Siyasət

Ermənistan Qarabağdan əl çəkir? - “Sülh gündəliyinə alternativ yoxdur”

Vüsalə Mikayıl
14 Aprel, 2022
183

açıq mənbədən götürülüb

Azərbaycan və Ermənistan liderləri Brüssel görüşündən sonra sülhlə bağlı fikirlər səsləndirməyə başlayıblar.

Aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında danışıqların bəzi məqamlarını açıqlayıb. Baş nazir deyib ki, beynəlxalq ictimaiyyət rəsmi Yerevana Dağlıq Qarabağın statusu ilə bağlı gözləntisini bir az aşağı salmağı təklif edib:

“Əks halda bizə bel bağlamayın, ona görə yox ki, biz sizə kömək etmək istəmirik, ona görə ki, kömək edə bilmirik”.

N.Paşinyan əvvəllər Qarabağın statusu əsas götürülsə də, indi təhlükəsizlik və hüquq təminatına önəm verdiklərini və statusun onlardan irəli gəldiyini bildirib:

“Başqa sözlə, bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək vasitəsidir”.

Paşinyan həmçinin bildirib:

“Bu gün bizə deyirlər ki, biz təslim olmuşuq və ya Qarabağı vermək istəyirik. Qarabağı təslim etmək istəsəydik, Serj Sarkisyanın danışıqları məntiqini davam etdirərdik. Beləliklə, biz Qarabağı təslim etmiş olardıq. Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyil. Mən bu barədə dəfələrlə danışmışam. Fərqli yol tutsaq, Qarabağı təslim edəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Parça-parça. Bir-birinizi aldatmağı dayandırın.
Biz, ifadəmə görə bağışlayın, xalqımızı qurbanlıq qoyun statusundan çıxarmağa yol açırıq. Müharibə olub-olmayacağına biz qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Biz vətəndaşıq, qurbanlıq quzular deyilik ki, müxtəlif yerlərdə bizi nə qədər və necə kəsəcəklərinə və ya bizi bağışlayacaqlarına qərar versinlər”.

“Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”

Atlas Aradırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, N.Paşinyan radikallardan və Qarabağdakı separatçılardan fərqli olaraq, “yalnız müstəqillik” ifadəsini işlətməkdən imtina edib. “Çünki anlayır ki, əks halda Azərbaycanla münasibətlər yenidən gərginləşəcək və növbəti müharibə qaçılmaz olacaq. Bununla Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazır olduğunun mesajını verib”.

Ekspert N.Paşinyanın çıxışı zamanı status məsələsində Türkiyənin adını tələffüz etməsini önəmli hesab edir: “Paşinyan demək istəyib ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirsək, qarşımızda yenə Azərbaycan-Türkiyə ittifaqını görəcəyik və bu, ermənilərə növbəti dəfə baha başa gələcək. Bu halda Rusiya və bu ölkənin Ermənistana havayı verdiyi silah da erməniləri xilas edən deyil”.

Elxan Şahinoğlu - açıq mənbədən götürülüb

N.Paşinyan Azərbaycanın sülh danışıqları prosesini tez bir zamanda dalana dirəməyə çalışacağını, bununla da Ermənistana və Dağlıq Qarabağa qarşı yeni təcavüzkar hərəkətlərə bəhanə yaradacağını söyləyib.

Paşinyan hökumətinin qarşısında duran əsas problem nədir?

Siyasi şərhçi Şahin Hacıyev də Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyə hazır olduğunu düşünür: “Beynəlxalq ictimaiyyətin mövqeyi ondan ibarətdir ki, konflikti yaradan səbəb - Qarabağın Azərbaycanın tərkibindən çıxma tələbi aradan qalxmalıdır. Ermənistan bundan imtina etməlidir ki, konfliktin səbəbi aradan qalxsın. Çox güman ki, Ermənistan hökuməti bu addımı atmaq istəyir. Yerevan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh sazişini imzalamağa hazırdır”.

Ekspertə görə, hazırda Paşinyan hökumətinin önündə duran əsas problem Ermənistan müxalifəti və xüsusən də Qarabağda yaşayan erməni liderlərin bununla razılaşmaq istəməməsidir: “Müxalifət bunu Paşinyana qarşı mübarizə üsulu kimi istifadə edir. Qarabağdakı ermənilərin liderləri isə anlayır ki, bu baş versə onların gələcəyi yoxdur”.

N.Paşinyanın çıxışı Ermənistanda birmənalı qarşılanmasa da beynəlxalq ictimaiyyət Ermənistana güzəştə getməyi məsləhət görür. Digər tərəfdən Rusiyanın prosesi müsbət qarşılamayacağı və sülh olmadığı təqdirdə Azərbaycanın Ermənistana hərbi təzyiq göstərəcəyi kimi fikirlər dolaşır.

Bəs Paşinyan hökuməti qərar anında bu faktorlardan hansını nəzərə almalıdır?

Ş.Hacıyev deyir ki, Ermənistan hökuməti ilk olaraq ölkədə vəziyyətin qarışmamasını nəzərə alacaq. Növbəti nəzərə alacağı məqam isə beynəlxalq ictimaiyyətin mövqeyi olacaq: “Azərbaycan və Ermənistan beynəlxalq oyunun tərkib hissəsidir. Bu iki dövlət oyun qaydalarını pozsa cəzalanacaqlar. 2020-ci ildə müharibə başlayanda Ermənistan həmin qaydaları pozmuşdu. Paşinyan öz çıxışında da bunu etiraf edib ki, 2020-ci ildə etdiyi səhvi bir də təkrar etməyəcək. Beynəlxalq ictimaiyyətin təklif etdiyi planı qəbul etdiyin halda pozursansa, səni mütləq cəzalandıracaqlar. İndi isə təklif ondan ibarətdir ki, siz bir-birinizin ərazi bütövlüyünü tanıyırsız və qalan məsələləri bundan sonra həll edirsiz”.

Şahin Hacıyev - açıq mənbədən götürülüb 

Ekspert bildirir ki, Paşinyan hökuməti üçün indi ən böyük təhlükə oyun qaydalarını pozub yenidən günahkar çıxmaqdır. Əgər bu baş versə, Azərbaycan yenidən hərbi müdaxilə etdiyi təqdirdə, heç kəs Ermənistana kömək etməyəcək.

Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasın prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş keçirib.

Görüşdən sonra İlham Əliyev və Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini ifadə ediblər. Bu məqsədlə də gələcək sülh sazişinin hazırlanmasının üzərində işləmək üçün xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

N.Paşinyan, Ş.Mişel, İ.Əliyev - president.az

11 apreldə hər iki ölkənin Xarici işlər nazirlərinin telefon danışıqları baş tutub. Tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

N.Paşinyan sülh gündəliyinə alternativ olmadığını qeyd etsə də, müqavilənin formatının hələ müzakirə olunmadığını bildirib.

Prezident İlham Əliyev isə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə artıq münaqişənin həll olunduğunu və vaxt itirmədən qarşıda duran məsələlərin həllinin vacibliyini vurğulayıb.

 

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo