Hakimiyyət “qovulmuşları” geri qaytarır?
Sosial media
Azərbaycan hakimiyyəti vaxtilə “qovub” ölkədən çıxardığı beynəlxalq təşkilatları qaytarmağa hazırlaşır?
“Toplum TV” Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Orucun məsələnin zərurəti ilə bağlı çıxışından sonra meydana gəlmiş bu sualı vətəndaş cəmiyyəti fəallarına ünvanlayıb.
Zahid Oruc
FOTO: modern.az
Beynəlxalq təşkilatlarla münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu bildirən Z.Oruc əlaqələrin yeni səhifəsini açmaq baxımından müharibə dövründə başlamış bərpa prosesini davam etdirməyi təklif edib.
Rəşid Hacılı: “Bir neçə gün Bakıda qalsalar da, Prezident Administrasiyasından onları qəbul edən olmadı”
Rəşid Hacılı
FOTO:"Feysbuk"
Hüquqşünas, qeyri-hökumət təşkilatının rəhbəri kimi beynəlxalq qurumlarla əməkdaşlıq etmiş Rəşid Hacılı Azərbaycan hakimiyyətinin uzun illər beynəlxalq təşkilatlara, xüsusən də vətəndaş cəmiyyəti ilə birlikdə işləyən donor təşkilatlara qarşı kampaniya apardığını bildirir.
“Misal üçün İREX, “Oxfam International”, “Internews”, USAID kimi təşkilatlar Azərbaycanda fəaliyyət göstərirdilər. Britaniyanın Xarici İşlər Nazirliyi özü birbaşa vətəndaş cəmiyyətləri ilə işləyirdi. Amma 2013-cü ildən sonra hakimiyyətin beynəlxalq təşkilatlara qarşı kampaniyası daha da gücləndi. Həmin il prezident seçkiləri keçirildi və yerli vətəndaş cəmiyyəti fəalları həbs edildi, təşkilatları bağlandı. Bu dalğa 2014-cü ildə geniş vüsət aldı. Baş Prokurorluq beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı məhşur cinayət işini açdı və bura ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndəlikləri də cəlb olundular. Bu, son akkord idi. Həmin təşkilatlar ofislərini bağlayıb getdilər”.
Rəşid Hacılı sözügedən cinayət işi ilə bağlı bu gün də ictimaiyyətə konkret məlumat verilmədiyini, bir çox təşkilatlarla bağlı cinayət işinə hələ də xitam verilomədiyini deyir.
O, “Amnesty International”, “Human Rights Watch”, “Article 19”, “Sərhədsiz Repartyorlar” kimi təşkilatlarınsa əvvəlcədən hökumətlə ciddi problemlər yaşadıqlarını, hakimiyyətin həmişə onların əleyhinə bəyanatlar verdiyini xatırladır.
“Yadımdadır ki, 2007-2008-ci illərdə Azərbaycanda bir çox jurnalist həbsə atılmışdı. Freedom House-un və başqa təşkilatların nümayəndələri birgə Azərbaycana gəldilər. O vaxt Əli Həsənov Prezident Administrasiyasında şöbə müdiri idi. Onunla görüşməyə cəhd etdilər. Yəni onlar hökumətlə görüşlər keçirmək, əməkdaşlığı davam etdirmək üçün xeyli addım atdılar. Ancaq bir neçə gün Bakıda qalsalar da, Prezident Administrasiyasından onları qəbul edən olmadı. Ümumiyyətlə, heç bir qurum onları yaxına qoymadı. Onlar heç bir şey əldə etmədən çıxıb getdilər və bundan sonra Azərbaycan hökuməti ilə ünsiyyətləri daha da kəskinləşdi”.
Rəşid Hacılı rəsmi Bakının 2014-cü ildə isə xarici donorların fəaliyyətini hökumətdən asılı vəziyyətə salan qanun qəbul etdiyini, müstəqil təşkilatların Azərbaycanda fəaliyyətin mümkün olmadığını görüb ölkəni tərk etdiklərini deyir.
“Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev onlara qarşı tez-tez sərt məqalələrlə çıxış edirdi, Baş Prokurorluq bəyanatlar verirdi. Yəni bütünlükdə hökumət səviyyəsində beynəlxalq təşkilatlara qarşı çox ciddi təzyiqlər oldu. Əgər indi hökumət beynəlxalq təşkilatları hansısa formada qaytarmaq istəyirsə, bunun üçün o sərt qanunlar və cinayət işləri ləğv olunmalıdır. Hökumət onları açıq-aşkar dəvət etməli, qanunlar çərçivəsində tamamilə sərbəst işləyə biləcəklərinə təminat verməli və vətəndaş cəmiyyəti ilə bağlı basqıları kənara qoymalıdır”.
Ələkbər Raufoğlu: “ABŞ-ın Sülh Korpusu qapının kandarından geri yola salınıb”
Ələkbər Raufoğlu
FOTO:Sosial media
Beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, hazırda ABŞ-da yaşayan jurnalist Ələkbər Raufoğlu “Toplum TV”-yə deyib ki, bu qurumların bəziləri ölkədən məcburən uzaqlaşdırılıb, bir qisminin gözü qorxudulub və mandatlarını donduraraq getməli olublar: “Təzyiqlər müxtəlif formalarda edilib: qanunverici maneələr, cinayət təqibləri, yoxlamalar və ya ABŞ-ın Milli Demokratiya İnstitutunun timsalında işçilərə verilməli maaşlarının banklarda süni şəkildə dondurulması, eləcə də digər üsullarla. Və ya ABŞ-ın Sülh Korpusu qapının kandarından geri yolasalınıb”.
O, prosesin sistemli və bir neçə il ərzində aparıldığı qənaətindədir. Jurnalist müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə təmasda olduğunu, bəzilərinin baş verənlərin səbəbini axıradək dərk etmədiklərini deyir.
“Görünür, yuxarıda kimlərsə ölkədə müstəqil vətəndaş cəmiyyətinin mövcudluğundan narahat olub və evin içindəkilərə münasibətdə həlqəni daraltmağa, xariciləri isə tamamilə ölkədən çıxarmağa qərar verib. Bütün bunların nə qədər doğru olduğunu iddia etmək istəmirəm, sadəcə olaraq bilməliyik ki, ümumi sentiment təxminən bu çərçivədədir”.
Ə.Raufoğlunun sözlərinə görə, son ayların hadisələri bir daha sübut etdi ki, beynəlxlaq təşkilatların fəaliyyəti Azərbaycana onların özlərindən heç də az lazım deyil: “Təəssüf ki, Azərbaycanı tərk etdikdən sonra beynəlxalq təşkilarların bir qismi ölkəmizlə bağlı fəaliyyətlərinə son qoyublar. Digər qismi Azərbaycan üzrə layihələrini kənardan davam etdirməyə üstünlük veriblər. Bu da onların ölkədə baş verənləri doğru-düzgün, təfərrüatı ilə əks etdirmək imkanlarını məhdudlaşdırıb. Yaranmış boşluq isə yalnız Azərbaycanı istəməyən qüvvələr üçün əlverişlidir”.
O, beynəlxalq təşkilatların Azərbaycana qayıtması üçün həm qanunvericiliyin, həm də idarəetmənin dəyişməli olduğunu düşünür və hesab edir ki, ilk addım yuxarıdan gəlməlidir.
“Beynəlxalq təşkilatları ölkəyə qaytarmağın ən münasib yolu yerli vətəndaş cəmiyyəti ilə barışıq elan etmək, onları dirçəltmək və eləcə də xarici tərəfdaşları ilə maneəsiz təmasları bərpa etməkdir. Yalnız bundan sonra beynəlxalq qurumların inamını qaytarmaq, Bakıya dəvət etmək və onlarla uzunmüddətli əməkdaşlığın əsasını qoymaq mümkündür. Qapıları beynəlxalq təşkilatlara bağlamaqla təkcə özümüz haqqında mənfi rəy yaratmırıq, eyni zamanda, meydanı düşmənə buraxırıq”.
Anar Məmmədli: “Hökumət normativ aktları, siyasi mühiti və yanaşma tərzini dəyişməlidir”
Anar Məmmədli
FOTO: "gözətçi.az"
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 5-6 il öncə Azərbaycanı tərk etmiş beynəlxalq təşkilatların ölkəyə qayıtması ilə bağlı danışarkən belə deyir. A.Məmmədlinin fikrincə, rəsmi Bakı beynəlxalq təşkilatların ölkədə fəaliyyət göstərməsinə, onların həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları ilə birgə layihələr gerçəkləşdirməsinə münbit şərait yaratmalıdır.
“Müharibə dövründə və müharibədən sonra xeyli vətəndaş cəmiyyəti fəalı, o cümlədən mən özüm dəfələrlə hökuməti tənqid etmişəm ki, qapılarını beynəlxalq təşkilatların üzünə bağladığı üçün indi Azərbaycanın səsi az eşidilir”.
SMDT rəhbəri hesab edir ki, Azərbaycanın post-müharibə dövründə bir sıra sahələrdə humanitar, o cümlədən işğaldan azad olunmuş ərazilərdə icmaların yerləşdirilməsi, infrastrukturun qurulması, minalardan təmizlənmə üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var.
“Nəhayət Azərbaycanın dünyada zədələnmiş imicinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatların ölkədə olmasına ehtiyac duyulur”.
Ələsgər Məmmədli: “Beynəlxalq qurumlar vasitəsilə Azərbaycan böyük miqyasda qrant cəlb etmək imkanı var”
Ələsgər Məmmədli
FOTO:Sosial media
Media eksperti və hüquqşunas Ələsgər Məmmədlinin sözlərinə görə, beynəlxalq qurumlar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya obyektiv çatdımaqla yanaşı ölkəyə böyük miqyasda qrant cəlb etmək imkanı var: “Xüsusən də ictimai sektora, hüquq və azadlıqların qorunmasına, medianın inkişafı istiqamətinə cəlb oluna bilər. 2014-cü ilə qədər Azərbaycana müxtəlif, həm yerli, həm də beynəlxaq təşkilatların burdakı filiallarına təxminən 40 milyon dollar qrant gəlirdi.Vətəndaş cəmiyyəti indi bundan məhrum olub. Bir çox sosial proyektlərin icrası baxımından beynəlxalq qurumların burada qeydiyyatının, nümayəndəliyinin, etibar etdiyi tərəfdaşlarının olması vacibdir”.
Qayıdış mümkündürmü?
Zahid Oruc: “Bu məsələdə qararverici qüvvə ölkə rəhbəridir”
Zahid Oruc “Toplum TV”-yə beynəlxalq qurumlarla münasibətlərin yaxşılaşması üçün qarşılıqlı addımların atılmalı olduğunu və bu məsələdə qərarverici qüvvənin ölkə rəhbəri olduğunu söyləyir: “Biz dəfələrlə cənab prezidentin xoş məramına şahid olmuşuq”.
Onun dediyindən bəlli olur ki, əməkdaşlıqla bağlı rəsmi Bakının da şərtləri olacaq: “Burada yalnız müxalif dairələri, təhsil agentləri rolunda saxlanılan və az qala “Troya atı” kimi idarə olunanları deyil, məhz bütün ölkənin siyasi nüfuzu ilə əlaqələr zəminində, insan hüquqları, medianın vəziyyəti, məhkəmələrdəki durum, parlamentin fəlaiyyəti, dövlət-vətəndaş münasibətləri, istənilən problem ətrafında hər hansı hesabatlar hazırlanmaqla, aylıq qiymətləndirmələr keçirməklə bizim ölkəmizə münasibət bütün spektri əhatə etməklə əməkdaşlıq olmalıdır”.
Komitə sədri “mənfi tarixçə”dən danışır və “ortada xeyli qarşıdrumadan keçən, bir-birini görməzdən gələn, yalnız ənənəvi sərt leksikonu bölüşən bir vəziyyət” olduğunu bildirir. Amma Zahid Oruc 44 günlük müharibə dövründə bu münasibətlərin bir qədər yumşaldığını, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının ölkəyə dəvət olunduğunu qeyd edir: “Müharibə ətrafında ermənilərin qurduğu beynəlxalq təbliğatın yanlış olduğunu göstərmək üçün hər bir qüvvəyə şərait yaradılmasında biz israrlıydıq. Ordunun sıralarında döyüşən qüvvələrin tərkibini göstərmək istəyindən tutmuş, xalqımıza qarşı aparılan qəddar cinayətlərə qədər göstərildi, nəhayət gördüyünüz kimi obyektiv, ədalətli, faktoloji bazaya dayanan hesabatlar hazırlandı”.
Zahid Orucun söylədiyinə görə, indiki dövrdə işğaldan azad olumuş ərazilərdə görülən işlərə münasibət göstərmək, obyektiv hesabatlar hazırlamaq o təşkilatların hər biri üçün bir meydan açır və onların ədalətli olduğunu göstərməyin ən yaxşı yoludur. Onun qənaətincə, bununla da keçmiş tarixçəni arxada qoymaq və yeni bir dövrə qədəm qoymaq mümkün ola bilər.
Rəşid Hacılı hökumətin axıra qədər getməməsindən qorxur: “Ona görə ki, bu cür təşkilatlar insan hüquqları, demokratiya və seçkilərlə bağlı məsələlərdə çox həssasdırlar. Bir məsələdə dəvət edib, başqa məsələdə onları kənarda saxlamaq düzgün deyil”.
Ələsgər Məmmədli isə hökumətin beynəlxalq təşkilatların qarşısında qoyduğu bəzi şərtlərin, məsələn, qrantların Maliyyə Nazirliyi ilə razılaşdırma və qeydiyyatdan keçirmək kimi tələblərinin reallaşmasını mümkün saymır.
“Praktik cəhətdənsə Azərbaycan hökuməti beynəlxalq təşkilatların burada fəaliyyət göstərməsini istəmirsə, hüquqi mühit olsa belə işləmək çox çətin olar. Son 7 ildə onu görürük ki, hökumət sistemli şəkildə “beşinci kolon” kimi təqdim etdiyi qurumların ölkədə fəaliyyətinə isti baxmır”.
Beləliklə, Azərbaycan hakimiyyətinin sözügedən məsələdə hara qədər gedə biləcəyini demək çətindir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür