Əsrdən əsrə özünü dağıtmaq ənənəsi – Rusiyanın Ukrayna avantürası niyə uğursuzluğa məhkumdur?
NYT
Toplum TV “Azadlıq Radiosu” rus redaksiyasının müəllifi Andrey Arxangelskinin “Ağlın sadələşdirilməsi” adlı məqaləsini Azərbaycan oxucularına təqdim edir. Məqalə Rusiyanın Ukraynadakı müharibəsinin niyə uğursuzluğa məhkum olması barədədir.
Ukraynaya qarşı təcavüzə başlamasından keçən yarım il ərzində Putin rejimi xeyli reqressiyaya uğrayıb. Başladığı müharibəyə görə məruz qaldığı sanksiyaların nəticəsi kimi iqtisadi cəhətdən özünü dünyadan təcrid etdi. İndi də yüzminlərlə kişini səfərbər etməklə artıq öz xalqını məhv edir. Başqa yüzminlər Rusiyanı tərk etməyə məcbur olublar. Ukrayna ərazilərinin ilhaqı rejimi qeyri-legitimliyə məhkum edir, onun gerçəkliklə son əlaqəsini kəsir. Dünyada heç kəs, xüsusən də Ukrayna, ilhaqla razılaşmayacaq. Hərbi məğlubiyyətlər fonunda bugünlərdə Ukrayna şəhərlərinin infrastrukturunu dağıtmaq cəhdləri gücdən deyil, gücsüzlükdən xəbər verir və insanlıq əleyhinə cinayət deyilən halların nümunəsini çoxaldır. Və Putin rejimi üçün yenə özünütəcrid deməkdir – bu dəfə artıq insanlıqdan. Bu ərəfədə də Ukraynanın xahişi ilə Haaqada Vladimir Putin və Rusiyanın siyasi rəhbərliyi üzəində məhkəmə üçün xüsusi tribunal yaradırlar.
Əlbəttə, belə nəzərdə tutulmamışdı. Rejimi möhkəmləndirəcək kiçik müzəffər müharibə planlaşdırılırdı. Rus tarixində belə hallar olub, müzəffər planlar məğlubiyyətə, görünməmiş məyusluğa və rüsvayçılığa, bəzən də dövlətin çöküşünə çevrilib. Yaddaşa çarizm zamanı həm Krım müharibəsi, həm rus-yapon müharibəsi, sovet hakimiyyəti zamanı əfqan müharibəsi gəlir. Bütün analogiyalar qüsurludur, amma ümumi bir cəhət gözə girir: az-çox sabit vəziyyətdə olan rejim, bu yaxınlarda ABŞ prezidenti Co Baydenin dediyi kimi, “irrasional”a yuvarlanır. Nəticədə sonrakı hər addım vəziyyətin yalnız pisləşməsinə aparır. Yekunda bütöv dövlət çərçivəsində avtotəcavüzü – özünə xəsarətlər yetirməyi – xatırladır.
https://toplum.tv/dunya/rusiyali-is-adamlari-narazidir-insanlar-geleceklerinin-olmadigini-gorurler
Burada Ziqmund Freydin bir təlimi ilə analogiya ağla gəlir, o deyirdi ki, insan orqanizmində ölüm meyli yaşamaq həvəsi ilə yanaşıdır. Bu nəzəriyyəni bütöv dövlətə aid etmək olarmı? Qanunauyğunluqdan, totalitar rejimin şüuraltı ölüm meylindən danışa bilərikmi? Doğrudan da istər çar hökumətinin, istər sovet quruluşunun mexanizmində özünüməhv, özünüdağıtma geni mövcud deyildi ki? Öz sonunun çatdığını hiss edən və bunu yeni təcavüz dalğası ilə təxirə salmağa çalışan rejim hərəkətləri ilə yalnız çöküşünü tezləşdirir. Yeri gəlmişkən, “Voroneji bombalamaq” haqqında acı zarafat o deməkdir ki, xalq Putin rejiminin bu psixoloji meylini, ölümə can atmasını çoxdan formullaşdırıb. Qeyd edim: bu, taqətsiz rəhbərlər haqqında sovet lətifəsi deyil; belə deyim, yüksək, freydvari keyfiyyətli yumordur.
Əsrdən əsrə niyə belə olur? Əvvəlki sovet və indiki Putin rejiminin əsasında zorakılıq durur. Zorakılıq alət ola bilər, özü də müəyyən məqama qədər effektli alət, amma məzmun ola bilməz. Zorakılıq ideya kimi özünə qarşı çevrilir, sonunda özünüinkara, özünüməhvə, özünüdağıtmağa aparır. Doğrudur, indi bu özünüinkar öz ardınca bütün dünyanı nüvə divanəliyi uçurumuna sürükləməklə hədələyir.
Məzmunsuz olmaq üzündən savaş. Tarixi dalana dirənmək duyğusundan (yeri gəlmikən, dalana aparan özünün “xüsusi yol”una olan inamdır) savaş. Ona görə ki, çar, Baş katib və ya prezident dinc həyatda məna tapmır, onu ölümdə axtarmaq qərarına gəlir. Beləcə,əslində sağlam düşüncənin özünə savaş elan edir. Çünki XXI əsrdə əraziləri ilhaq etməklə işğalçı müharibə aparmaq, hər şey bir kənara, cəfəngiyyatdır.
Əgər Putinin məqsədi məzmunu məhv etməkdirsə, bizim vəzifəmiz tam əksinədir. Putin rejiminə qarşı olmaq həm də ağlını itirməməkdir, bu da indiki vəziyyətdə yetərincə çətindir. Ukrayna həm özünün həyatda qalması uğrunda, həm də bütün dünyanın demokratik azadlıqları uğrunda mübarizə aparır. Məzmunla bağlı hər şey sadə və aydındır. Putin “Titanik”indən ayrılan və öz həyatının məzmununu sıfırdan yaratmalı olanlar ağıllarını necə qorusunlar?
Xatırlayırsınızsa, Robinzon özünün birinci qayığını uzun müddət yondu, amma dənizə qədər sürüyə bilmədi. O, həddindən artıq böyük, həddindən artıq ağır idi. Robinzon anladı ki, ona daha yüngül qayıq lazımdır. Bizim düşüncə mexanizmlərimizlə də belədir. Bizim kükrəyən dənizə sürüməyə çalışdığımız dinc dövr düşüncələri həddən artıq ağırdır. Başqa bir şey lazımdır, daha bəsit və yaşam qabiliyyətli. Əlimiz altında olandan düzəldilən.
Əldə etdiklərimiz içində olanı ilk növbədə ümidsizlik təcrübəsidir. Dəhşətli şərtlər sayəsində yaranıb, amma bu da təcrübədir. Belə hallarda “iztirab paklaşdırır” deyirlər, bizim halda iztirabın bizi özümüzə qaytardığını demək daha etik olardı. Ekzistensial, “həyat və ölüm arasında”kı sərhəd vəziyyətində biz uydurulmuş “mən” ilə deyil, gerçəklə üz-üzəyik. Bu bizi bütün əlavələrdən, üzərinə çəkilənlərdən məhrum edir. Ümidsizliklə üzləşmək – bir növ bizim mövcudluğumuzun “hə” və ya “yox”la imtahanıdır. Bizim imkanlarımız məhduddu, bu, edə bildiyimizi və etməli olduğumuzu daha böyük səylə və çalışqanlıqla etməyə vadar edir.
https://toplum.tv/dunya/xalqin-fexri-nobel-sulh-mukafatina-layiq-gorulen-ales-belyatski-haqqinda
Ukraynaya qarşı törədilən cinayətlərin heç bir bəraəti ola bilməz. Putin rejiminin simasında Şərin təcəssüm etdiyinə şübhə yoxdur. Belə vəziyyətdə bitərəf qalmaq olmaz və bu, müəyyən dərəcədə insan seçimini asanlaşdırır. Xeyir müvəqqəti olaraq məğlubiyyətə uğraya bilər, amma bunun önəmi yoxdur. Bu gün Vladimir Zelenskinin müqayisə olunduğu Uinston Çörçill yazırdı ki, müharibənin birinci ilində hər şey “pis, pis və daha pis idi. Sonra isə, hətta məğlubiyyətlərə baxmayaraq, aydın idi ki, biz qələbədən qələbəyə gedirik”.
Biz yenə dəyişikliklər dövrünə qədəm qoyuruq. Öz miqyasına görə 30 il əvvəl sovet ideologiyası çökərkən baş verənlərə bərabər dəyişikliklər olacaq. Bir neçə on il ərzində gələcəyi müəyyənləşdirəcək bir şey bizim gözlərimizin önündə yaranır. Əgər bəxtimiz gətirsə, həmin dəyişiklikləri də öz gözümüzlə görəcəyik. Belə dövrdə hər bir hərəkət adi dövrlə müqayisədə daha böyük əhəmiyyətə malikdir. Hər kəsdən daha çox şey asılıdır. Putin və onun rejimin birinci olaraq Şər adlandıracaq keşişdən. Rusiya əsgərlərini qatil olmamağa və döyüşdə iştirak etməməyə çağıracaq ilk hərbçidən. Son nəticədə kimsə tətilləri ləğv etməyib: indiki şərtlər altında Putin rejiminə işləməmək də bir əməldir. Həyatın məzmunu Xeyir və Şərin tərəfini tutacaq və mənəvi qərarımıza uyğun davranış sərgiləyəcək qədər sadələşib.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb