Siyasət

Hökumət LGBTİ kəsiminin problemini niyə görməzdən gəlir?

Roza Məmmədova
7 Sentyabr, 2021
677

Açıq mənbələrdən götürülüb

Nuray adlı transgender bıçaqlanaraq yandırıldıqdan sonra LGBT fərdləri həyatlarının təhlükədə olduğunu bildirir, Ombudsman Aparatı qarşısında etiraz edir, Ombudsmanla görüşə cəhd edirlər.

Onlar eyni zamanda iyulda “İnstaqram” hesabında homofobik çıxış edən, transların cəmiyyətdən təcrid edilməsini tələb edən bloger Sevinc Hüseynovaya da diqqət çəkirlər. Onların iddiasına görə, transgenderlərə olunan hücumlarda bu cür çağırışların da təsiri var və bu səbəbdən blogerin cəzalandırılmasını tələb edirlər.

Damla adı trans qadın “Toplum TV”-yə deyir ki, o və dostları həmişə müxtəlif təzyiqlərlə üzləşsələr də, son iki ayda homoseksuallar barəsində səsləndirilən nifrət nitqindən sonra həyatları cəhənnəmə çevrilib.

Onun sözlərinə görə, Sevinc Hüseynova adlı blogerin LGBTİ+ləri “əxlaqsızlığa son qoymaqla” bağlı çağırışından və hədə-qorxularından sonra təzyiqlər daha da artıb.

Damla deyir ki, hazırda həyatları risk altındadır.

“Səbiş adlı transın, eləcə də mənim evimdə bıçaqlanma hadisəsi oldu. Hətta bəzi dostlarım yolla gedərkən hücum məruz qalıb”.

Hələlik Azərbaycanın rəsmi qurumlarından yalnız Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağını bildirib, digər qurumlar bu haqda susurlar.

Azərbaycanda cinsi azlıqların öldürülməsi, onlara zorakı münasibətlə bağlı dövlət səviyyəsində statistika aparılmadığından ölkədə real vəziyyəti qiymətləndirmək, müqayisə aparmaq mümkünsüzdür.

İntihar edən LGBT fəalı İsa Şahmarlı - Sosial Media

Transgenderlərin görüşmək istədiyi Ombudusman isə mövzu ilə bağlı “Toplum TV”-nin sorğusuna cavab verməyib.

Yeri gəlmişkən, cinsi azlıqların şikayətləri Azərbaycanda demək olar, hər zaman gündəmdə olsa da, Ombudusman illik hesabatlarında bu kəsimin probleminə toxunmayıb. Dövlət rəsmiləri isə bu barədə ya danışmır, ya da problem olmadığını deyirlər.

Amma ABŞ Dövlət Departamentinin illik hesabatlarında hər il bu məsələyə toxunulur. Məsələn, 2020-ci ilə aid olan son hesabatda deyilir ki, ölkədə cinsi oriyentasiyasına görə insanlara qarşı polis zorakılığı ilə müşayiət olunan çoxsaylı insident yaşansa da, hüquq-mühafizə orqanları bu kimi halların baş verməsinə məsul olanlarla bağlı nə araşdırma aparıb, nə də onları cəzalandırıb. Həmçinin bildirilir ki, hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr aparılan zaman gey olduğu təsdiqlənən və ya güman edilən kişilərdə rektal müayinələr aparılır və psixi xəstə olduqları əsas gətirilərək, onlar hərbi xidmət üçün yararsız hesab olunur.

"Minority Azərbaycan" jurnalının məlumatına görə, 2021-ci ilin əvvəlindən ölkədə LGBTİ+ icmasına qarşı ard-arda hücumlar baş verib. Təkcə bu il may və iyun aylarında 10-a yaxın hücum qeydə alınıb.

Beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL birgə bəyanat yayaraq may və iyun aylarında Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların hökumət və hüquq mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını tələb ediblər.

Beynəlxalq Lezbiyan, Gey, Trans və İnterseks Birliyinin (ILGA) hesabatlarına görə, son 5 ildir Azərbaycan Avropada ən homofob ölkədir və LGBTIQ+lərin yaşaması üçün ən pis ölkələr sırasında yer alır.

The Guradian

ILGA-nın hesabatında yerli qanunvericiliyə əsasən eynicinsli münasibətin kriminal hesab olunmadığı qeyd edilsə də, vurğulanır ki, bu, heç də sözügedən fərdlərin ölkədə azad və rahat olmağı anlamına gəlmir.

Azərbaycanda LGBTİ+ olmaq...

21 yaşlı Pərviz gender olaraq qeyri–binardır. Yəni özünü nə kişi, nə də qadın hesab edir. Geyim tərzi statistik azərbaycanlının geyim tərzindən seçilir. Saçları rənglidir, dırnaqlarında isə boya var.

O deyir ki, həm oriyentasiyasına, həm də geyiminə görə, şiddətə məruz qalır. Bunun üçün də tez-tez yaşadığı mənzili dəyişməli olur.

Pərvizin sözlərinə görə, sonuncu qaldığı mənzildə qonşuları onu və yoldaşlarını hədələyərək, evdən çıxmaları üçün fiziki şiddət göstərib.

“Deyirlər ki, bizim igid oğlanlarımız sizin kimilərin ucbatından tora düşür”, - deyə Pərviz əlavə edir.

Hazırda Pərviz özünü gizlətmir: tez-tez videomüsahibələr verir, bərabərlik uğrunda mübarizə aparacağını bildirir.

Hətta onların vəkilləri olsa belə…

Hüquqşünas Jalə Bayramova deyir ki, bir sıra hallarda hüquq mühafizə orqanlarının işçiləri cinsi azlıqlara qarşı ayrı-seçkilik edir, təhqir edir, alçaldır, fiziki zorakılıq göstərirlər.

Jalə Bayramova - Sosial Media

2017-ci ildə onların kütləvi həbs edildiklərini söyləyən hüquqşünas əksəriyyətinin işgəncəyə məruz qaldığını və indi polisə müraciət etməkdən çəkindiklərini söyləyir.

Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə homoseksuallara münasibətin birmənalı olmaması hüquq-mühafizə orqanlarını da işə məsuliyyətsiz yanaşmağa, cinayətkarın tərəfində durmağa sövq edir, bu da bir sıra hallarda cinayətkarın cəzasız qalması hallarını adiləşdirir.

J.Bayramova deyir ki, zərərşəkmiş şəxsin (LGBTİ+ red.) vəkili olsa belə, onlara münasibət və davranışlarda diskriminativ xitablara və danışıq tərzinə yol verilir.

İşin hüquqi tərəfi

Azərbaycan Konstitusiyasına görə, hər kəsin öz hüquq və azadlıqlarını ölkəsindən, irqindən, milli və dini kimliyindən, dilindən, cinsindən və s. asılı olmayaraq bərabər qaydada həyata keçirmək imkanı var.

Ümumi bərabərlik prinsipi digər Azərbaycan qanunvericiliyində, o cümlədən mülki, cinayət, əmək və ailə hüququ ilə müəyyən edilir. Cinsi orientasiya yaxud gender kimliyinə əsaslanan diskriminasiyanın qadağan olunması isə qanunvericilikdə ümumiyyətlə yoxdur. Yəni qanunvericilikdə cinsi orientasiya və cinsiyyət kimliyi ayrı-seçkilik əleyhinə əsaslardan biri hesab edilmir.

Cinayət Məcəlləsində hazırda homofobiya və ya transfobiya cinayəti ağırlaşdıran hal kimi cinayət qanunvericiyinin diqqətindən kənardadır.

“Etirazlar daha çox təbliğat xarakteri daşıyır”

“Toplum TV” istər cinsi azlıqların, istərsə də hüquq müdafiəçilərinin səsləndirdiyi tənqid və iradlara rsəmi qurumlardan münasibət ala bilməyib.

Mili Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə hesab edir ki, Azərbaycanda cinsi azlıqların sxışdırılması ilə bağlı tendensiya yoxdur.

“Diqqət edirsinizsə feministlər kimi cinsi azlıqlar da sıxışdırıldıqları üçün şikayət edirlər. Bu cür demarşların bir az təbliğat məqsədi ilə edildiyi açıq-aşkar görünür.

Yəni “biz varıq, etiraz edirik”. Halbuki, bu kimi məsələlərlə bağlı konkret törədilmiş cinayət əməlindən söhbət gedir. Bu da hansısa normal vətəndaşın - qadın, kişi, yaxud da cinsi azlığın başına gələ bilər”.

Deputatın sözlərinə görə, bu etiraz formalarını qıcıqlandırıcı şəkildə etmək doğru deyil.

“Sanki başqa insanların hüquqları ideal vəziyyətdədir, yalnız cinsi azlıqların hüququ pozulur deyə bir yanaşma göstərmək doğru olmaz. Ombudsman nə etməlidir? Konkret insanı yandırıb öldürüblərsə, bunu edən məsuliyyət daşıyır. Heyvanı öldürən də məsuliyyət daşıyır. Bizdə küçə itini öldürəndə 500 manat cərimələyirlər. Halbuki əsassız şəkildə, vəhşicəsinə iti-pişiyi öldürəni də məsuliyyətə cəlb etmək lazımdır”.

Fazil Mustafa - Sosial Media

Deputat deyir ki, cəmiyyətdə qadın, ya kişi problemi varsa, bunun üzərinə fərdi hallar kimi gedilməli, cinayət törədilməsinin qarşısı alınmalıdır.

Azərbaycanda LGBTİ+ hüquqlarının müdafiəsi ilə məşğul olan rəsmi təşkilat yoxdur

Hüquq müdafiəçilərinin sözlərinə görə, ölkədə birbaşa LGBTİ hüquqları ilə məşğul olan, qanuni qeydiyyatdan keçmiş təşkilat demək olar yoxdur. Belə təşkilat yaratmaq istəyənlər də adətən fəaliyyətlərini QİÇS (AİDS) məsələləri ilə əlaqələndirməyə cəhd edirlər. Məsələn, 2011-ci ildə yaradılan “Gender və Tərəqqi İctimai Birliyi” daha çox cinsi azlıqların sağlamlığı, xəstəlik, qoruyucu və s. ilə bağlı layihələr həyata keçirir.

Hüquqşünas J.Bayramovanın sözlərinə görə, homoseksualların hüquqları ilə məşğul olmaq istəyən təşkilat və birliklərin fəaliyyətinə süni əngəllər yaradılır: bu təşkilatlar rəsmi qeydiyyata alınmır, ya da onlar öz fəaliyyətlərini dövlətlə razılaşdırmalı olur.

“Halbuki sosial şəbəkələrdə genderlə bağlı QHT fəaliyyəti göstərən, internet səhifəsi də olan müxtəlif birliklər var. Onların əksəriyyəti ümumiyyətlə, qeydiyyat prosesinə daxil olmaqdan imtina ediblər. Buna səbəb isə sadəcə dövlətə olan güvənsizlikdir. QHT-lərin əksəriyyəti birbaşa razılışdırılmış formada qeydiyyata alınır, ya da keçmişdə qeydiyyata alınıb, gizli fəaliyyət göstərir. Təəssüflər olsun ki, "kukla QHT-lər" faydalı fəaliyyət göstərmirlər, onlar hökumətin beynəlxalq təşkilatların tənqidlərinə cavab olaraq istifadə etdiyi qurumlardır”.

Hüquqşünasın dediyinə görə, müstəqil təşkilatlar hətta qeydiyyata alınsalar belə, qanuna edilmiş dəyişikliklərdən sonra beynəlxalq insan hüquqları qurumlarından qrant alaraq fəaliyyət göstərmələri mümkün deyil, dövlətdən maliyyə yardımı almaq isə senzuraya məruz qalmış fəaliyyət göstərməkdir.

Hüquqşünas Yalçın İmanovsa hesab edir ki, tətbiq edilən əngəllər təkcə cinsi azlıqlarla bağlı deyil, ümumi vətəndaş cəmiyyətinə olan münasibətlə əlaqədardır:

“Əsas çətinlik Azərbaycan cəmiyyətinin mental dəyərləri və mühafizəkarlığından qaynaqlanır. Hakimiyyət və onun nəzarəti altında olan hüquq-mühafizə orqanları da bu faktordan sui-istifadə edir. Bu da cinsi azlıqların müdafiəsinə əngəl yaradır”.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar