Ələsgər Məmmədli: “Universitetdə problem varsa, bu, polis idarəsində deyil, yerində həll olunmalıdır”
Amerikanın Səsi
Tələbə Güc Mərkəzi təşkilatın sədri Əhməd Məmmədlinin Lənkəran Dövlət Universitenin (LDU) qarşısında saxlanılması ilə bağlı bəyanat yayıb.
Bu barədə təşkilatın “Feysbuk” səhifəsində məlumat verilib.
Əhməd Məmmədli dünəndən Lənkəran Polis İdarəsində saxlanılır, lakin ictimaiyyətə və ailəsinə heç bir məlumat verilmir.
Tələbə Güc Mərkəzinin sədri fevralın 1-də LDU qarşısında təşkilatın bəyanatını səsləndirərkən saxlanılıb.
8 maddədən ibarət bəyanatın məzmununda ölkədəki tələbələrin təhsil problemlərinə laqeyd yanaşılması, ədalətsiz, qeyri-şəffaf qiymətləndirmə, ölkədəki pandemiya və işsizlik amillərinə baxmayaraq, illik ödənişlərin qısa bir zaman ərzində və talançı formada tələb olunması, ölkədə onlayn təhsil üçün lazım olan internet infrastrukturunun yoxluğuna rəğmən tələbələrə heç bir güzəşt olunmaması ilə bağlı məsələlər öz əksini tapıb.
Təşkilatın bəyanatında yer alan tələblər arasında isə ali təhsilin tamamilə pulsuz olması, hər bir etnik qrupun öz ana dilində təhsil ala bilməsi, universitetlərdə müstəqil tələbə təşkilatlarının yaradılması, tələbələrin mənzil problemlərinin həll olunması, universitetlərə yaxın yerlərdə tələbə yataqxanalarının tikilməsi və digər məsələlər var.
Bildirilir ki, Əhməd Məmmədli LDU tələbələrinin şikayətindən sonra Lənkərana gedib. Şikayətlər isə imtahanlar və tələbələrin topladıqları ballarla əlaqədar olub.
Tələbələr bildiriblər ki, müəllimlər imtahanlardan yüksək bal aldıqlarını bildirsələr də, yekunda universitetin elan etdiyi ballar xeyli aşağı olub.
Təşkilatın idarə heyətinin üzvü Samir Axunzadə “Toplum TV”-yə bildirib ki, Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli hazırda polis şöbəsindədir: “Təşkilatın bəyanatını səsləndirmək üçün iki video çəkməli idik. İlk video çəkildi, ikincinin isə canlı olaraq yayınlanması nəzərdə tutulmuşdu. Əhməd Məmmədli bəyanatı səsləndirərkən polis onu saxladı, eyni zamanda çəkiliş edən şəxs qaçmaq istəyərkən o da saxlanıldı. Əhməd hazırda Lənkəran Rayon Polis Şöbəsindədir, başqa məlumat ala bilməmişik”.
Hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı deyib ki, universitetin önündə keçirilən nümayiş şəxslərin Konstitusiyanın 47-ci maddəsində yer alan özünü ifadə etmək hüququdur: “İstənilən şəxs universitetə yönəlik etirazlarını ictimai və fərdi formada bəyan edə bilər. Əhməd Məmmədlinin davranışından faktiki olaraq görünən odur ki, fərdi müraciətlər effektiv olmadığı üçün ictimai qaydada, yəni bəyanat formasında verilməyə cəhd edilib. Bu durumda polisin müdaxiləsi isə qeyri-adekvat addımdır. Polisin universitet-tələbə münasibətlərinə daxil olması olayı siyasiləşdirmə və gəncləri polis qurumlarına qarşı etimadsız vəziyyətə gətirmə cəhdidir. Lənkəran Polis İdarəsinin bu davranışı Daxili İşlər Nazirliyi tərəfindən ciddi şəkildə sorğulanmalı və Lənkəran Dövlət Universitetində hansısa problem varsa, bu, polis idarəsində deyil, yerində həll olunmalıdır”.
Ekspert onu da qeyd edib ki, baş verən hadisə Prezident İlham Əliyevin fevralın 1-də etdiyi çıxışına ziddir: “Daha dünən Azərbaycan Televiziyasında çıxışı zamanı İlham Əliyev korrupsioner məmurlardan qurtulmaq üçün ictimai nəzarəti ciddi şəkildə önə çəkdi. İctimai nəzarəti isə jurnalistlər, blogerlər, vətəndaş cəmiyyətinin nümayəndələri təmin edir. Dünənki hadisə səbəbilə ictimai fəalların, jurnalistlərin saxlanılması onu göstərir ki, prezidentin iradəsinə, ortaya qoyduğu ictimai nəzarət konsepsiyasına ciddi şəkildə müdaxilə var. Jurnalist hadisə yerinə baş verən hadisəni işıqlandırmaq üçün gedibsə, polis tərəfindən saxlanılmalı deyil, əksinə ona şərait yaradılmalıdır. Bu baxımdan Lənkərandakı hüquq-mühafizə orqanları qanunvericiliyə daha sayqılı yanaşmalı və bu məsələni uzatmadan bitirməlidirlər”.
Fevralın 2-də Əhməd Məmmədlinin işini aydınlaşdırmaq üçün Lənkərana gedən jurnalist Nurlan Qəhrəmanlı, ictimai fəal Rüstəm İsmayılbəyli və təşkilatın idarə heyətinin üzvü Samir Axunzadə Lənkəran polisi tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə hadisə ilə bağlı sorğu ünvanlansa da, hələ ki cavab almaq mümkün olmayıb.
Nigar Səmədli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?