Siyasət

İlham Əliyev niyə Zəngəzura qayıtmaqdan danışır?

Nigar Səmədli
16 İyul, 2021
194

Rəsmi səhifə

“İlham Əliyev nüfuzunu artıran müharibə ritorikasını davam etdirməkdə maraqlıdır”.

Siyasi Şərhçi Nahid Cəfərov İlham Əliyevin son çıxışını şərh edərkən “Toplum TV”-yə belə deyir.

Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasından, bütövlükdə Zəngəzurun, Yerevanın Azərbaycanın tarixi torpaqları olmasından, azərbaycanlıların ora qayıtmasından danışıb, ötən il imzalanmış üçtərəfli Bəyannamədə bununla bağlı qeyd olduğunu vurğulayıb. Deyib ki, onun 7 iyul tarixli fərmanına görə Ermənistanda isterikaya qapılırlar: “Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

Beynəlxalq qurumların Ermənistanın rəsmi ərazisi kimi tanıdğı torpaqlara qayıdışla bağlı İlham Əliyevin dedikləri ərazi iddiası kimi qiymətləndirilə bilərmi? Prezident bununla hansı mesajı verir? Bu, sadəcə daxili auditoriyaya hesablanıb, yoxsa sülh müqaviləsi imzalaması üçün Ermənistana təzyiqin bir növüdür?

“Toplum TV” bu suallara aydınlıq gətirməyə çalışıb.

Tural Abbaslı - Sosial Media

“Göyçə mahalının qaytarılması üçün niyə də addımlar atmamalıyıq?”

Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə, prezidentin söylədiklərini ərazi iddiası kimi qiymətləndirmək olmaz, amma belə dəyərləndirilmələrin olması da problem deyil:

“Tarixi faktları dəyişə bilmərik. Zəngəzur da, Göyçə mahalı da bizim tarixi ata-baba yurdumuzdur və ilk cümhuriyyət dönəmindəki xəritəyə baxsaq, görərik ki, ora bizim ərazimiz olub. Bu zamana qədər torpaqlarımızı işğalda saxlayan dövlətin Azərbaycanın rəhbərliyi haqqında dedikləri bizi maraqlandırmır. Tutaq ki, ərazi iddiası da edirik. Çünki ora bizim ata-baba yurdumuzdur, SSRİ dönəmində zorla bizdən ayrılıb və Ermənistana verilib. Niyə də onun qaytarılması uğrunda addımlar atmamalıyıq? Məsələn, Krım SSRİ dövründə Ukraynaya verilmişdi, Putin bunu əsas gətirərək onu geri aldı”.

Partiya sədri İlham Əliyevin dediklərinin Azərbaycana qarşı istifadə olunacağına inanmır və Qarabağın işğal altında qadığı son 30 ildə beynəlxalq ictimaiyyətin hər hansı addım atmadığını xatırladır:

“Azərbaycan 30 ilə yaxın haqlı mövqedə idi. BMT tərəfindən tanınmış ərazilərinin işğalda olduğunu bütün dünyaya sübut etmişdi və hətta BMT-nin 4 qətnaməsi var idi. Beynəlxalq aləm həmin ədalətsizliyə qarşı hansı mövqeyi nümayiş etdirdi? Və ya bu ədalətsizliyin aradan qaldırılması üçün nə addım atdı ki, indi də onların bizə qarşı mövqeyindən narahat olaq? Beynəlxalq qanunlar, beynəlxalq ədalət əslində ikinci növ dövlətlər üçündür. Gördüyümüz odur ki, dünyada beynəlxalq qanun da güclünün tərəfindədir. Təəssüf ki, bu gün dünyada “kim güclüdürsə, o haqlıdır” qanunu işləyir. Ermənistanla münaqişədə isə Azərbaycan güclü tərəfdir”.

Nahid Cəfərov - Sosial Media

“İlham Əliyevin səsləndirdiyi fikirlər mahiyyət etibarilə aydın deyil”

Siyasi şərhçi Nahid Cəfərov isə məsələyə fərqli yöndən yanaşır və İlham Əliyevin səsləndirdiyi fikirlərin mahiyyət etibarilə aydın olmadığını vurğulayır. O, prezidentin ərazi iddiası ilə çıxış etdiyi qənaətindədir:

“Sanki kimsə düşünmədən bir ifadə işlədir və daha sonra o ifadəni bəzəyərək normal formaya salmağa çalışır. İlham Əliyev bir tərəfdən deyir ki, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, daha sonra isə ərazi iddiaları ilə çıxış edərək qeyd edir ki, biz Qərbi Zəngəzura, Göyçəyə qayıdacağıq”.

Siyasi şərhçinin fikrincə, bu cür bəyanatların iki səbəbi ola bilər: “Birincisi odur ki, Ermənistan xalqı Paşinyana səs verməklə demokratiyanı üstün tutdu. Bu da Rusiyanı ciddi şəkildə narahat edir. Belə olan halda Rusiya yenidən Azərbaycan vasitəsilə Ermənistanı cəzalandıra bilər. İkincisi isə İlham Əliyev nüfuzunu artıran müharibə ritorikasını davam etdirməkdə maraqlıdır. Artıq eyforiya dövrü bitir və müharibəyə görə unudulan sosial problemlər yenidən meydana çıxır. Bu da İlham Əliyevi ciddi şəkildə narahat edə bilər”.

Nahid Cəfərov prezidentin çıxışında populist fikirlər səsləndirdiyini, amma cəmiyyətin intellektual kəsiminin bunu tənqidlə qarşılayacağını deyir.

“Hakim rejimə xidmət edən media tənqidçi aydınların “xalq düşməni” obrazını yarada, bununla da həmin insanların cəmiyyətdə nüfuzuna ciddi zərbə vura bilər”, - deyə N.Cəfərov əlavə edir.

Zərdüşt Əlizadə - Sosial Media

"Burada qəribə heç nə yoxdur"

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, bu fikir ərazi iddiası kimi qiymətləndirilməməlidir: “Prezident Zəngəzuru, İrəvanı, Göyçəni alacağımızı deməyib. O deyib ki, biz ora qayıdacağıq. Burada qəribə heç nə yoxdur. Münasibətlər normallaşdıqdan sonra biz də ora gedə bilərik”.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarının bir qismini geri qaytarıb. 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyannamə imzalanandan sonra təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, tərəflər bir-birini bundan yayınmaqda və atəşkəsi pozmaqda ittiham edirlər.

Siyasət

Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açdı - reaksiyalar

Məzahir Abdurahmanov
29 İyul 2021

Rəsmi səhifə

"Azərbaycanla İsrail münasibətlərinin güclənməsinə İran ciddi reaksiya verməyəcək”. Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Azər Qasımlı deyib. Bu gün İsraildə Azərbaycanın ticarət nümayəndəliyi açılıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində məsələyə belə münasibət bildirib: “Həmin o gün gəldi. Bu gün biz Azərbaycan rəsmilərini İsraildə ticarət nümayəndəliyinin açılışı ilə bağlı qarşılayırıq. Bu, ölkədəki ilk rəsmi mövcudluğudur. İndi Azərbaycanın İsraildə ilk rəsmi evi var! Bu gün aramızdakı əlaqələr tarixində mühüm bir gündür. Nazir M.Cabbarov və nazir Y.Razvozov birgə lenti kəsərək Azərbaycanın İsraildəki ticarət nümayəndəliyini açıblar”. Azər Qasımlı - Sosial Media A.Qasımlı hesab edir ki, İsraildə Azərbaycanın ticarət nümayəndəliyinın açılmasını İran təbii...
Siyasət

Siyasi şərhçi: "Rusiya istəsə, Ermənistan KTMT-dən istifadə edə bilər"

Məzahir Abdurahmanov
29 İyul 2021

Sputnik

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsi qurumun regional siyasətini dəyişməyəcək. Bu, sadəcə, rotasiya üsüludur".   Bunu “Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Zaur Əkbər deyib.   Ermənistan 16 sentyabr 2021-ci ildən KTMT-nin sədrik edəcək.   "Hesab edirik ki, KTMT mövcud vəziyyətə uyğun cavab verməlidir, çünki bu, təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün sonrakı nəticələri ilə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”, - bunu "Mənim Adım" blokunun deputatı Ruben Rubinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib/ Zaur Əkbər - VOA  Z.Əkbər deyib ki, KTMT Rusiyanın təşəbbüsü ilə yaranan bir qurumdur: “Orada gedən bütün proseslərə Rusiya nəzarət edir. Azərbaycanın Rusiya ilə...
Seçilmiş Videolar