Siyasət

Əli Kərimlinin mühafizəçisinə 15 il həbs cəzası istənilir

23 Sentyabr, 2021
827

Turan

Vəkilin vəsatəti təmin edilməyib, məhkəmə təxirə salınıb

"Meydan TV"-nin məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror Niyaməddin Əhmədova 15 il həbs cəzası istəyib.

Prokurorun çıxışından əvvəl Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq, yolverilməz sübutların iş materiallarından çıxarılmasını tələb edib.

Vəkilin xaric olunmasını istədiyi materiallar arasında gizli səs və video yazılar, Almaniyada yaşayan Qabil Məmmədovun sosial şəbəkələrdə 5 saatlıq çıxışı və s. var.

Hakimlər onun vəsatətini təmin etməsələr də, bildiriblər ki, hökm çıxarılanda müşavirə zamanı bu məsələlərə qiymət veriləcək.

Daha sonra məhkəmə istintaqının tamamlandığı elan edilib.

Prokuror çıxışında iddia edib ki, Niyaməddin Əhmədova qarşı ittiham məhkəmədə sübuta yetirilib.

Prokurordan sonra vəkil müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə sentyabrın 29-na qədər təxirə salınıb. Həmin gün vəkil çıxış edəcək, ardınca AXCP üzvü son sözünü deyəcək.

Niyaməddin Əhmədov 2020-ci ilin mayından həbsdədir.

Ona qarşı irəli sürülən ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib.

Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.

Siyasət

Rəşad Ramazanov saxlanılıb

21 May 2022

Açıq mənbələrdən götürülüb

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir.  Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb. Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar.  Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib. "Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib. O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib....
Siyasət

Kəlbəcərdəki mövqelər atəşə tutulub

21 May 2022

Rəsmi səhifə

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə mayın 21-də Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Seçilmiş Videolar

Toplum TV loqo