Siyasət
İfadə azadlığı, yoxsa nifrət nitqi?
7 Noyabr, 2020
465
Sentyabrın sonlarından başlanan intensiv və gərgin döyüşlər, hərbçilərin və mülki vətəndaşların itkisi,  pandemiya ucbatından davam edən yarıqapalı mühit Azərbaycanda və Ermənistanda sıravi vətəndaşaların əsəblərini tarıma çəkib, hər iki tərəfin də ritorikası sərtləşib, əksər hallarda bu nifrət nitqinə çevrilməkdədir.

Sanki hər iki toplum da təkcə səngərdə yox, həm də sözlə döyüşür, sosial mediada, KİV-də özünü müdafiə etmək üçün səfərbər olunub. Amma bu cür nifrət nitqlərinə qarşı çıxanlar, tənqid edənlər də var. Məsələn, "Bu şəhərdə”nin hazırladığı son səhnəciyə nəinki sərt reaksiya verildi, hətta yerləşdirildiyi sosial media səhifələrinndən silinməsi tələb olundu. Və ya "Qarabağ” futbol klubunun sözçüsü Nurlan İbrahimlinin sosial mediada "...erməniləri öldürməliyik - uşağı, qadını fərqi yoxdur” şəklində ifadə etdiyi fikirlər nə ölkə daxilində, nə də ölkə xaricində birmənalı qəbul olundu. Məhz bu çağırışa görə Avropa Futbol Federasiya Birliyi (UEFA) klubu rəsmisinin irqçi və ayrı-seçkilik yayan ifadələr işlətdiyini nəzərə alaraq ona peşə qadağası qoydu Azərbaycanlı istifadəçilərin də kəskin tənqid etdiyi yazı sonradan silindi və "Qarabağ”ın mövqeyini sərgiləmədiyi açıqlandı.

İfadə azadlığı və nifrət nitqində qırmızı cızıq hardadır? 
 
Nifrət nitqinin qanunla müəyyən edilmiş tərifi olmasa da, BMT nifrət nitqini "Fərdin dininə, etnik mənsubiyətinə, milliyətinə,  irqinə, cinsinə və digər kimliyinə aid faktora əsaslanan və ayrı-seçkilik yaradan şifahi, yazılı və ya davranış komunikasiyalar toplusu" kimi tərif edir. Mütəxəssislərə görə, bəzi ifadələr bir qrup tərəfindən ifadə azadlığı kimi qəbul edilsə də, digərləri onu nifrət nitqi kimi qavraya bilər. İfadə, fikir azadlığı beynəlxalq hüquqla qorunur. Ancaq onun da qırmızı xətlərinin olduğu vurğulanır. Məsələn, dini, irqi və cinsi nifrət ehtiva edən və ya ayrı-seçkilik, düşmənçilik və şiddətə çağırış edən nitqlər ifadə azadlığına deyil, nifrət nitqinə daxil edilir.

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, adi insanların kəskin ifadə etdiyi fikirlər normalda rezonans yaratmır: "Bu baxımdan da ictimai kimliyi olan, insanların izlədiyi nüfuzlu şəxslərin ifadə azadlığı məhduddur”.


 
"İşğalçı, düşmən, ermənipərəst, üzdəniraq, vətən xaini...”

Situasiyanın maraqlı tərəfi odur ki, sentyabrın 27-dən başlanan müharibədə nifrət nitqi yalnız Ermənistan tərəfinə ünvanlanmayıb. Həmçinin tərəfsiz olmağa çalışan, mövqe nümayiş etdirməyən KİV-lər, xüsusən də "MeydanTV”, sülh tərəfdarları olub "Müharibəyə yox" ("No war”) deyənlər, toplumun fərqli düşünən kəsimləri vətənə xəyanətdə, düşmənə işləməkdə ittiham olunur, kimlərsə daxildə düşmən elan edilir. Məsələn, cinsi azlıqların müharibədə iştirakı belə, yumşaq desək, narazılıqlara yol açdı. Oktyabrda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun cinsi azlıqların ünvanına səsləndirdiyi təhqiramiz fikirləri xatırlatmaq olar: "LGBT nə ..... ki, onun üzvü də gedib bizim torpağı qoruya. Onları niyə elə hörmət-izzətlə yad edirsən axı? Onları xatırlamaq belə əhəmiyyətsizdir. Müqayisə eləməyə normal mənbə, tip, insan tapa bilərdin". Bu yanaşma da sosial mediada az müzakirə edilmədi və T.Müseyibov fikirlərinə aydınlıq gətirməyə məcbur oldu. 

"Müharibə elə bir ağır prosesdir ki, istər-istəməz insanların psixologiyasına təsir edir, emosiyaları coşdurur. Təbii ki, bu halda aqressiyanı hansısa yolla ifadə etməyə çalışırsan. Bu baxımdan istər sosial şəbəkələrdə, istərsə də mediada nifrət nitqinə tez-tez rast gəlirik” - müstəqil jurnalist Aynur Elgünəş belə deyir.
Jurnalistin fikrincə, sanki cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər sən söymürsənsə və hadisələrə bitərəf yanaşırsansa, deməli, satqınsan, yaxud kiməsə işləyirsən. 


 
Medianın tərəfsiz olmaq məcburiyyətini xatırladan jurnalist bildirir ki, əsgərin işi döyüşməkdirsə, jurnalistin də işi xəbər yaymaqdır: "Bu halda məqsəd baş verənləri dünyaya çatdırmaq olmalıdır. Dünya mediası, beynəlxalq təşkilatlar və müstəqil ekspertlərsə yalnız tərəfsiz məlumatların doğruluğuna inanırlar.
Bu isə o deməkdir ki, sən tərəfsiz yazmaqla , ölkənə hər gün efirdən qarşı tərəfi aşağılayan, onu düşmən deyə təqdim edən həmkarından daha çox xeyir verirsən”. 

Prezident də nifrətlə danışır?

Yeri gəlmişkən, Azərbaycan prezidenti də qarşı tərfin ünvanına sərt ifadələr işlədir. Məsələn, o, son çıxışlarında Dağlıq Qarabağdakı separatçıları nəzərdə tutaraq onları "iti qovan kimi qovmaq lazımdır” demişdi. Hərçənd İ.Əliyev başqa çıxışlarında Qarabağ azad olunduqdan sonra iki xalqın bir yerdə yaşaya biləcəyini də dilə gətirib.

"Bunu nifrət nitqi deyil, kobud, qeyri-etik ifadə adlandırmaq daha doğru olar” deyən hüquqşünas Ə.Məmmədli bildirir ki, prezidentin çıxışında ermənilərin yox, Qarabağı işğal edən qüvvələrin qovulması nəzərdə tutulur. 
O, fikrini belə davam etdirir: "Düzdür, heyvan hüquqları müdafiəçilərinin, digər qrupların prinsiplərinə zidd sayıla, kobud səslənə bilər, amma işğalçıları "iti qovan kimi qovmaq" sözü ifadə azadlığını aşmır”. 
Onun fikrincə, İ.Əliyevin çıxışları işğalçıya yönəldiyindən nifrət nitqi deyil. O, nifrət nitqinə misal olaraq Ermənsitanın keçmiş prezidentləri Sarkisyanın, Köçəryanın dediklərini xatırladır: "Biz Xocalını ona görə törətdik ki, zarafat etmədiyimizi bilsinlər”. 
 
"Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu gün qarşılıqlı təhqirlərin səslənməsi gələcəkdə iki xalqın bir yerdə yaşaya bilməməsi anlamına gəlmir: "Dünya praktikasında, tarixdə zaman-zaman fikirlərin dəyişməsinin şahidi olmuşuq”.
 
 
Aynur Elgünəşin fikrincə, prezidentin çıxışındakı nifrət nitqi, kobud ifadələr daha çox daxili auditoriyaya hesablanıb, "Bir növ hissləri coşdurmağa, müharibədən qəzəblənən insanların fikirlərinə şərik olduğunu göstərməyə xidmət edir”. 
O bildirir ki, media bu çıxışı çatdırmaqla işini yekunlaşdırmalıdır: "Azərbaycanda və elə Ermənistanda da bunun tərsini görürük. Hər iki ölkənin mediası bu cür nifrət nitqlərini təkrar-təkrar yayır, sanki insanların beynində oturmasına çalışır. Hər hansı bir ölkə haqqında təsəvvürü isə həm də ordakı ictimaiyyətin fikri yaradır. Bu baxımdan ictimai-siyasi şəxslərin, fəalların, vəzifə sahiblərinin nifrət yayan sözlərdən istifadə etməsi ölkəmizə daha çox ziyan vurur. Media informasiya yükü olmayan bu cür sözləri tirajlamamaqla ölkəyə yalnız xeyir verə bilər.”.
 
Hansı halda düşmən, işğalçı sözlərini istifadə etmək olar?

Müdafiə Nazirliyinin rəsmi səhifəsində, eləcə də bir sıra saytlarda tez-tez  "düşmən, işğalçı” sözlərindən istifadə edilir. Bu ifadə tərzi legitimdirmi?  
 
"Məsələn, "düşmən susduruldu”, "düşmənin texnikası sıradan çıxarıldı” - burada söhbət təbii ki, Azərbaycan Ordusuna qarşı əməliyyat aparan qüvvə nəzərdə tutulur” – Mehman Əliyev belə deyir.
 
Araşdırmaçı jurnalist Xədicə İsmayılın izahı isə belədir: "Bir ölkə müharibədə iştirak edirsə, onun mütləq düşməni vardır. Düşmən sözü işlədiləndə millətmi nəzərdə tutulur, yoxsa həmin ölkənin hökümət və ordusu? Bunu bir-birindən ayırmaq lazımdır”. 
O bildirir ki, əgər düşmən deyəndə Ermənistanın ordusu və hazırkı hökümət nəzərdə tutulan hallarda bu ifadənin işlənməsi legitimdir.

 
Jurnalistin qənaətincə, konkret millətin ünvanına düşmən sözü işlədiləndə belə, bunun arxasınca  əsaslandırması da olmalıdır: "Məsələn, bu şəkildə: "Azərbaycan və Ermənistan düşmən münasibətindədir”. Və əsaslandırılmalıdır ki, Ermənistanda müəyyən qrup insan prosesin iştirakçısıdır”.
X.İsmayıl deyir ki, istənilən halda Ermənistan ordusu haqqında düşmən sözü işlətmək nifrət nitqi sayılmır. 
 
Ələsgər Məmmədli də hesab edir ki, ölkənin ərazisinə hücum edən tərəfi "düşmən, işğalçı” adlandırmaq hüquqi cəhətdən doğrudur. 
 
Mehman Əliyev deyir ki, bu müharibə böyük itkilərlə nəticələndiyindən yazıda düşmən ifadəsənin işlənməsi problem hesab edilməməlidir: "Sizcə, azərbaycanlılar o qədər tolerantdır ki, düşmənə dost deməlidir, ya da emosiyalarını yumşaq ifadə etməlidir?”
Bununla belə, o da ənənəvi mediada nifrət nitqinin olmasını peşəkarlıqdan uzaq sayır, bunun qanunvericiliyə zidd olduğunu və məsuliyyət yaratdığını da bildirir. 

Nifrət nitqinə görə məsuliyyətə cəlb edilən varmı?
 
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan tərəfinin mövqeyi özünümüdafiəyə yönəlib və hazırda müharibə şəraiti olduğundan səslənən ifadələr nifrət nitqi hesab olunmamalıdır:
"Ayrı-ayrı insanlar kobud ifadələr səsləndirdikdə, vəzifələrindən uzaqlaşdırılır, hansısa formada cəzalandırılırlar. Onların şəxsi fikri o demək deyil ki, dövlətin də mövqeyi belədir”.


 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

 Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.

3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-da saat 08:00-da qüvvəyə minib.
 
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Minks Qrupu çərçivəsindəki 30 oktyabr tarixli Cenevrə görüşündə tərəflər dinc əhaliyə və qeyri-mülki obyektlərə qəsdən atəş açmamaqla bağlı razılığa gəliblər.

Hazırda Qarabağda döyüşlər davam edir.
 
Roza Məmmədova
Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar