Siyasət

“Hökumətin bu təklifi medianın müstəqilliyinə müdaxilədir”

Nigar Səmədli
23 Fevral, 2021
142

Sosial Media

“Hökumət qurumlarının jurnalistləri növlərə ayıraraq vəsiqə verməsi medianın bilavasitə funksiyasına və müstəqilliyinə müdaxilədir. Çünki medianın funksiyası hökumətin fəaliyyətinə nəzarətdir”.

Bunu “Toplum TV”-yə hüquqşünas Ələsgər Məmmədli deyib. 

Medianın İnkişafı Agentliyinin (MİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”-yə müsahibəsində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi müzakirə olunacaq. 

O bildirib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətin içərisində fəaliyyət göstərən insanlar da var, lakin indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil.  

Ələsgər Məmmədli - VOA

Jurnalistlərin və media subyektlərinin bundan böyük narahatlıq keçirdiklərini deyən Əhməd İsmayılov “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunun müzakirə ediləcəyini də vurğulayıb.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə MİA rəhbərinin fikirlərini doğru saymır: "Əhməd İsmayılovun da bu təklifi jurnalistlərin və medianın fəaliyyətinə birbaşa müdaxilədir. Ona görə də Medianın İnkişafı Agentliyi bu məsələni unutmalı və bir daha gündəmə çıxarmamalıdır. Agentliyin kütləvi informasiya vasitələrini bu formada tənzimləmək istəyini anlamaq çətindir, çünki qanunvericilik çərçivəsində də bu, onun vəzifəsi deyil. O, media-hökumət münasibətlərində hökumət tərəfinin fəaliyyətinin asanlaşdırılması və jurnalistlərin informasiya ilə təmin olunması məsələlərinə baxmalıdır. Media öz-özünü tənzimləyəcək tərəfdir”. 

Beynəlxalq Konvensiyalar nə deyir?

Ekspert deyir ki, təklif medianın lisenziyalaşdırılmasına hesablanıb və beynəlxalq konvensiyalara ziddir: “Kütləvi informasiya vasitələrinin lisenziyalaşması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi baxımından yolverilməzdir. Burada teleradio istisnadır, çünki onun fəaliyyətini hökumət onsuz da tənzimləyir. Digər media qurumlarının, o cümlədən jurnalistlərin dolaylı olaraq lisenziya xarakterli vəsiqə ilə fəaliyyət göstərmək imkanının tanınması və ya tanınmaması açıq şəkildə mediaya və jurnalistlərin işinə müdaxilə hesab olunacaq. Bu, medianın özünü tənzimləmə məsələsidir, hər bir qurum özünə uyğun vəsiqə verə bilər və heç kim də bunu məhdudlaşdıra bilməz. Hüquqda belə bir məhdudiyyət yoxdur, qanunun qəbul olunması da mümkün deyil. Çünki biz qanun qəbul edərkən iki önəmli sənədə baxırıq; birincisi Konstitusiya, ikincisi isə qoşulduğumuz Avropa Konvensiyasıdır. Konstitusiyanın 47 və 50-ci maddəsi, Konvensiyanın isə 10-cu maddəsi heç bir media qurumuna və parlamentə belə bir səlahiyyət vermir ki, jurnalistləri növlərə ayırsın və onlara vəsiqə versin”.

Qulu Məhərrəmli - Sosial Media

Əməkdar jurnalist Qulu Məhərrəmli isə hesab edir ki, bu məsələyə fərqli mövqelərdən baxıla bilər: “Ölkədə fəaliyyət göstərən jurnalistlərə vahid vəsiqənin verilməsi birmənalı qarşılanmır və buna müxtəlif aspektlərdən yanaşmaq olar. Məsələn, təklif hər kəsin bu sferaya girməməsi, jurnalistin vəzifəsindən və mediadan sui-istifadə etməməsi məqsədini güdürsə, burada müəyyən işıqlı nüanslar var. Amma demək olar ki, dünyanın heç bir ölkəsində vahid vəsiqə sisteminin olması praktikası yoxdur. Türkiyədə sarı kart anlayışı var idi, amma bu vəsiqə özündə əlavə keyfiyyətlər daşıyırdı, məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə, yaxud hər hansısa situasiyada müəyyən üstünlüklərə sahib olmaq kimi”. 

“Atılan addımlar heç bir halda mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlməməlidir”

Q. Məhərrəmli deyir ki, bu məsələ sərbəst çalışan (frilans) jurnalistlərin fəaliyyətinə əngəl törətməməlidir: “Ortaya çıxan birinci sual bu vəsiqələrin kimlərə veriləcəyidir. Müstəqil fəaliyyət göstərən jurnalistlər var ki, onlar heç bir qurumda çalışmır, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Bu şəxslərə vahid vəsiqə veriləcəkmi? Digər tərəfdən bunun əleyhinə olan şəxslər vəsiqənin onların fəaliyyəti üçün lisenziya rolunu oynayacağını əsas gətirib etiraz edə bilərlər. Bu halda onlar jurnalist fəaliyyətlərini icra edə biləcəklərmi?

Bundan başqa, blogerlər də araşdırmalar apararaq fəaliyyət göstərirlər və onlar da UNESCO-nun təsbitinə görə jurnalist sayılırlar. Onlara da vəsiqə veriləcəkmi? Bu və bu kimi suallar müəyyən fikir ayrılıqları yaradır. Medianın İnkişafı Agentliyinin yazılı media sahəsində müəyyən nizamlama yaratmağa çalışmasını və bu istiqamətdə addımlar atmasını təqdir edirik, amma bu, heç bir halda jurnalist fəaliyyətinin və mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlməməlidir”.

"Jurnalist fəaliyyəti üçün lisenziyaya ehtiyac yoxdur"

Aynur Kərimova - Sosial Media

“Qazet.az” saytının baş redaktoru Aynur Kərimova isə alternativ təklif irəli sürüb: “Peşə standartlarının yüksək olduğu ölkələrdə jurnalist fəaliyyəti üçün lisenziyaya ehtiyac yoxdur. Fikrimcə, vahid vəsiqələrin verilməsi jurnalistlərin peşəkar fəaliyyəti üçün hansısa ümumi bir müstəvinin hazırlanması, yəni ortaq professional  “səhnə"nin yaradılmasıdır. Amma mən alternativ olaraq daha çox professional gildiyanın yaradılmasının tərəfdarıyam, nəinki hansısa rəsmi orqan tərəfindən tənzimlənən və məcburi olan bir prosesin. Çünki ölkədə "fenomenal"  bir durum mövcuddur. Yəni Azərbaycanda pul qarşılığında hansısa informasiyanın yayılıb-yayılmamasını tələb edən jurnalistlər fəaliyyət göstərir”. 

 


 

Siyasət

Məhkəmə iki blogeri 8 ay müddətinə azadlıqdan məhrum edib
 

3 Mart 2021

Sosial media

Martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs olunub. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev qaldırıb. O, E.Həsənzadənin CM-in 147.1. (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb edilməsini istəyib. İddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. Bundan öncə Ş.Mustafayev Mingəçevir şəhər rəhbərliyini tənqid etdiyinə görə blogeri kirayə mənzilindən çıxartdırıb. Əvvəllər Mingəçevir məhkəməsi onların hər ikisinin barəsində bir il islah işləri ilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət ediblər, lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb,...
Siyasət

REAL Partiyası seçkilərin təşkilində iştirak etmək istəyir

2 Mart 2021

Sosial Media

Respublikaçı Alternativ Partiyası (REAL) Dairə Seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komisiyasına (MSK) müraciət edib. Müraciətin mətnini partiya sədri İlqar Məmmədov "Feysbuk" səhifəsində paylaşıb. Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə REAL partiyasının üzvü Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib. “Hazırda Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir.  Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament...
Seçilmiş Videolar