Siyasət

Həkim deyir ki, keçmiş döyüşçüyə əlillik düşür, Agentlik deyir ki, düşmür

Vüsalə Mikayıl
27 Oktyabr, 2021
954

Toplum TV

“Getdik xidmət etdik, canımızı ortaya qoyduq, amma dövlət bizə biganə qaldı”

Göyçay rayonu İkinci Ərəbcəbirli kənd sakini Mətləb Mahmudov artıq 7 aydır  əlilliyə görə təqaüd ala bilmədiyini deyir.

O danışır ki, 2012-ci ildə Qazaxda xidmət edərkən yaralanıb və aldığı xəsarətlərdən sonra ona əlillik dərəcəsi verilib: “Səhər 5-6 radələrində postda olarkən düşmən hücum etdi. Biz 7 nəfəriydik, onlar isə çox idi. Az olsaq da, düşməni geri oturtduq. Amma 4 şəhid verdik. Mən və digər yoldaşlarım yaralandıq”.

Mətləb daha sonra Şəmkirə aparıldığını, ordan da Mərkəzi Hərbi Klinik Hospitala müalicə almağa göndərildiyini deyir.

“6 ay məzuniyyətdən sonra yararsız kimi təxris etdilər. Düzdür, onda qoltuqaltı çəliklə yeriyirdim. Bir ayağımı yerə basa bilsəm də, digərini basa bilmirdim”,- o əlavə edir.

8 il sonra əlillik müəyyən edilməyib

Mətləb Mahmudov 2013-cü ildən ikinci qrup əlil kimi qeydiyyata alındığını söyləyir: “Həm prezident təqaüdü alırdım, həm də əlillik müavinəti. 2016-cı ilə qədər ilbəil müayinədən keçirdim. Həmin ildən 5 illik təqaüd təyin olundu. 2021-ci ildən sonra ömürlük təyin olunacağını dedilər”.

Mətləb Mahmudov - Toplum Tv

M.Məmmədov bu ilin fevralında növbəti dəfə ekspert müayinəsindən keçsə də, nəticələr haqda düz 7 aydan sonra məlumat ala bildiyini deyir. Onun sözlərinə görə, nəticələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında alt sistemə daxil edilib və dəfələrlə müraciət etsə də, cavab ala bilməyib: “İndi isə imtina gəlib ki, sizdə əlillik müəyyən edilmədi, sizdə əlillik əlaməti təyin olunmayıb”.

Həkim: “Hər halda, onun əlilliyi var ki, biz onun sənədlərinin komissiyadan keçirib elektron sistemə yerləşdirmişik”

M.Mahmudovun müayinəsində iştirak edən həkim Famil Namazov “Toplum TV”-yə deyir ki, onlar sadəcə keçmiş döyüşçünün tibbi vəziyyəti haqda sənədləri hazırlayıb göndərən tərəfdirlər: “Həmin şəxs qazidir və onlar üçün xüsusi komissiya var. Onların əlillik dərəcəsini təyin etmək üçün Dövlət Sosial Müdafiə Fondunun xüsusi hərbi komissiyası var,  onlar oradan keçməlidirlər. Əyani müayinə olurlar, əgər biz nəsə artıq-əskik, səhv-düz yazmış olsaq, komissiya bizə o barədə məlumat verir. Biz rayon xəstəxanasıyıq, imkanımız daxilində xəstəni müayinə edirik. Əgər imkanımız çatmasa, xəstə başqa xəstəxanalara göndərilməlidir. Daha sonra sənədlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspertiza Kommisiyasına göndərilir və onlar hamısı əyani müayinəyə çağrılır”.

Toplum TV

Famil Namazov son qərarı onların vermədiyini vurğulasa da, bir məqamın üzərində də ayrıca dayanır: “Hər halda, onun əlilliyi var ki, biz onun sənədlərinin komissiyadan keçirib elektron sistemə yerləşdirmişik”.

Dövlət Agentliyi: “O zaman əlillik verilə bilər ki, hansısa hədəf orqanda funksional pozğunluq yaransın”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova “Toplum TV”-nin sorğusuna fərqli cavab verir. O bildirir ki,  qoyulan diaqnoza görə, Mətləb Mahmudova əlillik düşmür.

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində Göyçay rayon sakini Mahmudov Mətləbə dair Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektron sistemə 05.02.2021-ci il tarixində əlilliyin qiymətləndirilməsi ilə bağlı forma 88 daxil edilib. Göndərişdə və Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən yekun şəhadətnamədə qeyd edilən əsas diaqnozun əlilliyə əsas verməməsi barədə qərar verilib. Mətləb Mahmudov 15.10.2021-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlavə əyani müayinəyə cəlb edilib. Əyani müayinə zamanı Mətləb Mahmudovun mövcud vəziyyətinin əlillik səviyyəsində olmadığı, əlilliyə əsas vermədiyi müəyyən edilib”.

Gülnar Əzizova

G.Əzizova deyir ki, adıçəkilən şəxs qəlpə yarası alıb və buna görə şəxsə əlillik verilmir: “O zaman əlillik verilə bilər ki, hansısa hədəf orqanda funksional pozğunluq yaransın. Tutalım ki, ayağa qəlpə dəyir və yerişi pozulursa, bu, onun travmasını əlillik səviyyəsinə qaldırır. Mətləb Mahmudov kimi döyüşlərdə xəsarət alan şəxslər birbaşa əyani müayinəyə çağırılırlar. Şübhə yeri qalmasın deyə, daha obyektiv qərar üçün əyani müayinədən əlavə foto və video görüntülər götürülür. Qərar bundan sonra verir. Bu şəxsin travması isə funksionallığına heç bir maneə törətmir”.

Əsa ilə gəzən Mətləb Məmmədov iş tapa bilmədiyini deyir

M.Məmmədov isə əsa ilə gəzdiyini və bu halda iş tapa bilmədiyini deyir.

O, ailəsini necə saxlayacağını sual edir: “Yeni ailə qurmuşam, yeni övladım doğulub. Xəstə ata-anamla yaşayıram. Dövlətdən heç bir məvacib almırıq. Bir tək aldığımız əlillik təqaüdüm idi, onu da kəsiblər. Mən haqqımı tələb edirəm, dövlət buna baxsın. O demək deyil ki, getdik xidmət etdik, canımızı ortaya qoyduq, amma dövlət bizə biganə qaldı. Elə bir şey ola bilməz. Yəqin ki, burada kimlərinsə əli var. İnanmıram ali baş komandan desin ki, vətən üçün canını ortaya qoymuş şəxsə müavinət düşmür”.

Hüquqşünas mələhəti

Hüquqşünas Sübhan Həsənlinin qənaətincə, keçmiş döyüşçü əsa ilə gəzdiyini deyirsə, ona ən azı üçüncü qrup əlillik dərəcəsi verilə bilərdi.

Sübhan Həsənli

Amma hesab edir ki, bu barədə daha dəqiq şəxsə qoyulan diaqnoza baxdıqdan sonra danışmaq olar.

Hüquqşünas belə hallarda şəxsin əmək qabiliyyətinin  qiymətləndirilməli olduğunu qeyd edir: “İnsan fəaliyyət göstərə bilirmi, aldığı xəsarət gündəlik həyatına necə təsir edir, bunlar araşdırılmalıdır. Əgər şəxs qərarla razı deyilsə, təkrar tibbi yoxlanışla bağlı müraciət edə bilər. Qərardan yenə narazı qalarsa, o zaman məhkəməyə müraciət edə bilər”.

Çarəsiz qaldığını söyləyən M.Mahmudov hələlik nə məhkəməyə müraciət etməyə hazırlaşır, nə də başqa rəsmi qurumlar, o Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazaraq kömək istəyib.

Siyasət

Human Rights Watch Tofiq Yaqublunun döyülməsindən yazdı

4 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı həbsxanada artıq 29 gündür aclıq edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlini müdafiə aksiyası zamanı baş verənlərlə bağlı “Azərbaycan: Müxalifət lideri həbsdə döyülüb” başlıqlı məqalə ilə çıxış edib. "Turan"-ın məlumatında bildirilir. “Azərbaycan polisi 2021-ci il dekabrın 1-də Bakının mərkəzində keçirilən dinc aksiyanı zorakılıqla dağıdıb və onlarla etirazçını həbs edib. Saxlanılanlar arasında müxalifət lideri Tofiq Yaqublu da var. 60 yaşlı Yaqublu bildirib ki, polis onu şiddətlə döyüb,” Human Rights Watch təşkilatı qeyd edib. Human Rights Watch-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia bildirib ki, “Azərbaycan hakimiyyəti yenə də insanların...
Siyasət

Tofiq Yaqublu prokurorluqda ifadə verdi

3 Dekabr 2021

Sosial Media

Millu Şuranın və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib. Vəkil Nemət Kərimli "Turan"-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır. Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir. Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə "hadisə yeri"nə baxış təyin edilib. Dekabrın 1-də Bakının mərkəzində AXCP fəalı Saleh Rüstəmovun həbsxanadan azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirilib. Polis 40-a yaxın şəxsi saxladıqdan sonra sərbəst buraxıb. 5 nəfər barəsində isə məhkəmə...
Seçilmiş Videolar