Siyasət

“Ermənistan diversantları istəyirsə, minalanlanmış ərazilərin xəritələrini verməlidir”

Nigar Səmədli
5 Aprel, 2021
392

Açıq mənbələrdən götürülüb

“Ermənistan mina xəritələrini bizə verəcəksə, Azərbaycanda olan diversantları təhvil vermək lazımdır. Onları uzun illər yedirib-içirməyə nə ehtiyac var?”

Bunu “Toplum TV”-yə politoloq Şahin Cəfərli deyib.

Aprelin 5-də ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən tədbirdə Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanı mina xəritələrini gizlətməkdə ittiham edib.

"Mina xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməyə davam edir. Bu, beynəlxalq hüququn pozulması, hərbi cinayətdir. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Bu, azərbaycanlıların torpaqlarına qayıtmasının qarşısını alır. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur. Biz ikitərəfli görüşlərdə də bu məsələni qaldırırıq”, - deyə Hikmət Hacıyev bildirib.

İşğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin olması və mülki sakinlərin tez-tez minaya düşməsi xarici mediada da işıqlandırılıb. Məsələn, fevralın 25-də Dmitri Vinoqradov “Svobodnaya pressa”da dərc olunan “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlarla dolları boş yerə xərclədi” adlı məqaləsində qeyd edir ki, 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mina və partlamamış hərbi sursatların ümumi dəyəri 3 milyon dollara çatır.

Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər.

Mütəxəssislər deyirlər ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. İşğal dövründə isə Ermənistanın həmin ərazilərin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərclədiyi iddia olunur.

Şahin Cəfərli - Sosial Media

Şahin Cəfərli isə hesab edir ki, bütün hallarda minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir.

O, xəritələrin Ermənistanda olub-olmadığından da əmin olmadığını vurğulayır: "Ola bilsin ki, bizim kəşfiyyatımızda xəritələrlə bağlı məlumat var. Hər halda Azərbaycan tərəfi rəsmi səviyyədə həmin xəritələrin Azərbaycana təqdim olunmasını tələb etmək haqqına malikdir. Əgər sülh prosesi gedir, münasibətlər bərpa olunur və regionda kommunikasiya yolları açılırsa, bu, düşmənçiliyə son qoymaq deməkdir. Bu baxımdan həmin xəritələrin Azərbaycana təqdim edilməsində heç bir problem olmamalı və hökumət bu məsələni daim gündəmdə saxlamalıdır. Eyni zamanda, ehtiyac olarsa, beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırıraq ən azından Ermənistandan cavab istənilməlidir. Çünki həmin minaların partlaması nəticəsində ilk növbədə dinc əhali həlak olur. Bu səbəbdən humanizm prisiplərinə və sülh prosesinə uyğun olaraq bu xəritələrin Azərbaycana verilməsi zəruridir”.

Ekspertin fikrincə, minalanmış ərazilərin xəritələri varsa, Ermənistan qarşılığında Azərbaycandakı əsirlərin geri verilməsi məsələsini gündəmə gətirə bilər: “Belə olan halda isə Azərbaycan tərəfi əsirlərin qaytarılmasına razılıq verməlidir. Çünki minaların təmizlənməsi çox uzunmüddətli prosesdir. Həmin xəritələri əldə edib qısa müddətdə əraziləri minalardan təmizləmək imkanımız varsa, bundan niyə istifadə etməyək? Azərbaycanda olan erməni diversantları uzun illər yedirib-içirməyə nə ehtiyac var? Əgər Ermənistan o xəritələri bizə verəcəksə, düşünürəm ki, həmin diversantları təhvil vermək lazımdır”.

Rəsul Cəfərov - Sosial Media

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə Hikmət Hacıyevin mövqeyini bölüşür: “Məntiqlə müharibə bitib və sülh əldə olunubsa, minalanmış ərazilərin xəritəsi Azərbaycana verilməlidir. Əks-halda Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar, xüsusilə ATƏT qarşısında qaldırmalıdır". 

Rəsul Cəfərov da xəritələrin qarşılığında diversantların qaytarılmasını məqbul sayır: "Hüquqi baxımdan xəritələrin qarşılığında Ermənistan tərəfinin Azərbaycandan diversantları tələb etməsi düzgün deyil. Müharibə bitib razılaşma əldə edildikdən sonra hücuma keçdikləri üçün onlar hərbi əsir yox, cinayətkar sayılırlar. Bu barədə Cenevrə Konvensiyalarında da qeyd olunub. Amma buna baxmayaraq, həmin xəritələrin qarşılığında Ermənistan tərəfi diversantları istəsə, Azərbaycan bununla razılaşmalıdır. Amma görünən odur ki, Azərbaycan xəritələri şərtsiz tələb edir”.

Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar