Siyasət
Fərhad Mehdiyev: “Bəyanatın qəbul edilməsi diplomatiyamızın zəifliyidir”
26 Noyabr, 2020
Baxış: 650
Noyabrın 25-də Fransa parlamentinin yuxarı palatası – Senat "Dağlıq Qarabağın müstəqilliyinin tanınması” haqqında tövsiyə xarakterli qətnamə qəbul edib. 

305 nəfərin lehinə, 1 nəfərin əlehinə, 30 nəfərin isə bitərəf qaldığı qətnamədə Fransa hökumətinə Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımaq çağırışı yer alır. 

ATƏT-in üç həmsədr ölkəsindən biri olan Fransa parlamentində belə bir qərarın qəbul edilməsi Azərbaycan ictimayətində birmənalı qarşılanmayıb. 

Ölkədə olan bir sıra siyasi partiyalar, həmçinin Qeyri Hökumət Təşkilatları Azərbaycan hökumətinə Fransa ilə iqtisadi-siyasi münasibətlərə yenidən baxması ilə bağlı çağrışlar ediblər. 

"Toplum TV” Fransa Senatının qəbul etdiyi bu qətnamə ilə bağlı ekspertlərin fikrini öyrənib.

Milli Məclisin deputatı Asim Mollazadə bu qərarın arxasında radikal, milliyətçi bir ideologiya ilə bəslənmiş erməni diasporasının durduğunu deyib: "Onların əlaqələri Fransa senatının müharibəyə çağırış xarakterli qətnaməsinin qəbul edilməsinə gətirib çıxardı. Orada senatorlar tərəfindən bəyan edilən şübhəli bir məsələ də öz əksini tapıb ki, bəzi şəxslər əlehinə səs verdikləri halda onların səsləri nədənsə qeydə alınmayıb. Fransa heç bir hüquqi əsası olmayan qərara görə, özünə çox böyük zərbə endirir. Bu səbəbdən o, ATƏT-in Minsk Qrupundan və ümumiyyətlə bu prosesdən uzaqlaşmalıdır. Düşünürəm ki, bu qətnamə Fransanın BMT-nin Təhlükəsizlik Şurasında və Avropa Parlamentində qəbul etdiyi bütün sənədlərə zidd olan bir qərardır. Çox təəssüf doğuran haldır ki, son zamanlar Fransada anti-islamizm və rasizm açıq şəkildə özünü biruzə verir”. 
 

Deputat eyni zamanda bu kimi qərarların erməni lobbisinin güclü olduğu digər ölkələrdə də qəbul olunacağını istisna etməyib: "Güman edirəm ki, digər ölkələrdə də bənzər qətnamələr qəbul edilə bilər, amma bunun heç bir nəticəsinin olmayacağını düşünürəm. Çünki bu cür addımlar bütün beynəlxalq hüquq normalarına ziddir və qondarma bir respublikanı tanımaq gülünc haldır. BMT Təhlükəsizlik Şurasının bütün qətnamaləri, Minsk Qrupunun bütün təklifləri icra olunub və bunu müzəffər Azərbaycanın Silahlı Qüvvələri həyata keçirib”. 

Hüquqşünas Fərhad Mehdiyev də bu bəyanatın beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu vurğulayıb: "Hazırda  konfliktin həlli 3 dövlətin arasında aparılır: Rusiya, Türkiyə və Azərbaycan. Yəni Fransa konfliktin həllində kənarda qalıb. Bu da onu narahat edən əsas məqamdır. Eyni zamanda onun erməni tərəfinin mövqeyində çıxış etməsi də bu cür beynəlxalq hüquqa zidd və ağlasığmaz bəyanat verməsinin başlıca səbəbidir. Lakin bəyanatın beynəlxalq normalara zidd olduğu açıqdır. Bəyanatda deyilir ki, Azərbaycan 1994-cü il sərhədlərinə geri çəkilməlidir. Halbuki o zaman qəbul edilmiş BMT-nin qətnamələrində həmin torpaqların bizə qaytarılması ilə bağlı bəndlər var”. 
 
 
"Bəyanatın qəbul edilməsində digər səbəb isə bizim diplomatiyamızın zəif olmasındadır. Düşünürəm ki, bizim diplomatlar qərblə əməkdaşlıq üçün addımlar atmalıdırlar. Digər dövlətlərin də belə bir qərar vermə ehtimalını unutmamalıyıq. İndi sadəcə buna fokuslanmalıyıq ki, başqa dövlətlər də bu cür bəyanatlar verməsin. Bununla əlaqəli dəyirmi masaların, konfransların keçirilməsinə ehtiyac var”, - deyə ekspert bildirib. 

Demokratik Qüvvələrin Milli Şurası da Fransa Senatının 25 noyabr qətnaməsinə etiraz ifadə edən bəyanat yayıb. 

Milli Şura qətnamənin beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini bəyan edib: "Eyni zamanda, 1997-ci ildən başlayaraq Fransa Respublikasının ATƏT-in Minsk Qrupunda 23 illik həmsədrliyini şübhə altına alır. Senatın qətnaməsi Fransa dövlətinin ərazi bütövlüyünü tanıdığı Azərbaycanın suveren hüquqlarına müdaxilə etmək, onu şübhə altına almaq xarakteri daşıyır. Qətnamə münaqişə bölgəsində sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən, ərazi bütövlüyü BMT və ATƏT tərəfindən tanınmış Azərbaycanın beynəlxalq birlik tərəfdən tanınmış ərazi bütövlüyünü pozmaq cəhdidir”.

Bəyanatda bildirilir ki, qətnamə tövsiyə xarakteri daşısa da, Azərbaycan əhalisi arasında ciddi və haqlı etiraz doğuran bir addımdır: "Fransa Senatında belə bir Qətnamə qəbul etməklə Paris Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi öz tərəfsizliyini itirdi, tərəflər arasında vasitəçi olmaq missiyasını etibardan saldı. Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi olmasa da, bu sənəd siyasi məzmun kəsb edir, uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi mandatı daşıyan bir ölkənin tərəfsizliyini haqlı olaraq ciddi şübhə altına alır, Azərbaycan xalqının Fransanın tərəfsiz və obyektiv vasitəçi olmaq missiyasına inamını sarsıdır. Şübhəsiz ki, məsələ yalnız bununla məhdudlaşmır, bu ədalətsiz qətnamənin qəbul edilməsi müstəqillik dövründə pozitiv inkişaf yolu keçmiş Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrinə ciddi təhlükə yaradır”.

Bəyanatda vurğulanır ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə bu qurumun erməni işğal qüvvələrinin işğal etdikləri Azəraycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnaməyə səs verib: "Məhz BMT TŞ-nın qeyd edilən 4 qətnaməsi əməli xarakter alanda, işğal qüvvələri 30 il ərazində zəbt etdikləri, dağıtdıqları, zor gücünə mənimsədikləri ərazilərdən çıxardılanda Fransa Senatı belə ədalətsiz bir qətnamə qəbul edib, Fransa hökumətini işğal rejimini himayə edən 1994-cü il "sərhədləri” çərçivəsində fəaliyyətə çağırmışdır. Təəssüf hissi ilə deməliyik ki, bu işğalçını şirnikləndirmək siyasətidir, regionda sülhün, təhlükəsizliyin, tərəqqinin bu günü və sabahı üçün ciddi təhlükədir. Şübhəsiz ki, məhdud siyasi təkəbbürlərdən qaynaqlanan bu qətnamə beynəlxalq hüquq təməl prinsipləri, Birləşmiş Millətlərin Niamnaməsi və onun Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin ruhu ilə köklü şəkildə ziddiyyət təşkil etməsi ilə yanaşı, Fransanın bundan sonra həm Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti, eyni zamanda BMT TŞ-nın daimi üzvü kimi obyektivliyi ilə bağlı ciddi şübhələr doğurur. Qətnamə eyni zamanda beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan bir ölkənin qanunverici orqanının beynəlxalq hüquqa məhəl qoymamasının açıq ifadəsidir”.

Milli Şura bəyan edib ki, tövsiyə xarakterli qətnamə Azərbaycan hakimiyyətinin Fransaya münasibətdə uzun illər ərzində yeritdiyi siyasətin iflasıdır: "Təəssüf hissi ilə qeyd edilməlidir ki, şəhidi, qazisi uçuq daxmalarda yaşayan bir ölkənin hakimiyyətinin Parisdə Versal sarayının parkındakı tarixi abidələrin bərpasına, Luvr muzeyinin və Notre-Dame kilsəsinin təmirinə, ayrı-ayrı kilsələrin və mədəni layihələrin həyata keçirilməsinə böyük vəsaitlər xərcləməsi sünü xarakter daşımış, özünü doğrultmadı”.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladıqları birgə bəyanatla noyabrın 10-dan hərbi əməliyyatlar dayandırılıb.

Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu təhvil verib. Dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
  
Nigar Səmədli
Siyasət

Azərbaycan İran sərhədində yeni dəmiryolu terminalı inşa ediləcək

25 Yanvar 2021

İran Front Page

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq. Bunu yanvarın 23-də İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Onun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb. O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”. Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq: “Bu terminal və iki ölkə arasında birgə sənaye...
Siyasət

Əfqan Sadıqovun komaya düşdüyü deyilir

Elməddin Şamilzadə
24 Yanvar 2021

azadlig.org

Həbsinə etiraz olaraq uzunmüddətli aclıq aksiyası edən “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun komaya düşdüyü deyilir. Bu haqda onun həyat yoldaşı Sevinc Sadıqova “Toplum TV”-yə məlumat verib. O, həyat yoldaşı ilə görüş verilmədiyini və bu səbəbdən narahat olduğunu bildirir. Yanvarın 21-də Sumqayıtda jurnalistin appelyasiya şikayətinə baxılacaqmış, amma qəfildən təxirə salınıb. S.Sadıqova iddia edir ki, məhkəmə qəsdən, yoldaşının vəziyyəti ağır olduğu üçün təxirə salınıb və buna görə onlara görüş verilmir. “80 gündür Əfqan bu vəziyyətdədir, onlar da bundan xəbərdardır... Vəziyyətinin ağır olmasına baxmayaraq məhkəməyə gəlirmiş, Sumqayıta çatmağa az qalmış hakim məhkəməni təxirə salıb, “onlayn keçiriləcək” deyib. Müalicə mərkəzindən də deyiblər...
Seçilmiş Videolar