Əliyev bunu edib, prezidentə şəxsi rəğbətim var və bu ömürlükdür. Bu, şəxsi münasibət, şəxsi bağlılıqdır, özümün və təmsil etdiyim partiyanın siyasətinə bağlı deyil” deyən MCP sədrinin rəhbərlik etdiyi təşkilat daha çox hakimiyyətyönlü mövqeyilə tanınır.
  
Respublikaçı Alternativ Partiyası (REAL) 

2009-cu ilin yanvar ayında hərəkat olaraq təsis edilən REAL Partiyası da  2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildə “İsmayıllı işi”nə görə həbs olunub, 2018-ci ildə  azadlığa buraxılıb, Avropa Məhkəməsinin qanunsuz hesab etdiyi bu həbsə görə Azərbaycan hakimiyyəti ona 234 min manat məbləğində təzminat ödəyib. 

2020-ci il parlament seçkilərində Erkin Qədirlinin mandat qazanması REAL-a parlamentdə təmsil olunmaq imkanı yaradıb. Partiya daha çox müxalifətə müxalif mövqeyilə tanınır. 

Böyük Quruluş Partiyası (BQP)

BQP 2003-cü ildə təsis edilib, Milli Məclisdə 1 yerlə təmsil olunur – partiyanın sədri Fazil Mustafa 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilmiş seçkilərdə parlamentə mandat qazanıb. Hakimiyyətin yürütdüyü siyasi xəttə və verdiyi qərarlara dəstəkçi mövqeyilə tanınır.

Saytı işlək olmadığından BQP-nin başqa hansı işlərlə məşğul olduğu barədə məlumat əldə etmək mümkün deyil.

Ana Vətən Partiyası (AVP)

Fəzail Ağamalının rəhbərlik etdiyi partiya 1992-ci ildə dövlət qeydiyyatına alınıb, Milli Məclisdə 1995-ci ildən təmsil olunur (2001 (əlavə seçkilər), 2005 və 2010-cu illərdəki seçkilərdə 2 deputatla). 

“Biz partiya olaraq öz ənənələrimizə sadiq qalacağıq. Növbəti ildəki seçkilərdə də Azərbaycana rəhbərlik edəcək yeganə layiqli namizəd kimi İlham Əliyevi görürük” deyən Fəzail Ağamalı partiyasının hakimiyyətyönlü mövqe tutduğunu həmişə belə açıq ifadə edir. 


Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  

VHP 1992-ci ildə yaranıb, o vaxtdan partiyaya sədrlik edən Sabir Rüstəmxanlı 1995-ci ildən etibarən parlamentin üzvüdür. Sonrakı bütün seçkilərdə VHP Milli Məclisdə 3 deputatla (Fəzail İbrahimli, Rafael Hüseynov, Sabir Rüstəmxanlı) təmsil olunub. Keçən il F.İbrahimli həm də spikerin müavini seçilib.

Partiya hakimiyyətin siyasətini və qərarlarını dəstəkləməsiylə tanınır. 

“vhp.az” saytında partiyanın keçirilən tədbirlər haqqında məlumatlar var.

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

ADMP 1995-ci ildə Məmmədhənifə Musayev tərəfindən yaradılıb. 2004-cü ildən təşkilata onun oğlu Elşən Musayev rəhbərlik edir.  1995-ci il parlament seçkilərində 1 mandat qazanan təşkilatı parlamentdə partiyanın katibi Babaxan Muradov təmsil edib.  E.Musayevsə 2015 və 2020-ci illərdəki seçkilərdə parlamentə düşə bilib. 

ADMP də hakimiyytəyönlü mövqeyilə tanınır.

Partiyanın saytı olmadığından fəaliyyəti haqqında məlumat əldə etmək mümkün deyil.

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

ADİP 2005-ci ildə qeydiyyata alınıb və elə həmin ildən də təşkilatın sədri Asim Mollazadənin timsalında parlamentdə təmsil olunur. Ard-arda 4 seçkidə mandat almış A.Mollazadə ardıcıl olaraq hakimiyyətyönlü mövqe sərgiləməsilə tanınır.

"demreforms.az" saytında partiya, keçirilən tədbirlər haqqında məlumatlar paylaşılır.

Vəhdət Pariyası

Vəhdət Partiyası 1994-cü ildə Tahir Kərimli tərəfindən yaradılıb, 4 il sonra qeydiyyata alınıb. 

1990-cı illərdə hakimiyyəti kəskin tənqid edən T.Kərimli mandat qazanandan sonra (2015, 2020)  hakimiyyətyönlü mövqe sərgiləməkdədir.

“Biz Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini birmənalı şəkildə müdafiə edirik, o strateji xəttin daim tərəfdarıyıq. Partiya olaraq 2006-cı ildə bu qərara gəlmişik və 14 il ərzində Vəhdət Partiyası buna sadiq qalıb, sapıntılara yol verməyib. Birmənalı şəkildə ölkə prezidentinin daxili və xarici siyasətini, strateji xəttini daim müdafiə etmişik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

BAXCP 2004-cü ildə Qüdrət Həsənquluyev tərəfindən yaradılıb. Hələ 2000-ci ildən Milli Məclisin üzvü olan Q.Həsənquliyev sonrakı bütün seçkilərdə də mandat qazanaraq partiyasının parlamentdə təmsilçiliyinə nail olub. 

O da hakimiyyətyönlü mövqeyi və müxalifət partiyalarına qarşı müxalifliyi ilə tanınır.

“Niyə faydalı deyil ki?”

Aqil Abbas - Sosial Media

Deputat Aqil Abbas “Toplum TV”-yə açıqlamasında büdcədən vəsait ayrılmış partiyaların fəaliyyətini qənaətbəxş hesab etdiyini deyib.

“Sabir Rüstəmxanlı, Fazil Mustafa, ən kəskin çıxışlar edən Qüdrət Həsənquluyev, Tahir Kərimli, Razi Nurullayev - hamısı parlamentdə çox fəaldırlar. Bu pariyalar maliyyələşməlidir ki, üzvlərinin sayı artsın, fəaliyyəti genişlənsin. Ölkədə bir partiya ola bilməz axı, indi o zaman deyil”.

Deputat bildirib ki, siyasi partiyalar çox olduğundan onların maliyyələşməsində problem yaranır:” Mən istərdim ki, mətbuat və QHT-lər maliyyələşdiyi kimi, daha çox siyasi partiyaya da dövlət büdcəsindən vəsait ayrılsın. Müsavat Partiyası, Ağ Partiya, Pənah Hüseynin partiyası və adını çəkmədiyim digər nüfuzlu partiyalara yardım edilməlidir ki, onlar daha səmərəli fəaliyyət göstərsin. Bu, bir yarışdır, müxalifət olmasa, iqtidar olmaz”.

Cavid Osmanov - "Report"

Deputat Cavid Osmanov isə büdcədən maliyyələşən siyasi partiyaların fəaliyyətinin faydalı olması barədə suala belə cavab verib: “Dövlət siyasi partiyaların inkişafında maraqlıdır. Bu, ölkədə siyasi plüralizm olmasından xəbər verir. Faydalılıq məsələsinə gəlincə, yaxşı olardı ki, bu sualı həmin partiyaların özlərinə ünvanlayasız”.

“Bu partiyaların qanun yaradıcılığında heç bir rolu yoxdur”.

Xədicə İsmayıl - "Meydan.tv"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl “Toplum TV”-yə partiyaların  dövlət büdcəsindən maliyyələşməsinə münasibət bildirərkən belə deyib.

X.İsmayıl həmçinin qeyd edib ki, bu qurumların fəaliyyəti hökumətin çoxpartiyalı sistem imitasiyasında iştirak etməkdən ibarətdir: “Azərbaycanda ümumiyyətlə partiya sistemi yoxdur, bunun görüntüsünü yaratmağa çalışırlar. Hətta hakim partiyanın özü də klassik partiya tərifinə uyğun gəlmir. Bizdə partiya hökuməti yox, hökumət partiyanı qurur. YAP-ın bir partiya olaraq nə qanun yaradıcılığında, nə də ölkənin idarə olunmasında təşəbbüskar rolu var. YAP-ı ayaqda saxlayan insanlar hakimiyyətdə olmayanda, bu partiya da olmayacaq”.

X.İsmayıl həmçinin qeyd edir ki, bütün dünyada dövlət büdcəsindən partiyalara vəsait ayrılır: “Amma Azərbaycanda seçki yoxdur, ona görə də onların aldığı pul haramdır. Çünki o pul vətəndaşların iradəsiylə qazanılmayıb. Əgər parlamentə düşmək üçün kifayət qədər səs toplasaydılar, o pulu haqq edərdilər. Səsləri oğurladıqları üçün indi əldə etdikləri vəsait də oğurluqdur”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo