Siyasət

İran-Azərbaycan münasibətləri normallaşır - “Azərbaycanlı rəsmilərin qələbədən başları gicəllənmişdi”

Aytac Məmmədli
24 Noyabr, 2021
141

Açıq mənbələrdən götürülüb

“Azərbaycanla İran bir-birilərinə möhtac, doğma ölkələrdir. Aralarında nə qədər narazılıq olsa da, köklü maraqları həmişə onları birləşdirəcək”.

Bunu politoloq Zərdüşt Əlizadə İran-Azərbaycan münasibətlərini “Toplum TV”-yə şərh edərkən deyib.

Noyabrın 22-də İran Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə İran- Azərbaycan münasibətlərində gərginliyin arxada qaldığını və əlaqələrin yeni mərhələyə keçdiyini bəyan edib.

S. Xətibzadə hətta Tehran-Bakı münasibətləri ilə bağlı yaxşı xəbərlər olacağını da vurğulayıb: “İki ölkənin əlaqələrində mətbuat tərəfindən lüzumsuz yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı”.

Maraqlıdır, bir ay əvvəl iki ölkə arasında qarşılıqlı ittihamlar və qadağalar gündəmdə idi. Gərginlik Gorus-Qafan yolunda Azərbaycanın sərhəd postları qurmasından, gömrük rüsumu tətbiq etməsindən və Qarabağa qanunsuz səfərlər edən iranlı sürücüləri saxlamasından sonra baş vermişdi. Narazı qalan İran sərhəddə irimiqyaslı hərbi təlimlərə başlamış, Azərbaycanı öz ərazisində “beynəlxalq terrorizm və sionizm” fəaliyyətinə icazə verməkdə ittiham etmişdi. Ölkələrin bir-birinə qarşı ittihamları artıq prezidentlər müstəvisində dilə gətirilirdi. 

Bunu da oxu: Azərbaycan-İran gərginliyi – İlahiyyatçılar niyə həbs olunur?

Ötən ayın sonundan isə İran-Azərbaycan münasibətlərində nisbətən “yumşalma” başladı. Ölkələr ikitərəfli əməkdaşlığı gücləndirmək və müştərək komitə yaratmaq qərarına gəldi.  İrana Azərbaycandan əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılıb. İran həmçinin Qarabağın bərpasında iştirak etmək istədiyini açıqlayıb.

İran-Azərbaycan münasibətlərinin birdən-birə yaxşıya doğru dəyişməsinə nə səbəb oldu?

“İran anladı ki, təzyiq siyasətilə heç nə əldə edə bilməyəcək”

Politoloq Şahin Cəfərlinin dediyinə görə, xarici güclərin arxasında dayanmadığını görən İran mövqeyini yumşaltmaq məcburiyyətində qalıb: “İran sadəcə Azərbaycana güc nümayiş etdirirdi. Azərbaycan da Türkiyə, İsrail, Qərb dövlətlərindən isə Britaniya kimi tərəfdarlarına arxalanaraq İranın təzyiqləri qarşısında geri addım atmadı. Hətta İlham Əliyev elə bəyanatlar verirdi ki, sanki İrana meydan oxuyur. Bölgənin ən qüdrətli dövləti olan Rusiya da İrana dəstək vermədi. İran xarici işlər nazirinin Moskvaya səfəri zamanı da ona açıq mesajlar verildi. Bundan sonra İran mövqeyini yumşaltmaq məcburiyyətində qaldı. Çünki təzyiq siyasətilə nəsə əldə edə bilməyəcəyini anladı”.

Şahin Cəfərli - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçi ehtimal edir ki, yaxın günlərdə iki ölkə arasında rəsmi görüşlər keçiriləcək, zahirən də olsa, əvvəlki münasibətlər bərpa olunacaq: “Zahirən yenə dostluq mesajları veriləcək. Siyasətçilər, ölkə rəhbərləri bir-birlərinin üzlərinə gülümsəyəcəklər. Amma mən düşünürəm ki, münasibətlərdəki etimadsızlıq davam edəcək. Fürsət düşdükcə İran bölgədə maraqlarını reallaşdırmağa, Ermənistana dəstək verməyə davam edəcək”.

“Azərbaycanlı rəsmilərin qələbədən başları gicəllənmişdi”

Lakin Zərdüşt Əlizadə fərqli fikirləşir. Politoloq hesab edir ki, iki ölkənin ortaq tarixi, mədəniyyəti, iqtisadi maraqları və coğrafiyası var. Bu da onların münasibətlərini bərpa etməyə kifayət edir.

“Azərbaycanlı rəsmilərin qələbədən başları gicəllənmişdi. Boğazdan yuxarı danışır, ayaqlarını yorğanına görə uzatmırdılar. Amerika, İsrail İranla bacara bilmir, amma Azərbaycan İrana əmr verir. Hər kəs öz həddini bilməlidir. Elə bu, İrana da aiddir. Artıq Azərbaycan İranın şimal əyaləti deyil”, - Z. Əlizadə belə deyir.

Zərdüşt Əlizadə - Açıq mənbələrdən götürülüb

Politoloq qeyd edir ki, İran Zəngəzur yoluna görə, narahat olmamalıdır:

“Zəngəzur yolu açılsa, İrandan keçə bilməyəcəyik? Zəngəzur yolunun açılması İrana da xeyirdir. Çünki Ermənistan və Rusiya ilə dəmir yolu vasitəsilə əlaqəsi yaranır”.

“İran bölgədə tək qalmaq istəmədi”

İran azərbaycanlısı, elmi araşdırmaçı Kərim Əsgərinin sözlərinə görə, İran Azərbaycanın müstəqilliyini həmişə öz torpaq bütövlüyünə təhdid kimi görüb. Lakin Azərbaycanın türk dövlətləri təşkilatlarında fəal iştirak etməsi, Rusiyanın bundan narazı olmaması İranı narahat etdi. İran bölgədə tək qalmaq istəmədi.

Kərim Əsgəri

“Həmçinin İran münasibətlərin gərginləşdiyi vaxtda burdakı azərbaycanlıların narazılığını, etirazını gördü. Anladı ki, Azərbaycanla münasibətləri gərginləşdirmək həm də daxildə böhranlara səbəb olacaq”, - deyə milli fəal vurğulayıb.

Yeni anlaşmalar nə barədədir?

Bundan əvvəl İranın neft naziri Cavad Ovci və Azərbaycanın Baş nazir müavini Şahin Mustafayev iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında yeni sənədlər imzalanacağını bildirmişdilər.

Bunu da oxu: İran azərbaycanlısı: “Azərbaycana dəstək olsaq, bizi vətən xaini çıxaracaqlar”

Şahin Cəfərlinin fikrincə, yeni anlaşmalar Xəzərdəki mübahisəli yataqlarla və Naxçıvana verilən təbii qazla əlaqəli olacaq: “Xəzər dənizində Azərbaycan və İran arasında mübahisə doğuran yataqlar var idi. Bununla bağlı 2001-ci ildə ciddi gərginlik baş vermişdi. ( 2001-ci ildə BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istəmişdi. Bu, İranın narazılığına səbəb olmuşdu-red) Yəqin ki, bu mübahisəli zona ilə bağlı danışıqlar olacaq. Eyni zamanda Naxçıvanın təbii qazla təchizatı əsasən İranın vasitəsilə həyata keçirilir. Ola bilər ki, həmin müqavilələrin vaxtının uzadılmasıyla əlaqədar da anlaşmalar olacaq”.

 

Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar