Siyasət

Erməni hüquq müdafiəçisi: “Müharibə postsovet insanının laqeydliyinin, qorxaqlığının və axmaqlığının nəticəsi oldu”

26 Noyabr, 2020
521
"Toplum TV” uzun illərdir müharibə əleyhinə çıxışlarıyla tanınan, buna görə Ermənistanda təzyiqlərə məruz qalan hüquq müdafiəçisi Georgi Vanyanla müsahibəni təqdim edir. 
 
- Noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana sülh üçün müraciət edib. Bundan bir neçə gün öncə siz Nikol Paşinyana müraciət ünvanlayaraq onu müharibəni dayandırmağa səsləmişdiniz və hökumətin təzyiqi ilə üzləşmişdiniz- sizi böyük məbləğdə cərimə ilə hədələmişdilər. Hədələr davam edirmi?

- Ermənistan cəmiyyətində Qarabağ münaqişəsinin həlli yollarından danışmaqla bağlı müəyyən tabu həmişə olub. Əvəzində gərginliyi artıran hədsiz davakar və hətta absurd fikirlər norma sayıb. Digər tərəfdən, 27 sentyabra qədərki status-kvo Ermənistanın konkret olmayan sülh çağırışlarıyla müşaiyət olunurdu. Hərbi əməliyyatlar başlanandan sonra Ermənistanda hərbi vəziyyət elan olundu və məhdudiyyətlərdən biri də hökumətin fəaliyyətini tənqid etməklə bağlı idi. Hüquq-mühafizə orqanlarının qənaətinə görə, mənim Baş nazir Nikol Paşinyana müraciətim bu qanunun təsir dairəsinə düşür. Buna görə də evimə polis göndərdilər. Sosial şəbəkədə bu haqda yazmışdım. Buna paralel olaraq təhqir və təhdid dolu mesajlar alırdım. Yəni təzyiq mexanizmi növbəti dəfə işə düşmüşdü. İctimai məkanda alternativ fikir deyən və ya sadəcə "fərqli leksikon” seçən istənilən adam dərhal sosial şəbəkələrdə  hücumların hədəfinə çevrilir.  Repressiyanın miqyası alternativ fikrin yayılma miqyasından asılı olur. Əgər hansısa belə fikir və ya məqalə Azərbaycan KİV-ində dərc olunsa, "günahkarı” genişmiqyaslı təzyiq gözləyir. Ermənistanda da, Azərbaycanda da ictimai fəaliyyətlə məşğul olan hər kəs bunu bilir. 
Konkret sonuncu epizoda gəlincə, bildiyimə görə, Ermənistan Respublikası  Ombudsmanı  hərbi vəziyyətlə bağlı qanunun söz azadlığını məhdudlaşdıran  bəndinə qarşı çıxaraq Konstitusiya Məhkəməsinə müraciət edib. Bu bəndlərin tətbiqi  qanun pozuntusu kriteriyaları dəqiq işlənənədək dayandırılıb.  Ona görə gözləyirəm ki, mənə yazılan astonomik məbləğdə cərimə ləğv olunacaq. Belə başa düşürəm ki, bu hadisə Yerevanda keçirilən müxalifətyönlü mitinqlər fonunda baş verib. Orda hərbi vəziyyətin tələbləri  hər an pozulur. Hökuməti tənqid etdiyinə görə bir neçə məşhur mətbuat orqanı və müxalifət nümayəndəsi cərimə olunub. Görünür, onlar da öz hüquqlarının Ombudsman vasitəsilə Konstitusiya Məhkəməsində müdafiə olunması  üçün  lobbiçilik edirblər. Gözləyək, görək necə olur. 

- Rusiya, Azərbaycan və Ermənistan arasında bəyanata münasibətiniz necədir? Bundan sonra sülhdən danışmanız mümkün olacaqmı? Ölkənizdəki atmosfer buna imkan verəcəkmi?

- Mənim konsepsiyam və hadisələrə baxışım dəyişməyib, ona görə də adamların mənə münasibəti də dəyişməməlidir. Hakimiyyətə gəlincə, o mənim Ermənistandan getməyimi arzulayır. Hakimiyyət mənə "xain fərari” yarlığı yapışdırmaq istəyir. 
Ermənistandakı vəziyyətə gəlincə, bu vəziyyət iki kəlməylə ifadə oluna bilər - "humanitar fəlakət”. Belə situasiyada siyasətdən danışmaq sadəcə mümkün deyil. Əlbəttə, hakimiyyət uğrunda mübarizə var, amma onlar üçün də perspektiv görünmür. Müxalifət öz ritorikasında Kreml təbliğatçılarının ideoloji formullarından istifadə edir. Ümumiyyətlə, son hadisələr zamanı bizim və rus "vətənpərvərlərinin” birbaşa əlaqəsi tam çılpaqlığıyla üzə çıxdı, məlum oldu ki, onlar  "eyni uşaq bağçasından çıxıblar”. Ermənistanın müstəqil olmayan informasiya məkanı real atmosferi əks etdirmir və etdirmək imkanında deyil. Bugünkü vəziyyəti yalnız bizim cəmiyyəti yaxşı tanıyanlar və sətiraltı mənaları görə bilənlər təxmin edə bilərlər. Amma hətta bu təxminlər də bir gün sonra baş verəcəkləri proqnozlaşdırmağa imkan vermir. 
Amma sülh mövzusunu açmaq, məncə, hələ tezdir. Bizim cəmiyyətlərimiz çox oxşardır, hamı gözləyir ki, hakimiyyət təhlükəsiz meydan açsın və yalnız bundan sonra sülhdən danışmağa  başlasınlar. 

- Sülhpərvər hüquq müdafiəçiləri hər iki tərəfi tərəzinin eyni gözünə qoyurlar, Azərbaycanda isə hesab edirlər ki, 27 il sülh naminə səbr ediblər və bir ara hətta Dağlıq Qarabağa ən yüksək muxtariyyət verməyə razı olublarsa, Azərbaycanı Ermənistanla eyni tutmaq olmaz. Siz necə düşünürsünüz? 

- Artıq uzun illərdir ki, Ermənistan və Azərbaycan bir-birinə qarşı informasiya müharibəsi aparırlar və bütün ictimai resurlar buna xərclənir. Bu müharibə indi də davam edir. Belə fasiləsiz müharibə şəraitində hər iki tərəfdəki insanlar hansı konstruktiv  təklifi dinləyə bilərlər ki?  Birgə yaşayışlarını necə təsəvvür edə bilərlər?  Ermənilər də, azərbaycanlılar da alternativ görmürlər, ona görə də hesab edirlər ki, təhlükəsizliklərinin təminatı bir-birilərindən tam təcrid olunmalarıdır. "Danışıqlardan” deyil, real sülhpərvərlikdən danışsaq, bu, vətəndaş hərəkatı formasında olmalıdır - konkret aksiyalarla, aşağıdan yuxarıya doğru. Bunun nəticəsində ölkələrimizin daxili siyasəti dəyişər. 
İndi bizdə çoxlarına elə gəlir ki, bu iki ölkə rollarını dəyişib - Azərbaycan qələbə çalıb, Ermənistan məğlub olub və sən demə, artıq 25 ildir Ermənistan hərbi-diplomatik sahədə uduzurmuş. Bu həqiqətdir, amma bu, bizi sülhə və təhlükəsizliyə yaxınlaşdırmadı. 
Bəli, ideoloji stereotiplərdən danışsaq, azərbaycanlılara  "Azərbaycan sülh naminə 27 il dözdü, hətta bir vaxtlar Dağlıq Qarabağa yüksək status verilməsinə də razı oldu” qənaətilə yaşamaq asan olacaq. Ermənilərsə "Bu, qisas müharibəsi idi, Azərbaycan Ermənistanı məhv etmək istəyir” qənaətilə yaşayacaqlar. 
Minsk Qrupu çərçivəsində hər iki tərəfə təklif olunan sülh şərtləri Ermənistan və Azərbaycan  hakimiyyətlərinin fəaliyyətlərilə ziddiyyət təşkil edirdi, diplomatik oyunlar səmimi fəaliyyətlə möhkəmləndirilmirdi, əksinə, hər şey müharibəyə doğru gedirdi. 

- Rus sülhməramlıların gəlişi regionda sülhü möhkəmləndirəcəkmi? 

- Bu, onların rəhbərliyindən asılıdır. Hələ ki rus hərbçilərinin mövcudluğu bizim xalqlarımız arasında atəşkəsin yeganə təminatıdır. Sülh o zaman olacaq ki, bizim ölkələrimizin rəhbərləri özləri qaranta çevriləcəklər. 

- İndiki situasiyada sülhpərvər hüquq müdafiəçiləri necə davranmalıdırlar? Siz işlərinizi  necə qurmaq fikrindəsiniz, yeni proqramınız varmı? 

- Ermənilər də, azərbaycanlılar da döyüşlərdə böyük itkilər veriblər. Ölənləri qaytarmaq olmayacaq. Ermənilərlə azərbaycanlıların yerlərini dəyişməsi barədə deyilənlər doğru deyil. Hər iki ölkədə müharibənin "toxunmadığı” adamlar itkin düşənlərin, əsir və girovların ailələriylə, hərbi cinayətkarlarla, hərbi əməliyyatların iştirakçıları və şahidləriylə qarşılaçacaqlar. Hər kəs bu müharibənin nəticələrini hiss edəcək. Müharibə postsovet cəmiyyətinin, postsovet insanının laqeydliyinin, qorxaqlığının və axmaqlığının nəticəsi oldu. 
Mənim yalnız bir proqramım var, köhnədən qalan – "Tekali prosesi”. Bu proqram çərçivəsində Gürcüstan, Azərbaycan və Ermənistan vətəndaşlarının sərhəd kəsişmələrində görüşü və aktual mövzuların müzakirəsi təşkil olunur.
 
Qızılgül Abdinova
Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar