İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”
Vikipediya
"Toplum TV" Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə son zamanlar Qarabağda baş verən hadisələri müzakirə edib.
- İsa bəy, Ermənistan mətbuatı məlumat yayıb ki, Azərbaycan rəsmiləri Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanla görüşüb. Azərbaycan tərəfi isə bunu nə təsdiq, nə də təkzib edir.
- Azərbaycan hakimiyyəti Qarabağdakı məsələlərlə bağlı siyasətində şəffaflığa əməl etmir. Xalq bu cür önəmli məlumatları erməni, rus mediasından öyrənməli deyil. Hakimiyyətin bu barədə rəsmi məlumatları olmalıdır ki, hansı görüşlər nə zaman, nə məqsədlə keçirilib.
- Əgər belə bir görüş həqiqətən baş tutubsa, Azərbaycan qondarma rejimin cinayətkar kimi beynəlxalq axtarışa verdiyi başçısının fəaliyyətini legitimləşdirmiş olmurmu?
-Hər bir siyasi addımda konseptual yanaşma olmalıdır. Yəni prinsip etibarilə dövlət maraqları tələb edirsə, rəsmilər hansısa terrorçu təşkilatın rəhbəriylə də görüşə bilərlər, amma bunun məntiqi olmalıdır. Bu görüş nə üçün keçirilir? Cinayətkar elan etdiyiniz adamla niyə gizli şəkildə görüşürsünüz? Qarabağ məsələsində şəffaflığa və konseptual yanaşmaya ehtiyac var. Azərbaycan hakimiyyətindən bu iki şərti tələb etməyə haqqımız var.
- Prezident bir neçə çıxışında "Status gorbagor oldu" deyib. Arutunyanla görüş suvrenliyə zidd deyilmi? Azərbaycan tanımadığı bir rejimin rəhbəri ilə hansı statusla görüşür?
- Zamanında biz demişdik ki, status-kvo ləğv olunub, əvəzinə yenisi yaranıb - Rusiya ordusunun nəzarətində erməni separatçı rejiminin fəaliyyətinin davam etməsi reallığı. Eləcə də əvvəlki təmas xətti yenisi ilə əvəz olunub. Əgər əvvəllər təmas xətti Azərbaycan ordusuyla erməni silahlı qüvvələri arasında idisə, indi Azərbaycan ordusuyla Rusiya sülhməramlıları arasındadır.
- Prezident Laçına səfəri zamanı deyib ki, 10 noyabr bəyanatında Naxçıvan dəhlizinin yaradılması ilə bağlı müddəa var, amma Ermənistan XİN-in sözçüsü bunu təkzib edib, deyib ki, bəyanatda dəhlizdən söhbət getmir. Sizcə, tərəflərin bu cür bir-birinə zidd açıqlamaları bəyanatın hüquqiliyinə kölgə salmırmı?
-10 noyabr bəyanatı kifayət qədər mürəkkəb şəraitdə hazırlanıb və imzalanıb. Həmin sənəddə Naxçıvana gedən yol, yeni kommunikasiya xətlərinin yaradılması ilə bağlı müddəa var. Amma sənədin mətnində Laçın dəhlizi ifadəsi olsa da, Naxçıvan dəhlizi yox, Naxçıvan yolu ifadəsi işlənib. Bu, mahiyyəti dəyişmir. Əlbətdə, Naxçıvana yolun bərpa edilməsi və yeni kommunikasiyaların yaradılması çox müsbət hadisə olacaq. Bu həm Azərbaycanın blokada şəraitində olan önəmli bir hissəsi Naxçıvanla əlaqələrinin bərpasına imkan verəcək, həm də kommunikasiyaların İrandan aslı vəziyyətinə son qoyacaq. Bundan əlavə, Azərbaycan-Türkiyə xəttinin bərpa edilməsi iqtisadi, siyasi və geopolitik baxımdan çox önəmli bir hadisə olacaq. Amma bəyanatda bu məsələnin müddəti göstərilmədiyi üçün qeyri-müəyyənlik qalır.
- Rusiya Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupunun da fəallaşmasını istəyir. Bunu bir neçə gün öncə Almaniyanın Azərbaycandakı səfiri də dilə gətirmişdi. Münaqişə bitibsə, Minsk Qrupunun fəalliyyətinə ehtiyac varmı?
-Rusiya bir tərəfdən regionda öz təsirini artırmağa çalışır, digər tərəfdən də məsələnin bütün siyasi məsuliyyətini öz üzərində saxlamaq istəmir. Çox təəssüf ki, Qarabağ münaqişəsi Rusiya və Qərbin maraqlarının əsasən üst-üstə düşdüyü nadir hadisələrdən biridir. Rusiya Minsk Qrupunu məsələyə cəlb etməklə həm də Qərblə əlaqələrini zənginləşdirmək istəyir. Ermənistan Rusiyadan aslılığı məhdudlaşdırmaq, həmçinin Fransanın təsirini artırmaq üçün Minsk qrupunun fəaliyyətinin bərpasında maraqlıdır. Ancaq bu, Azərbaycanın maraqlarına uyğun deyil. Əvvəla, ona görə ki, Minsk Qrupu faktiki olaraq iflasa uğrayıb. 1992-ci ilin martında yaradılmış, 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanandan sonra münaqişənin həlli üçün məsuliyyət daşıyan Minsk Qrupu ötən 26 il ərzində heç bir ciddi nəticəyə nail ola bilməyib. Faktiki olaraq bütün bu müddət ərzində konflikti həll etmək deyil, idarə etmək xətti seçib. Minsk Qrupunun yenidən fəaliyyətə başlaması yalnız o halda məqsədəuyğun ola bilər ki, həmsədrlər arasında Ermənistanın mənafeyini müdafiə edən dövlətlər, yəni Rusiya və ya Fransa olduğu kimi, Azərbaycanın da mövqeyinə yaxın ən azı bir dövlət olsun.
Aydındır ki, bu, Türkiyə ola bilər. ABŞ isə nisbətən bitərəf ölkə olaraq bu prosesdə iştirak edə də bilər, etməyə də bilər. Minsk Qrupu öncəliklə Qarabağdakı vəziyyətlə bağlı nə düşündüyünü, rus sülhməramlıların burdan çıxarılması üçün nələr edilə biləcəyini, bölgədə sülhün və əmin-amanlığın bərqərar olması üçün nə təklif etdiyini açıq şəkildə ortaya qoymalıdır. Yalnız bu təkliflər səsləndirildikdən sonra Azərbaycan tərəfi münasibət bildirə bilər. Bunun əksi, yəni Minsk Qrupundakı müzakirələrin əvvəlki formatda bərpa olunması gərginliyin aradan qalxmasına deyil, prosesin uzanmasına xidmət edəcək. Əslində, arabanın beşinci təkərinə heç bir ehtiyac yoxdur. Biz MSDM olaraq hesab edirik ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan, birbaşa ikitərəfli danışıqlar aparmalıdırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə