Siyasət

İlham Əliyev niyə sərt danışır? – “Müsahibə zamanı deyilənlər daxili auditoriyaya hesablanıb”

Məzahir Abdurahmanov
14 Yanvar, 2022
314

Rəsmi səhifə

"Prezident İlham Əliyev keçən il də öz narazılığını bildirmişdi. Bir il ərzində sülhməramlıların yol verdiyi məsuliyyətsiz davranışlara və dövlət başçısının dediyi kimi, qıcıq yaradan hərəkətlərə artıq etiraz bildirilməli idi".

Bunu  təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik İlham İsmayıl  Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəni "Toplum TV"-yə şərh edərkən deyib.

Həmin müsahibə əsnasında Prezident Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib: "Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Bu isə təsadüfən ola bilməz".

Prezidentin çıxışını şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da söyləyir ki, siyasi rəhbərliyin və ictimaiyyətin rəyi üst-üstə düşür: "Dövlət başçısı nədən narazı olduğunu açıq şəkildə dilə gətirib. Hesab edirəm ki, bu, həm sülhməramlılara, həm də Rusiya rəhbərliyinə bir növ mesajdır. Orada baş verən hadisələri birbaşa Vladimir Putin idarə etmir. Ermənisan-Azərbaycan münaqişəsi ilə bağlı müxtəlif mövqelər var. Bu mövqələrin bir hissəsi bu problemlərdə özünü büruzə verir".

Tofiq Zülfüqarov - BBC

Dekabrın 22-də Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Bununla əlaqədar çıxışı zamanı İlham Əliyev Qarabağa qanunsuz səfərləri tənqid edib: “O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır”.

2021-ci il yanvarın 1-dən dekabrın 31-dək Xankəndiyə 4391 əcnəbi vətəndaş səfər edib. Seperatçı qurumdan verilən məlumata görə, göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,6% artıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 89,5% azalıb.   

İlham İsmayıl deyir ki, Prezident müsahibəsi zamanı 2 faktora –sülhməramlıların nəzarəti altında olan bölgəyə girişə və çıxışa xüsusi diqqət yetirib: "Azərbaycanın icazəsi olmadan xarici vətəndaşların bölgəyə daxil olmasını xüsusi vurğulayıb. Xüsusilə Fransa prezidentliyinə namizədin keçmiş xarici işlər naziri ilə birlikdə Qarabağa gəlməyi hər kəsdə qıcıq yaradıb. Prezident çıxışında həmçinin ermənilərin bölgəni birdəfəlik tərk etməsinə maneələr törədildiyini vurğulayıb".

İlham İsmayıl  - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçi Şahin Hacıyev isə hesab edir ki, burada əsas məsələ sülhməramlıların fəaliyyəti deyil, Rusiya ilə münasibətlərdir. Onun fikrincə, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri pozmaq istəmir, “Prezidentin müsahibəsi zamanı dedikləri isə daxili auditoriyaya hesablanıb".

İlham Əliyev: "Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz"

Prezidentin bu bəyanatına şərh verərkən İlham İsmayıl qeyd edir ki, bu sözlər də Rusiyaya ünvanlanıb: "Ermənistanlıq bir şey yoxdur. 10 Noyabr Atəşkəs Bəyanatında bəyanatında da qeyd olunub ki, Laçın dəhlizində hərəkətin təhlükəsizliyinə nəzarət sülhməramlılara həvalə edilib. Bu nəzarət effektli olmayanda belə çıxış zəruri olur".

"Biz istəmədiyimiz, razılıq vermədiyimiz insanların ora gəlməsinə imkan yaradılmamalıdır. Elə bir şey olsa, Azərbaycan hansısa addım ata bilər. Əvvəl bir neçə rus müxbir var idi ki, sülhməramlıların nəzarət etdiyi ərazilərə gedərək, Azərbaycan əleyhinə reportajlar hazırlayırdılar. Sonradan onların ayağı kəsildi. Daha sonra elan olundu ki, yalnız Ermənistan və Azərbaycan vətəndaşlarına icazə verilir.  Ancaq fransızların gəlməsi bu razılaşmanın pozulması idi. Tənqid də elə bununla bağlıdır" - bunu Şahin Hacıyev deyib.

Üçüncü dəfə müharibə başlaya bilərmi?

İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı Ermənistana xəbardarlıq edib. "Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir", - Prezident deyib və əlavə edib:

"Onlar unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək”.  

Üçüncü müharibənin başlaması ehtimalından danışarkən Tofiq Zülfüqarov deyir ki, bunun üçün hansısa əsaslar olmalıdır: "Biz onların siyasi mühitində həddindən çox revanşist fikirlər eşidirik. Ancaq reallıqda onların bizimlə müharibə aparmaq imkanı  yoxdur. Belə bir müharibəni aparmaq üçün  həm iqtisadi, həm hərbi, həm də demoqrafik əsaslar olmalıdır. Onlar böhran içindədirlər. Geopolitik baxımdan da heç nə dəyişməyib".

Şahin Hacıyev - Açıq mənbələrdən götürülüb

Şahin Hacıyev isə hesab edir ki, burada söhbət əslində, müharibədən yox, mövqedən gedir: "Ermənistanda ümumi bir strategiya, siyasət yoxdur. Cəmiyyət rəhbərlikdən bir gün bir şey eşidir, o biri gün başqa şey. Rəhbərliyin mövqeyi tez-tez dəyişir. Bu şəraitdə vəziyyət nəzarətdən çıxa bilər. Müharibə ola, yaxud sərhəddə toqquşmaların miqyası genişlənə bilər. Bu da bir xəbərdarlıq idi ki, bu baş verərsə, biz dayanmayacağıq".

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo