Siyasət

İlham Əliyev İrana cavab verdi: "Əsassız ittihamlar cavabsız qalmayacaq"

4 Oktyabr, 2021
741

Azertac

"Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq".
 
Bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
 
"Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”, - İlham Əliyev çıxışında deyib.
 
"Heç kim bizim daxili işimizə qarışmasın"
 
Prezident çıxışı zamanı həmçinin bu fikirləri səsləndirib:
 
"Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq.
 
Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”, - deyə dövlət başçısı qeyd edib.
 
Prezident deyib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin: “Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”.

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo