Siyasət
Əhməd Şahidov: “İndi Şimali Kiprin müstəqilliyini tanıya bilərik, çünki torpaqlarımız artıq boşaldılır”
24 Noyabr, 2020
Baxış: 169
Son günlər Türkiyə və Şimali Kipr mediasında Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağıyla bağlı xəbərlər dərc olunur. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr dövlətinin yaranmasının 37-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə dediyi sözlərdir. 
 
"Azərbaycanlı qardaşlarıma Şimali Kiprdən salam göndəririk. İnşallah, yaxın zamanda prezident Ərsin Tatarın Azərbaycana səfər edəcək və bu addım daha fərqli durum yaradacaq” – Ərdoğan belə deyib. 
 
Son seçkilərlə Şimali Kirpin prezidenti seçilən Ərsin Tatar Azərbaycan və Ermənistan arasındakı son müharibədə açıq şəkildə Azərbaycana dəstəyini ifadə etmişdi.
 
 "Toplum TV” Şimali Kiprin müstəqilliyinin tanınacağı xəbərinə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr qrupunun üzvü, deputat Fazil Mustafanın münasibətini öyrənib.  
 

 
Əsrin Tatarın Azərbaycana dəstəyini və Bakıya səfərini müsbət qiymətləndirən F.Mustafa tanıma məsələsinin hələ ki gündəmdə olmadığını bildirib: "Biz Şimali Kiprin dövlət olma yolunda mübarizəsini və səylərini dəstəkləyirik. Amma tanıma məsələsi sırf hüquqi məsələ olduğu üçün indiki məqamda müzakirə mğvzusu deyil. Gələcəkdə proseslər daha fərqli yöndə inkişaf edərsə, Şimali Kiprin digər ölkələr tərəfindən də, Azərbaycan tərəfindən də tanınması labüd olacaq”. 
 
Politoloq Azər Qasımlı isə bu addım üçün əvvəlcə Qarabağ problemini tam şəkildə həll edilməsinin vacibliyini qeyd edib: "Belə bir xəbərin yayılması bu məsələni yenidən gündəmə gətirib müzakirələrin aparılmasına səbəb ola bilər. Amma mən indiki mərhələdə bunu Azərbaycanın maraqlarına zidd hesab edirəm. Çünki Azərbaycan belə bir addım atsa, Yunanıstan da paralel olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu səbəbdən biz Qarabağ məsələsini tamamilə həll etməliyik. Faktiki olaraq Xankəndi Azərbaycanın idarəetməsinə keçməlidir, Azərbaycan əsgəri və polisi orada olmalıdır. Yəni bizim xarici siyasət məsələlərində daha rahat davranmağımız üçün ərazi bütövlüyümüz tam olaraq bərpa edilməlidir. Ümid edirəm və inanıram ki, Azərbaycan rəhbərliyi tanıma haqqında qərar verməz. Təbii ki, biz də Şimali Kiprin dünya ölkələri, beynəlxalq təşkilatlar, xüsusilə BMT tərəfindən müstəqil dövlət kimi tanınmasını istərdik. Amma hazırda Azərbaycan üçün bunun vaxtı deyil”.
 


Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə bu addımın atılması üçün heç bir əngəl qalmadığını bildirib: "Şimali Kipr türk dünyasının bir parçası olduğu üçün bizim onunla iş birliyimiz mütləqdir. 10 ildən artıqdır ki, iki ölkə arasında diplomatik və mədəni əlaqələr var, 2 mindən artıq tələbəmiz orada təhsil alır. Bu ölkənin müstəqilliyinin tanınması bu günə qədər Azərbaycana Dağlıq Qarabağla bağlı problemlər yarada bilərdi. İndi isə Qarabağ müharibəsi bitmək üzrədir, ərazilərimiz boşaldılır. Artıq Azərbaycan və Türkiyə üçün böyük önəmi olan bu addım atılmalıdır. Müharibə müddətində Türkiyənin bizə olan siyasi və mənəvi dəstəyi, eyni zamanda Ərdoğanın Lefkoşadakı açıqlaması artıq Azərbaycanın Şimali Kiprlə əlaqələrini rəsmi müstəviyə keçirə bilər. Onsuz da Prezident İlham Əliyev Şimali Kiprin dövlət bayramlarında ora rəsmi təbriklər göndərir, ölkənin ilk prezidenti Rauf Denktaşın ölüm günündə isə başsağlığı vermişdi”.
 
Ə.Şahidov Azərbaycanın bu addımı atacağı təqdirdə beynəlxalq səviyyədə bəzi problemlərlə üz-üzə qalacağını da qeyd edib: "Doğrudur, müəyyən problemlərlə qarşılaşa bilərik və bunlar yalnız iqtisadi sanksiyalar və embarqolar ola bilər. Ancaq bu 44 günlük müharibə göstərdi ki, bizim üçün Avropa ilə əlaqələr prioritet deyil, çünki Avropa institutlarının və bu institutların beşiyi sayılan Fransanın erməni işğalına və vandalizminə səssiz qaldığını, hətta dəstəyini gördük. Ona görə də bu addımın Türkiyə ilə əməkdaşlıq sahəsində bizim etibarlı bir tərəfdaş, beynəlxalq müstəvidə isə güclü bir ölkə kimi görünməyimizə müsbət təsir edəcəyini düşünürəm”. 
 
Nigar Səmədli
Siyasət

Cavad Zərif Bakıya gələcək

20 Yanvar, 2021
İranın xarici işlər naziri Cavad Zərif yaxın günlərdə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə yanvarın 20-də IRNA agentliyi məlumat yayıb. İranın XİN rəhbəri jurnalistlərə açıqlamasında səfərlərin tarixinin artıq müəyyənləşdiyini bildirib. O, koronavirus test mənfi çıxarsa, yaxın günlərdə Qafqaza və Rusiyaya yola düşəcəyini deyib. Cavad Zərif rəsmi ziyarətlərinin Dağlıq Qarabağ böhranının həlli və bölgədə əmin-amanlığın yaradılması üçün nəzərdə tutulduğunu açıqlayıb.
Siyasət

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə gələnlərə bu qayda məcburi olacaq

20 Yanvar, 2021
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq. Bu barədə Azərbaycanla Türkiyə  arasında qarşılıqlı vizadan azad etmə haqqında 2020-ci il fevral 25-də imzalanmış sazişə dəyişikliklər edilib. Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir. Mənbə:"report.az"
Seçilmiş Videolar
Menu