Hərbi ekspert: "Beynəlxalq təcrübədə tam və dəqiq mina xəritəsi anlayışı yoxdur"
Sosial Media
“Azərbaycanın erməni diversantlara qarşı davranışı onun hüquq sisteminin boş olduğunu göstərdi”.
Bu sözləri “Toplum TV”-yə siyasi şərhçi Nahid Cəfərov deyib.
İyulun 3-də Ermənistan işğal dövründə Füzuli və Zəngilanda basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Rusiyanın təşəbbüsü ilə Azərbaycana təqdim edib.
Ukraynalı hərbi ekspert Mixail Jiroxova görə, bir minanın aşkar edilib zərərsizləşdirilməsi 1000-5000 dollar məbləğə başa gələ bilər.
Bu baxımdan minalanmış ərazilərin xəritəsini almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri azaltmış olur.
Bəs mina xəritələri nə qədər dəqiqdir?
Hərbi ekspert Azad İsazadə deyir ki, beynəlxalq təcrübədə tam və dəqiq mina xəritəsi anlayışı yoxdur.
Onun sözlərinə görə, hərbi hissələr minaları basdıranda bu xəritələri yaradır, amma nəzərə almaq lazımdır ki, müharibə zonasında qeyri-rəsmi şəkildə basdırılan minalar da olur.
Ekspert istisna etmir ki, Ermənistan natamam mina xəritələri verib: “Amma real xəritələr əsasında olan minaları indi təmizləsək, qalanları ilə sonra ayrıca məşğul olmaq olar. Onsuz da mina problemini bu xəritələrlə tam həll etmək mümkün olmaz. Əlimizdə olanlarla böyük əraziləri, cəbhəyanı zonaları təmizləsək, gediş-gəliş rahatlaşacaq. Yalnız gələcəkdə yenə də partlamamış sursatlar aşkarlanacaq”.
Nahid Cəfərovun fikrincə, mina xəritələrinin dəqiq olmamasını izah edən 2 səbəb var: Ermənistanın daha çox ziyan vurmaq üçün yalandan bir xəritə tərtib etməsi, Ermənistanda hərbi institutun zəif olmasına görə, minaların xəritələrdə yanlış göstərilməsi.
Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azərbaycan tərəfi də humanist addım olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
İstintaq zamanı erməni diversantlara Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilmişdi.
Məhkəmə zamanı dövlət ittihamçısı digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız CM-in 318-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib.
N. Cəfərov hesab edir ki, diversantlara qarşı bu davranış dövlətin daxili siyasətinin xaricə vurduğu böyük zərbədir: “Heç kəsə sirr deyil ki, Azərbaycanda hüquq sifarişlə çalışır. Xəritələr 30 faiz doğrunu göstərsə belə, diversantlarin müqabilində onları almaq doğru addımdır. Həbsdə qalan erməni diversant minaya düşən azərbaycanlıdan daha vacib ola bilməz. Amma bunu qanunları sındırmadan da etmək olardı. Rəsmi Bakı bilirdi ki, hardansa təzyiq gələcək və o, erməniləri buraxmalı olacaq. Ona görə də diversantlara qarşı cəzanı sərtləşdirsə belə, yenə də yer qoymalı idi ki, onları azad edəndə qanunlarını tapdalamasın. Onun əvəzinə bir az şou göstərildi, populizmə oynanıldı. Sonda da belə rüsvayçı bir vəziyyət yarandı”.
N. Cəfərov, Türkiyə ilə ABŞ arasında Fətullah Gülən məsələsini nümunə çəkir: “Türkiyə bütün vasitələrdən istifadə etdi ki, Güləni Amerikadan alsın, amma Amerika dedi ki, mən öz hüququmu sənə görə çeynəyə bilmərəm”.
Azad İsazadə isə deyir ki, Azərbaycan diversantlarla mina xəritələri arasında seçim etməyə , öz təhlükəsizliyini təmin etmək üçün onları azadlığa buraxmağa məcbur idi: "Həbs olunan diversantlar və onların cinayətləri arasında fərq var. Məsələn, Şuşa həbsxanasında işgəncə verən 2 erməni illər boyu cinayət törədib və yəqin ki, onlar buraxılmayacaq. Elələri də var ki, diversant kimi göndərilsə də, cinayət törədə bilməyiblər. Reallıq budur ki, nədənsə imtina etməyə məcbur idik. Mən başqa variant görmürəm”.
Ötən ay Azərbaycanda 3 mina partlayışı baş verib, 8 mülki şəxs və 1 hərbçi ölüb.
Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası məlumat verib.
İyunda mina partlayışları Tovuz, Kəlbəcər və Ağdamda baş verib.
Ümumilikdə bu il ərzində ölkədə 68 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib. Bunlardan da 21 nəfəri həlak olub.
Toplum Tv
Reuters
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”