Siyasət

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Suveren Ermənistan Respublikasının ərazisində başqa suveren ölkənin dəhlizi ola bilməz”

Nigar Səmədli
31 Avqust, 2021
2149

Panaroma.am

“Ermənistan sərhədlərində olduğu kimi Zəngəzur dəhlizinin də təhlükəsizlik funksiyasını Rusiya sərhədçiləri öz üzərinə götürüb. Ermənistan da buna razılıq verərək bəyanata imza atıb. Əslində isə Ermənistan rəhbərliyi burada eksterritorial dəhlizin olmasını istəmir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Təhlükəsizlik Şurasının katibinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edərkən “Toplum TV”-yə belə deyib.

Avqustun 30-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq radiosu”-nun erməni xidmətinə deyib ki, suveren Ermənistan Respublikasının ərazisində başqa suveren ölkənin dəhlizi ola bilməz.

Katib Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi barədə bəyanatlarını şərh edərkən belə söyləyib.

Qriqoryan dəhlizin zorla açılması barədə müxbirin sualına cavabında isə bildirib ki, Ermənistan ordusu ölkənin suverenliyini müdafiə etməyə hazırdır: “Ümumiyyətlə dəhliz barədə söhbətlərin hər hansı bir sənədlə əlaqəsi yoxdur. 9 noyabr və 11 yanvar bəyənatlarında dəhlizdən söhbət getmir. Bu müzakirələr yersizdir”.

Qriqoryan eyni zamanda 10 noyabr bəyanatının bütün problemləri çözə bilmədiyini də qeyd edib: “Bizim Azərbaycanla heç bir müqaviləmiz olmayıb ki, biz indi onun xaincəsinə pozulmasından danışaq. Aydındır ki, 9 noyabr bəyanatı regionda müəyyən stabillik üçün əsas yaradıb, amma bütün məsələləri həll edə bilməyib”.

“Ermənistan rəhbərliyi Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir”

Tofiq Zülfüqarovun qənaətincə, A.Qriqoryanın açıqlamasında ziddiyyətli məqamlarm var: “10 noyabr bəyanatında bildirilir ki, Zəngəzur dəhlizi birmənalı olaraq eksterritorial xarakter daşıyır. Yəni Ermənistanın qanunlarının bir qismi orada icra olunmamalıdır. Çünki sənəddə göstərilir ki, bu kommunikasiya yolu Rusiya sərhəd qoşunlarının nəzarəti altındadır. Bu da o deməkdir ki, Ermənistan sərhədlərində olduğu kimi bu dəhlizin də təhlükəsizlik funksiyasını Rusiya sərhədçiləri öz üzərinə götürüb və Ermənistan da buna razılıq verərək imza atıb”.

Tofiq Zülfüqarov- BBC

Onun sözlərinə görə, Ermənistan rəhbərliyiindiki halda eksterritorial dəhlizin olmasını istəmir və 10 noyabr bəyanatının icrasından boyun qaçırmağa çalışır. Keçmiş nazir bəyanatın icrası ilə bağlı sualların sadəcə Ermənistana deyil, Rusiyaya da verilməli olduğunu vurğulayır.

“Ermənistan bu bəndlə yanaşı bəyanatın digər bəndlərinin də icrasından boyun qaçırır. Bu məqamda sual təkcə Ermənistana yox, təminatçı qismində çıxış edən Rusiyaya ünvanlanmalıdır. Burada həm də Rusiya Prezidentinin təminatçı mövqeyində olması sual altındadır. Çünki Putin bəyan etmişdi ki, 10 noyabr sənədinin icrasından kimsə boyun qaçırmaq istəsə, bu, onun üçün fəlakətlə nəticələnəcək”.

Keçmiş nazir hesab edir ki, bu baxımdan da Azərbaycan haqlı olaraq öz narazılıqlarını təkcə Ermənistana yox, Rusiyaya da bildirir və rəsmi Bakı sənəddə qeyd olunan öhdəliklərin icrasını gözləyir.

“Bu məqamda Azərbaycan güc də tətbiq edə bilər”

Müsavat partiyasının üzvü, siyasi şərhçi Elman Fəttah deyir ki, Qriqoryanın açıqlaması həqiqətdən uzaqdır və 10 noyabr bəyanatında aydın şəkildə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edildiyi qeyd olunurdu.

“Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti isə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. 10 noyabr bəyanatında razılaşdırılmış məsələlərdən boyun qaçırmaq üçün Armen Qriqoryanın Ermənistanla Azərbaycan arasında müqavilənin olmamasını iddia etməsi sadəcə üzə durmaqdır”.

Elman Fəttah-Arqument.az

O, Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanmış atəşkəs bəyanatının təsnifat baxımından beynəlxalq müqavilə olduğunu, onun həm Ermənistan, həm də Azərbaycan üçün dövlət öhdəlikləri yaratdığını vurğulayır. Elman Fəttah məhz bu öhdəliklərə görə, Azərbaycanın işğal altındakı Kəlbəcər və Ağdam rayonlarının döyüşsüz azad edildiyini, Qarabağ ermənilərinin Ermənistanla daimi əlaqəsinin təmini üçün Laçın dəhlizi, Azərbaycanla Naxçıvanın quru əlaqəsinin təmini üçün isə Mehridən dəhliz açılmasının imprativ formada razılaşdırıldığını qeyd edir.

Siyasi şərhçi hesab edir ki, bu məqamda Azərbaycan tərəfi güc də tətbiq edə bilər: “10 noyabr bəyanatını imzalayan dövlətlər öhdəliklərin icrasına görə məsuliyyət daşıyırlar. Bu baxımdan Azərbaycan müqavilənin tərəfi olan Rusiyaya xəbərdarlıq haqqına sahibdir. Rusiya sülhməramlıları həm missiyanın tərəfi kimi, həm də nəqliyyat dəhlizlərinə nəzarət funksiyasını öz üzərinə götürən tərəf kimi öhdəliklərini icra etmir. Azərbaycan tərəflərə nəinki xəbərdarlıq edə, hətta öhdəliklərin icrasına nail olmaq üçün güc də tətbiq edə bilər. Bu, Azərbaycanın beynəlxalq müqavilələr hüququndan doğan haqqıdır”.

“Ermənistanı çox ciddiyə alırsınız”

Milli Məclisin üzvü Asim Mollazadə isə Ermənistanın bəyanatlarını ciddi qəbul etmədiyini söyləyir.

“Ermənistan özünü elə aparır ki, sanki quyruğu tələdən çıxıb. Amma bu açıqlamaların heç bir xeyri olmayacaq, onlar üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəklər. Onlar buna məcbur ediləcəklər. Biz Ermənistanın bu cür boş bəyanatlarına öyrəşmişik, müharibədən öncə də bənzər açıqlamalar verirdilər. Tövsiyə edərdim ki, onların bu cür fikirlərinə ciddi yanaşmayasınız, onları çox ciddiyə alırsınız. Buna ehtiyac yoxdur, çünki hər gün bir-birini təkzib edən onlarla bəyanat verirlər. Səbrli olmalıyıq”.

Asim Molazadə-sosial media

Azərbaycan 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Rusiya, Azərbaycan və Ermənistanın iştirakıyla 10 noyabrda Atəşkəs Bəyanatı imzalanıb və Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.

Sənədə görə, nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının öhdəliyindədir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar