Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May, 2021
220

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib”

“Qaragöl ərazisi ilə bağlı Sovet hakimiyyəti illərində  qəbul olunan qərara görə, yalnız sudan istifadə məqsədi ilə buradakı göl Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”.

Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib. 

Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir. 

Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb.

Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra isə Geqarkunik bölgəsində iki istiqamətdə hərəkət etdiyini bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Azərbaycan Silahlı Qüvvələrinin öz ərazilərində olduğunu və sərhəd demarkasiyası prosesinin davam etdiyini bildirib.

Mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. 

O, son günlər Azərbaycan- Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. 

İlham Əliyev deyib ki, hazırda sərhəddin dəqiqləşdirilməsi prosesi gedir: "Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir və danışıqlar davam etdirilir".

Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, sözügedən məsələ ilə bağlı Azərbaycan mətbuatının yanaşması düzgün deyil: “Mətbuatda yer alan “Azərbaycan ordusu Zəngəzura girdi” kimi başlıqlar dövlətin mövqe və mənafeyinə ziddir. Bu tip materiallar Azərbaycanın beynəlxalq imicini də zədələyərək ölkəni  işğalçı, başqa ölkənin ərazilərini zəbt edən dövlət kimi göstərir. Azərbaycan, sadəcə, 30 illik işğaldan sonra pozulmuş, dəqiq bilinməyən sərhədlərinin dəqiqləşdirilməsi və BMT-nin qəbul etdiyi sərhədlərinin müəyyəşləşdirilməsi prosesini həyata keçirir. Ermənistan tərəfi isə buna iki aspektdən yanaşır:  Birincisi, Paşinyan bilir ki, Azərbaycan dövlət sərhədlərini pozmayacaq və bu səbəbdən də “Ermənistan Azərbaycan ordusunu geri oturtdu” kimi görüntü yaradaraq xal qazanmaq istəyir. İkincisi, Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərdə həm iqtidar, həm də müxalifət bu məsələdən təbliğat məqsədilə istifadə edir. Müxalifət göstərməyə çalışır ki, Azərbaycan təkcə Qarabağa deyil, Ermənistan ərazisinə də iddialıdır. Bununla da Paşinyanı zəif göstərib seçkidə məğlub olmasına çalışır”. 

Partiya sədri deyib ki, bu məsələnin Ermənistanda panika yaratmasının psixoloji tərəfləri də var: “Uzun illər Qazax-Tovuz-Ağstafa istiqaməti istisna olmaqla Azərbaycan-Ermənistan sərhədləri qorunmurdu. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan istiqamətlərində çox böyük boşluqlar var idi. Bu da həmin sərhədlərdə yaşayan Ermənistan əhalisində arxayınçılıq yaratmışdı. İndi birdən-birə yüksəkliklərdə Azərbaycan əsgərlərinin görünməsi onları həyəcanlandırır və bunu faciəvi hal hesab edirlər. Amma onlar qəbul etməlidirlər ki, biz qonşuyuq və nə Azərbaycan, nə də Ermənistan bu ərazilərdən köçüb gedəndir. Qanuni sərhədlər bərpa olunmalı, bu səbəbdən də onlar dövlət olaraq dinc yaşamağın yollarını axtarmalıdırlar. Çox təəssüf ki, psixoloji cəhətdən buna hazır deyillər və hələ də azad olunmuş torpaqların geri qaytarılması kimi revanşist istəkləri mövcuddur”. 

ABŞ Dövlət Departamentinin Mətbuat katibinin müavini Jalina Porter jurnalistlərə Ermənistanla Azərbaycan arasında demarkasiya sərhədindəki vəziyyəti diqqətlə izlədiyini bildirib: “Mübahisəli ərazilərdəki hərbi hərəkatlar məsuliyyətsiz və  lazımsız təxribatdır. Əlbəttə, bir qədər geri çəkilmə barədə xəbərləri gördük və təsdiqlənərsə, bunu alqışlayırıq. Amma Azərbaycanın bütün qüvvələri dərhal geri çəkəcəyini və yeni təxribatlardan çəkinəcəyini gözləyirik”.

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı Ermənistan sərhədlərini pozmaqda ittiham edib. 

O, “Feysbuk” hesabında erməni dilində yazıb: "Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm: Fransa sizinlə həmrəylik içindədir və olmağa davam edəcək".

İ.Ağazadə deyir ki, hər iki ölkənin bu mövqeyi tutmasının əsas səbəbi Ermənistan və o cümlədən Azərbaycan mətbuatında səslənən fikirlərdir: “Ermənistan bundan təbliğat məqsədi üçün istifadə edir, Azərbaycan tərəfi isə məsələyə yanlış tərəfdən yanaşır. Azərbaycanın istər dövlət, istərsə də müstəqil kütləvi informasiya vasitələri qeyd etdiyim kimi Azərbaycanın Zəngəzurda irəlilədiyini yazır. Axı Azərbaycan Zəngəzura doğru irəliləməyib, sadəcə, sərhədləri çərçivəsində hərəkət edir. Bu tipli məlumatlar verərkən onun hüquqi əsaslarını da düzgün təqdim etmək lazımdır. Bu məsələdə olan çatışmazlıqlar bizim işimizə ciddi şəkildə ziyan vurur. Əgər Azərbaycan bu işə başlayanda doğru-dürüst bəyanat yaysaydı, Xarici İşlər Nazirliyi məsələ ilə bağlı məlumat versəydi, burada ciddi problem olmazdı”. 

Telman Əbilov - Sosial Media

Hərbi ekspert Telman Əbilov "Toplum TV"-yə deyib ki, Ermənistanın narahatlığının müxtəlif səbəbləri var: “Sərhədlərin müəyyənləşdirilməsi noyabrın 10-da imzalanan razılaşmada qeyd olunmuşdu. Zəngilan, Laçın, Kəlbəcər olmaqla üç sərhəd rayonunda sərhədlər müyyənləşdirilməli idi. Eyni zamanda ən çətin yerlərdən biri hesab olunan Syunik  bölgəsinin Qaragöl ərazisi də qalmışdı. Təxminən 3000 km hündürlüyə malik olan bu zirvədə qar əridikdən sonra sərhədlərin müəyyənləşdirilməsi illərdir bu əraziləri sərhədsiz istifadə edən Ermənistanı narahat edib. Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib. Ermənistanı narahat edən əsas səbəblərdən biri də budur. Ona görə də bu hadisə həm Ermənistanda, həm də digər ölkələrdə birmənalı qarşılanmadı. Bildiyim qədərilə sülhməramlıların komadiri ilə danışıqlar aparılıb və əvvəlki qərarla Ermənistana verilən ərazilərdən ordumuz geri çəkilib. Gölün bir tərəfində Ermənistan, digər tərəfində Azərbaycan ordusu yerləşib, danışıqlar isə hələ də davam edir. Hesab edirəm ki, bu məsələyə həm Azərbaycan, həm də Rusiya hökuməti çox təmkinli yanaşaraq problemin çözülməsi istiqamətində danışıqlar aparırlar”. 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 16-dan 20-nə qədər Müdafiə nazirinin rəhbərliyi ilə 15000 nəfərədək şəxsi heyətin iştirak etdiyi hərbi təlim keçirilir. 

Təlimə 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

T.Əbilov keçirilən bu təlimin yaranan konfliktlə əlaqəsi olmasa da Ermənistan tərəfində həyəcan yaratdığını bildirib: “Hərbi təlimlər öncədən, illik plan əsasında həyata keçirilir. Amma sözügedən təlimin bu məsələrlə eyni zamanda keçirilməsi Ermənistanda həm qorxu, həm də məsuliyyət hissi yaradıb”.

Sergey Lavrov  - "Sputnik" 

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov da sərhəddə hər hansı bir toqquşmanın olmadığını deyib. 

Bu barədə mayın 17-də TASS məlumat yayıb. 

“Sadə bir məsələyə görə, emosiyaların qızışdırılmasına ehtiyac yoxdur. Bir dəfə də olsun atəş açılmayıb, heç bir toqquşma baş verməyib. Oturdular, sakitcə vəziyyəti necə həll edəcəkləri barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılıq əldə olundu”, - deyə Lavrov vurğulayıb.

O həmçinin qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları gərginləşdirməyə səbəb görmür: "Moskva Yerevan və Bakıya sərhədlərin demarkasiyasında kömək etməyə hazırdır". 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar