Siyasət

Ermənistan siyasi xaosa yuvarlanır?

Roza Məmmədova
26 Yanvar, 2022
457

“Sarkisyanın istefası Paşinyanın liderliyini gücləndirə bilər”

Topçubaşov Mərkəzinin tədqiqatçısı Simona Skotti “Toplum TV”yə Ermənistan prezidentinin istefası haqqında danışarkən belə deyib.

Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilmişdi. Bundan əvvəlsə o, Ermənistanın Londondakı səfiri və Ermənistanın baş naziri vəzifələrində çalışmışdı.

Prezident yanvarın 23-də gözlənilmədən istefa verməsini ölkənin daxili və xarici siyasətinə təsirinin olmaması ilə izah edib və qərarının emosional vəziyyətdə verilmədiyini, müəyyən məntiqdən irəli gəldiyini söyləyib.

"Bizdə paradoksal vəziyyət yaranıb. Prezident dövlətçiliyə zamin olmalıdır, amma bu gün Ermənistanda prezident “müharibə, yaxud sülh məsələlərinə təsir edə bilmir. Məqbul hesab etmədiyi qanunlara veto qoya bilmir”, - deyə o açıqlamasında bildirib.

Yanvarın 25-də isə erməni mətbuatı yazıb ki, iki gün əvvəl istefa vermiş Sarkisyanın başqa ölkə vətəndaşlığı da var.

İddia edilir ki, Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olduğu aşkarlanıb.

“Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş”, - “Hetq.am” saytında yayımlanan məqalədə qeyd edilib.

Ermənistan Konstitusiyasına əsasən, yeni prezident seçilənə qədər dövlət başçısının vəzifələrini parlamentin sədri Alen Simonyan icra etməlidir. 

Sarkisyanın istefası gözlənilən idimi? Bundan sonra Ermənistanda proseslər necə inkifaş edə bilər?  

Tədqiqatçı Simona Skottinin fikrincə, Sarkisyanın istefası ilk baxışda təəccüblü və gözlənilməz görünə bilər: o, 2018-ci ildə vəzifəsinin icrasına başlayanda 2015-ci ildə baş vermiş konstitusiya dəyişiklikləri nəticəsində prezidentin səlahiyyətləri aşağı salınmışdı. Bu da onun bəyanatının əsasını təşkil edən real səbəblərə şübhə yaradır.

“Aydın məsələdir ki, Sərkisyanın istefasına hazırki siyasi konteksti nəzərə almadan, Baş nazir Nikol Paşinyanla münasibətlərdə onun artan narazılığından irəli gələn şəxsi qərar kimi baxmaq məqsədəuyğundur. Həqiqətən də, ötən il Sarkisyan ilə Paşinyan arasında bir sıra məsələlərdə fikir ayrılıqları olmuşdu. Bunlara Prezidentin 2020-ci ildə Qarabağa dair danışıqlara qoşulmamasını, konstitusiyada islahatlarında, eləcə də müharibədən dərhal sonra Baş Qərargah rəisinin işdən çıxarılması kimi məsələlərdə iştirak etməməsini misal göstərmək olar”.

Tədqiqatçı əlavə edir ki, hazırda Nikol Paşinyanın təmsil etdiyi “Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə 53 faizlik yerə sahibdir. Növbəti seçkilərdə “Vətəndaş Müqaviləsi” Ermənistanın gələcək prezidentinin seçilməsində kimə üstünlük veriləcəyinə yön verə bilər:

“Parlamentin Sarkisyanın xələfinin seçilməsinə cavabdeh olduğunu və Paşinyanın rəhbəri olduğu "Vətəndaş Müqaviləsi" Partiyasının parlament üzərində güclü nəzarətə malik olduğunu nəzərə alsaq, yeni namizədin müəyyənləşdirilməsində heç bir maneə gözlənilmir. Bütün bunlara baxmayaraq, müxalifətin bu prosesə müdaxilə etməsi və onu ləngitməyə çalışması gözləniləndir”. 

Simona Skotti - Açıq mənbələrdən götürülüb

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da oxşar fikirdədir. O “Feysbuk” hesabında yazıb ki, proseslər istənilən halda Paşinyanın xeyrinə inkişaf edə bilər:

“Ermənistan Konstitusiyasına görə prezident istefa verərsə, onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin sədrinə keçir. Prezident parlamentdə seçilir. Səvermənin birinci turunda prezident seçilmək üçün namizədin deputatların dörddə üçünün səsini alması lazımdır. Əgər prezidenti birinci turda seçmək mümkün olmazsa, ikinci tur səsvermə keçirilir və deputatların ümumi səslərinin beşdə üç səsini alan dövlət başçısı seçilir. Prezidenti ikinci turda da seçmək mümkün olmazsa, üçüncü tur səsvermə keçirilir və bu zaman sadə səs çoxluğu əldə edən namizəd dövlət başçısı seçilir. Yəni hardan baxsan, Nikol Paşinyanın irəli sürdüyü namizəd prezident seçiləcək. Nikol Paşinyan ona mane olan ombudsmanı da gələn ay istədiyi namizədlə dəyişəcək. Ancaq müxalifət sakit dayanan deyil, seçkilərin nəticələrinə təsir edə bilməsə də, Paşinyana problemlər yaratmağa çalışacaq”.

Ermənistanda baş verən siyasi proseslər Dağlıq Qarabağa və iki ölkə sərhədindəki vəziyyətə necə təsir  göstərə bilər?

Politoloq Elxan Şükürlünün sözlərinə görə, Ermənistanda proseslərin bu şəkildə davam etməsi Azərbaycanın lehinədir:

“Paşinyan uzun müddətdir hazırlaşdığı konstitusiya islahatlarına getməyə qərar verib və Ermənistan Ədliyyə Nazirliyinin rəhbərliyi ilə yeni komissiyanın yaradılması haqqında fərman imzalayıb. Bir neçə gündür baş verən hadisələr göstərir ki, hadisələr Paşinyanın gözləntiləri istiqamətində davam edir. İndiyə kimi Azərbaycan, Türkiyə ilə münasibətlərdə Ermənistan Prezidenti ilə arasında anlaşılmazlıq vardısa, artıq  Paşinyan addım-addım bunları aradan qaldırır. Ümumiyyətlə, ötən il noyabrda keçirilən Soçi görüşündən sonra Paşinyanın üzərinə götürdüyü öhdəliklər istiqamətində ardıcıl addımlar atması müşahidə olunur. Eyni zamanda Paşinyanın arxayın davranışları onu deməyə əsas verir ki, Baş nazir artıq həm Qərb, həm də Rusiyadan öz hakimiyyətinin təhlükəsizliyinə təminat alıb. Onun əsas hədəfi  region dövlətlərlə münasibətləri tənzimləməkdir. Bunun üçün Ermənistan konsititusiyasında dəyişiklik edilməlidir. Çünki Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alıb”.

Elxan Şükürlü - Açıq mənbələrdən götürülüb

Simona Skotti  isə deyir ki, Sarkisyanın istefasının səbəblərindən biri kimi güman olunan daha bir ehtimal hazırda Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılmaq və müharibə sonrası Azərbaycanla münasibətlərdə gərginliyi azaltmaqdan ibarətdir.

“Bu mərhələdə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başlamalıdır və son bir neçə həftə ərzində Türkiyə ilə Ermənistan arasında başlanmış danışıqlar tezliklə real nəticələrə gətirib çıxaracaq. Sarkisyan istefa etməklə Ermənistanın xarici mövqeyini və onun köhnə geosiyasi rəqibləri ilə münasibətlərini dəyişdirəcək ən mühüm qərarları qəbul etməkdən boyun qaçırıb. Bu iki proses gələcəkdə həm ölkə daxilində, həm də diasporada qeyri-sabitlik və narazılığa səbəb ola bilər”. 

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo