Siyasət

Ermənistan rəhbərliyi qondarma DQR-in ildönümünə niyə getmədi? - “Paşinyan eyni səhvi təkrarlamaq istəmir”

Nigar Səmədli
3 Sentyabr, 2021
3838

Açıq mənbələrdən götürülüb

“Rusiya Ermənistanı Qarabağa buraxmır və beynəlxalq ictimai rəyi də bu cür formalaşdırmaq istəyir ki, Qarabağa görə Ermənistana nəsə demək yersizdir, Qarabağın sahibi Rusiyadır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi “Toplum TV”-yə qondarma Dağlıq Qarabağ Respublikasının ildönümünə Ermənistan liderlərinin qatılmaması xəbərinə şərh verərkən deyib.

Ermənistan rəhbərliyindən heç kim, nə prezident, nə baş nazir, nə də spiker əvvəlki illərdən fərqli olaraq qondarma DQR-in 30 illiyi münasibətilə Dağlıq Qarabağa səfər etməyib. Keçmiş liderlər Robert Koçaryan və Serj Sarqsyan da əslən Dağlıq Qarabağdan olsalar da, bölgəni ziyarət etməyiblər.  Sözügedən hadisə ilə bağlı tədbirlərə ancaq Ermənistan parlamentinin bir qrup deputatı qatılıb. "Qraparak" qəzetinin yaydığı xəbərə görə, yerli sakinlər deputatların avtomobillərini daş-qalaq edib. 

Ermənistanın yüksək texnologiyalar naziri Vaaqn Xaçatryan hökumətin iclasından sonra deyib ki, Dağlıq Qarabağa səfər etməmək siyasi qərardır, bunun başqa səbəbi yoxdur.

“Azatutyun”-un məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan ümumiyyətlə, 44 günlük müharibədən sonra Dağlıq Qarabağda olmayıb.

Bildirilir ki, Dağlıq Qarabağda separatçı rejimin qurulmasının 30-cu ildönümü münasibətilə Ermənistanın keçmiş və indiki rəhbərləri məktublar göndəriblər.
Baş nazir Nikol Paşinyanın məktubunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmədiyi bildirilib və o, bu məsələdə həmsədr ölkələri günahlandırıb. Keçmiş prezident Serj Sarqsyanın məktubu isə tamamilə Nikol Paşinyanın tənqidinə həsr olunub.

Ermənistan rəhbərliyinin sözügedən tədbirlərə qatılmaması nədən qaynaqlanır?

Politoloq Azər Qasımlı deyir ki, bunun iki səbəbi var: “İlk səbəb odur ki, Xankəndi tam olaraq rusların nəzarətindədir. Paşinyan da belə olan təqdirdə ora getmək və rusların nəzarətində hansısa tədbir keçirmək istəməyib. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, Paşinyanı orada heç kim gözləmir. Dağlıq Qarabağda olan ermənilər hesab edirlər ki, Paşinyan onları satıb və müharibəni uduzub. Yəni ona münasibət müsbət deyil. Paşinyanı orada istər ermənilər, istərsə də rus “sülhməramlıları” gözləmirlərsə, Paşinyanın gedərək biabır olmağındansa, getməməyi daha yaxşıdır. Ona görə də belə bir qərar verib ki, Xankəndinə getməsin”.

Azər Qasımlı - Sosial Media

Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə isə, 30 il ərzində ilk dəfə idi ki, tədbir bu qədər biabırçı şəkildə keçirilirdi: “Bu bir həqiqətdir ki, qondarma rejimin tör-töküntüləri öz müstəqilliklərinin 30 illiyini qeyd etməyə cəhd göstəriblər. Amma bu cəhd gözlənilən nəticəni vermədi və tədbirə heç kim qatılmadı. Hətta məlumatlara görə, Paşinyan məzuniyyətini bilərəkdən bu dövrə saldı ki, tədbirə qatılmamağını məzuniyyətdə olması ilə əsaslandırsın. Yalnız bir neçə deputat bu qondarma tədbirə getdi, amma onlar da az qalsın öldürüləcəkdilər. Yaşadıqları otellərə hücumların olduğu ilə bağlı məlumatlar var. Bunun isə əsas səbəbi odur ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazdı ki, nəticəsi bu cür oldu”.

“Paşinyan özü də dərk edir ki, bu cür tədbirlərə qatılmaq onun üçün çox ciddi baş ağrılarına səbəb ola bilər. Artıq Ermənistan və Qarabağdakı erməni ictimaiyyəti də özləri üçün nəticələr çıxara bilirlər. Bu da ondan ibarətdir ki, artıq yeni dövr başlayır və bu dövrdə onların gələcəyi üçün yeganə nicat yolu Azərbaycanla əməkdaşlıqdır”, - deyə E.Nəsirov bildirib.

Seymur Həzi - Sosial Media

“Rusiya Ermənistanı Qarabağa buraxmır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin sözlərinə görə, burada həlledici faktor Rusiyadır və o, bu tədbirləri Ermənistansız keçirmək istəyir: “Bu məsələdə erməni diasporası ilə Rusiyanın mövqeyi bir-birinə yaxındır. Çünki indiki Ermənistan hakimiyyəti Türkiyə ilə yaxınlaşmaq istəyir, bu da bölgədə yeni mərhələnin başlayacağına dair siqnaldır. Bu isə Ermənistanın Türkiyə vasitəsilə Qərbə qapılarına açılması deməkdir və Rusiyanı narahat edən əsas məqamdır. Ona görə də Rusiya Ermənistanı Qarabağa buraxmır və beynəlxalq ictimai rəyi də bu cür formalaşdırmaq istəyir ki, Qarabağa görə Ermənistana nəsə demək yersizdir, Qarabağın sahibi Rusiyadır. Çünki Ermənistanın Qarabağda olması Rusiyanın planlarına uyğun deyil. O istəyir ki, zamanla Qarabağı Ermənistandan qopmuş, Azərbaycana bağlı olsa da faktiki olaraq Rusiyanın nəzarətində olan əraziyə çevirsin. Osetiya və Abxaziyada olduğu kimi”.

“Paşinyan eyni səhvi təkrarlamaq istəmir”

Siyasi şərhçi Nahid Cəfərov da hadisələrin gedişatını Rusiya ilə əlaqələndirib: “Əvvəl Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin təhlükəsizlik qarantı kimi çıxış edirdisə, indi bu rolu Rusiya oynayır. Rusiya da ola bilsin, orada yaşayan insanların təhlükəsizliyinə yeganə qarant dura bilən dövlət kimi çıxış etmək istəyir və bununla bağlı yerli insanlara da mesaj vermək istəyir”.

Nahid Cəfərov - Sosial Media

Ekspert onu da əlavə edib ki, Paşinyan da bu məsələdə geri addım atır: “Paşinyanın regiona getməsi sülh müqaviləsi imzalamaq ərəfəsində olan Ermənistan və Azərbaycan arasında münasibətləri daha da gərginləşdirə bilər. 44 günlük müharibədən əvvəl Paşinyanın məhz bu cür populist davranışları minlərlə erməni əsgərinin həyatına soy qoydu və nəzarət etdikləri torpaqların böyük qisminin itirilməsinə səbəb oldu. Görünür Paşinyan eyni səhvi təkrarlamaq istəmir”.

Bu gün, sentyabrın 3-ündə Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilərdə qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən Azərbaycan bölmələrinin intensiv atəşə tutulduğu barədə məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının gördüyü tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

Şuşadakı təxribatlar nə ilə bağlıdır?

Elman Nəsirov - Rəsmi səhifə

Elman Nəsirovun qənaətincə, Ermənistan reallığı dərk etsə də digər tərəfdən psixoloji şok keçirir: “Onlar məğlubiyyətlə barışa bilmirlər. Bir faktı diqqətinizə çatdırım ki, Xankəndidə saatlarla işığın olmadığını söyləyirlər. Şuşada isə gecə-gündüz işıqlar bərq vurur. Bilirsinizmi, bu erməni xalqı üçün necə şok effekti yaradır? Bunun nəticəsidir ki, onlar gedən qatarın dalınca baxıb zaman-zaman atəş açırlar. Lakin bunlar mənasızdır, zaman Azərbaycanın xeyrinə işləyir və bundan sonra da işləyəcək. Ermənistanın yeganə yolu sülhə gəlməkdir”.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.
Siyasət

Prezident Təhsil Nazirliyinə 5 milyon manat ayırdı

16 May 2022

president.az

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayırıb. Bununla bağlı “president.az” məlumat yayıb. Məlumatda vurğulanır ki, bununla bağlı mayın 16-da İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Təhsil Nazirliyinə 5 milyon manat ayırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo